O sevərək yaşadı, sevilərək əbədiyyətə qovuşdu - Qəzənfər PAŞAYEV

Fəttah Heydərovun xatirəsinə

 

İllərlə tanıdığın, dostluq münasibətində olduğun insanın itkisi necə də ağrılı-acılı olur. O da ola hamının dostu, ağsaqqallar ağsaqqalı, Respublika Ağsaqqallar Şurasının sədri, ulu öndərin ən sədaqətli silahdaşlarından biri, görkəmli ictimai xadim Fəttah Heydərovun itkisi.

Fəttah müəllim cismani cəhətdən bizi tərk etsə də, ruhən bizimlədir. Yaxşı adamlar ölmür, xeyirxah əməlləri ilə qəlblərdə məskən salırlar. Onu tanıyanlar yaşadıqca yaşayır, onu son xatırlayacaq insan öləndə ölürlər.

Fəttah müəllim elm adamı deyildi. Bununla belə, kamil insanı şərtləndirən şəriət, təriqət, mərifət, həqiqət mərhələlərini fəth edərək insanlıq və nümunə məktəbinə çevrilmişdi. İnsanlar davranışlarında, rəftarlarında bu məktəbin nurundan faydalanırdılar.

Fəttah müəllim iddiasız və təmənnasız yaşamağı bacaran nümunəvi ziyalı, inamlı, imanlı örnək insan idi. Dəfələrlə Həcc ziyarətinə gedən nurani ağsaqqal Allah, eyni zamanda dövlət adamı idi. Bu, hər adama qismət olmur. Bunun üçün gərək Fəttah müəllim kimi həddən artıq vicdanlı, insaflı, ədalətli, xüsusən də imanlı, inamlı ağsaqqal olasan.

Qəbələ rayonundan deputat olan Fəttah müəllimin Qəbələdə dövlət əhəmiyyətli obyektlərin açılışı mərasimində möhtərəm prezidentimiz İlham Əliyevin yanında olması, yeni tərkibdə parlamentin ilk iclaslarının açılmasının ona həvalə edilməsi dəyərli ağsaqqal kimi xalq və dövlət qarşısında xidmətlərindən və nüfuzundan xəbər verirdi.

O, uzunmüddətli səmərəli fəaliyyətinə görə ölkə rəhbərliyi tərəfindən yüksək mükafatlara layiq görülmüş, ordenlərlə təltif olunmuşdu.

2013-cü ildə millət vəkili Fəttah Heydərov Respublika Ağsaqqallar Şurasına sədr seçiləndə burada keçmiş rəhbərlikdən miras qalmış hərc-mərclik, dedi-qodu, ağsaqqallar arasında soyuqluq baş alıb gedirdi. Müdrik ağsaqqal Fəttah müəllimin əməlinin saflığı, təmənnasızlığı, ədalətli qərarları sayəsində Şurada hökm sürən bu neqativ hallar aradan qaldırıldı. İyirmi mindən çox üzvü, 84 şəhər və rayon təşkilatı olan (onlardan səkkizi Naxçıvan Muxtar Respublikasının payına düşür) Ağsaqqallar Şurasında işgüzar, ürəkaçan mühit yaradıldı. Nəinki paytaxtda, bölgələrdə də ağsaqqallarla görüşlər keçirilməyə başlandı.

Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Elmi-Dini Şuranın, Şeyx həzrətləri və Fəttah müəllim başda olmaqla, demək olar ki, bütün üzvləri, mərhum akademiklər Bəkir Nəbiyev, Fuad Qasımzadə, Vasim Məmmədəliyev, eləcə də akademiklər Teymur Bünyadov, Ziyad Səmədzadə və bu sətirlərin müəllifi, eyni zamanda Ağsaqqallar Şurasının üzvləri idik. Odur ki, bir çox hallarda yığıncaqları birgə keçirirdik.

İbrətamizliyini nəzərə alaraq Şeyx həzrətləri və Fəttah müəllimin rəhbərliyi ilə ölkəmizin Qərb bölgəsində ağsaqqallarla, din xadimləri və ziyalılarla keçirdiyimiz yığıncaqları yada salmağı münasib bildim (ona qədər Cənub və Şirvan bölgələrində yığıncaqlar keçirmişdik).

İlk gün Ağstafa və Tovuzda çox maraqlı görüşlər keçirdik. Tovuzda "Ayan" mehmanxanasında gecələdik. Səhərisi gün Qazaxda olmalı idik. Lakin Şeyx həzrətləri dedi ki, saat 11-də Gəncədə İmamzadə məscidində tədbirdə olmalıdır. Tovuzun İcra başçısı Tofiq Zeynalov məni çağırıb dedi ki, Qazax camaatı sizi gözləyir. Getməsəniz narahatlıq və peşmançılıq olacaq. Mən deyilənləri olduğu kimi Fəttah müəllimə çatdırdım. Fəttah müəllim dünyagörmüş müdrik adam idi. Şeyx həzrətləri ilə danışdı və Qazağa getdik. Nəinki zal, park da insanlarla dolu idi. Yüksək səviyyəli bir görüş oldu. Hamımızın çıxış etməsini istədilər. Qazax camaatı çox razı qaldı. Yığıncaqdan sonra Fəttah müəllim dedi ki, bizə göstərdiyi qayğıya və məsləhətinə görə Tovuzun İcra başçısına minnətdarlığımızı çatdırarsan. Bu, Fəttah müəllimin necə diqqətli və müdrik ağsaqqal olduğundan xəbər verirdi.

Fəttah müəllim xoş rəftarı ilə Respublika ağsaqqalları arasında böyük nüfuz qazanmışdı. Ağsaqqallar Şurasının yığıncaqları toy-bayrama çevrilirdi. Hamı Şuranın növbəti yığıncağının keçiriləcəyi günü səbirsizliklə gözləyir və yığıncağa sevinclə gəlirdilər. Məlumdur ki, yaşlı adamlar xatirələrlə yaşayırlar. Yığıncaqdan sonra çay süfrəsi ətrafında xatirələr vərəqlənirdi. Fəttah müəllim heç vaxt yığıncaqdan sonra çıxıb getməzdi. Ağsaqqallarla dərdləşər, zarafatlaşardı.

Təəssüf ki, bir daha onun şirin söhbətlərini və incə yumorlu zarafatlarını eşitməyəcəyik.

Nə edəsən ki, fani dünya keşməkeşlidir: "Həyat daimidir, insan əmanət". Təsəllini onda tapırıq ki, Fəttah müəllim xeyirxahlığı, insanpərvərliyi, inamı, imanı ilə o dünyalığını da qazanmışdı.

İndi Fəttah müəllim Fəxri xiyabanda ümummilli lider Heydər Əliyev, Zərifə xanım Əliyeva, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Yusif Məmmədəliyev, Əziz Əliyev, Həsən Əliyev, Mustafa Topçubaşov, Mikayıl Hüseynov, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev kimi zirvələrin uyuduğu məkanda uyuyur.

Hər cümə axşamı Fəttah müəllimi ziyarət edəndə bu müqəddəs məkanda dahi Üzeyir bəyin dəfn mərasimində Səməd Vurğunun göz yaşı tökə-tökə oxuduğu, ölümə meydan oxuyan şeiri qəlbimə hakim kəsilir:

Ölüm sevinməsin qoy, ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər...

Canında vətən sevgisi olanlar, eli-obanı, xalqı ürəkdən sevənlər dünyamızı sevilərək tərk edirlər. Fəttah müəllim də xalq qədrini bilərək, xalqı, dövləti, dövlətçiliyimizi, mənəvi dəyərlərimizi sevərək yaşadı, sevilərək əbədiyyətə qovuşdu.

Allah rəhmət eləsin, yeri behişt olsun!

Qəzənfər PAŞAYEV - Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!