Elmə can atanın əlaməti - Sərvaz Hüseynoğlu yazır

Əbil Əbilov haqqında

 

İki günlük "evdə qal" guşəxanlığını Əbil Əbilovun "Sevda türküsü"ndə yaşadım. Onda qaldım. Dünyaya "Sevda türküsü"nun və bir də gənc Əbilin, nakam Əbilin gözlərilə baxdım.

O qədər gənc ki, zənn et, Şəqiq Bəlxi həzrətlərinin "bu uşaq gələcəyin ən böyük övliyası olacaq" deyə uğurladığı Bəyazid Bistami mislində...

O qədər nakam ki, Müşfiq ömürlü...

Tanış bir mətnin havasınca konuşduq:

- İçindəki Çöl qulağına nə uğuldar?

Bilinən, məlum cavabı verdim:

- Yağmur!..

- Yağmur dediyinin axına, daşqına dönəcəyini görməzdənmi gəlirsən?

- Həllacın "Metafizik susuzlu"ğunu Fərat qarşılamamışdımı? - deyə sordum. - "Misirdən Fərata eşq yaylaları"nda belə yazmısınız. Həllacı sinəsinə almaqla bütünləşən Fəratın Yağmurdan gəldiyini bilirsən axı...

- Bu, Həllacın Bağdad bazarları boyunca "Ey insanlar, məni Allahın əlindən alın" - deyə zəban çəkməsindən çox-çox öncənin söhbətidi. "O məni məndən alıb, geri vermir" söyləmişdi.

- Onunla yaxınlığın ağırlığına dözə bilmədiyi, qorxduğu üçünmü?

- Aralı qalmaq əndişəsi də vardı... Onda itmək, onda yox olmaq həyəcanı yaşayırdı. Yaxınlığın örtünmək olduğunun fərqindəydi. Sevginin sübutuna gətirdiyi dəlil beləydi. Öz ilahi Eşqinin sübutuna bu dəlili bəlgə etmişdi. Edam öncəsi "Siz o ilahi Eşqi bu gün, sabah, bir də o biri gün görəcəksiniz" - pıçıldamışdı.

Bu gün edam etmişdilər...

Səhərisi yandırmışdılar...

O biri gün külünü Fərata tökmüşdülər...

- Bu nizamlı olayı eynilə Mövlananın 21-ci nəvəsi Cəlaləddin Çələbinin xəttinə bənzər nizamsız qeydlərinizdən oxumuşam. Eyni köynəkdən gəlirik; sizin xətt, mənimsə tale nizamsızlığım var.

- Özü özünü kəşf edə bilməyənlərin nizamı belədi. İbn Arabiyə göz atana qədər mən də belə düşünürdüm... Eyni taleyi yaşayırıq qətrədən dənizə çevrilənlərlə... "Tale nizamşlığım var" deyirsən. Yəni mistikada yaşayırsan. Mən bu barədə düşünəndə ömrümün 23-cü baharındaydım. Və heç vaxt mistik ola bilməyəcəyimin ağrısını çəkirdim. Əzilirdim ağıllı olmağımın yükü altında.

- Amma ağıllı olamağın "Sevda türküsü"nə götürməyi də var... O türkü boyunca olmuşları birər-birər nizama düzülüb.

- Əslində mən günləri yazmaq istəyirdim. Sonra baxıb gördüm illəri yazmışam... Yaza bilmədiyim çox şeylərsə qaldı!

Gün-gün, saatbasaat oxuduğu kitablardan aldığı təəssüratları yazıb "Sevda türküsü"ndə. Tolstoyun "Hərb və sülh"ündə göylərin də yer qədər sirli göründüyünün heyranlığını yaşayır. "Diriltmə"sində insanların çay kimi axarı olduğunu, Allahın dərgahına yol tapa bilməyin üsulunu uşaq kimi təmiz olmaqda görür. Mistikasız poeziya olmadığını fəhm edir, poeziyasız mistikanın mövhumatı olduğunu bəlləyir.

2006-cı ilin 1 sentyabrda "Hacı Murad"ı bir su içimi kimi oxuyur. Qənaəti belədi ki, "Tolstoy insanın fiziki gücünə əyilməyən ayıpəncəsi otundan" (yəni, məğlubedilməzlikdən) gəlir Hacı Murada".

Səhəri gün Mövlananın 21-ci nəvəsi Cəlaləddin Çələbinin Mövlana haqqında yazdığı kitabında yer alan nizamsız xəttilə üzbəüzdü...

Ertəsi gün "Hz.Mevlana"nı oxuyur.

Gəlir 4 sentyabr 2006-cı il. Peyğəmbər əfəndimizin "İki günü bir-birinə bənzəyən bizdən deyil" hədisi əxlaqınca bu günü də boş keçirmir. Anna Maris Şiemmelin "İslamın mistik boyutları" ilə baş-başadı. Arada imkan eləyib Bəkir Karlığanın "İslam düşüncəsinin Batı düşüncəsinə etkiləri"kitabına göz atır.

8 sentyabrda Yunis divanından bəzi şeirləri oxuyur, sonra Hafiz Şirazini. "Qurani-Kərim"in buyruğunca sürdürür həyatını. Bu barədə qeydlərini edir: "Dön yenidən oxu. Yenidən oxu ki, qəbr evinə qədər elm yolunda olasan... Bir əlifba sona qədər oxunur. Bu əlifbanın "A"sı uşaq ikən şəkillərinə baxdığımız, bizim üçün uşaq təxəyyülündən başqa bir şey olmayan kitabdı, "Z" isə sonuncu kəz gözümüzü ətrafa gəzdirib, əbədilik yumduğumuz həyat kitabıdır".

Ertəsi gün gözləri kitab rəfində təsəvvüf barədə sıralanan kitablar üzərindədi. Dodaqaltı Füzulinin bir misrasını vird etməkdədi: "Mən şeirlərimi Allah üçün yazdım. Qoy bəndələr inciməsin..."

Sentyabrın 14-də başağrısı səbəbindən dincliyə tapınıb.

Amma ümidsiz də deyil. Gündəliyində "bu da keçər" - deyə qeyd edib. Və ümidinin doğrulduğu yerdən başlayıb: "Qəzalı çox böyük idi, amma özündən bir neçə əsr sonra İslamın geriləməsini durduğu bilmədi" belə bir fikir oxumuşdum. Hər halda, bu fikir özü sübut edir ki, İslam kimi bir məvhum bəzi məqamlarda İmam Qəzali ilə müqaisə edilirsə, bu, Qəzalinin dühasından başqa bir şey deyil. Zəifləməni durdura bilmədi, bəlkə, asma hər halda, olmuş və bundan sonra İslam adına olacaq çox inkişaflara imza atdı...".

Sentyabrın qalan günləri boyunca isə müxtəlif türkcə dərgilərə göz atır; "Yağmur"a, "Bulak"a və s.

Yeni ayın birinci günü isə Əbülqasim Firdovsinin "Şahnamə"silə bağlı düşüncələrini sərgiləməkdədi...

Dahi fars şairinin türk qövmünə bəslədiyi düşmənçiliyinin  xeyir tərəfə olan yozumunu öz niyyəti boyunca incələyib. Deyir ki, "Firdovsi bir kərə fars idi və təbii, türkləri deyil, farsı öyəcəkdi. Ancaq türkü nə qədər alçaltmaq istəsə də, heç özü də hiss etmədən, onu bir o qədər yüksəldib. Ən azından ona görə ki, əsərdə İran dövləti dünyanın ağası və qorxunc divlərlə savaşıb qalib gələn bir imperiya kimi verilir. Hətta indinin özündə belə ABŞ-ın tam yiyələnə bilmədiyi, köləlik nədi bilməyən əfqan xalqı belə İranın tabeçiliyində verilir. Ancaq bu dünya imperiyası ilə çarpışmağa özündə kifayət qədər güc görən və İran şahını əsir edib, şahlığı ələ keçirən Turanı "Şahnamə" sahibi bundan artıq öyə bilməzdi..."

Əbilin "Biz Novruzu nə qədər arxada qoysaq da, o həmişə bizdən öndədir" qeydi də eyni fikir ucalığından gəlir. Nəsimiyə bu yöndən "Eşq ilə vasil olur". Yaşar Qarayevin məqalələrini bu yöndən oxuyur. Mustafa Karanın "Təsəvvüf"ündəki yanlışlıqlara bu yöndən etiraz edir. "Yozulmamış yuxular"ı, "öz külündən dirilən Simurq"u bu yöndən qələmə alır və s. və i.a...

Mütaliə davam edir... Yazı onu elmdən, yəni məlum olandan tistikaya - idrakın naməlum üfüqlərinə götürür.

2008-ci ilin avqustunda elə bir sevdanın həsrətindədi ki, onu alıb götürə sonsuzluğa. Sentyabrın 12-də yalqızdı. Naxçıvanda Hüseyn Cavidin məqbərəsini ziyarət edən əmisi Azər Turana telefon açır. Həmin günün qeydidir: "Buradan çıxıb Nəiminin Əlincə qalası yaxınlığındakı məzarını ziyarət edəcəm" - dedi. Darıxdım".

Keçib gedən günlər, aylar onu 2009-a, 2010-na, (son deməyə dilim gəlmir) götürür. Özcan Dənizin baş rola çəkildiyi "Haziran gecəsi"ni seyr edə-edə düşünməkdədi: "Hər şeyin sonu var... Sonsuz bir tək Allahdır!"

"Allah, Allah, Allah, Allah..." - deyə qışqırmaq keçir içindən. Son cümləni yazmağa, son nöqtəni qoymağa tələsir: "Mən Ruhumu çox, düşüncələrimə sığışmayacaq şəkildə çox sevirəm..."

Əbu Nəsr Bişr Hafidən oxumuşam: "Elmə can atanın əlaməti dünyadan qaçmaq olar. Dünyanı sevib onda qalmaq olmaz..."

Gənc Əbil, nakam Əbil bu yolla getdi.

"Sevda türküsü"ndə var olanlar isə "daim diri qalacaq, müdam diri qalacaq, həmişə dirilərlə qalacaq...".

Sərvaz Hüseynoğlu

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!