Azərbaycan Yazıçılar Birliyi Gəncləşmək və gənc yetiştirmək missiyası - Sayman Aruz yazır

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdirəlayiq gəncləşdirmə siyasəti son günlər ölkə ictimaiyyətinin müzakirə obyektinə çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasının da gənc olmasını nəzərə alsaq, müstəqillik dönəmində boya-başa çatan gənclərin bu gün öz ölkələrindən karyera tələb etmələri təbii görünə bilər. Ona görə də ölkə başçısının günün bu tələbi qarşısında olan reaksiyası ən optimal və ən doğru yanaşma kimi qiymətləndirilməlidir.

Böyük xalq iradəsinin, minlərlə şəhidin, sürgünün, məcburi köçkünün qanı və əziyyəti bahasına əldə etdiyimiz müstəqillik üçün bu torpaqlar naminə varlığından keçən insanların ruhlarına borcluyuq. Yaşı otuz-otuz beşi keçməyən, heç bir mübarizə hərəkatında iştirak etməyən, heç bir maddi və mənəvi xəsarət almayan, sürgün həyatını yaşamayan, müharibə və aclıq görməyən gənc, əlbəttə ki, bu əhəmiyyəti dərk etməkdə çətinlik çəkəcəkdir. Xarici qüvvələrin ölkə daxilində müxtəlif vasitələrlə apardığı mənfi təbliğatları da bu təcrübəsizliyə əlavə etsək, problemin nə yerdə olduğunu başa düşmək elə də çətin olmayacaqdır. Özəl TV, nəşri və elektron KİV-də hazırlanan proqram və layihələr bir çox hallarda heç də dövlətin maraqları ilə üst-üstə düşmür. Bəzən əxlaq və etik qaydaları belə bilməyən fərdləri sutka ərzində cəmiyyətimizə nümunə kimi göstərənlər, ailələrinin ən məhrəm və hətta cinsi problemlərini tamaşaçıların gözü qarşısında sərgiləyənlər, gecə-gündüz içki məclisləri və yüngül həyat tərzini təbliğ edənlər, yüngül həyat tərzini təbliğ edən seriallar, televiziyaların təbliğat maşını olduğunu bilmirlərmi? Onların bu mənfi təbliğatlarının yaratdığı gənc nəslin nə dərəcədə pessimist, ruhsuz, qeyri-milli olduğundan xəbərsizdirlərmi? Gənclərin kitab və mütaliəyə olan həvəssizliyin günahı KİV-nin boynuna düşmürmü? Bəs Təhsil Nazirliyi bu barədə nə düşünür? Dərsliklərdə olan çatışmazlıqlar və o çatışmazlıqların məhsulu olan həvəssiz gənclərin günahı kimdədir? Hələ Sovet dönəmində Rəsul Rza, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Balaş Azəroğlu, Söhrab Tahir və Süleyman Rüstəm kimi dühaların yazdığı vətənpərvər yazı və şeirlər bu gün dərsliklərdə yer tuturmu? Süleyman Rüstəmin məşhur "Təbrizim" şeirini dərsliklərdən çıxaranlar cənab Prezidentin "Mən 50 milyon azərbaycanlının Prezidentiyəm" sözünü eşitməyiblərmi? Cənab Prezidentin xüsusilə də mədəniyyət məsələlərini əhatə edən Sərəncamlarını səhih və bütöv formada icra etməyənlər bugünkü gəncliyin qarşısında məsul deyillərmi? Əmin edirəm ki, hörmətli Prezidentin verdiyi Sərəncamlar müxtəlif dövlət qurumları tərəfindən doğru şəkildə icra olunsaydı, biz bu gün daha savadlı, daha hazırlıqlı gəncliyin şahidi olardıq. Təkcə Azərbaycan Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və dövlət televiziyalarını bu problemin məsulu kimi göstərmək, ən azından, insafsızlıqdır.

Ölkəmizin birinci xanımı, vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu il ərzində onlarla ədəbi-mədəni layihəni uğurla həyata keçirir. Hansı ki, dünyanın bir çox ölkələrində Azərbaycanın ədəbi-mədəni təbliğatını təmin etməklə yanaşı, dünya sivilizasiyasının inkişafına da birbaşa xidmət göstərir. Çoxsaylı konfranslar və görüşlərə təşkilatçılıq və ev sahibliyi etməklə, həm də gənclər və uşaqlarla bağlı sosial, mədəni və təhsil problemlərinin həllinə yönəlik fəaliyyətlərlə gələcəyimizdə böyük inam və ümid hissini artırır. Bu uğurlu və planlı fəaliyyətin nəticəsində gənclərimizdə milli-mənəvi dəyərlərə sahiblik hissi gücləndi. Bunun nəticəsi olaraq da qeyri-maddi mədəni irsimizi qoruyan və öz Prezidentinin ideyalarının arxasında dayanan, ümummilli lider Heydər Əliyevin davamçısı olan müasir gəncliyimiz yetişdi. Yaradıcı təşkilatlar, o cümlədən, Yazıçılar Birliyinin fəaliyyəti də elə həmin istiqamətə köklənib. Birliyin yetişdirdiyi gənclərin sayəsindədir ki, həm ölkə daxilində, həm də xarici ölkələrdə hazırlanan ədəbi-mədəni layihələr səmərəli şəkildə həyata keçirilir. Bu gün dünya sivilizasiyasına dühalar bəxş etmiş xalqımızın elə müasir ədibləri vardır ki, onlarla fəxr edib öyünməyə haqqımız vardır. Ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Nəsiminin 650 illik yubileyinin beynəlxalq səviyyədə təntənəli şəkildə keçirilməsi, tarixi bir baxışla məhz gəncliyimizə verilmiş gələcəyə hesablanan bir istiqamət və yoldur. Xaqani, Nizami, Füzuli, Nəsimi və bu kimi şair-ariflərə dövlət tərəfindən verilən yüksək qiymət müasir-canlı klassiklərimizin qorunması üçün bizlərə örnək olmalıdır.

Bu gün Türk dünyası daxil olmaqla, müasir Azərbaycan ədəbiyyatı klassiklərilə yanaşı, özünəməxsus yerə və hörmətə sahib olan Xalq yazıçısı Anarı vətənpərvər, milli ruhlu və hətta bütöv azərbaycançı şəxsiyyət kimi tanıyırlar. Nizami Gəncəvini "fars şairi" adlandıranlar Anarın cəsarətli çıxışlarından sonra özlərini "yığışdırdılar". Dünyanın müxtəlif guşələrində yaşayan ədiblərimizi Azərbaycan ədəbiyyatı ətrafında birləşdirən də məhz Anarın rəhbərliyi, şəxsiyyəti və illər boyu qazandığı nüfuzu sayəsində əldə edilmişdir. Bir də axı qələm, söz sahibinin yaşı olmur deyirlər, onlar axar bulaqdır, çağlamaq üçün gəlmişlər bu dünyaya. Onlardan öyrənmək və qazandığı təcrübə bulaqlarından həmişə su içmək lazımdır. Bu gün Yazıçılar Birliyinin rəhbərliyində müasir Azərbaycanın canlı klassikləri ilə yanaşı, Birliyin yüzlərlə üzvlərinin böyük əksəriyyəti gənclərdir.

Bu gün Xalq yazıçı Anarın rəhbərliyi ilə Azərbaycan Yazıçılar Birliyinin yetişdirdiyi çoxsaylı ədəbiyyat elçilərimiz vardır ki, Nəsimi kimi öz yaradıcılığında böyük Azərbaycan ruhunu diplomatikləşdirməyi bacarıblar. Hansı ki, istər ölkə ictimaiyyəti qarşısında, istərsə də xarici konfranslarda mənsub olduğu dövlət və xalqı layiqincə təmsil və təbliğ edə bilirlər. Ədəbiyyatımızın onlara pay verdiyi milli-ideoloji ruhla ölkənin istənilən orqanında müvəffəq rəhbər obrazında çıxış etməyə qadirdilər.

Dünya beyin mərkəzlərinin dəyəri onların təqvim yaşı ilə deyil, xalqa olan fayda və bəhrələri ilə ölçülür. 650 il həyatından keçməsinə baxmayaraq, Nəsimi hələ də sevdiyi xalqını təbliğ etməyə davam edir. Elm və ədəbiyyatın, yaradıcılıq və istedadın yaşı olmur. Füzuli, Şəms Təbrizi, Mövlanə, Səməd Vurğun, Mir Cəlal Paşayev, Mirzə İbrahimov və bu kimi şəxsiyyətlərin nə başlanış, nə də bitdiyi tarix vardır. Elm və mədəniyyət birdəfəlik istifadə üçün yaranmır, yaradılmır. Hər tərəfdən "gənclər işə cəlb olunmalıdır" səsləri eşidilir. Ancaq nədənsə cəmiyyət "hansı şərtləri özündə daşıyan gənc işə cəlb olunmalıdır?" sualını unutmamalıdır. Jan Pol Sartrdan soruşanda ki: "qadınlar, yoxsa kişilər? Cavab verir ki: "qadın, ya kişi fərq etmir, baxır hansı qadın və ya hansı kişi?".

Cəmiyyət bəzən "niyə" sözünü "necə" sözü ilə dəyişməyi də öyrənməlidir. Cəmiyyətin də uşaq kimi təlim və tərbiyəyə ehtiyacı vardır. Öz adətlərini özünə mədəniyyət kimi formalaşdıran xalqın müəyyən adətlərini də dəyişmək gərəkir.

Təkcə paltar dəyişməklə hansısa bir insanı dəyişməyə nail olmaq mümkün deyildir. Cəmiyyət bilməlidir ki, gəncləşdirmək öz gəncliyi və enerjisini xalqına həsr edən insanları idarəetmə sistemindən kənarlaşdırmaq deyildir. Gəncləşdirmə həm də gənc yetişdirmək kimi dərk olunmalıdır. Bir dövlət və xalqın ən böyük uğuru da məhz budur ki, cəmiyyəti idarə edə bilən kadrları həmin cəmiyyətə uyğun olaraq müəyyən ideoloji sistemin əsasında yetişdirsin. İdarəçilik çeşməsinin mənşəyi həmişə coşsun və çeşmədəki hava və mühiti davamlı olaraq dəyişsin. Belə bir sistemə çatarıqsa ictimaiyyətin rifahı yolunda kiminsə yaşının az və ya çox olması maneə kimi görünməz. Gənclik və təcrübəni bir araya gətirmək bizi istədiyimiz ictimai xoşbəxtlik zirvəsinə çatdıra bilər. Nəimisiz Nəsimi və Şəms Təbrizisiz də Mövlanə yarana bilməzdi.

Keçmiş ordu quruculuq sistemlərinə diqqətlə nəzər salsaq müşahidə edərik ki, döyüşçü və öndə gedənlər gənclər olsa da, cəbhənin arxasında həmin gənc mübarizləri idarə edənlər təcrübəli insanlar idilər. Dövlət idarəetmə sistemi də eyni əsasda iki yerə bölünür. Birinci yerdə dövlət məmurları yerləşir ki, hər gün onlarla görüş və tədbirlərdə iştirak etməyə borcludurlar. Təbiidir ki, bu dövlət məmurlarının gördükləri işin ağır və gərgin olmasını nəzərə alsaq, onların gənc olmaları ən doğru seçimdir. Ancaq dövlətin digər üzü də var. O da o gəncləri hazırlayan və arxa cəbhədə cəmiyyətin kadr yetişdirmə mətbəxini daima isti saxlayan təcrübəli nəslimizidir. Bu gün bizim Birliyimiz, Azərbaycan xalqının və xüsusilə də gənclərin sevimlisi olan Anar müəllim və Fikrət Qoca olmaq şərtilə elə böyük gənc ədəbi-mədəni orduya rəhbərlik edir ki, onların hər biri Azərbaycan dövlətinin indi və gələcəyində mühüm və həyati rol oynayır, oynayacaqlar. Yazıçılar Birliyində nəşr olunan qəzet və jurnallar, şöbə və komissiyalar gəlişmək, genişlənmək və gəncləşmək siyasətinə hər zaman dəstək olub, əməl ediblər. Təsadüfi deyil ki, bu gün Birlikdə fəaliyyət göstərən bir çox ədəbi orqan və komissiyaların rəhbəri və ya müavinləri gənclərdir. "Gənc ədiblər", "Gənclər şurası", "Azərbaycan", "Ulduz" və "Ədəbiyyat qəzeti" kimi orqanlarımız vardır ki, müasir Azərbaycan ədəbi gəncliyini öz ətrafında birləşdirə və stimullaşdıra bilir. Elə həmin orqanların da ya rəhbərləri, ya da işçilərinin böyük əksəriyyəti təcrübəli gənclərdir. Həmin gənc kadrların seçimi isə yuxarıda da qeyd etdiyim kimi, vətən və vətənpərvərliyə, ədəbiyyat və mədəniyyətə, eyni zamanda ümumbəşəri dəyərlərə inanan gənclər arasından olur. Təsadüfi deyi ki, bu gün Milli Məclisdə xalqımızı təmsil edən millət vəkillərinin, akademiya və ali təhsil müəssisələrində istər tələbə və ya alimlərin böyük əksəriyyəti Azərbaycan Yazıçılar Birliyinin də fəal üzvləri siyahısındadırlar. Yazıçılar Birliyi təcrübə və gəncliyin birləşdiyi ədəbi-mədəni ocaqdır. Bu ocağı sevmək, onu qorumaq hər bir azərbaycanlının mənəvi borcudur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!