Hörmətli redaktor,
İraqda məskən salan, sayı üç milyonu keçən, "bilmirəm haralıyam, torpağım, daşım qərib" - deyən, Azərbaycan dilinin qərib dialektini yaşadan soydaşlarımızla ədəbi-mədəni əlaqələrimiz onilliklər boyu sistemli şəkildə davam edir. Bu əlaqələrin səmərəli olmasında iraqlı soydaşlarımızın əməyi böyükdür. Bu müqəddəs işdə kərküklü yazar və ictimai xadim Ərşad Hürmüzlünün də payı vardır. Bu günlərdə Ərşad bəydən bağlama aldım. Bağlamada Ərşad bəyin imtiyaz sahibi olduğu "Qardaşlıq" dərgisinin iki yeni sayı və onun "Mavi urbalılar" romanı (Ankara, 2020), "İraq türkmanlarının dünyagörüşü" (İstanbul, 2019), Hulusinin "Kərkükdən Çanaqqalaya" (İstanbul, 2020) və Ərşad bəyin sanballı ön sözlə çapa hazırladığı qəhrəmancasına şəhid olmuş Ata Xeyrullanın "Bizim gənc" (Ankara, 2020) kitabları vardır.
Maraqlıdır ki, Kərkükün Qala məhəlləsində məskunlaşan Hürmüzlülər nəsli xristian olmuş, lakin nəsillikcə müsəlmanlığı qəbul etmiş, hər vaxt kərküklülərin yanında olmuş, İraq türkman ədəbiyyatı, ləhcəsi və tarixinə dair sanballı əsərlər yazmış, İraq-Türkman mədəniyyətinə xidmətlər göstərmişlər. Təkcə onu demək kifayətdir ki, Ərşad bəyin qardaşı Həbib Hürmüzlü "Kərkük ləhcəsi sözlüyü"nü yazan qələm sahibidir (2003).
Məlumdur ki, lüğət yazmaq iynə ilə gor qazmaq kimi ağır bir işdir. Buna sinə gərən Həbib bəy həmin sözlüyünü təkmilləşdirərək ikinci nəşrini buraxmaqla (2013) möhtəşəm bir işə imza atmışdır.
Ərşad bəy görkəmli ictimai xadimdir. Bir müddət Şərq ölkələri üzrə Türkiyə prezidentinin baş müşaviri kimi çox məsul bir vəzifəni şərəflə yerinə yetirmişdir.
2007-ci ildə Səudiyyə Ərəbistanında Azərbaycan mədəniyyəti günləri keçirilərkən səfirimiz, görkəmli dilçi alimimiz Əlövsət Abdullayevin oğlu Tofiq Abdullayev ziyalılar və yazıçılarla görüşümü təşkil etmişdi. Yazıçı İlqar Fəhmi də mənimlə birgə idi. Taledən gələn qismətdir ki, Ərşad Hürmüzlü də orada idi. Məni səudiyyəli ziyalı və alimlərə o, təqdim etdi, görüşün canlı və səmərəli keçməsində əməyi oldu.
Ərşad bəy dəfələrlə, hətta Türkiyə prezidentinin başçılıq etdiyi nümayəndə heyəti tərkibində Azərbaycanda olmuşdur. Lakin ilk səfər heç vaxt unudulmur. Ərşad bəyin seçilmiş məqalələrini içinə alan "İraq türkmanlarının dünyagörüşü" (İstanbul, 2019, 270 səh.) kitabında yazarın Azərbaycana ilk səfəri barədə "Azərbaycan ilə qucaqlaşmaq" məqaləsi də yer alır. Oxucuların marağına səbəb olacağına əmin olduğumdan cüzi qısaltmalarla onun çapını məsləhət görürəm.
Hörmətlə, Qəzənfər PAŞAYEV
Ərşad Hürmüzlü Kərkük Vəqfinin "Şərəf belgəsi"ni Qəzənfər Paşayevə təqdim edir.
Arxa planda prof. Süphi Saatçıdır. Fevral, 1999.
Ərşad Hürmüzlü
AZƏRBAYCAN İLƏ QUCAQLAŞMAQ
Şüurlu həyatım boyunca dəmir çarıq geyib dünyanın beş qitəsində bir çox ölkələrdə olmuşam. Lakin içimdə bir nisgil qalmışdı. Azərbaycanda olmaq istəyi...
Bakıda keçirdiyim bir neçə gün illərcə nələri qeyb etdiyimi mənə açıqca göstərdi. Bakıda, sadəcə, Azərbaycanı deyil, Kərkükü də yaşadım. Azərbaycana ayaq basdığımda qarşılaşdığım aşina üzlərin, aşina sözlərin həyəcanından "Yaxşı yol", - deyə məni yolçu edənə qədər yaşadıqlarım, sanki bir röya, bir yuxu idi. "Keşkə heç oyanmayaydım", - deyə bitişinə heyifsiləndiyimiz röyalar olur, iştə bir kərküklü üçün Azərbaycana səyahət elə bir hissdir.
Azərbaycana gedib Qəzənfər Paşayevlə görüşməmək Azərbaycanı görməmiş olmaq deməkdir. İşdə bu bağlamda Qəzənfər müəllimin gülər üzü, dadlı sözü Azərbaycanı yaşadığınızı Sizə anladır. Kərküklü olub da Qəzənfər bəyi şəxsən olsun, qiyabən olsun tanımamış birisini düşünmürəm. Rəhmətlik Yaşar Qarayevin təbirincə "Bizim üçün İraq, Kərbəla Füzulidən başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır" deyiləcək qədər Kərküklə iç-içədir.
Məni Qəzənfər Paşayevə bağlayan bir xüsusiyyəti Bakıda özünə anladanda çox gülmüşdük. Kərkükdə Ədəbiyyatçılar Birliyi qurulmuşdu. Mən uzun ayrılıqdan sonra İstanbuldan Kərkükə gəlmişdim (bu ayrılıq Səddam rejimi səbəbindən 26 il çəkmişdi - Q.P.). Ədəbiyyatçılar Birliyinə getmişdim. Gənc bir dəliqanlı mənə yaxınlaşdı və utana-utana "Ağabəy, siz Qəzənfər Paşayevmisiniz?", - deyə sordu. "Xeyr" - dedim. - Mən Ərşad Hürmüzlüyəm, ancaq umaram ki, Qəzənfər Paşayevi də yaxında Kərkükdə görəcəksiniz".
İstanbula döndüyümün ikinci günü Kərkük Vəqfinə baş vurdum. Süphi Saatçı dodaqlarında xoş bir təbəssümlə mənə "Türkmanlar və İraq" kitabımın bir İstanbul qəzetində tanıdıldığını söylədi və qəzetin bir nüsxəsini mənə verdi. Qəzetə göz gəzdirəndə Süphi bəyin təbəssümünün səbəbini anladım. Hardasa yarım səhifəlik yazı ilə bərabər böyük bir foto da vermişdilər. Fotonun altında yazılmışdı: "Foto Ərşad Hürmüzlü və Qəzənfər Paşayevə aiddir". Qəzet arxivdən foto seçərkən məni və Paşayevi birləşdirmişdi...
Azərbaycandan ayrılacağımın əvvəlki günü Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Dr. Məhərrəm Sənanoğlu Sadıqovla tanış olmuşdum. Mənim kərküklü olduğumu bilincə Kərkükü Qəzənfər müəllimin kitablarından tanıdığını söylədi və dedi: "Əslində, siz Qəzənfər müəllimlə çox bənzəyirsiniz!".
Bakıda, sadəcə, dostlarla deyil, şəhərin tarixi və kültürüylə də yaxından tanış oldum. Burada iç-içə haşir-nəşir (qiyamət gününü yada salan) məzarlıqlar var (müəllif Çənbərəkənd, Qurd qapısı, Şəhidlər xiyabanını və Fəxri xiyabanları nəzərdə tutur - Q.P.). Şəhidlər xiyabanını ziyarət edərkən Bakı qətliamı və müharibəsində Qafqaz cəbhəsində şəhid olan İraq türkmanlarının azərbaycanlı soydaşlarla yan-yana uyumalarını (11 nəfər - Q.P.) ibrətlə izlədik. Dövlət böyüklərinə ayrılan Fəxri xiyabanda həyatımda görmək mənə nəsib olmayan, Azərbaycanın ilk Cümhurbaşqanı və Xalq Cəbhəsi lideri rəhmətlik Əbülfəz Elçibəyin məzarının başdaşındakı yazı fəxr və güc mənbəyinə çevrilir: "Burada şərəfli bir türk əsgəri yatır".
Sayın Heydər Əliyevin rəhmətlik həyat yoldaşı Zərifə xanımın məzarını ziyarət etdikdən sonra yol bizi gənclik illərinə apardı. Azəri dostumuz bizə Leyla Bədirbəylinin məzarını göstərincə nostalji bir şəkildə pıçıldadım: "Arşın mal alan!". Gənclik illərində Leyla Bədirbəyli vasitəsilə Azərbaycanla tanış olduğumuz film.
Gözlərimiz önündə bir ömrə sığmayan kültür, ədəbiyyat və musiqi xəzinəsi canlanırdı: Rəşid Behbudov, Bülbül, Xəlil Rza Ulutürk, Yusif Səmədoğlu kimi zirvələr.
"Ədəbiyyat qəzeti"ndə qəzetin redaktoru Ayaz Vəfalının otağında baş qonu ədəbi əlaqələr, Kərkük Vəqfi, "Qardaşlıq" dərgisi idi. Vəqfin və "Qardaşlıq" dərgisinin materiallarının Azərbaycanda geniş yayılması və təbliği məni çox sevindirdi (Kərkük Vəqfi Azərbaycanla bağlı çox işlər görür. Vəqfin çap etdiyi ilk kitab mənim "İraq-Türkman folkloru" kitabımdır. Türkiyə türkcəsinə uyğunlaşdıran prof. Mahir Naqip, redaktoru prof. Süphi Saatçı).
Kərkük və türkmanlar yaşayan digər bölgələrdə mədəniyyətin inkişafında Azərbaycanın əngin təcrübəsindən faydalanmaq qaçılmazdır. Ədəbiyyatçılar Birliyi, Qadınlar Birliyi və s. ilə yaxından ilgilənməsi, Türkman qardaşlarının iyi bir şəkildə yetişməsinə qatqıda bulunması başlıca tələbdir.
Televiziyada canlı yayında çıxışımız zamanı televiziya əməkdaşının bizim mədəniyyətimizə nə qədər vaqif olduğu bizi çaşdırmadı.
Mənim böyük şansım Qəzənfər Paşayevin bu canlı yayında mətləbi gözəl və axıcı üslubla anlatmasıydı.
İraq Türkmanlarının can damarı Bakının hər guşəsində olduğu kimi, bir də İraq-Türkman ocağında düyümlənir. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin möhtəşəm binasının mötəbər bir bucağında Qəzənfər Paşayevin yaratdığı "İraq-Türkman ədəbiyyatı və mədəniyyəti ekspozisiyası" İraq türkmanları ilə Azərbaycan kültürü arasında ciddi bir körpüdür.
Kərkükdən ayrı qalanlar bəlkə bəzi nəşrləri izləyə bilməmişlər və gənc nəsillərin Bağdad, Kərkük və Ərbildə yayınlanan bəzi əsərləri əldə etmək fürsəti olmamışdır. Ancaq bu kitabların çoxunu o ekspozisiyada yan-yana görmək mümkündür. Gerçəkdən oraya girincə özünüzü, sanki qocaman bir aynaya (güzgü) baxırmışsınız kimi görürsünüz.
Azərbaycandan ayrılmaq zamanı idi. Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, hörmətli Rafael Hüseynov o gecə Bakıdan ayrılacağımı bilincə, nədən bu qədər qısa vaxtda qaldığımı sordu və Azərbaycanın XVIII əsr şairlərindən Ağabəyim xanımın günümüzə gəlib çatan iki misrasını oxudu:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi.
Heç bilmədim ömrüm necə gəldi, necə getdi.
"Yaxşı yol!" - dedilər və məni yolçu etdilər. "Yenə gəl" - dedilər. Mən də "Allah izin versə, yenə gələcəyəm, amma Kərkükdə də görüşəcəyik" - dedim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!