Bir dəfə yazmışdım ki, yazarın əsl hədəfi oxuyanın ürəyi olmalıdı. Zərbəyə hazır bir ruhu həyatdan əvvəl siz "vurmağa" çalışın. Bu, bəlkə həyatın gələcək zərbəsinə qarşı peyvənd kimi təsir göstərə bilər. Acımayın, uşaqlar, obyekti dəqiq nişan alın, düz ürəyindən!
Bu, onda mənim yaradıcılığa yeni başlamış gənclərə bir növ məsləhətim idi. İndi - illər sonra bu fikri bir az redaktə edib, pafosdan soyundurub, bir qədər də açıqlamaq istəyirəm. Hələ də o fikirdə qalıram ki, yazıçının qol vurmaq istədiyi qapı oxucunun hissləridir, dolayısyla desək, ruhudur, bu belədir və yaxud da belə olmalıdır. Hətta əgər yazıçı artıq gecikibsə, yəni həyat onu qabaqlayıb "o zəif qorunan qapıdan" artıq qol keçiribsə belə, ən azından təsəlli qolunun müəllifi, oxucuya "qorxma, mən səninləyəm", - deyə ürək-dirək verən biri olmaq mümkündür.
Məncə, yazıçının (bütövlükdə sənətçinin) missiyası da elə budur; "mərhəmətdən mərəzə düşmüş", haqlıykən haqsız durumda qalmış, sevgisi daşa dəymiş, sədaqəti xəyanətə tuş gəlmiş, fədakarlığı nankorluqla üzləşmiş, bir sözlə, səbəbindən asılı olmayaraq, nəticədə həyatı qəzaya uğramış insanın yanında olmaq. Bu, bir valideynin saflıqdan, təcrübəsizlikdən səhv etmiş övladının yanında olması kimidir.
Yazıçı bu yerdə deməlidir; mən səni anlayıram, sən həqiqətən haqsızlığa məruz qalmısan. Mən sənin necə aldandığını, hardan vurulduğunu, nə qədər şiddətlə ağrıdığını belə bilirəm. Bir sözlə, mən səni hiss edirəm, görürəm, eşidirəm. Sən atılmış, satılmış, aldadılmış, ağrımış, bitmiş, tükənmiş, bir sözlə, hər hansısa mövzuda qəza keçirmiş ola bilərsən, amma unutma, sən ziyanverici deyilsən, zərərçəkənsən.
Həmişə və hər yerdə sənin tale yoldaşların var, olub və olacaq. Baxmayaraq ki, indi bütün cəmiyyət sənin üstünə gəlirmiş kimi görünür, xorla eyni sözləri deyərək, sanki sənin dalınca qaçırlar, sən qulaqlarını tutub uzaqlaşmağa çalışdıqca dairə daha da daralır, inadla səni inandırmağa çalışırlar ki, sən bacarmadın, sən itirdin, sən uduzdun, sən lənətə layiqsən və məhvə məhkumsan.
Beləliklə, sən qaçdıqca onlar qovacaqlar, daha bərkdən qışqıra-qışqıra arxanca gələcəklər, qulaqlarını daha möhkəm qapatmaq istədikcə daha çox eşidəcəksən, ürəyin daha şiddətlə döyünəcək, gözlərin daha çox qaralacaq, ayaqların bir-birinə daha çox dolaşacaq və büdrəyib yıxılacaqsan ki, cəmiyyətin istədiyi də məhz budur. "Niyə?" deyə başını yorma, cəmiyyətin bataqlıqda olanlarla işi yoxdur, onun işi bataqlığa (intihara, özgüvənsizliyə, çarəsizliyə və nəhayət, yıxılmağa) qədər qovmaqdır. O, səbəbləri qəsdən xatırlamır, nəticələri isə unutmamaqda israrlıdır. O, qatilləri sorğulamaya bilər, amma qurbanları heç vaxt bağışlamır.
Onun hədəfi sənin səhvlərin deyil, işığındır, ola bilsin, bu işıq kimlərinsə gözünə düşür, ola bilsin ki, sən öz varlığınla kiminsə yoxluğunu təhdid edirsən. Onlar sənin öləziməkdə olan işığını öz zülmətləri içində əridənə qədər əl çəkməyəcəklər.
Bu yerdə sən mütləq yazıçını eşitməlisən, dayan və səni qovan qaragüruhun üzünə dik bax. Onlar sənin işığını söndürə bilməz, bilməməlidir, səni öz gözündən salmağa gücləri çatmamalıdır. Sən onların gözüylə özünə baxmamalısan.
Sən tükənməmisən, sadəcə, yorulmusan, bir az daş-kəsək ayaqlarını incidib, bir az yıxılanda dizlərin qanayıb. Bir qədər dincəl, nəfəsini dər və yenə öz yoluna davam et. Yazıçı sənə bu yolda bundan sonra da gül-çiçək vəd etmir, yıxılacağın yerlərə pambıq döşəməyə də söz vermir, o, sadəcə, sənin həyatına diaqnoz qoyur. Həmin diaqnozla ayaqda qalmağın sirlərini öyrədir. Bu, bir az çətin missiyadır, uzun sürən xəstəlik kimidir, amma burda da sevinməyə nələrsə tapmaq olar, bu diaqnozla da həyatı sevmək mümkündür. Çünki ən azından xoşxassəlidir, ən azından öldürücü deyil. Ən azından sən işığın ordusundasan, nə birinci, nə də axırıncı döyüşçüsən. Ən pis halda insanlığın verdiyi, kim bilir, neçənci qurbansan və deməli, ən azından qatil deyilsən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!