Çox güman məna axtarışı bəşəriyyətin getməkdə olduğu ən uzun yol hesab olunmalıdır. Bu bir yandan həm heçliyin, həm də eyni şəkildə bütövlüyün axtarışıdır və cavabsızlığın ən gözəl nümunəsidir. Dərinliyinə gedildikcə düşüncəvi aləmimizin nə qədər yaxında, eyni zamanda dolanbac, xaotik çərçivələrin qırılması fonunda formalaşan uzaq mənzildə qərar tutduğunu sezməyə başlayırsan. Mərhələli formada davam etməsi təbii şəkil almış bu prosesin, əslində, gözümüzü o uzun yoldan ayırdığımız anda yaşadığımız maddi hesab olunan dünyayla heç bir əlaqəsinin qalmadığını, ya da çox incə bir bağların qaldığını hiss edib mənəvi rahatlığın hücrəvi mənzilində öz tənhalığının və yetişə bildiyin qədər yetişmişliyinin sükutuna dala bilərsən.
İnsan hər cəhətdən məna axtarışının mərkəzində dayanan subyektdir. Çünki axtaran da, axtarılan da məhz odur. Lakin fərdi səviyyənin zehni axtarışlarında insanın məna axtarışı bəlkə də özü bilmədən belə əzəlin sirrinin açılması cəhdinə yönəlir. Məna axtarışı hər nə qədər sonun necə olacağıyla bağlı sualların fəlsəvi izahına işıq tutmağa çalışsa da, başlanğıc çox bəsit bir səbəblə hərəkətlənib.
***
Bir dəfə tez-tez intihar barədə düşünən bir adamdan niyə bu fikrə düşdüyünü soruşduğumda: "Hər şey mənasızlaşıb", - cavabını verdi. "Məhz nə?" "Çox şey" - dedi, sonra baxışımdan ilişəcək yer tapacağımdan ehtiyatlanaraq (hərçənd, öyüd-nəsihətə keçməyəcəkdim): "Hər şey" - deyə düzəliş verdi.
Adam, əslində, keçidin düz qarşısında, əli bir aləmdən digər aləmə açılan qapının dəstəyindəcə ölmək barədə düşünürdü. Nə geri dönmək, - yəni bunun mümkünsüzlük ehtimalı daha böyükdür, - nə də irəliləmək. Düz həmin nöqtədəcə yox olmaq. Sadə bir şəkildə, hər nə qədər faciəvi görünsə də, toz olub dağılmaq kimi bir şey. Halbuki, qarşıdakı keçidin o tayında da insanı eyni, lakin başqa səviyyədə bir yoxluq, boşluq - mənasızlığın dərk edilmiş rahatlığında bir həyat gözləyirdi.
Heç nə demədim, dostum intihar etmədi, amma hələ də həmin nöqtədə yox kimi bir şeydir... Nə amansız ifadədir: "Yox kimi bir şey"...
***
Mənanı sözlərin və səslərin qatlarında axtaran bütöv bir fəlsəfə daşıyıcılarının əksinə olaraq mən onu illüziya, qabıq, örtük, qlaf (adını nə qoyursunuz qoyun) hesab edirəm. Maraqlı, sehrli, cazibədar məşğuliyyət olsa da, ideoloji və ya ruhi-mənəvi sistemlərin bundan o yana getməməsi mənanın ana bətnindəki gizliliyinin saxlanması deməkdir. İnsan düşüncəsi hər nə qədər görünməyəcək, tam təsəvvürə və hesaba gəlməyəcək qədər geniş imkanlara sahib olsa da müxtəlif yerlərdə yaranan nəsnə və təsəvvür mənalandırılmasının səslərin və sözlərin qəlibinə salınmasının özündə milyonlarca məqsədli səbəb tapmaq mümkündür. Nəzəri olaraq, məsələn, əlimizə bir alma alaraq dünyanı dolaşdığımızı və müxtəlif insanlardan onun nə olduğunu soruşduğumuzu düşünün.
***
Məna axtarışının baş verdiyi, necə deyərək közərdiyi yerdə dayanmaq üçün insanın çılpaq düşüncəsinin və boş zehninin nələrlə qidalanması vacib amildir. Dayanılmış nöqtədə əlimizdə nə var? Nədən istifadə edəcəyik? Bizi nəyin mənası cəlb edir? Biz hansı mənanın izindəyik? Bu bir baxımdan: "Mən kiməm?", daha irəli qavrayışlarda: "Mən nəyəm?" sualıyla üz-üzə qalmaqdır. Lakin nə qədər asan, bəsit, klişe görünsə də, dünyada bu sualı həyatı boyu ağlına belə gətirməmiş milyonlarla insan var və biz o insanlarla eyni dünyada yaşayırıq.
Təxminən eyni dünyada...
***
Ədəbiyyat məna axtarışında mənasızlığın dərk edilmişliyinin bir addımlığında müraciət edilən xilas yoludur. Hər bir nəsnə və təsəvvür kimi onun da ətrafında min bir məna uçuşu baş versə də, dinclik mələyinin qanadlarının xışıltısı ancaq milyon illik quyunun qaranlığına heç olmasa göz atmış müəlliflərin qulaqlarına toxunub keçir. Ədəbiyyat söz sənəti deyil, sözlərdə və sözləri yaradan səslərin birləşməsindən yaranan ideologiyanın bir-birinə qarışmış yarğanlarında itib-batan minlərlə mətn ədəbiyyat olmadan çürüyür. Ədəbiyyat mənasızlığın, ya da məna axtarışının heçliklə qarşılaşması fonunda baş verən yüksəlişdir. Burada yüksəliş sözünün mənasızlığı onu istənilən istiqamətə bir düz xətt kimi sızmasına və ya zərrəciklər kimi dağılmasına imkan verir. Yüksəlişin zehni təcrübənin süzgəcindən keçən təsəvvür miqyasında düşüncəsi bizi hansısa üçpilləli kürsünün qarşısında "I yer" yazılmış pilləsində deyil, bəlkə də sadə şəkildə desək, batdığımız quyunun daha qatı qaranlığında qarşılayır. Tolstoy hara yüksəlmişdi? Bəs Oğuz Atay? Prustun yüksəlişinin Sveyqin yüksəlişinin qarşısındamı, arxasındamı olduğunu söyləmək mümkündürmü? Bəs Taqor, Bəs Kortasar, "Qum dənizinin kapitanları"?
Bizdə Elçinin yetmişinci illər hekayələrinin fanilik dərinliyi Əlabbasın "Qiyamçısı"dakı hayqırmayan, səssiz təklənmişliyin dərinliyinin nə yanında, nə uzağında, heç yerində olmamaqla eyni anda məna axtarışımızın bitdiyi bir nöqtədə əlimizi uzadıb aralaya biləcəyimiz qapının o tayındakı sınanmışlar dünyasının bir-biriylə çəkişməyən. müqayisə olunmayan, bütövlüyün təşkil olunduğu parçalarıdır. Etimad Başkeçidin "Min yol mənə söylər"i də elə, Pərvizin "Öləngi"si də elə, Nəriman Əbdülrəhmanlının "Yalqız"ı da elə, Kamal Abdullanın "Labirint"i də elə, hər nə qədər texniki cəhətdən narazı qalsam da Sərdar Aminin "Qaratoyuq nəğməsi" də elə... Hikmət Orhunun bir şeiri, Fərid Hüseynin şeirindəki iki misra da elə, Ayxan Ayvazın "Uşaqlar günü" hekayəsi də elə... Sadalaya bilmədiyim onlarla mətn də elə. Məna axtarışının mənasızlıq nöqtəsinə gətirib çıxardığı hər bir detalın ədəbi həlli yalnız düşüncəvi sınanmışlara yeni bir həyatın nə qədər yaxında olduğunu göstərə bilir. Nəyi harda axtaracağımızı bilməyimiz mümkün deyil. Amma bəlkə də nəyi hardan axtarmağa başlamağımız müəyyən rol oynayır. Ədəbiyyat ancaq yazı deyil, həm də oxu hadisəsi olduğundan bəzən insanın bir keçidlə ayrılan ölüm - bitim dünyasının hansı tərəfində olduğunu anlaması o qədər də rol oynamır. Keçidin həm o üzü, həm bu üzü ədəbiyyatın təşkil etdiyi mexanizminin hərəkətverici rıçaqları arasından sağ (düşüncəvi) çıxmışlar arasından bütün sərhədləri götürür, onları həm heç zaman bir-biri ilə eyniləşməyəcək şəkildə ayırır, həm də bu ayrılmalardan təşkil olunan küll halında birləşdirir...
***
Nöqtələri gözdən qaçırırıq. Çox zaman geniş baxışlı olduğumuzu irəli sürərək, hətta bununla bir az da qürrələnərək adına "kiçik detallar" dediyimiz şeylərin üstündən keçib gedirik. Allah eşqinə, hansı kiçik detal? Nəyə nisbətən və nəyin fonunda?
Şəkillər çəkməyə başlayandan sonra indiyədək əsasən detallar üzərində cəmləşməyə meyilli diqqətim məni başqa heyrətamiz anlara qonaq etdi. Bircəciyi olmadığı təqdirdə bütövlüyünün, ya da belə desək adət edilmiş bütövlüyünün pozulacağı modellərlə bütövlüyü artıq pozulub azalmış, hətta atrmış modellər arasında müqayisə fikri ədəbiyyatın əzəli və əbədi modelinin - İnsanın daha yaxından, gözündən, dodağından, dərisindən, saçından, daxili orqanlarından deyil, qurumuş bir yarpağın nə zamansa yaşıllığının xatırlanmasını təmin edən yaddaşda özünü büruzə verən düşüncələrdən ibarət olduğunu deməyə nə ehtiyac var? Lakin həmin düşüncələrin yönəldiyi məna axtarışı mənasızlıq axtarışından kənarda getdiyi müddətcə yaxınlaşdırsaq da fokuslaya bilmədiyimiz makrofotolar kimi duman arxasında qalmağa davam edir.
Nəhənglik və kiçiklik mənalarının düşünülmüşlüyü bəlkə də insan təsəvvürünün fəlsəfi, mənəvi, ruhu - bunların hər birinin həm məhsulu, həm xammalı olaraq fövqəl missiyaya sahib ədəbiyyatın düyün nöqtəsidir. Bizim uzaq üfüqlərə boylanan - boylanmayan, məlumatlı - məlumatsız, emal prosesi keçirmiş - keçirməmiş, yıxılmış - yıxılmamış təsəvvürümüz dönüb-dolanıb insan üzərində (öz üzərimizdə - "mən" üzərində) qərarlaşsa da, bitkin və yekdil mənanın tapılmaması məhz detallar barədə verdiyimiz qərarların müxtəlifliyi içində susuz səhraya atılmış tənha yolçudur. Mətn, məhz həmin yolçunun təslim olmamaq mənzərəsidir. Ölmədən ölməmək. Bu qədər sadə. "Bir mənası qalmayıb"dan sonrakı həyat, bəlkə də mübarizə, bəlkə də itaət, bəlkə də axtarış. Mənasızlığın dərk edildiyi, o sehrli qanad xışıltılarının bizə toxunduğu yerdən bircə addım əvvəldə yıxılıb qaldığımız yerdən qalxmaq. Ayrılmaq, çəkilmək, fikirləşmək. Dostumuz Tural Atəşin də dediyi kimi: "Öz-özümüzü eşmək"...
***
Yüz qibleyi-Qaf olsun, gər sən özün uçmazsan,
Simurğu da mənasız, Ənqası da mənasız...
- yazıb günlərin bir günü Fəxrəddin Salim. O gün bu gündür, bəlkə də min dəfə gözlərimi zillədiyim yerdə səhrada ölmədən ölməyən müəllif obrazının ayaqlarının yerə toxunduğu yerdən düşüncəsinin onu əslində hansı uzaqlara səslədiyinə baxmışam. Qanadlana biləcəyi yerdə qum kimi axıb səhraya qarışmasını seyr etmişəm.
Bu misralar bəlkə də məna ilə mənasızlıq arasında baş verən bütün maddi-mənəvi fəaliyyətlərin arasından işıq kimi sıyrılıb heç kimə toxunmadan, amma hamının düz ortasından keçib gedə bilən dərəcədə yüklərindən yüngülləşmiş insanla, dinclik mərtəbəsində sükutun gündəlik həyatın boz divarlarında nəm ləkələr qoymuş çırpınışının qovuşma nöqtəsindəki hara gedəcəyini, hara addım atacağını, əlini atıb hansı səbəbdən və ya sualdan yapışacağını bilməyən qərib bir insan yazıqlığının, bu yazıqlığı kənardan izləyib öz gücünü məhz yüksüzlüyünün gətirdiyi uçuşda tapa bilən düşüncəvi dünyanın ən asan sualları qarşısında donub qalan fərdlərinə ən çətin sualın ən sadə yolla izahıdır...
Bu misralar bəlkə də mənayla mənasızlıq arasında incə, lakin möhkəm səddin aradan qalxdığı məqamda insanın o üzdə qalan halıya bu üzdə qalan halının qovuşmasıdır.
***
Nəyin mənası var? Mənası olan nə var? İnsan nədən başlayır, mənadan, ya mənasızlıqdan?
Ədəbiyyat bütün yaranmışlığı və təsəvvürə gəlməz yaranmamışlığı bu iki təxmini sual arasında beyninin qatlarında əkən, bitirən, suvaran müəllif zəmisidir. Göydə ulduzların, zəmidə dənin sayıla bilməyəcəyini yaxşı bilən nağıl qəhrəmanlarının müdriklik işarələri bəzən hazırcavablıq barədə misallar çəkməkdən uzağa getməsə də hansısa bir dəli çıxıb göydə ulduzları, zəmidə dəni bir-bir saya biləcəyini iddia edə bilər. Bu əvvəlcədən iddia edən müəllifdir.
Amma bəzən müəllif qarşısına göydə ulduzları, zəmidə dəni saymaq məqsədi qoymadan da bunu edir. Nəyəsə başlamaq, mənasızlığın dərkinə gedən yolun addım-addım çəkilişidir. Onun hara gedib çıxacağı hətta yolun fəlsəfəsini ən sadə duyumla dərk edən səyahətçinin belə sualı deyil, o ki qala müəllifin.
Şübhəsiz, mənasızlığın dərkində suallar vacibdir. Üstəlik bu zaman onları kiməsə ünvanlamaq yerinə özümüzü bir azca da olsa sınamağımız lazım gəlir. Lakin mənanın dərkinin axtarışıyla mənasızlığın dərkinin axtarışı zamanı verilmiş eyni sualların cavabı heç zaman eyni olmayacaq.
***
Heç bir savaş yoxdur - mənalar arasındakı savaşdan başqa. Heç bir mübarizə yoxdur - mənalar arası mübarizədən başqa. Heç bir razılaşma yoxdur - mənalar arası razılaşmadan başqa. Dünya yoxdur, insan yoxdur, zaman yoxdur, həyat və ölüm də yoxdur. Biz də yoxuq.
Lakin ancaq və ancaq mənanın itirilib mənasızlığın - yoxluğun tapıldığı nöqtədə əlimizə bir alma alaraq bütün dünyanı dolaşa və: "Bu nədir?" deyə soruşa biləcəyik. O sualın cavabının mənasızlıq nöqtəsindən sonra addım atıb yerimizi, mənzilimizi tapa bildiyimiz dünyada yaranmış, yaranan və yaranacaq olan mətnlərdə gizləndiyini bilə-bilə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!