Nüvədi - dağlar qoynunda sərt qayalıqlara hopmuş, yazılmış böyük Türk tarixinin, dünya durduqca silinməyəcək, övladlarının isə hec bir zaman yaddaşından çıxmayacaq şərəfli səhifələri.
Amansız-allahsız-şərəfsizlərin, siyasət dəllallarının insana, insanlığa xəyanəti üzündən o torpaqların əzəli sakinləri də öz el-obasını, yurdunu tərk etdi, cəlayi-vətən oldu.
Zaman etibarilə çox da uzaqda olmayan bir keçmişin hələ də yaddaşlarda qövr eləyən xatirələri... Ulu Zəngəzurun Meqri rayonunun Nüvədi kəndi. Ərənlər yurdunun el ağsaqqalının, müəllim-ziyalısının - Əli Vəlioğlunun yaradıcılıq nümunəsi - gündəlik tipli bədii deyimlər, - ədəbi düşüncələrindən ibarət olan "Mənim dünyam" kitabı (Bakı, "Gənclik" nəşriyyatı, 1993).
Bu yazım ədəbi tənqid deyil. Sadəcə olaraq, dedim, duyğuları dilləndirən, qayğıları selləndirən fikir-düşüncə bulağından su içək, ruhumuzu-ovqatımızı yansıyan, oxşayan, qəlbimizə doğmalıqdan-yaxınlıqdan əsən dağ yelitək canımıza can gətirən bir ab-havada nəfəs dərək.
Azərbaycan xalqının milli mentalitetinin hər yönündən Əli Vəlioğlunun düşüncə dünyasına, oradan da insanlığı şərəfləndirən, ucaldan əxlaqi-mənəvi aləmlərə paralellər çəkmək olar. Atalar sözlərinin təmiz ruhdan, saf niyyətdən süzüldüyünə şəhadət verirəm. Çünki insan öz nəfsinə və şeytani ovqatına köklənməsinin də hansısa siyasi-iqtisadi səbəbləri olmamış deyil, əksini söyləsək, onda gərək ulu yaradana da asi olaq. Bu yöndən yanaşaraq bir kənd müəlliminin qələmindən süzülən bədii ifadə və deyimlərin də, oxuyanlara bir dərs, bir öyüd, bir ibrət olduğunu görürük. Bəzən ovqata uyğun fərqli rakurslarda, baxışlarda, gah çılğıncasına, gah da şuxluq-zarafatla, gah pıçıltı ilə deyilən, söylənən, yaşanan fikirləri oxuduqca, hərdən söz üstünə söz də demək istəyirsən. Səlis məntiqin önündə susmağın gərəkliliyini də anlayırsan, hərdən də heyrətamiz reallığın, gözəlliyin önündə, sadəcə, gözlərində məmnunluq işartıları bərq vurur.
Əli Vəlioğlu öz fikirlərini Atalar sözlərimizdə olduğutək çərçivədə, yek və yekun nəticə kimi, ştamplarla vermir, bədii cəhətdən cilalayır, poetik nəsr örnəyitək duyğuların-təxəyyülün zərif süzgəcindən keçirir, eləcə də Müəllim qəlbi ilə. İrqi və dinindən asılı olmayaraq, dünyada yaşayan bütün insanlara ən humanist baxış bucağını sərgiləyir. Hər bir insanın yaşamını, ömrünü dəyərləndirən ən gözəl hissləri dilə gətirir, qələmə alır.
Həm də deyimlər və duyumlar, "ovqat ayələri" gur sulu dağ çayı deyil, şırıltı ilə axan bulaqdır ki, ovuclayıb içə bilərsən və bu bulaqdan içdiyin suyun hər qurtumunun cana məlhəm olduğunu duyarsan.
Hər birimiz böyük bir sosial-ictimai şəbəkənin ayrı-ayrı üzvü olsaq da, əslində, bəlkə də hamımız eyni bir informasiya daşıyıcılarıyıq və nə qədər qayğı və ehtiraslarımıza bərbəzək vursaq da, hamısı hamımızda tam olaraq üst-üstə düşə bilər və eyni olar. Eyni ilə bu kitabdakı deyimlərdə də hamımızdan bir parça, bir qədər nə isə var. Bu fikrimi kitabın özündən örnəklərlə isbatlayım...
Əli Vəlioğlunun fikirlərini verəcək, mötərizədə öz şərhimdə yanaşmam olaçaq.
1. Elə bil bu günümüz üçün yox, gələcək günlərimiz üçün yaşayırıq. (70-80 yaşlı birisindən soruşsaq ki, yaşaya bildinmi, başını bulayacaq, heç başım açıldımı, bir az da özüm üçün yaşayım deyəcək. Belə çıxır ki, heç birimiz yaşamırıq, sanki yaşamağa hazırlaşırıq...
2. Əqidəm məni özünə qul götürmüşdür. ( Hamımız hansısa əqidənin, əxlaqın, mentalitetin qolubağlı qulu deyilikmi?).
3. Vətəndə həqiqət olmadıqda, o öz şirinliyini itirir. (Bizi özümüzdən uzaqlaşdırmaq üçün institutlar işləyir ee, xəbərimiz yox...).
4. Həqiqətdə "ayıbdır" sözü yoxdur (yəni təbii olan heç nə günah deyil, hər şeyi yerinə görə qiymətləndirmək gərəkdir.)
5. Şüurun qavramadığı hadisə möcüzə adlanır. (Əli müəllim burada çox sadə izah verir).
6. Vəzifə elə bir həbdir ki, dovşan ürəklilərə də pələng cəsurluğu verir. (Başına furajka qoyan, çiynində poqon gəzdirən və ya hansısa idarəni təmsil edən birisi səninlə elə danışır ki, sanki sən onun nökərisən, əsirisən).
7. Ölüm həyatın dəyər-qiymətini artırıb. (Doğrudan da, ömrün ölümlə sonuclanması insanları ayıldır. Bu fəhm olmasa, insanların çoxu hec yerlərindən də tərpənməz, dünya da ətalət içində olar.
Əli Vəlioğlunun daha bir kitabı "Alatoran" yayımları tərəfindən 2018-ci ildə işıq üzü görüb - "Mənim mənalı dünyam" adıyla. "Kommunizm kabusu və sosializm sisteminin ideoloji basqısı götürüləndən sonra, sanki beyinlərdə özgür düşüncə vulkanları püskürməyə başladı. Elə, Əli müəllimin deyimlərinə sərtlik, acıqlıq və cəsarət sarıdan ikinci bir nəfəs gəldi, illər üzrə sıralanmış fikirlərdə bir oxucu kimi öz təbiətimə uyğun düşüncələrə rast gəlinçə, sanki ədəbi aydınlanma, arınma prosesi yaşayırdım, özümü, dövrümüzün tarixi taleyimizi yenidən kəşf edirdim. Bu kitabdan də örnəklər gətirirəm:
1. Ağıl güclü tamahın ov tulasıına cevrilir (şərhsiz).
2. Z.Balayanın "Ocaq" kitabı erməni millətinin iç üfunətidir. (Bu kitabın yalanlarını çözməyə ehtiyac da yox. Erməniçilik ("arm ənstvo") xəstəliyinin bu millətin canından çıxa biləcəyinə onların normal insan kimi kinsiz, nifrətsiz yaşaya biləcəklərinə o zaman inanaram ki, öz murdar məxluqlarını özləri ifşa edələr, biz türklərə və dünya xalqlarına qarşı xəyanətlərini boyunlarına alalar. Bəli, onların bu səviyyəyə düşmələrinə səbəblərdən biri də tarixi şərait olub, amma insan qanı və geni daşıyılarsa günahlarını etiraf edəcəklər - F.Ekozyants kimi, Yegişe Çarents, Robert Arakelov kimi. Və biz də, yalnız öz tarixi torpaqlarımıza - İrəvana, Göyçəyə, Zəngəzura dönəndən sonra onlarla yenidən qonşuluq münasibətlərimizi bərpa edə bilərik. Başqa yolu yox...
3. Gərnəşmək - süstləşmiş, sahmansız, qırışlı bədənin ütülənməsi (bir həkim deyərdi ki, 10-15 saniyəlik gərnəşmək 10-15 dəqiqəlik kross qaçışı qədər faydalıdır).
4. Ümidin kəndiri yadların əlindədir (öz kitablarımdan birinin adı elə buna bənzəyir: "Ümidlər zindan imiş" və mən hamınızdan soruşuram, bəs Siz neçə il yatmısınız öz ümidlərinizin həbsxanasında? Yoxsa, hələ də oradasınız?!).
5. İradə - insanın yanacağıdır. (Yadıma X.L.Borxesin bir fikri düşdü: bu dünya ona görə dəyərlidir ki, orada Şopenhauer yaşayır əsas kitabının adı bilirsinizmi necədir? - "Dünya iradə və təxəyyül kimi"... Həyatımız və dünya iradəmiz və təxəyyülümüzlə müəyyənləşmirmi?!
Bəli, mən Əli Vəlioğlunun hər fikrini belə öcəşərək oxudum, ola bilsin ki, bir çox anlarda heç bir sözə ehtiyac duymadan da. Çünki həqiqətin, gəldiyimiz nəticələrin çox vaxt sözlərlə ifadə edilməsinə, doğrudan da ehtiyac olmur.
Əli Vəlioğlu bu dünyada, sanki 2 ömür yaşadı. Birini hamının gözü önündə, ikincisini hamıdan pünhan yaşadı yazılarında. İçinin enerjisiylə dünyamızı işıqlandıran hər kəsə Tanrıdan rəhmət diləyirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!