Sən bir bulud gözlü... - Sərvaz Hüseynoğlu yazır

Güləmail Murad – 70

 

"Arzularım didərgin - qaçqınları bir yerə yığa bilmirəm" təəssüfünün, ağrı-acısının şairidi Güləmail..." "Ağlamağın gələndə dolum gözlərinə, özüm tökülüm" səmimiyyətinin yazarıdı. "Dərd ağacından asılmışam - Qəbrim tapılmasın deyə" şairanəliyilə yadda qalır. "Bilmirəm necə həkimsən - mənə baxalı özün xəstə" və yaxud,

Kainat qızıyam,

günəşlə doğuluram -

təptəzə

- deyimlərilə təzədi, yaddaqalandı. Güləmailin ədəbi qəhrəmanının

Bu necə eşq, əzizim?!

sən de,

mən sərxoş ola bilmirəm...

- etirafı qarşı tərəfə olan, ancaq etiraf etməyə söz tapmadığımız ümidsiz günlərimizin gözlənilməz və heyrətamiz ifadəsidi. Bu ümidsizliyin:

Mənim sevgimdi

için-için ağlayan

başqa qapıda

- nisgili, təəssüfü var. "Məhəbbətimin ünvanıdır əlimdə - gül əvəzinə" ağrısı bir ömür boyunca qan verir. "Gecə dənizi gözümə daşıyıram - sənə yağmağa" inadkarlığı dimdikdi. "Dərdi mən özüm qucaq-qucaq dərdim ki, sənə çatmaya" fədakarlığına hesablanıb Güləmail poeziyası. Onun səmimi, həssas duyğularından süzülüb gələn hekayətlərdə "böyük həyat eşqi var". Onun ədəbi obrazları "əbədi olaraq özünü ümid ağacından asmağın" yolunu bilir. Bu yazılanlarda "Güləmail dünyaya, insanlara öz könlünü açır... Gülamailin haykuları qoşma şeirinin ulu babalarıdır...  Onun haykuları ilk baxışdan kiçik bir film kimi görünür. Bu film bir-iki dəqiqəlik olsa da, mənası bir ömür qədərdir" (Nəriman Həsənzadə). Ən yaxşı olanı odur ki, "Güləmail Muradın haykuları və vakaları milli şeirlərimizin "Ərazisində" qərib görünmürlər", onun təqdimatında yapon şeiri özünün "millətləşmə dövrünü yaşayır. Çünki bu şeirlərdə Azərbaycan şairinin hiss və duyğuları öz poetik ifadəsini tapır, forma yapondan gəlir, məzmun isə milli bədii düşüncəni əks etdirir" (Vaqif Yusifli).

Bu səmimi şairin illər öncəsi oxuduğum və heç unutmadığım bir beyti var: "Ağlın özünə getməsin, Güləmail gül kimidir..." Özünəarxayınlıqla yazılmış misradı. G.Muradla şəxsi tanışlığın elə ilk anındaca bu arxayınlığın hardan qaynaqlandığının fərqində olursan. Yəni bilirsən ki, məhz bu cür, belə yaşam tərzinin daşıyıcısı olan kəs öz kimliyini, diqqətə çatdırılan misraların təqdimatı ilə, əmin-arxayın şəkildə ortaya qoya bilər. Bütövlükdə, sözə könül verənlərin gül kimi olması mənəvi və həyati bir zərurətdi. Dililə zəbanı bir olanların yeridi bu məkan. Nə yazıqlar ki, çox vaxt bunun əksini görürük, bu məkanda gül kimi qala bilməməyin utancını yaşayırıq. Və G.Muradın "Güləmail gül kimidir" arxayınlığını Vaqif Səmədoğlunun "Yenə, yenə şükür" təskinliyilə tamamlamalı oluruq...  Güləmailin istinad etdiyimiz misrası gözəl (həm də unudulmaz) bir təqdimatdı. Bu təqdimatın aparıcılığıyla onun səmimi, duyğulu poetik dünyasına daxil olursan. Onun "O gün Günəş məndə gecələdi" şükranlığının ortağına dönürsən. "Günəşlə doğuluram hər gün təptəzə" sevincində yaşayırsan. Səni əhatələynə nə varsa, o səmtə üz tutub sidq-ürəklə demək istəyirsən:

Üzünü bizə çevir -

bəlkə işıqlı

bir günəş düşə...

"Sən də ağla mənim kimi, yoxsa qurumaz göz yaşın" dünyagörmüşlüyünün son dərəcə poetik bir ovqatla sərgiləndiyi bir ailəmin şairidi Güləmail... Onun ədəbi qəhrəmanı ümid ağacından asılmağıyla ümidsizlik aləminin fövqündə dayanmağın yolunu gözəl bilir. O, ən ağrılı, müdhiş düşüncələrini şeirin oynaq, diləyatımlı və şux ovqatı ilə təqdim etməkdə ustadı. Məsələn, belə:

Eşqim düyünə düşüb,

Gəl gör nə günə düşüb...

Güləmailin şeirlərində məzh onun öz pünhan dünyasına məxsus, onun olan, onunla bir uyuyan, bir oyanan bir Günəş obrazı var. Bu sevdalı günəş eynilə qarabağlı Ağabəyim Ağanın unudulmaz "yarım gecə gəldi, gecə getdi,  heç bilmədim ömrüm necə gəldi, necə getdi" misralarında təqdim edilən könül dostunun bənzəri, ekiztayı kimidi. Eyni ovqatı, yaşamı sərgiləyir bu misralar:

O gün Günəş

məndə gecələdi.

Dan söküləndə getdi...

Getdi... Ancaq imisti nəvazişini, xatirəsini özüylə aparmadı. Sevən bir könülü, yol gözləyən bir aşiqi ilin hər fəslində, gecəbəgündüz gözləri yol çəkən qəm pəncərəsinə, bir şam işığına çevirib getdi... Bu gedişin ayrılıqlar ünvanına döndərdiyi qəlbin "üstündən karvan yeriməz dağları"nı, "diri olduqca libas, ölüncə kəfən" olan qiyafəsini bir yeni biçimdə göz önünə gətirir Güləmailin poetik təsvirləri. Bu poetik təqdimatlarda olduqca vəfalı, fədakar, ümidli bir aşiq obrazı sərgilənir. Bu aşiq çəkdiyi cəfalardan bezmir, usanmır, Məcnunanə, Fərhad misallı bir tale yaşayır. Dalana dirəndiyi hər bir məqamda vüsala yetməyin yeni yollarını arayır. Gözləri yeni yollar "çəkir". Baxışları yeni ümidləri qonaq eləyir. Eşqin ölməzliyini, dönəriliyini gecə qaranlığından doğulan səhər şəkillənməsilə təqdim edir. Və bu təqdimatlar Güləmailin təsvirində son dərəcə cazibədar, təbii, yaddaqalandı...

Ədəbi tənqidin dəyərləndirməsi bu baxımdan özünü yüzdə-yüz şəkildə doğruldur ki, həqiqətən də Güləmailin hətta yapon şeir tərzində qələmə aldığı haykularında belə "Azərbaycan şeirinin bədii təsvir və bədii ifadə üsulları obrazlı deyim tərzi ilə diqqəti çəkir".

Güləmail öz mövzularına sadiq, bu mövzularda özünü tapa bilən, özünü bu məkanda rahat hiss edən söz adamıdı. Deyək ki, vətənpərvərlik mövzusu, yurd uğrunda savaşmış qəhrəman oğullarımızın əziz xatirəsi onun ən başlıcası öygü yeridi. Bu mənada Güləmailin "Döyüş yolları" kitabında yer alan eyniadlı poeması, "Canını Vətənə sərhəd elədi", "Günküt zəfəri" və s. kitablarına daxil etdiyi poetik nümunələr xüsusi diqqət çəkir. Sözügedən kitablarda yer alan poetik nümunələrdə "Əlində avtomat, çiyin-çiyinə Vətən sərhəddində duran əsgərlər"imizin cəsur, şanlı həyat və zəfər yolu yüksək vətəndaşlıq duyğuları, dərin ehtiram hissilə qələmə alınır.

Güləmailin "Zəka çırağı" kitabında isə görkəmli filosof-alim Nizami Cəfərovun Azərbaycan ziyalılığı və ümumən, Vətən üçün bir iftixar yeri olması həqiqətlərindən söz açılır. Təqdir edilir ki, bu görkəmli alim çağdaş həyatımızda dövlətçiliyimizin möhkəmlənməsi, inkişafı yolunda həm ictimai, həm elmi, həm də siyasi istiqamətlərdə yorulmadan, həvəslə (eyni zamanda yüksək vətəndaşlıq meyarları ilə) fəal iştirak edir. Nizami Cəfərovun özünəməxsus elmi-poetik üslubu dərin zəkanın, müdriklik səlahiyyətinin gerçək ifadəsi ilə bir arada, onun mükəmməl ziyalı obrazını dolğun şəkildə ifadə edir.

Güləmailin poetik aləmi, Xalq şairi Nəriman Həsənzadənin də qeyd etdiyi kimi, hiss və duyğuların ağıl və təcrübənin məxrəcində nəfəs aldığı bir məkandı. Təbii ki, möhkəm özül üzərindədi və bu özülü şərtləndirən amil ilk növbədə istedaddır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!