Bizim komandir Polad Həşimov - Nicat Həşimzadə yazır

 

Bizim komandirimiz Polad Həşimov dövlətin şücaətə görə ona verdiyi evi şəhid ailəsinə bağışlamışdı. (Vacib bir postu azad etmişdi).

Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin zaman polkovnik idi.

***

Bir əsgər yoldaşımız ata olmuşdu. Bu hadisə Polad Həşimova tabor komandirimiz tərəfindən məruzə edilmişdi. Əsgər yoldaşım məzuniyyət haqqından istifadə etmişdi. Həm də yeni gəlmişdi məzuniyyətdən. Xəbər komandirə çatanda tapşırıq verdi ki, əsgəri yanıma gətirin.

Dialoqu olduğu kimi yazıram:

- Komandirlərin səndən razılıq edir, əsgər yoldaşlarının da hörmətini qazanmısan. Qüsursuz xidmətə görə növbədənkənar 10 günlük məzuniyyət verilir sənə.

Kövrələn əsgər yoldaşımız deyir:

- Cənab polkovnik, axı mən yeni gəlmişəm məzuniyyətdən.

- Bilirəm, evinə bir də get ki, özün də yenilənib gələsən (gülümsəyir). Əsgər, pulun varmı?

- Bəli, cənab polkovnik.

- Göstər.

(Əsgərin cibindən 80 manat çıxır).

- Düzün de, əsgər yoldaşların kömək edib, hə?

- Bəli, cənab polkovnik.

- Sənin yolun çox uzaqdır. O pulu qaytar əsgər yoldaşlarına. Get hazırlaş, sabahı gözlə.

Səhər əsgəri komandirin otağına gətirirlər:

- Pulu qaytardınmı?

- Bəli, cənab komandir.

- Gedə bilərsən, aşağıda səni gözləyən maşın var.

Taksi əsgəri düz evinə aparır. Sürücü əsgərə konvert verir:

- Komandir tapşırdı ki, ancaq evdə açsın.

Evdə zərf açılır, kağızda yazılıb:

"Təbrik edirəm, əsgər, ata olmusan".

Və konvertin içində 170 manat vardı.

Belə böyük şəxsiyyət idi Polad Həşimov.

***

Kəndimizdə bir oğlan var, o da Polad Həşimovun əsgəri olub, bu xəbəri eşidəndən çox sarsılıb, əsəbdən titrəyir, bədəni əsir. O, əsgər olanda Polad Həşimov kapitan idi hələ. Deyir ki, kapitan Həşimov komandir olmaqdan daha çox, əsgər atası idi, əsgər qardaşı idi.                      

***

Bir gün nazirlikdən yoxlama gəlmişdi. Paltarlarımız çirk içində idi. Su çətinliklə tapılırdı. Qar suyu ilə paltar yuyurduq. Bir polkovnik-leytenant bizi danlayırdı. Komandirimiz Polad Həşimov əsəbiləşdi və dedi:

- Mənim əsgərimi məndən başqa heç kim danlaya bilməz. Sözünüz varsa mənə deyin. Mənim əsgərlərim paltar yumağa su tapmır. İçməli su gətirmək üçün sinəyə qədər qarı tapdaya-tapdaya 3 km yol gedir, həmin yolu da hər əsgər 30-40 litr su ilə geri qayıdır. Mənim əsgərlərim isti kabinetlərdə xidmət etmirlər, cənab polkovnik.

***

General-mayor Polad Həşimovun ən nifrət etdiyi şey bilirsiz nə idi?

Hansısa yüksək vəzifəli, yüksək rütbəli bir adamın bir əsgəri tapşırması. Çünki Polad Həşimov əsgərlər arasında fərq qoymurdu. Bir MAXE-nin məsuliyyətsizliyi üzündən əsgər ölümü olmuşdu. Polad Həşimovun rütbəsini vurmuşdular. Polkovnik-leytenant mayor olmuşdu. O, əvvəlki kürsüsünə əyləşmirdi, içində nələrsə qırılmışdı. Amma bu halında da əzəmətli, qürurlu idi. O, mayor rütbəsinə salınsa da, bütün hərbi hissədə balacadan böyüyə hər kəs yenə də ona "cənab polkovnik" deyə xitab edirdi.

***

Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi.

***

- Əsgər Həşimzadə.

Qaçıram, son üç addım qalmış nizamnamə qaydalarına əməl edirəm:

- Cənab polkovnik, əsgər Həşimzadə əmrinizlə gəlmişdir.

- "Azad" komandası verir Rahat ol, Həşimzadə.

- Həşimzadə, sən mədəni, ağıllı adama oxşayırsan. Niyə ali təhsilin yoxdur.

- Cənab polkovnik, xidmətdən sonra təhsil alacam.

Dərin düşüncəyə dalır.

Bir az fasilədən sonra deyir:

- "Səfillər"dəki Yepiskopa oxşayırsan, əsgər. Oxu, Həşimzadə, bakalavr, magistr, doktorantura - hamsını oxu. Müharibə təkcə silahla yox, həm də beyinlə aparılır. Beynini Vətən üçün işlət.

Gedə bilərsən.

Hərbi nizamnamə qaydalarına uyğun formada uzaqlaşıram. Polkovnik Polad Həşimovun səsi gəlir:

- Dayan, Həşimzadə, kitelini çıxar.

Kəməri açıb kiteli çıxarıram. Taqorun "Fəlakət" romanı yerə düşür. Kəmərin altında gizlətmişdim kitabı.

Gülümsədi: "Kitabını götür, get, oxu, amma qarovul saatında oxuma. Gedə bilərsən".

Dəhşətli məqam o idi ki, hərbi hissə komandirimiz məni birinci dəfəydi görürdü. Görüş də təsadüfi alınmışdı.

Şəhid generalımızın gözəl nitqi, qısa, dəqiq, konkret danışığı vardı.

Cəmi bircə dəfə qarovulda olanda kitab oxumuşdum.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!