Kültəpədə külə dönən şəhid - Kənan Hacı yazır

 

Kim bu cənnət vətənin uğruna olmaz ki fəda?

Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!

Canı, cananı, bütün vannı alsın da Xuda,

Etməsin tək vətənimdən məni dünyada cüda.

Mehmet Akif Ərsoy

"Bütün yollar Qarabağa aparır". Bu ifadə çox işlənsə də, bircə cümlənin enerjisi insanda yüzlərlə şeirin aşılaya bilməyəcəyi bir ruh yüksəkliyi yaradır. Sentyabrın ortaları olsa da, hava çox bürkülüdür. Biz tanınmış vəkil, hüquqşünas, yazıçı Adəm Məmmədovla birlikdə Zərdab rayonuna gəlmişik. Gəlişimizin məqsədi onun atası, Qarabağ döyüşlərində şəhid olmuş Məhərrəm Məmmədovu tanıyan, onunla ünsiyyətdə olmuş insanlarla görüşüb onların xatirələrini dinləməkdir. Məhərrəm Məmmədov nadir şəxsiyyətlərdəndir ki, 90-cı illərin əvvəllərində Zərdab rayon Məhkəməsinin sədri işlədiyi dövrdə Qarabağda şiddətli döyüşlər gedərkən daim cəbhənin ön xəttində olub, Kəlbəcər döyüşlərində iştirak edib. Sonda Füzuli rayonuna erməni hücumları zamanı dinc əhalinin təhlükəsiz yerlərə köçürülməsini təmin edərkən Əhmədbəyli kəndinin yolayrıcında, Kültəpə deyilən yerdə düşmən tərəfin atdığı qrad mərmisinə tuş gəldi.

Məhərrəm müəllim Cəbrayılın Böyük Mərcanlı kəndində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Erkən yaşlarından Qarabağda və hakim kimi çalışdığı Zərdab rayonunda böyük hörmət və nüfuz qazanıb. Şəhidlik məqamına yetişdiyi vaxtdan iyirmi yeddi il ötsə də, bu gün də Qarabağ əhalisi, Zərdab camaatı onu minnətdarlıqla xatırlayır. Zərdab rayonunda işlədiyi illərdə o, insanların yaddaşında ədalətli hakim kimi qalıb. Zamanında onunla birlikdə çalışmış insanlarla görüşdüm, bu insanlar vaxtilə polis rəisi, hakim, prokuror işləyib və Məhərrəm Məmmədovla gündəlik təmasda olublar. Onunla bağlı o qədər xoş xatirələr danışdılar ki, istər-istəməz düşündüm: bu insan dünyaya xeyirxahlıq etmək üçün gəlib. Sadə Zərdab camaatıyla görüşlərdə Məhərrəm Məmmədovun adı çəkilən kimi dərhal insanların çöhrəsində bir təəssüf hissi közərir, onun erkən ölümünə yanırlar, onun haqqında doğma, əziz adamları kimi danışırlar, hələ də bu itkiylə barışa bilmirlər. O qədər maraqlı, qeyri-adi əhvalatlar danışırlar ki, bu əhvalatların hər biri ayrılıqda bir roman mövzusudur. Bir hakimin insan taleyinə qarşı bu qədər həssaslıq göstərməsi, cinayət törətmiş adamın içində mənəvi hisləri oyatmaq metodu sözün əsl mənasında heyrətamizdir. Bloknotum qeydlərlə dolub-daşır. Onun yaşadığı evdən Məhkəmə binasına qədər yolu piyada keçib gəlirəm, danışırlar ki, o, həmişə evdən işə piyada gəlirmiş və yol boyu adamların dərd-səriylə maraqlanır, məsləhətlər verirmiş. Üzəri qağayılı, suları durğun Kür çayının sahilindən keçirəm. Onda Kürün dəli-dolu çağları idi və Məhərrəm müəllim Kürün sahilində gərdiş edə-edə verəcəyi qərarlar haqda düşünürdü. O, hansısa səbəbdən cinayət törətmiş adama islah olunmaq üçün şans verirdi və verəcəyi qərarın ədalətli olması onun üçün hər şeydən vacib idi, bu, onun dəyişməz prinsipi idi. Heç bir qüvvə onun verəcəyi qərarı dəyişmək iqtidarında deyildi, o, həmişə güclünün deyil, zəifin yanında olmuşdu, ona arxa-dayaq olmağa çalışmışdı, haqlı cəza alan adam da törətdiyi əməlin mahiyyətini dərk edərək ondan razılıq edirdi. Onun tərbiyə metodu, insanda insanı oyatmaq cəhdi heyrətamiz idi.

Bu günlərdə Zərdab rayonunun mərkəzi küçələrindən birinə onun adı veriləcək. Həsən bəy Zərdabi parkında mətbuatımızın bünövrəsini qoymuş ustadın heykəli ilə üz- üzə dayanmışam. Zərdabi əlini çənəsinə dayayıb dərin düşüncələrə qərq olub. Zərdabi Moskvada təhsilini başa vurandan sonra ona təklif etmişdilər ki, orda qalıb müəllimlik etsin, o, bu təklifdən imtina edib vətəninə döndü.  Öz məmləkətində uzun bir yola çıxdı. O, millətin kasıb balalarının təhsil almasını təmin etmək üçün xeyriyyə cəmiyyəti yaratmağı düşünürdü və  Azərbaycanı qarış-qarış gəzərək bütün imkanlı, nüfuzlu bəyləri, mülkədarları bu müqəddəs işə cəlb etmək istəyirdi. Bu yolda çoxlu məşəqqətlər çəkdi. Həsən bəy tək qalmışdı, yığılan pul isə uşaqların uzun müddətli təhsili üçün yetərli deyildi. Hənifə xanım öz ömür-gün yoldaşını ruhdan düşməyə qoymur, çiyin-çiyinə verib öz evlərində imkansız uşaqlara dərslər keçirlər. Hənifə xanım uşaqlar üçün qış geyimləri tikir, onları yedizdirib-içizdirir, öz övladlarından ayırmır. Həsən bəyin sarsılmaz iradəsi, millət sevgisi olmasaydı, başladığı işlər də yarımçıq qalacaqdı. Zərdabinin xeyirxah missiyası uğursuzluğa düçar olsa da, "Əkinçi"nin toxumları səpildi. Bu gün Zərdabda "Əkinçi" qəzeti nəşr olunur, qəzetin baş redaktoru İsaməddin Əhmədovla söhbətimiz Həsən bəy Zərdabidən başlayıb Məhərrəm Məmmədova qədər gəlib çıxır. İsaməddin müəllim deyir ki, Zərdabinin açdığı yoldan çox insanlar keçdi ki, onlar məmləkətimizin işıqlı sabahlara çıxması üçün fədakarlıqlar etdilər, ömürlərini şam kimi əritdilər. O insanlardan biri də Məhərrəm müəllim idi. Onun dəyişməz əxlaq prinsipi vardı: insanlara təmənnasız xidmət etmək, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban vermək. Belə insanlar heç vaxt unudulmur, onların yaxşılıqları nəsildən-nəslə ötürülür, sağlam cəmiyyətin qurulmasına xidmət edir. Nəsillər dəyişir, amma bu qəbil insanların əməlləri xalqın yaddaşına köçür.

Zərdabdan unudulmaz təəssüratlarla ayrılırıq. Yolumuz Qarabağadır. Ağcabədini keçirik, Beyləqandan Füzuliyə yol görünür. Adəm Məmmədov sükan arxasındadır və onun daxilindəki təlatümlər mənə də sirayət edir. Məhərəm Məmmədovun şəhid olduğu yerə gedirik. Kültəpə deyilən əraziyə...

Polkovnik-leytenant Asif Məmmədovla görüşürük. 90-cı illərin əvvəllərində Füzuli rayon Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Kürdmahmudluda yaşayır. Cəbrayılı, Füzulini ovcunun içi kimi tanıyır. Məhərrəm Məmmədovla yaxın dost olublar. Özümü təqdim edəndə gülümsədi, "sizi tanıyıram, yazılarınızı "Ədəbiyyat qəzeti"ndə oxuyuram" - dedi. Açığı, çox sevindim. Asif müəllim hər həftə "Ədəbiyyat qəzeti"ni alır, hətta bir neçə il əvvəl qəzetdə dərc olunmuş yazılarımı mənə xatırladanda bir az da təəccübləndim. Qəzetlə bağlı xoş təəssüratlarını bölüşəndən sonra bizi Əhmədbəyliyə, Kültəpə deyilən yerə apardı. Məhərrəm Məmmədovun şəhid olduğu yerə...

Asif Məmmədov bu yerlərdə şiddətli döyüşlər gedən vaxtları xatırlayır. Əlini hündür təpələrə tərəf uzadaraq "baxın, ən qızğın döyüşlər bu yerlərdə gedirdi" - deyir. Nə qədər əzizsən, müqəddəssən, ey Vətən torpağı! Canımızla, qanımızla düşmən tapdağında qalan yurd yerlərini azad edəcəyik. Məhərrəm Məmmədovu rahat kabinetində oturmağa qoymayan hiss məhz bu duyğu, bu istək idi.

Görəsən, son dəfə bu yolu gələndə hansı hisləri keçirib, nələri düşünüb? Empatik duyğulara qapılıram, onun həmin vaxtdakı emosinal halını təsəvvür etməyə, onunla ruhi bağlılıq qurmağa çalışıram. İnanıram ki, ruhu bizi müşayiət edir.

Quru çaydan keçib Birinci Mahmudluya dönən yolda maşını saxlayırıq. Kültəpə... Mərminin düşdüyü ərazi... İzaholunmaz hislər keçirirəm. Məhz bu yerdə, bu torpaqda Məhərrəm Məmmədovun ruhu bədənindən ayrılıb, son dəfə məhz bu səmanı seyr edib, dağların dəyişməz əzəmətini öz ruhuna köçürüb. Yanıb külə dönən maşının içində anası da varmış. Bütövlükdə dörd nəfər...

Adəm onların vurulduğu ərazidə addımlayır. Hiss edirəm ki, ürəyində atasıyla danışır. Sonra Cocuq Mərcanlıya getdik, ürəyimiz bir az toxtaq tapdı. Burda həyat qaynayır, insanların əhval-ruhiyyəsi yüksəkdir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini, ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən birinci dərəcəli "Əmək" ordeninə layiq görülmüş Oqtay Həziyevin evində oluruq. Yol kənarında iki yeniyetmə oğlan uşağıyla rastlaşırıq. Adəm müəllim maşını saxlayıb onları sorğu-sual edir. "Cocuq Mərcanlıdanıq" deyirlər. O uşaqların üzündə intiqam hissi gördüm. Onlar bəbir kimi hər an döyüşə atılmağa hazırdırlar. Qürur hissi keçirdik.

Axşam düşəndə Adəm müəllim dedi ki, atamın vurulduğu yeri bir də görmək istəyirəm. Gecənin qaranlığında maşın sürətlə Əhmədbəyliyə şütüyür. İstəyirəm soruşum ki... Ürək eləmirəm. İçimizdə qövr edən qəhər burulğan kimidir. Gecənin zülmətini yaran maşın arxsasınca sanki bir qəzəb şırımı açır.

Məhərrəm Məmmədovun uyuduğu məzardan bizi cəmi 5 kilometr məsafə ayırır. Amma biz o məsafəni adlayıb keçə bilmirik...

Dəli bir istək içimizi çovğun kimi çulğayır. Bütün sədləri yarıb əlimiz çatmayan o torpaqlara qovuşmaq. Ruh kimi, qalib döyüşçü kimi!..

Lələtəpədə Azərbaycan bayrağı dalğalanır. And yerimiz, qürur mənbəyimiz! O tayda dağlarımız, kəndlərimiz görünür.

- Ən qısa zamanda o yerlərə qayıdağacıq! - deyirəm.

- Mütləq qayıdacağıq! - Adəm müəllim ötkəm səslə dillənir.

Maşınımız Bakıya istiqamət götürür. İçimdə yenilməz bir inam hissi var: növbəti gəlişimizdə birbaşa Şəhidimiz, Qəhrəmanımız Məhərrəm Məmmədovun məzarını ziyarətə gedəcəyik.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!