Firuzə Məmmədlinin yaradıcılığı barədə düşüncələrim
Bu yazıya Xalq şairi Vahid Əzizin illər öncə söylədiyi bir deyimlə başlamaq istədim: "Hər kəs öz taleyini yaşayır, şairlərsə kimlərinsə talelərini. Belə olmasaydı, sevilməz, yadda qalmazdılar. Onların nə vaxtsa özləri üçün yazdıqları qəlblərə hakim kəsilməzdi. Dünyada yalnız şairlərin göz yaşları başqalarının yanaqlarından süzülür...".
Maraqlıdır, deyilmi? Bu fikirləri incələyərkən çağdaş poeziyamızda öz yeri, nəfəsi olan Firuzə Məmmədlinin şeirlərini xatırladım. Bu istadadlı qələm sahibinin zəngin bədii əsərləri şair dostlarının, habelə ədəbi tənqidin ünlü simalarının diqqətini daim cəlb etmiş, yaradıcılığının ayrı-ayrı dönəmlərində yüksək dəyərləndirilmişdir.
Firuzə xanımın zərif duyğular, kövrək ovqat, bir qədər də həzinlik yaradan şeirlərini həmişə izləyir, sevə-sevə oxuyuram. Bəri başdan deyim ki, onun yaratdığı şeirlər sənətdə cəfakeşlik, yanımcıllıq nişanəsidir. Poeziyamızda "uzun, incə bir yol" gələn F.Məmmədli, sözün həqiqi mənasında, sənətinin vurğunudur desəm, yanılmaram. Onun yaradıcılığında məhz bu məziyyətlər üstünlük təşkil edir.
Düçar olduğumuz ölümsaçan Qarabağ müharibəsi xalqımızı bir daha imtahana çəkmişdi. Bu, həm də iradəmizi, sülhsevərliyimizi, gözümüzün, könlümüzün toxluğunu bütün dünyaya bəyan etmək sınağı, imtahanı idi. 90-cı illər poeziyasını nəzərdən keçirib, göz önünə gətirərkən Firuzə Məmmədlinin həmin dövrdə ciddi məramları ilə seçilən şeirləri diqqəti cəlb edir. Bu məramları əsərlərinə məharətlə, can-dildən hopduran şairin amalı, istəyi nə idi? Mənəvi mühitimizin kamilləşməsi yönündə qələm çalan söz adamının publisistikasında və nəsr əsərlərində olduğu kimi, şeir yaradıcılığında da Vətən, torpaq, yurd sevgisi qırmızı xətlə keçir. Bu isə Firuzə xanımın elin qeyrətli qızı, övladı olmasının göstəricisidir.
Onun poeziyasında namərd qonşunun - azğın düşmənin işğal etdiyi əzəli-əbədi yurd yerlərimizin həsrəti, acı göynəyi var. Şair bədnam erməni quldurların torpaqlarımıza təcavüzündən sonra yaradıcılığını ağrılı mövzulara yönəltdi. Bu, həm də o müdhiş dövrün ümumi axınına, zamanın gərdişinə sadəcə qoşulmaq deyildi, ürəyinin hökmü onu qələmə sarılmağa sövq etmişdi. Şair xalqımızın ən böyük dərdi olan, üzləşdiyimiz bu qanlı müharibədə Vətən övladını erməni qəsbkarlarına qarşı son qanlarınadək döyüşməyə, düşmənə aman verməməyə səsləyir, əsirlikdə qalan yurd yerlərimizin nicatına çağırırdı:
A yurdum, a yuvam, haqqım Qarabağ,
A köçkün, didərgin, qaçqın Qarabağ,
Bəxtimdə dərd adlı daşqın Qarabağ,
Bitsin, əsir ömrü sürməyin daha!
Dırnağım, dişimlə qaytarım səni,
Sözümlə, işimlə qaytarım səni,
Ulu keçmişimlə qaytarım səni,
Sabahın üstündə titrəyim daha
Bitsin, əsir ömrü sürməyin daha!
Şair fəhmi korşalanlara, vicdanı susan kəslərə həqiqətlərimizi anladır, erməni millətçilərini və onların qoluzorlu havadarlarını sərt ittihamlarla qamçılayır. Hər birimizi Qarabağımızın xilası üçün yumruqtək birləşməyə çağırır, ata-baba torpaqlarımızı işğaldan qurtarmağa çox gecikdiyimizi var səsi ilə bəyan edir. "Döyüş cəngisini çalaq özümüz", "Bizsə yurdumuzu alaq özümüz", - deyir.
Vətən ünvanlı şeirlərdə hədəf seçilən məramlardan ən əsası mənfur düşmənin torpaqlarımızdan təmizlənəcəyi günü yaxınlaşdırmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Əsəbləri tarıma çəkən, acı bağırsaq kimi uzandıqca-uzanan bu münaqişənin nə qədər soydaşımızın ömrünə balta çaldığını, körpələri ata-anasız qoyduğunu vurğulayan şair fəryad qoparır:
Əsir Qarabağı unutduq yoxsa?
O yollarda qalan gözdən eyibdi.
Dərisi soyulan, döşü kəsilən
Qarıdan, qocadan, qızdan eyibdi.
Bu nisgil dolu şeirlərdə Xocalı müsibətini yaşayanların dərdi-kədəri, üzüntüləri real boyalarla çatdırılır. Firuzə xanımın Qarabağ mövzusunda ərsəyə gətirdiyi şeirlərin hər bəndi ürək göynədən hekayət təsiri bağışlayır:
Gəlir Xocalının - ayağı yalın,
Qar üzü göynədir yer damarını,
Qızların soyulmuş abır-həyası,
Qanına bələnmiş yol kənarıdır.
Şair düşmənə nifrət aşılayan döyüşkən misralarıyla şəhid oğulların və əsir düşmüş yurd yerlərimizin qisasını almağa səsləyir. "Hirslən, Allah eşqinə" şeiri bu baxımdan fikrimizə sübutdur:
Hirslən, Allah eşqinə,
İçimizdə kütlüyə,
"Qorxaq" adlı itkiyə,
"Qaçqın" adlı kütləyə.
Qisasçı ol, dönməz ol,
Vermə aman düşmənə.
Qeyrətindən sınmaz ol,
Kükrə, Allah eşqinə!
Budur əsl vətəndaş yanğısı və qeyrəti! Torpaqlarımızın işğalı ilə bağlı mücadilə çağırışlı bu şeirləri hiss-həyəcansız oxumaq mümkünsüzdür. Qəlbin odu, əndişəsi ilə qələmə alınmış bu şeirlər həm gerçəyi əks etdirməsi, həm də gələcək nəsillərə ünvanlanması ilə gərəklidir, dəyərlidir.
F.Məmmədli poetik sanbalı ilə fərqlənən ictimai məzmunlu şeirlərində sözün yeni məna çalarlarının gücü ilə bənzərsiz lövhələr yaradır. Bu dəfə 20 Yanvar faciəsi ilə bağlı silsilə şeirlərində. Həmin şeirlər sovet imperiyasının "Qara şənbə" günündə xalqımızın başına açdığı müsibətlərə sərt etirazıdır:
20 Yanvardan
başlayan ağrını
çəkib gətirdim
ürəyimin başına.
Gözlərimin yaşı
niyə qırmızı idi, -
bilmədim.
Şair iç dünyasındakı kədəri, yaraya çevrilmiş dərdləri elə ifadə edir ki, bu poetik duyğular təkcə onun ağrı-acısına yox, bizim də dərdimizə çevrilir. Əsl sənətkarlıq da elə bundadır:
Qara şənbə, qamətimdə bükülmə,
Dözümlüyük "Qanlı şənbə" yükünə.
Nə illərdir, o şənbədən bu günə
Bu millətin şəhid doğur anası.
F.Məmmədlinin "Qanlı şənbə" şeiri 20 Yanvar faciəsi, ümumən şəhidlik mövzusunda yazılmış mükəmməl bədii nümunələrdən biridir. Şair o məşum gecənin dəhşətlərini yana-yana nəql edir, düşmən mərmilərindən çəkinməyən, azadlıq, haqq işimiz uğrunda mücadiləyə qalxan Vətən övladlarının and yerimizə çevrildiyini ifadə edir:
Biz belə yaxından tank görməmişdik,
Biz belə yaxından qan görməmişdik.
Biz belə ürəkdən and görməmişdik,
Tutduq üzümüzü şəhid andlara.
O gecə dünya Bakıdan xəbərsiz idi. Həm də informasiya blokadasına salınmış, yolları-rizləri qapanmış şəhər qan ağlayırdı. Ünümüz kimsəyə yetməyən, səsimiz içimizdə boğulan bir gecə idi o gecə:
Bağlı pəncərədən boylananı yox,
Şəhər qan içində yatdı o gecə.
Xəbərdən-xəbərə paylayanı yox,
Dişi qana batmış qurtdu o gecə.
Firuzə xanım bu qüssə-kədər yüklənmiş misralarında sözlə dərdin rəsmini çəkmiş, bənzərsiz rəssamtək lövhələr yaratmışdır.
Nahaq demirlər ki, müharibələr, münaqişələr siyasətin zor gücüylə davamıdır. Sən demə, dünyanın tarazlığını, mizan-tərəzisini ziddiyyətlər tənzim edirmiş. Qələm əhlinin idrak qapıları yaşadığı dünyanın olaylarına açılanda, həmin hadisələr sözün qüdrətiylə təsvir olunanda bundan cəmiyyətimiz də, oxucular da qazanır. Axı, əsl sənətkar ən çətin məqamlarda xalqının yanında olmalı, onun sözünü deməlidir. Bu məqamda sevimli ədibimiz, Xalq yazıçısı Anarın fikirlərini xatırladım: "Firuzə Məmmədli Azərbaycan poeziyasının zəngin ədəbi ənənələrini davam və inkişaf etdirən şairlərimizdəndir. Onun şeirləri də özünə bənzəyir: bir az kövrəkdir, bir az həzindir, yeri gələndə bir az da sərtdir. Sözə həssaslıqla və məsuliyyətlə yanaşması, dilinin sadəliyi, gündəlik həyatın ən adi və ən müxtəlif faktlarında, hətta dərddə, ölümdə şeiriyyət tapmaq cəhdi də Firuzə Məmmədli imzasını imzalar içində fərqləndirir". Bu fikirlər isə Xalq şairi Fikrət Qocaya məxsusdur: "Firuzə xanım yaradıcılığı etibarilə ildən-ilə gəncləşən şairdir. Daha çox keyfiyyətli və məhsuldar yazır. Bu, onun narahat şair ürəyinə sahib olduğunu göstərir. Şair üçün ən vacib olan şey təriflərdən xumarlanmayan ilham və ürəkdir".
Çağdaş ədəbi mühitimizdə boy göstərən xanım yazarların, xüsusən də qadın şairlərin sırasında öndə dayanan F.Məmmədlinin misraları axıcı, canlı və diridir. O, hamının anlaya biləcəyi bir dildə yazır, vətəndaşlıq mövzusunda şeirlərini də, təkrarsız sevgi şeirlərini də. Duyğular aləmi hüdudsuz olan bu xanım yazar ağrı-acılı, gülgün və solğun həyatımızın nəğməkar şairidir. Qoy Firuzə xanımın coşqun, qaynar təbi heç vaxt ayazımasın, "narahat dünyamız düzələcək" ümidləri ilə yazsın, yaratsın, həmişəki kimi oxucularını sevindirsin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!