Dostum Dostoyevski - Qan Turalı - Qan TURALI

Qan TURALI

Mən onu çox gec tanıdım. Hələ uşaq ikən evimizdə dünya ədəbiyyatının yüz cildliyi seriyası vardı. Ordan girdim ədəbiyyata. Selinceri ordan tanıdım. O zamanlar oxudum Tolstoyu. Hacı Muradı... Selestin Düklo ilə köhnə tanışıq biz. Balaca Şahzadə ilə dostluğum qədimdir. Tom Soyyerlə uşaqlıq dostuyam mən. Heklberri Finnlə tanışlığım Bakıdan bizim şəhərə köçmüş bir dostum vasitəsilə olubdur. Qavroş da məhəllə uşağıydı. Necə deyirdi? "Bunu öz lülənə yapışdır". Jül Verni deyirsənsə... O da Köhnə şəhərdən idi. Dostlarımdan danışaram sənə. Sabaha qədər danışaram. Amma o dostlarımın arasında Dostoyevski yox idi. Liseyə girəndə abimiz "Cinayət və cəza"nı verdi mənə. 15 yaşım vardı, hər 8-ci sinif uşağı kimi. Əslində türkcə oxuma vərdişi yaratmaq üçün vermişdilər. Oxudum romanı. Çox anlamadım. Hətta heç anlamadım. Mən o zamanlar Dostoyevski ilə dost deyildim.

Aradan illər keçdi. Liseyi bitirdim. Fəlsəfə fakültəsinin ilk dərslərinə girdim. Sistematik fəlsəfə... Fəlsəfə tarixi... Platon... Sokrat... Budda... Dostoyevski yox idi. Sonralar Mustafa romanında yazdığım bu illərdə dostsuz idim. Universitet mühiti eləydi ki. Bütün dostlar çox keçmişdəydi. Hələ biri vardı. Heç sevmədiyim. Konfutsi. Bilmirəm, bizim proqramı kim tərtib eləmişdi. Amma fəlsəfə fakültəsinin proqramı ədəbiyyatdan elə uzaq idi ki. Bilogiyanın fəlsəfəsini keçirdik. Bir dərsimiz də məni Dostoyevskiyə aparmırdı. Və qəribəsi o oldu ki, mən bir gün İsmayıl Şıxlının Mehdi Hüseyn haqqında "Qranit kimi sərt" yazısını oxudum. İsa Hüseynovun günlərlə evə qapanıb Dostoyevski oxuduğu barədə bir qeyd vardı. Tam dəqiq xatırlamıram, amma yadımdadı ki, üçüncü kursun yay tətilində Əli Bayramlıya bir çemodan Dostoyevski kitabı ilə qayıtdım. O gündən dostluğumuz başladı. Və bütün böyük dostluqlar kimi, bu dostluqdan da xəyanətlər, yanlış anlamalar əskik olmadı.

Və mən o tətil günlərində Kürdəmirə də getmişdim. Orda uşaqlıqdan çox sevdiyim tut ağacının altında bitirdiyim "Cinayət və cəza" romanının insanı məhv edən aurası yadımdadır. Hələ indiyənə qədər bu romanı anlamaq üçün çabalayıram. Hələ də Raskolnikovun əməlinin nə qədər əxlaqa zidd  olub-olmadığı düşündürür məni. İnsan romanı zövq almaq üçün oxuyar. Amma bu roman insanı dəliyə döndərir. Arxasınca başqa romanları da gəldi, amma mən tut ağacının altında hiss etdiyim o duyğuları bir də başqa heç bir romandan almadım. Və yalan danışmayacam. İllər ötdükcə bu hiss öləzidi. Tolstoy məni daha çox cəlb etməyə başladı.

İndi düşünürəm ki, məni o zamanlar Dostoyevskidə cəlb edən nə idi? İnsanın qara qutusunu sona qədər anlamaq cəhdimi? Ən ağır faciələrin az qala rəhmsizcəsinə təhlil edilməsi? Yoxsa bu qədər tragik bir drama içərisində öz insan xislətini qoruyub saxlamaq bacarığı? Dostoyevskinin qəhrəmanları tövbəkar idi, günahkar idi. Lakin onlar günahsız görünməzdilər, tövbə edirdilər. Yazıçını isə ən çox bu günahın arxitektonikası maraqlandırırdı. Şəksiz ki, onun yaratdığı ölməz realist obrazlar daim mənim könlümdə öz axan qanları, irinləyən yaraları ilə qalacaqdır.

Bu günlərdə kitabxanamda Leonid Qrosmanın "Dostoyevski" kitabını götürdüm. Yüzlərlə kitabın arasında bu kitab məni az qala sehrlə özünə çəkirdi. Bir insan məncə, ömrü boyu bir neçə dəfə Dostoyevskiyə qayıtmalıdır. Və bir yazıçını yaxşı anlamağın yolu da onun bioqrafiyasını dəqiqliklə öyrənməkdən keçir. Ona görə də qərara gəldim ki, bu idrak yolunu sizlərlə bölüşüm. Yazıçının həyat hekayəsinin ən maraqlı detallarını...

54 yaşında Dostoyevski arvadına məktubunda yazırdı: "İovun (Quranda Əyyub adıyla keçən peyğəmbər) kitabını oxuyuram, bu əsər məndə iztirablı fərəh oyadır, kitabı bir tərəfə atıb az qala göz yaşı axıda-axıda otaqda saatlarla var-gəl edirəm. Bu kitab, Anya, təəccüblüdür ki, məni həyatda sarsıtmış ilk kitablardan biridir. Mən o zaman az qala körpə bir uşaq idim.

Bir uşağın bir İncil hekayəsinə bu qədər dərin məna verməsi və qocalıq yaşında belə o mənanı xatırlaması və hətta ağlaması üçün insan mütləq Dostoyevski olmalıdır? Bəlkə də əzaba həssas münasibət kifayət edir.

Dostoyevskinin uşaqlığının bir hissəsini keçirtdiyi kənddə gördüyü bir hadisə də misilsizdir. Sanki bir Dostoyevski romanının bir parçası kimi. Və sonralar Dostoyevski bu kimi realist lövhələr əsasında ölməz romanlarını yaradacaqdı.

***

Kənddə evsiz-eşiksiz, sərsəri Aqrafena yaşayırdı. O çölləri gəzib-dolaşaraq rabitəsiz sözlərlə ölmüş uşağını xatırlayırdı. Körpənin atası məlum deyildi.

***

Dostoyevskinin doğulduğu bölgə Moskvanın ən kədərli yerlərindən biri sayılırdı. Atası yoxsullar xəstəxanasının həkimi idi.Atılmış uşaqlar yetimxanası ilə dəlixana da burda yerləşirdi.

***

Dostoyevskinin atası simic, qəddar, paxıl bir adam idi. Onun xasiyyətlərinin bütün bu mənfi çalarları yazıçıda ağır mənəvi travmalar yaratmışdı. Onun necə adam olduğu ilə bağlı iki faktı xatırlatmaq kifayətdir.

***

İllər keçdikcə qəddar ərinin daimi şübhə və ittihamlarına məruz qalan yazıçının anası Mariya Fyodorovnanın (Dostoyevski ana babasının adını daşıyırdı) faciəsi getdikcə gərginləşirdi. Yazıçının atası xəstə, səkkiz uşaq anasını xəyanətdə ittiham edirdi. Bu əsassız ittihamlar qadının ömrünü baltalayırdı. Onun ərinə yazdığı məktubların birini təqdim edirəm. Bu məktubu həyəcansız oxumaq mümkünsüzdür.

"Mənim sevgimi görən yoxdur, mənim hisslərimi başa düşmürlər, mənə rəzil bir şübhə ilə baxırlar. Halbuki mən öz məhəbbətimlə nəfəs alıram. Buna baxmayaraq, vaxt, illər ötüb keçir, çöhrəmə qırış və qəzəb nişanələri yayılır, bu da  mənim nəsibim, bu da mənim ehtiraslı, məsum sevgimin mükafatı. Hərgah təmiz vicdanım, Tanrıya bəslədiyim ümid mənə istinadgah olmasaydı, taleyimin aqibəti acınacaqlı olardı. Bağışla ki, mən sənə hisslərimin kəskin həqiqətini yazıram. Yalvarırıram, nifrət etmirəm, səni sevirəm, sənə pərəstiş edirəm, həm də qəlbimdə nə varsa, hamısını səninlə - mənim yeganə dostumla bölüşürəm".

Bir qadını bu cür yalvartmaq, onun ən müqəddəs hisslərini ələ salmaq, bu qədər ağrı yaşatmaq, onu daim sədaqətsizlikdə ittiham etmək! Dostoyeskinin atasının elədiyi eynən bu idi. Hərçənd qadın inkar etsə belə, onun aqibəti acınacaqlı oldu. Qadın gənc yaşda dünyadan köçdü. Bu zaman Dostoyevskinin 16 yaşı vardı. Və belə bir əzabı bu qədər gözəl ifadə edən qadının da məhz Dostoyevskinin anası olması da bir baxımdan çox səciyyəvidir. Yazıçı sanki bu ağrıları ən yaxın yerlərindən duyacaqdı. Anasından, atasından, qardaşından...

***

Anasının ölümündən sonra Dostoyevskinin atasının xasiyyəti daha dözülməz olurdu. Bu dözülməz xasiyyət əslində onun sonunu da hazırlayırdı. Arvadı öldükdən sonra kəndə çəkilən Mixail Dostoyevski bir yay günü öz malikanəsindən çıxdı və bir daha geri qayıtmadı. Onun cəsədini yolun ortasından tapdılar. Sürücü yoxa çıxmışdı. Onunla bir yerdə kəndin bir neçə sakini də aradan çıxmışdı. Məhkəmə dörd nəfərdən ifadə aldı. Bu adamların hər birinin yaxın qohumunun Mixailin qulluqçusu olması çox natəmiz şübhələr yaradırdı. Atasının ölüm xəbəri Dostoyevskiyə çatanda o ömründə ilk dəfə qıc oldu. Ömrü boyu ona yoldaşlıq edəcək epilepsiya xəstəliyi ilk dəfə burda üzə çıxmışdı. Lakin diaqnoz sonralar qoyulacaqdı.

Ardı olacaq...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!