Parisdə Azərbaycanın rəmzi ünvanı - Nadir Məmmədli - FOTOLAR

AXC-nin 100 illiyi ərəfəsində

Dünyanın ən gözəl şəhərlərindən olan Parisi Azərbaycana bağlayan çox tellər var. Bu sırada vaxtilə Parisin ucqarlarından sayılmış, indi isə illərlə böyüyən, genişlənən paytaxta qovuşmuş Sen-Klu şəhərciyinin məxsusi yeri var.

Sen-Klu Azərbaycanın unutmadığı, tariximizdə silinməz izləri olan Vətən övladları ilə bağlı bir məkandır.

İstənilən şəhərin müqəddəs yerləri ona hörmət gətirir. Bu cəhətdən Sen-Klu da istisna deyil. Burada çox nəhəng tarixi bir məzarlıq var. Bu məzarlıqda Azərbaycanın iki ictimai xadiminin - Ceyhun bəy Hacıbəylinin və Əlimərdan bəy Topçubaşovun ruhu uyuyur. Tale onların hər ikisinin qəbrini ziyarət etməyi həyat yoldaşım, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli ilə  mənə nəsib etdi.

***

Tədqiqatçıların Tiflis arxivlərindən verdiyi məlumata əsasən, Əlimərdan bəyin ulu babası Əliəkbər Xorasandan Tiflisə köçmüşdür. Çar İrakli Əliəkbər bəyi topçuluq haqqında bilgilərinə görə topçubaşı vəzifəsinə təyin edib. Nəsil soyadı da məhz buradan qaynaqlanır. Ağa Məhəmməd şah Qacar Tiflisi yerlə-yeksan edib geri dönəndə Əlimərdan bəy Topçubaşovun ulu babaları Əlimərdan, Hacıağa və Ağahüseyni özü ilə əsir aparır. Qacarlar nəslindən olan Gəncə hakimi Cavad xan Ağa Məhəmməd şah Qacardan qardaşları azad etməyi xahiş edir. Nəticə müsbət olur. Sonralar Əlimərdan bəylə onların arasında qohumluq əlaqəsi yaranır. (Ata, baba adlarının övladlara, nəvələrə verilməsilə Əlimərdan bəy Topçubaşovun ad və soyadı nəsil şəcərəsində bir neçə dəfə təkrarlanır).

Bu izdivacdan onların 1790-cı ildə Mirzə Cəfər adlı oğlu dünyaya gəlir. Sonralar Mirzə Cəfər Sankt-Peterburqda Rusiya şərqşünaslıq elminin əsasını qoyanlardan biri, bəlkə də birincisi olur. Uzun müddət Moskva arxivlərindən topladığım mənbələrə əsasən qətiyyətlə deyə bilirəm: təəssüf ki,  günümüzədək Moskva Şərq Dilləri İnstitutunda çalışmış Mirzə Cəfər Rzayevlə Sankt-Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşovun şəxsiyyəti və elmi-pedaqoji fəaliyyəti səhv salınır.

Dövrün ictimai-siyasi vəziyyətindən asılı olaraq Mirzə Cəfər Rzayev də Mirzə Kazımbəy kimi xristianlığı qəbul etmişdir. Ümumrusiya Moskva Mərkəzi Kitabxanasının kataloqunda onun adı müxtəlif şəkildə yazılır: Mirzə Cəfər, Mirzə Cəfər Rzayev, Mirzə Cəfər Rzazadə, Mirzə Cəfərxan Rzayev, Mirzə Abdulla Cəfərov, Mirzə Cəfər İrani və b. Bəlkə bu müxtəlifliyə görədir ki, F.Qasımzadənin "Abbasqulu ağa Bakıxanov" adlı monoqrafiyasında, ali məktəblər üçün "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyində, eləcə də məşhur filosof Heydər Hüseynovun "İz obşestvennoy i filosofskoy mısli v Azerbaydjane XIX veka" kitabında, Azərbaycan Sovet Ensiklopediyası kimi mötəbər mənbədə  Mirzə Cəfər Rzayevin şəxsiyyəti görkəmli Azərbaycan şərqşünası, şairi Mirzə Cəfər Topçubaşovla səhv salınıb. Bu mənbələrin hamısında Mirzə Cəfər Topçubaşovun fars dilinin qrammatikasına dair bir neçə dərsliyinin olması qeyd edilir. H.Hüseynov hətta onun dərsliklərinin (? - N.M.) adını çəkməklə yanaşı, əsərində həmin qrammatikalardan birinin titul səhifəsinin şəklini də vermişdir. Titul səhifəsində isə açıq-aydın kitabın Peterburqda deyil, məhz 1901-ci ildə Moskvada, akademik F.Y.Korşun iştirakı ilə LŞDİ-nin "Şərqşünaslıq materialları"nın VI buraxılışında çap olunması, müəllifin LŞDİ-nin müəllimi olması göstərilir.

Mirzə Cəfər Topçubaşovun ən layiqli tədqiqatçıları A.Rzayev, C.Sadıqova, T.Ələskərova və N.A.Tahirzadənin araşdırmalarına əsasən, görkəmli şərqşünas alim yalnız Peterburqda yaşayıb-yaratmışdır. LŞDİ-nin Xüsusi sinifləri 1872-ci ildə açılmış, M.C.Rzayev həmin institutda 1876-cı ildən pedaqoji fəaliyyətə başlamışdır. Mirzə Cəfər Topçubaşov isə 1869-cu ildə vəfat etmişdir. Kitabın əsl müəllifi Mirzə Cəfər Rzayev hələ o vaxt professor adı almamışdı. Ona bu elmi ad 1925-ci ildə verilmişdir.

Mirzə Cəfər Topçubaşov da Rusiya şərqşünaslığı elminin çiçəklənməsində tarixi xidmətləri olmuş azərbaycanlı alimlərdəndir. Mirzə Cəfər Topçubaşov  Tiflisdə ruhani təhsili almış, ərəb, fars, eləcə də gürcü dillərini mükəmməl öyrənmişdi. Sonralar o, Tiflisdə İran səfirliyində işləmiş, A.Rzayevin gürcü mənbələrindən və Sankt-Peterburq arxivlərindən verdiyi məlumatlara əsasən, gürcü şahzadəsi, məşhur "İtalyanca-farsca-türkcə (azərbaycanca) lüğət"in tərtibçisi T.Q.Baqrationi ilə birlikdə 1811-ci ildə Peterburqa getmişdir. Bir müddət Asiya departamenti Xarici İşlər Nazirliyində tərcüməçi və 1819-cu ildən Baş Pedaqoji İnstitutda Şərq dilləri üzrə müəllim işləmişdir. Baş Pedaqoji İnstitut Peterburq Universiteti ilə əvəz olunanda M.C.Topçubaşov burada fars dilindən mühazirələr oxumağa razılıq vermişdir. O, professor F.Şarmua və İ.Demanjın universiteti tərk etməsi ilə 7 mart 1823-cü ildən fars filologiyası kafedrasına adyunqt-professor təyin olunmuşdur. 1825-ci ildən həm də Asiya Departamenti Xarici İşlər Nazirliyi Şərq Dilləri Tədris şöbəsində çalışmış, 31 dekabr 1835-ci ildən fars filologiyası üzrə ekstraordinar professor, 21 may 1843-cü ildən isə ordinar professor seçilmişdir. Azərbaycanlı şərqşünas Peterburq Universitetində təkcə fars dilindən yox, həmçinin ərəb və türk dillərindən mühazirələr oxumuşdur. Müəllimlikdən savayı, o, Peterburqun kütləvi kitabxanasındakı qiymətli Şərq əlyazmalarını, o cümlədən Şeyx Səfi məqbərəsindən talanıb gətirilmiş nadir əlyazma və kitabları komplektləşdirmiş, müxtəsər izahlı biblioqrafiyalarını hazırlamışdır.

1849-cu il martın 24-də Peterburq Universitetini öz xahişi ilə tərk edən M.C.Topçubaşovu Kazan Universitetinin professoru, XIX əsr Rusiya şərqşünaslıq elminin ən nəhəng simalarından olan Mirzə Kazım bəy əvəz etmişdir. Asiya Departamentində elmi fəaliyyətini davam etdirən M.C.Topçubaşov fars dilinin qrammatikasına aid müstəqil tədqiqat əsəri yazmamışdır. Poeziya vurğunu olan M.C.Topçubaşovun "Xalq Maarif Nazirliyi jurnalı"nda çapdan çıxmış şeirlərini vaxtilə məşhur rus tənqidçisi V.Q.Belinski yüksək qiymətləndirmişdi. M.C.Topçubaşov bir şeir kitabının və tərcümələrin müəllifidir.

***

Əlimərdan bəy Topçubaşov Mirzə Cəfər Topçubaşovun nəvəsidir. O, 4 may 1863-cü ildə (doğum tarixi mübahisəli olsa da,qəbrin sinə daşında məhz belə yazılıb) Tiflisdə çar ordusunun podporuçiki Əliəkbər bəy Topçubaşovun ailəsində dünyaya gəlib. Anası Vəkilovlar nəslindən Məhəmmədhəsən bəy Vəkilovun qızı Sevər xanımdır.  Ə.Topçubaşov atasını, bir qədər sonra anasını erkən itirmiş, nənəsinin himayəsində böyümüşdür. Təhsilini əvvəlcə mədrəsədə, sonra rusdilli Tiflis I klassik gimnaziyada almışdır. Gimnaziyanı əla qiymətlərlə bitirib, 1884-cü ildə vaxtilə babası Mirzə Cəfər Topçubaşovun təhsil aldığı və fəaliyyət göstərdiyi Sankt-Peterburq Universitetinin tarix-filologiya fakültəsinə qəbul olur. Topçubaşov soyadı Sankt-Peterburqun elmi ictimaiyyətinə tanış idi. Babası Mirzə Cəfərin çoxlu sayda müxtəlif elm və tədris ocağında çalışan tələbəsi, yetirməsi onun adını hörmətlə çəkirdilər. Bir il sonra şəxsi təşəbbüsü ilə hüquq fakültəsində təhsilini davam etdirir. Müqabilində təqaüddən kəsilir. 1887-ci ilin dekabrında tələbə iğtişaşlarında iştirakına görə universitetdən xaric edilir, lakin fitri istedadı, elmi-intellektual səviyyəsi nəzərə alınıb, yenidən universitetə bərpa olunur. 1888-ci ildə universitet Elmi şurası onun Mülki-hüquq kafedrasına təqdim etdiyi dissertasiya işinə görə hüquq elmləri namizədi elmi dərəcəsini təsdiq etmiş, həmin kafedrada qalıb elmi və pedaqoji  işini davam etdirməsi barədə qərar versə də, çarın fərmanına əsasən, xristian olmadığı üçün onun Sankt-Peterburqdakı fəaliyyətinə son qoyulur.

1889-cu ildə Ə.Topçubaşov Tiflisə qayıdır, burada bir müddət 2-ci şəhər bölməsində mülki və kiçik cinayət işlərinə baxan hakim köməkçisi vəzifəsində işləyir, 1890-cı ilin may ayından Tiflis Dairə Məhkəməsinin katibi təyin edilir. O, 1895-ci ildə kollec asessoru rütbəsi alandan sonra həm məhkəmələrdə vəkillik edir, həm də gimnaziyada hüquqdan dərs deyir. Həmin ilin 8 mayında Tiflis Dairə Məhkəməsinin andlı iclasçıları sırasına qəbul edilir. 1896-cı ildə (bəzi mənbələrdə 1894-cü il) Bakıya gəlir. Bir sıra mübahisəli məhkəmə çəkişmələrində uğurları, məntiqli, alovlu çıxışları tez bir zamanda onu Bakı mühitində məşhurlaşdırır.

1897-ci ildə tanınmış milyonçu-messenat Hacı Zeynalabdin Tağıyev rus dilində çap olunan "Kaspi" qəzetini satın alır. Ə.Topçubaşov 24 iyun 1898-ci ildən 1907-ci ilin dekabrınadək burada çalışıb. "Kaspi" qəzeti 1881-ci ildə Bakı burjuaziyasının təşəbbüsü ilə, onun mənafeyinə xidmət etmək üçün təsis edilmiş, sonadək burjua ideyalarına sadiq qalmışdır. Qeyd edək ki, milli demokratik hərəkatın aparıcı qüvvəsi Azərbaycan milli burjuaziyası və milli ziyalılar idi. Qəzetlə daim əməkdaşlıq edən Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Məmmədağa Şahtaxtinski, Əli bəy Hüseynzadə, Ceyhun bəy Hacıbəyli, Həbib bəy Mahmudbəyov, Firidun bəy Köçərli kimi yazıçı-publisistlərin qaldırdığı məsələlər qəzetin burjua mənafeyinə zidd idi.

Qəzet zamanının ən məşhur nəşri olub: "Əkinçi" bağlanmışdı, "Şərqi-Rus" hələ nəşrə başlamamışdı, anadilli qəzetlər yox idi, yalnız rusdilli qəzetlər nəşr olunurdu. "Kaspi" təkcə Zaqafqaziyada deyil, Rusiyanın müsəlmanlar yaşayan ərazilərində, hətta uzaq Şərqdə yaxşı tanınırdı. H.Z.Tağıyev "Kaspi"ni "Əkinçi" bağlanandan sonra mətbuatdan kənarda qalmış tanınmış maarifçi H.B.Zərdabi üçün nəzərdə tutub almışdı. Elə de-fakto XX əsrin əvvəllərinə qədər H.B.Zərdabi qəzetin redaktoru olub. Təkcə onu demək kifayətdir ki, "Kaspi"nin 300-dən çox nömrəsi H.B.Zərdabinin imzası ilə işıq üzü görüb. Əslində, Ə.Topçubaşovun qəzetə cəlb olunması H.B.Zərdabinin təşəbbüsü olub. Onların arasında qohumluq əlaqəsi də vardı. 1893-cü ildə Ə.Topçubaşov H.B.Zərdabinin Tiflisdə təhsil alan böyük qızı Pərixanımla ailə qurmuşdu. İxtisasca hüquqşünas olan Ə.Topçubaşov məhz H.B.Zərdabinin köməyi ilə mətbuatı mənimsəmişdi.

O, 1901-ci ildə H.Z.Tağıyevin dəstəyi ilə açılan Şərqdə ilk "Qızlar seminariyası"nın qəyyumlarından biri olmuş, bu ictimai-mədəni hadisəni "zülmət qaranlıqdan aydınlığa çıxış" adlandırmışdı. Ə.Topçubaşovun peşəkar hüquqşünas olması qəzetdə işlədiyi vaxtlarda karına gəlir. Məqalələrində, əməli işlərində müsəlmanları maarifləndirir, onların öz hüquqlarını dərk etmələrinə çalışır, milli maraqlardan çıxış edir. Əlbəttə, bu yöndə rusdilli mətbuatın rolu əvəzolunmaz idi. Çünki qəzet Zaqafqaziyada Ümumrusiya müsəlmanlarının tribunası idi.  İmperiya administrasiyası içərisində xalqının hüquqlarını müdafiə etmək asan məsələ deyildi.  Mətbuatdan uzaqlaşandan sonra da bu ənənəni davam etdirir, Ə.Hüseynzadə, Ə.Ağayevin adları ilə yanaşı Azərbaycan Milli hərəkatının bünövrəsini qoyanlardan biri olur. Sonralar təsis etdiyi "Həyat" qəzetində bu imzalarla birlikdə türk xalqlarının özünüdərkin təşəkkül tapmasında, milli birliyin möhkəmlənməsində böyük rolu olmuşdur.

I Rusiya inqilabı hadisələri zamanı siyasi xadim kimi istedadı parlayır. Əlimərdan bəy Topçubaşov 8 aprel 1905-ci ildə Sankt-Peterburqda Əbdürrəşid İbrahimin mənzilində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Fərrux bəy Vəzirov, Bünyamin Əhməd, Sədri Maqsudovla birlikdə təsis etdikləri ilk Rusiya Müsəlmanlarının Vahid Siyası Partiyasının proqram və bəyannamələrinin hazırlanmasında həlledici rol oynayır. 15 avqust 1905-ci ildə Nijni-Novqorodda Azərbaycan və tatar burjuaziyasının təşəbbüsü ilə Ümumrusiya müsəlmanlarının gizli şəraitdə ("İttifaqi-müslimin") qurultayı keçirilir. İsmayıl bəy Qaspıralının qısa salamlaşmasından sonra qurultaya Ə.Topçubaşov və Yusif Akçurin sədr seçilir. İlk söz də Əlimərdan bəyə verilir. Onun alovlu nitqi qurultay iştirakçılarını riqqətə gətirir: "Ey möminlər, ey qardaşlar! Mən bu gün o qədər şad və məmnunam ki, bu sevinc və məmnuniyyətimi heç bir vəchlə ifadə edə bilmirəm. Mən heç vaxt bu günü unutmayacağam. Şübhəsiz ki, bu gün Ümumrusiya müsəlmanları üçün hər il bayrama çevriləcəkdir. Biz bir əsildən, bir nəsildən gələn, bir dinə iman gətirən türklərik. Məğribdən Məşriqə qədər bizim babalarımızın yurdu olub. Babalarımızın qəhrəman xalq olmasına baxmayaraq, bu gün Qafqaz dağlarında, Krım bağlarında, Kazan çöllərində, babalarımızın yurdunda, öz vətənimizdə, öz torpağımızda ehtiyac və tələbatımızı azad şəkildə müzakirə etməyə ixtiyarımız qalmadı. Lakin şükürlər olsun Allaha ki,  bütün fitnə-fəsadlara və qəddarlıqlara baxmayaraq, biz bu gün sular üzərində (qurultay Oka çayı üzərində kirayə götürülmüş "Gustav Struve" gəmisində baş tutmuşdu - N.M.) könlümüzü bir-birimizə açmağın səadətini yaşayırıq. Üz-üzə oturmuşuq, bir-birimizə qucaq açmışıq. Mən tamamilə əminəm, əgər gələcəkdə bizə sular üzərində danışmağa macal verməsələr, göylərə baş vurarıq, ulduzlar arasında yer bularıq və bu günü bayram edərik".

Qurultayda Azərbaycandan, həmçinin Əhməd bəyAğayev, Şəmsi Əsədullayev və Kazım bəy Vəzirov da iştirak edirdilər. Qurultay Ümumrusiya Müsəlman İttifaqının yaradılmasını qərara alır. Ə.Topçubaşov tərəfindən yazılmış müraciətnamə Rusiya vilayətlərində yaşayan tanınmış ziyalılara göndərilir.  "Ümumrusiya Müsəlman İttifaqı" partiyasının 1906-cı il 16-23 avqustda keçirilən növbəti qurultayına da Ə.Topçubaşov sədrlik edir. Qurultayda çox vacib məsələlər irəli sürür: Rusiyada və ucqar ərazilərdə yaşayan türklərə öz dillərində məktəblər açılsın, icbari ibtidai təhsilə keçilsin, təhsil ana dilində olsun, mədrəsələr yenidən təşkil olunsun, iri şəhərlərdə, o cümlədən Bakıda, Kazanda, Bağçasarayda Pedaqoji institutlar açılsın və s. Ümumrusiya Müsəlman İttifaqı partiyasının qarşısında mühüm vəzifələr dururdu: 1.Bütün millətlərin bərabərliyini təmin edən konstitusiyalı monarxiya yaratmaq; 2.Bütün Rusiya müsəlmanlarını birləşdirmək; 3.Müsəlmanlara qarşı ayrı-seçkiliyə son qoymaq; 4.Müsəlmanların mədəni-maarif sahəsində tərəqqisinə nail olmaq.

Tanınmış tarixçi C.Həsənli yazır: "Ə.Topçubaşov inqilab dalğası ərəfəsində demək olar ki, Rusiya siyasi avansəhnəsinə atılıb".

Azərbaycan ziyalıları sinfi yox, milli-demokratik mübarizəni ön plana çəkiblər.15 aprel 1905-ci ildə Azərbaycanın tanınmış ziyalıları hökumət idarələrinə petisiya ilə müraciət edirlər. Onlar şəxsiyyətin, mülkiyyətin toxunulmazlığını, vicdan, söz və mətbuat azadlıqlarının verilməsini tələb edirlər. Petisiya cəmiyyətdə ciddi rezonans doğurur. Sənədin əsas hissəsini Ə.Topçubaşov hazırlamışdı.

II Nikolay 17 oktyabr 1905-ci ildə Rusiya xalqlarına demokratik azadlıqların verilməsi haqqında manifest elan edir. Manifest Azərbaycanda da rəğbətlə qarşılanır. Manifest milli şüurun inkişafına şərait yaradır, islamın, türkçülüyün təbliğini, müstəmləkəçiliyə qarşı mübarizəni  gücləndirir. Rusiya ərazisi və ondan kənarda yaşayan türk xalqlarının liderləri müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparmaq məqsədilə siyasi partiyalar yaratmaq təşəbbüsü irəli sürürlər. Azərbaycanda partiyalar yaradılmasının siyasi ideoloqlarının ən birincisi Ə.Topçubaşov idi. Rusiyada olduğu kimi, XX əsrin əvvəllərində Azərbaycanda da ilk milli təşkilat və partiyalar yaranır: "Hümmət", eser, "Difai", "Müsavat" və s.

1905-ci ilin oktyabrında Rusiyada konstitusiyalı demokratlar - Kadet partiyası yaradılır. Bakıda da növbəti ildə kadetlərin təsis yığıncağı keçirilir, yerli sənaye və ticarət burjuaziyası Rusiyadakı Kadet partiyasının Bakı şöbəsinin təşkilində köməkliklərini əsirgəmirlər. Ə.Topçubaşov, İ.Hacınski, K.Səfərəliyev Kadet partiyasının Bakı  bürosunun üzvü seçilirlər. Xatırladaq ki, gələcəkdə də I Dövlət Dumasında əksəriyyət kadetlərdən oldu.

17 oktyabr manifestini əsas tutaraq çar 1905-ci il 11 dekabrda I Dövlət Dumasına seçki keçirilməsi haqda qanun imzaladı.Ə.Topçubaşov 1905-ci ildə Bakı dairəsindən Rusiya Dövlət Dumasına üzv seçilir. O, Kadet partiyasının təmsilçisi idi. Kadet partiyası müxalifətçi qurum kimi tanınırdı. Onlar hər vəchlə sübut etməyə çalışırdılar ki, Rusiyanın birliyinə süngülər, güllələrlə nail olmaq olmaz. Hər bir xalqın dilinə, dininə, adət-ənənəsinə hörmət edilməli, pulsuz təhsil verilməlidir. Ə.Topçubaşov Dumada təkcə azərbaycanlıların yox, Krım tatarlarının, Orta Asiya türklərinin, Rusiyada yaşayan türkdilli xalqların lideri kimi çıxış edir. Dumada Rusiya müsəlman əyalətlərinin başçıları Ə.Topçubaşovu müsəlman fraksiyasına rəhbər seçmişlər.  O, müzakirələrdə hökumətin aqrar və köçürmə siyasətini pisləyir, müsəlmanlara muxtariyyət verilməsi tələbini irəli sürürdü. II Nikolay fraksiyalararası ziddiyyətləri bəhanə edərək, inqilab mövqeli Dumanı 72 gün sonra ləğv edir. Duma 1906-cı il 27 apreldən 7 iyula qədər Sankt-Peterburqda fəaliyyət göstərmişdir.

Etiraz edən 200-ə yaxın deputat 9-10 iyul 1906-cı ildə Vıborq şəhərində iclas keçirir və "Vıborq müraciətnaməsi"ni qəbul edir. Bu müraciətnaməni imzalayanlardan biri də Ə.Topçubaşov olmuşdur. Çar etirazçıların bəyannaməsinə qarşılıq onları həbs etdirir. Ə.Topçubaşov məşhur "Kresti" zindanında 3 aylıq həbsxana həyatı yaşayır. Beləliklə, təkcə "Kaspi" qəzetinin rəhbərliyindən yox, Bakı Duması qlasnılığından kənarlaşdırılır, gələcəkdə Dövlət Dumasına seçkilərdən məhrum edilir.

Ə.Topçubaşov 1905-1907-ci illərdə Azərbaycanın azadlığı uğrunda mübarizəyə qoşulur, ictimai-siyasi fəaliyyətini genişləndirir, ömrünün sonuna kimi məsləkindən geri dönmür. Bütün bu olaylar onun iradəsini qırmır, əksinə, mətinləşdirir, tutduğu yoldan daşındırmır. Zəhmətkeşlərin mənafeyini müdafiə edən iclas, yığıncaq, mitinqlərdə alovlu çıxışlar edir, xüsusilə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti ilə barışmır, onların mənafeyini müdafiə edir. Əvvəlcə Bakı Dumasına üzv seçilən Ə.Topçubaşov sonralar Dumanın sədri olur.

1917-ci il inqilabından sonra Ə.Topçubaşov Sankt-Peterburqdan Azərbaycana qayıdır, azadlıq, müstəqillik uğrunda mübarizəsini davam etdirir. 1917-ci il martın 29-da yenicə təşəkkül tapan Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinə, Bakı şəhər Dumasına üzv, aprelin 15-20-də keçirilən Ümumqafqaz Müsəlmanlarının Qurultayına, Müsəlman İctimai Təşkilatları Komitəsinə sədr seçilir. 1918-ci ildə Bakıda erməni daşnakları və bolşeviklərinin müsəlmanlara qarşı törətdikləri vəhşiliklər, qırğınların dayandırılmasında Müsəlman icmasının rəhbəri kimi Ə.Topçubaşov aktiv danışıqlar aparmış, nüfuzu, təcrübəsi bu proseslərdə mühüm rol oynamışdır. Artıq Zaqafqaziyada müstəqil dövlətlərin yaradılması çağırışları güclənməkdə idi. Həmin ərəfədə Dövlət Dumasının Qafqazdan olan üzvləri Tiflisdə Zaqafqaziya Seymini yaratdılar. Bu, Zaqafqaziyanın ilk parlamenti idi, ömrü cəmi 1 ay çəkdi. 1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Ə.Topçubaşov, M.Ə.Rəsulzadə və F.X.Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin Bəyannaməsini elan etdilər - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müstəqilliyin elan olunması tarixi hadisə olsa da, siyasi durum çox çətin idi; əvvəla, Bəyannamə Bakıda yox, Tiflisdə elan olunmuşdu, ikinci, 1918-ci il qətliamından sonra şəhərin müsəlman əhalisi pərən-pərən düşmüşdü, bu vəziyyəti yalnız Osmanlı Türkiyəsi tənzimləyə bilərdi. Türkiyə Azərbaycana yardım etməyə qərar verir. Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu 1918-ci il iyulun əvvəllərində Gəncəyə daxil olur, ardınca iyunun 27-də Göyçay, iyulun 20-də Şamaxı, sentyabrın 15-də Bakı azad olunur. Azərbaycan Milli hökuməti Bakıya köçür.

Ümummilli lider Heydər Əliyev Ə.Topçubaşovun məzarını ziyarət edərkən

İyunun 17-də F.Xoyskinin başçılığı ilə 2-ci hökumət kabineti təşkil edilir. Ə.Topçubaşov avqustun 22-də Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə və səlahiyyətli səfiri kimi Osmanlı imperiyasına danışıqlara göndərilir. Ənvər Paşanın İttihad və Tərəqqi partiyası ölkəni idarə edə bilmirdi, hətta 1918-ci ilin oktyabrında müttəfiqlərlə sülh müqaviləsi imzalamışdı və məğlub tərəf hesab olunurdu. Osmanlı ordusu Azərbaycandan çıxmalı, hər necə olursa müttəfiqləri ilə dil tapmalı idi. 1918-ci ilin oktyabrında Milli hökumət fövqəladə bacarığını nəzərə alıb, Ə.Topçubaşova Xarici işlər naziri vəzifəsini həvalə edir. Nuru Paşa Bakını işğaldan azad etdikdən sonra Şərqdə ilk  Azərbaycan parlamentinin 7 dekabrda keçirdiyi birinci iclasını M.Ə.Rəsulzadə açır. Ə.Topçubaşov qiyabi olaraq sədr, H.Ağayev sədr müavini seçilir. Bütün hakimiyyət parlamentə verilir.

(Parlament 1920-ci il 27 apreldə keçirdiyi son iclasında hakimiyyətin bolşeviklərə verilməsini elan etmişdi).

Osmanlı Türkiyəsinin çətin durumu diplomatik gedişi dəyişir. Ə.Topçubaşov bu vəziyyətdə yeganə çıxış yolu kimi Paris Sülh konfransında iştirak etmək təşəbbüsünü irəli sürür. Məqsəd AXC-nin suverenliyini de-fakto tanıtmaq, xarici ölkələrlə diplomatik əlaqələr qurmaq, belə vəziyyətdə iqtisadi böhrandan çıxartmaq üçün Azərbaycana borc almaq, dövlətin milli mənafeyini, suverenliyini qorumaq idi.

Versal sülhü qalib dövlətlərin maraqlarının təmin olunmasına xidmət etməli, dünyanın I Dünya müharibəsindən sonrakı inkişafını müəyyənləşdirmiş məcraya yönəltməli idi. Başda Ə.Topçubaşov olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimləri (heyət: "Müsavat" partiyasından M.Hacınski, C.Hacıbəyli, "Hümmət" partiyasından Ə.Şeyxülislamov, "Sosialist" partiyasından M.Məhərrəmov, "İttihad"dan M.Mirmehdiyev, Ə.Ağayev və Ə.Hüseynzadə bitərəf kimi) 1919-cu ilin aprelində Paris Sülh Konfransında müstəqil dövlətin nümayəndələri kimi Qərb dövlətlərinin antibolşevik təzyiqləri ilə Azərbaycanın müstəqil dövlətçiliyini möhkəmlətmək istəyinə nail oldular. Hətta Qarabağ 27 dövlət tərəfindən de-fakto Azərbaycan ərazisi kimi tanındı. Bundan öncə 1918-ci ilin noyabrında Ə.Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndəliklərinə göndərdiyi memorandumda Azərbaycan ərazisi müəyyənləşdirilmişdi.

Ancaq bu o qədər də asan başa gəlmədi. Ə.Topçubaşov 15 nəfər diplomata rəhbər seçilmişdi. Onun bir neçə dil bilən iki oğlu da katib kimi nümayəndə heyətinə qatılmışdılar. Ə.Ağayev həmin ərəfədə həbs edilib Maltaya sürgün olundu, sonra Ə.Hüseynzadə həbs edildi. Tezliklə buraxılsa da, ona viza almaq mümkün olmadı. 20 yanvar 1919-cu ildə İstanbula gələn Azərbaycan hökuməti nümayəndələri Parisdən 3 aya qədər çağırış gözlədiyi halda, qonşu dövlətlər artıq Parisdə təbliğat-təşviqat işləri aparırdılar.

1919-cu ilin 28 mayında - Cümhuriyyətin ildönümündə ABŞ prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul edir. Bundan əvvəl isə o, Azərbaycan nümayəndə heyətinin Paris Sülh konfransına buraxılmamasını tapşırmışdı. Ə.Topçubaşov Azərbaycan dövlətinin memorandumunu  ona təqdim edir. Bu görüşə soyuq yanaşan prezident hər halda: "Bundan sonra Azərbaycan xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq işində Amerikanın yardımını alacaq" - vədini verir.

11 yanvar 1920-ci ildə Azərbaycanın müstəqilliyinin de-fakto tanınması elan olundu. Bu, Ə.Topçubaşov və onun diplomatik heyətinin uğuru idi.

Müttəfiqlər Rusiyada Ağqvardiyanın qalib gələcəyinə inanırdılar. Məhz buna görə də, Rusiya imperiyasının ucqar ərazilərində heç bir dövlətin müstəqilliyini tanımaq istəmirdilər. Lakin onlar yanıldılar: bolşeviklər vətəndaş müharibəsində qalib gəldilər, Azərbaycan və Gürcüstanın müstəqilliyi de-fakto tanındı. Bu, xüsusilə Ə.Topçubaşovun 1919-cu ilin mayından Parisdə apardığı uğurlu siyasətin nəticəsi idi. Təəssüf ki, Azərbaycanın 1920-ci ilin 28 aprelində bolşeviklər tərəfindən işğalı müstəqilliyə son qoydu. Cəmi 23 ay yaşamış AXC dövlətçilik ənənələrimizi bərpa etdi, Şərqdə ilk demokratik dövlət quruldu. Bu qısa zamanda parlament, hökumət, ordu, pul vahidi, dünya dövlətləri ilə diplomatik münasibətlər yaradıldı.

***

Geriyə yol bağlanmışdı. Ə.Topçubaşov Parisdə siyasi fəaliyyətini dayandırmır, ümid edir ki, dünya gücləri bu işğala laqeyd qalmayacaq və Azərbaycanın müstəqilliyi bərpa olunacaq. Hər vəchlə Azərbaycanın işğalının tanınmasına çalışırdı.

Bakıda Milli hökumət ölkəni tərk etməyə məcbur olur. M.Ə.Rəsulzadə Avropa və Türkiyədə Milli Mərkəz adlı mühacirət təşkilatı yaradır. Ə.Topçubaşov M.Ə.Rəsulzadə ilə birlikdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni davam etdirir.

Ölümündən  3 ay əvvəl Azərbaycan, Gürcüstan və Dağıstanın mühacir liderləri ilə birgə "Ümümqafqaz Birliyi"nin yaradılması bəyannaməsini imzalamışdı. Ə.Topçubaşov 1920-24-cü illərdə Parisdə yaşamış, siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası, ədəbi xadimləri ilə bağlı qəzet və jurnallarda məqalələr və kitablar yazmışdır. O, 1920-ci il iyulun 5-16-da Spa (Belçika), 1921-ci il fevralın 21-dən martın 14-nədək keçirilən London (Böyük Britaniya), 1922-ci ilin aprel-may aylarında Genuya (İtaliya) konfranslarında iştirak etmiş, Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizəyə dünyanın aparıcı dövlətlərinin kömək etmək məsələsini qaldırmış və bu yolda ciddi problemləri müzakirə etmişdir.

***

Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman mövcudluğunda ən mühüm işlərindən biri də müxtəlif sahələrdə mütəxəssis hazırlamaq üçün dövlət hesabına  Avropa ali məktəblərində təhsil almağa yüz nəfər azərbaycanlının göndərilməsidir. Təntənə ilə yola salınan tələbələr əvvəlcə Batuma, oradan da Parisə yola düşürlər. Parisdə onları Ə.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti  qarşılayır. Əlimərdan bəy tələbələri salamlayır,  onların qarşısında təntənəli nitq söyləyir, təbrik edir. Sonra gənclər təhsil alacaqları Avropanın müxtəlif ölkələrinə yola salınır. Təkcə Parisdə 27 nəfərin qalmasına rəsmi sənəd verilmişdi.  Təəssüf ki, AXC-nin çox çətinliklə xaricə təhsil almağa göndərdiyi tələbələrin taleyi 1920-ci ilin məlum aprel işğalından sonra çox acınacaqlı olur. Bolşevik hökuməti tələbələrə pul göndərməkdən imtina edir. N.Nərimanovun səyilə bir müddət maddi yardım alsalar da, Moskvaya rəhbər vəzifəyə təyin olunandan sonra  onlara münasibət dəyişir.

Professor Ədalət Tahirzadə Azərbaycan Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun imzaladığı maraqlı bir məktub - hesabat əldə edib. Məktub 95 ildən sonra Paris arxivindən tapılıb. Sənəd barədə açıqlama verən Ə.Tahirzadə bildirib ki, Azərbaycan Cümhuriyyəti Sülh Heyətinin başçısı kimi Parisə Sülh konfransına göndərilən Əlimərdan bəy Topçubaşov 1920-ci il mayın 12-də yazdığı hesabatda Avropaya oxumağa göndərilmiş tələbələrin ağır maddi durumundan söz açır. Ə.Topçubaşov göstərib ki, hökumətin tələbələrə göndərdiyi 215 min 660 frank yalnız 3 mayda Parisə gəlib çatıb. O zamanadək Fransa, Almaniya və İtaliyada oxuyan tələbələrə Sülh heyəti öz hesabına yardım göstərib. Yeni gələn puldan isə Fransa və İtaliyada oxuyan tələbələrə (uyğun olaraq hər birinə ayda 600 və 500 frank) 1 iyunadək, Almaniyada oxuyanlara (400 frank) 1 sentyabradək təqaüd verilib.

Gündəlik çörəyə möhtac olan, təhsil haqqını ödəyə bilməyən tələbələr çox ağır şəraitdə həm oxumaq, həm də işləmək məcburiyyətində qalırlar. Bir yandan da yeni hökumət onlara səbatsızlıq göstərir. Böhranlı vəziyyətdə maddi sıxıntı içərisində yaşayan tələbələr ümid yeri kimi Əlimərdan bəyə baxırlar. Ancaq heç kəs Ə.Topçubaşovun özünün maddi durumunun pis olduğunu başa düşmür, başa düşmək istəmir. Sonsuz yardım müraciətlərinə artıq cavab verə bilmirdi. Məsələn, ona kömək məqsədilə müraciət edən Ceyhun bəy Hacıbəyliyə 30 iyul 1928-ci il tarixli məktubunda yazır: "Sizin maddi yardım barədə məktubunuzu aldım. Nə şəxsən məndə, nə də nümayəndəliyin xəzinəsində pul var"...

Maddi sıxıntı içində yaşayan Ə.Topçubaşov 2 il ağır xəstəlikdən sonra 5 noyabr 1934-cü ildə vəfat edir, Paris yaxınlığındakı müqəddəs Sen-Klu qəbiristanlığında dəfn olunur.

Ə.Topçubaşovun dəfnini professor V.Quliyev belə təsvir edir: "Mərasim noyabrın 8-də keçirilmişdir. Cənazə Paris məscidinin imamı Seyid Əli Yəhyanın oxuduğu dualarla yerdən qaldırılmışdır. Mərhum Sen-Klu qəbiristanlığında çoxsaylı yaxınlarının və dostlarının iştirakı ilə torpağa tapşırılmışdır. Cənazə mərasiminin önündə mərhumun oğulları Əliəkbər bəy və Ənvər bəy Topçubaşov, dul qadını Pəri xanım Topçubaşova (Məlik-Zərdabi), qızları Sara xanım Sultanova və Sevər xanım Topçubaşova, onların ardınca isə Azərbaycan nümayəndə heyəti və Mlli Şurasının üzvləri gedirdilər. Əlimərdan bəyin nəşi Quran ayələri altında torpağa tapşırılmışdır. Onun həmvətənləri, doğmaları, dostları, məsələn, Gürcüstan dövləti adından A.Çxenkeli, Türküstan Milli İttifaqı adından M.Çokayoğlu, kalmıkların Milli Təşkilatı adından "Kalmık" komitəsinin sədri, "Kalmık" qəzetinin baş redaktoruŞ.Balinov, Qafqaz Dağlıları Xalq Partiyası adından T.Çakman çıxış etmişlər. Dəfn mərasiminə tanınmış dövlət və ictimai xadimlər də qatılmışlar: general Kvintadze, Gürcüstan - Paris ofisinin rəhbəri Asatiani, Ukrayna hökumətinin naziri Kuligin, Fransadakı Ukrayna Federasiyasının katibi Nikityuk, general Udovitçenko, Parisdəki Ukrayna icmasının rəhbəri Yeremeyev  və "Azad kazaklar" qəzetinin baş redaktoru Bilgi və b. dəfndə iştirak etmişlər".

M.Ə.Rəsulzadə sonralar Ə.Topçubaşovun itkisi ilə bağlı yazacaqdı: "Biz Əlimərdan bəyin timsalında Milli hərəkatımızın ziyalı nümayəndəsini, görkəmli dövlət xadimini, milli müstəqillik uğrunda mübariz döyüşçünü itirmişik. Vaxt gələcək ölkəmiz azad olunacaq, parlamentin ilk sədrinə minnətdarlıq hissi nümayiş etdirən xalqımız onun müstəqilliyi uğrunda yorulmadan döyüşən insanın adını yaddaşlara əbədi həkk edəcək".

***

1993-cü ildə müstəqil Azərbaycanın Respublikasının Prezidenti Heydər Əliyev Fransaya ilk səfərində onu müşayiət edən dövlət xadimləri və görkəmli ziyalılarla birgə Sen-Klu qəbristanlığına baş çəkərək Ə.Topçubaşovun xatirəsinə ehtiramını ifadə etdi.

Parisdə Azərbaycanın rəmzi ünvanlarından olan həmin məzarı Prezident İlham Əliyev də 2006-cı ilin mayında ziyarət etdi.Lakin artıq görkəmli dövlət xadimi Ə.Topçubaşovun məzarüstü kompleksi müsbət mənada xeyli dəyişikliyə uğramışdı.Köhnə məzar daşının üstündə "Quran"dan ayələr yazılmışdı və bu həmin qəbiristanlıqdakı üstündə ərəbcə yazılar olan yeganə məzar idi.

Prezident  İlham Əliyev Sen-Klu şəhərciyində Ə.Topçubaşovun qəbirüstü abidəsinin quraşdırılması işlərilə tanış olarkən

Parisdə yaşayan qocaman mühacirlər 2000-ci illərin əvvəllərində Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etməkçün tez-tez Fransa paytaxtına gələn millət vəkili, akademik Rafael Hüseynova xəbər verirlər ki, bəzi millətçi ekstremist şəxslər tərəfindən üstü ərəb yazılı qəbirlərə qarşı təxribatlar törədilə biləcəyi ilə bağlı məlumatlar var. Bu gedişatda Əlimərdan bəy Topçubaşovun da məzar daşına zərər toxuna bilər. Akademik Rafael Hüseynov bir neçə il iş apardıqdan sonra məzar daşının dəyişdirilməsi üçün Fransanın müvafiq qurumlarından zəruri icazələri alır, Bakıda Əlimərdan bəy Topçubaşovun qəbirüstü abidəsini hazırlatdırır.  Rafael Hüseynovun layihəsi əsasında heykəltəraş Akif Əsgərovun hazırladığı həmin kompozisiyada görkəmli millət fədaisinin portretinin altında Əlimərdan bəy Topçubaşovun dilindən verilmiş Azərbaycan dilində "Bir yolumuz var -  istiqlal!" cümləsi yer alır, onunsa altında ilk Məclisi-Məbusanımızın sədrinin imzası, ilk milli parlamentimizin möhürü. Sinə daşında isə Azərbaycanın gerbi nəqş edilmişdir.

Qəbirüstü abidənin sinə daşında dəfn olunanların kimliyi, doğum və ölüm tarixləri fransız dilində belə göstərilir: Əlimərdan bəy Topçubaşi (1863-1934), Pəri xanım Topçubaşi - Məlik-Zərdabi (1873-1947), Rəşid bəy Topçubaşi (1900-1926), Əliəkbər bəy Topçubaşi (1898-1977).

Bütün görülmüş işlər barədə Rafael Hüseynov dövlət başçısına məlumat verdikdən sonra Prezident İlham Əliyev bu təşəbbüsü təqdir edir, Fransa səfəri zamanı 2006-cı il mayın 30-da məzarüstü abidənin quraşdırılma prosesini müşahidə etməkdən ötrü Sen-Klu məzarlığına gəlir, orada dəfn edilmiş Hacıbəylilərin və Topçubaşovların xatirəsini yad edir.

Akademik Rafael Hüseynov söyləyir ki, Sen-Klu məzarlığını ziyarəti zamanı Prezident İlham Əliyevdən tarixi mənası olan köhnə məzar daşının Bakıya gətirilməsinə köməklik göstərməsini xahiş etdik və dövlət başçısı da bu niyyətin gerçəkləşəməsinə anındaca göstəriş verdi.

İndi həmin yadigar Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində qorunmaqdadır.

Nizami muzeyində Ə.Topçubaşova həsr olunmuş guşə

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Nizami muzeyində Əlimərdan bəy Topçubaşova aid həmin guşəni də ziyarət etmişlər.

Ümummilli lider Heydər Əliyevin siyasətinin davamçısı cənab İlham Əliyev milli dövlətçilik tariximizə verdiyi qiymətin təzahürü kimi 23 fevral 2013-cü ildə Ə.Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

P.S. Yaxın günlərdə Fransaya səfərim zamanı akademik R.Hüseynov Ə.Topçubaşovun qəbirini ziyarət etmək istəyimi yüksək qiymətləndirib, köməyini əsirgəmədi. Parisdə yaşayan Maşallah adlı Cənubi Azərbaycandan olan soydaşımız onun xahişi ilə bizə bələdçi oldu. Orada olanda qəbirin üzərində tər çiçəklər var idi. Maşallah bəy söylədi ki, Rafael müəllim Azərbaycanın çox nadir, qeyrətli oğullarındandır. Məndən xahiş edib ki, məzarı gülsüz qoymayım. Məlumunuz olsun ki, Sen-Kludakı bu məzarlıqda dünyanın çox nəhəng simaları, elm, siyasət, dövlət adamları dəfn olunub. Bu məzarlara qulluq həmişə diqqətdədir. Qəbir daşları bir dövlətin, onun şəxsiyyətlərinin simvoludur. Həm Azərbaycanın Fransadakı səfirliyi, həm də mən Rafael Hüseynovun bu təşəbbüsünü alqışlayır və bu kiçik Azərbaycan torpağını diqqətsiz qoymuruq.

Professor Nadir Məmmədli həyat yoldaşı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli ilə birgə Ə.Topçubaşovun məzarını ziyarət edərkən

Əlimərdan bəy Topçubaşovun və Topçubaşovlar ailəsinin, Ceyhun Hacıbəylinin və Hacıbəylilər ailəsinin Sen-Klu şəhərcəyindəki əbədi uyuduqları məkan Azərbaycanın Fransadakı rəmzi ünvanlarındandır və bizim üçün həmişə əziz olaraq qalacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!