Əziz Fikrət müəllim!
Sizin çoxşaxəli böyük yaradıcılığınız Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Artıq neçə nəsillərdir ki, sizin yüksək amallar və ideyalarla aşılanmış çox sadə, lakin bəşəri həqiqətləri bənzərsiz bədii ifadələrlə açıb göstərən şeirlərinizi böyük maraqla oxuyur və sevirlər. Ən başlıcası odur ki, sizin şeirlərinizə yalançı parıltı, ritorika, təmtəraq həmişə yad olub; orda hökmran poeziyadır. Poeziya isə həyatın özü kimi keşməkeşlidir və... gözəldir.
Əlbəttə, siz, ilk növbədə, öz xalqınızın şairisiniz:
Mən Azəriyəm, Azəriyəm mən,
Bir sözlə - Azərbaycanlıyam - deyirsiz.
Eyni zamanda siz, heç şübhəsiz, bütün dünyanın, bəşəriyyətin şairisiniz. Bütün xalqların və ayrılıqda hər bir insanın taleyini düşünən narahat təbiətli şairsiz. Siz o şairsiniz ki, özünüzü heç vaxt bizim ümumi həyatımızdan, çətin və gözəl dünyamızdan ayrı təsəvvür etməmisiniz. Sizin poeziyanızın nüvəsində tərənnüm etdiyiniz bəşəri dəyərlər durur. Ona görə də əsərləriniz dünyanın bir çox dillərinə tərcümə olunub və kitablarınız da hər yerdə maraqla qarşılanır.
Fikrət müəllim sizin yaradıcılığınız bəşəriliyi ilə yanaşı, gözəl Azərbaycan xalqının mənəvi dünyasından qidalanıb, çox qədim qatları olan xalq şeirinin büllur kimi şəffaf bulağından su içib və çox böyük bir ədəbiyyatın tərkib hissəsidir. Təsadüfi deyil ki, şeirlərinizə saysız-hesabsız mahnılar yazılıb; bu mahnılar insanların dillər əzbəridir.
Biz sizi 85 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir və fəxr edirik ki, Azərbaycandan uzaqlarda imkanlarımız daxilində Azərbaycan haqqında, Azərbaycan ədəbiyyatı haqqında həqiqətləri söyləyə bilirik.
Əziz Fikrət müəllim, sizə möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik. İsraildə belə deyirlər: "Mozal tof (təbriklər), 120 yaşınızda görüşənədək"!
Hörmətlə, Roman Qureviç
Azərbaycan Yazıçılar Birliyi
İsrail şöbəsinin sədri, Pyotr Lyukimson şöbənin məsul katibi, yaradıcılıq qrupunun rəhbəri
Avqust, 2020 Yerusəlim
Ümumamerika Bulat Okucava Mədəniyyət fondu
Avqust ayının 25-də Fikrət Qocanın 85 yaşının tamam olacağını mənə Aleksandr Qriç xatırlatdı; Moskvanın, Bakının və Los-Ancelesin ədəbi dairələrində yaxşı tanınan şair, publisist və çoxlu sayda radio-televiziya verilişlərinin müəllifi, əslən bakılı, indi isə Los-Ancelesdə yaşayan Aleksandr Qriç... Bir zamanlar biz onunla "Panorama" qəzetində külüng vururduq, hal-hazırda isə hər ikimiz Ümumamerika "Bulat" xeyriyyə fondunda çalışırıq.
Bəli, məhz elə Aleksandr düz beş il öncə mənə gözəl insan Fikrət Qoca ilə tanış olmaq xoşbəxtliyini bəxş etdi. Onun Fikrəti öz oxucularına təqdim edəndə yazdığı sözlər yaxşı yadımdadır. Belə yazırdı: "Fikrət Xalq şairidir; yüksək ədəbi mükafatlar laureatıdır, Yazıçılar Birliyinin birinci katibidir, dəfələrlə dövlət mükafatlarına da layiq görülüb. Amma onu tanıyanlar üçün, yaxın dostları üçün fəxri adlar, vəzifələr, mükafatlar bir o qədər də əhəmiyyətli deyil, əsas odur ki, o - Fikrət Qocadır. Və bu hər şeyi deyir.
Ümumiyyətlə, Qriç Fikrət Qoca şəxsiyyətinin, Fikrət Qoca şeirinin vurğunudur. Görün bir o nə yazır: "Mən xoşbəxtəm ki, bir çox illər (bir çox on illər!) bundan əvvəl Fikrətin şeirləri ilə tanış olmuşam. Ona vurğunluğumun da əsasında, heç şübhəsiz, öncə şeirləri, onların bənzərsizliyi durur. Fikrət Qoca Allah vergisi, güclü nəfəsi olan şairdir; qeyri-adi düşüncə tərzi var onun. Həyatda da, şeirlərində də istedadlıdır".
Los-Ancelesdəki görüşlərimizi xatırlayıram; unudulmaz görüşlərdi - nə qədər istiqanlı, sadə və səmimi insandır. O zaman gözəl şeirlər oxudu Fikrət bizə.
Mən, düzü, Qriçin Fikrətlə dostluğuna həsəd aparıram, hətta paxıllığım tutur deyərdim; bu barədə mən beş il bundan əvvəl Fikrətin 80 illik yubileyi zamanı onu təbrik edəndə də yazmışdım. Bir də yadımdadır o yazımda Fikrətə müraciət edərək demişdim ki, əzizim Fikrət, sən bundan sonra da "uzun illər arxamca gəl, çat mənə, nəfəsini həmişə hiss eləyim arxamda" - o vaxt mən də elə o yaşdaydım; biz yaşıdıq axı, ay yarım mən ondan böyüyəm.
İndi o 80 illik yubileyi münasibətilə Moskva Yazıçılar İttifaqının birinci katibi Yevgeni Sidorovun Fikrətə göndərdiyi təbrik məktubunu oxuyuram, qarşımdadır; necə də səmimi sözlərdir. O yazır: "Əzizim Fikrət, ürəkdən gələn təbriklərimi lütfən qəbul et! Bakıda, Moskvada səninlə görüşlərimi, sənin ehtiraslı, fəlsəfi misralarını, bütün Azərbaycanın oxuduğu gözəl mahnılarını tez-tez xatırlayıram. Evində, vətənində daim əmin-amanlıq olsun; ürəyin də həmişə sevinclə dolu. Səni bərk-bərk bağrıma basıram, əziz dost!".
Başqa bir təbrik:
"Əziz Fikrət, sizi daha bir on illiyinizin tamamı münasibətilə təbrik edirik; illəri saymağın nə mənası?! Məgər şeirin və şair qəlbinin yaşı olurmu?! Bizim, yəni sizin moskvalı dostlarınızın və həmkarlarınızın gözündə siz həmişə müdrik lirik şair, canlı metafora ustası, geniş ürəkli, istiqanlı, mehriban bir sənətkarsınız. Sizin şeirləriniz həmişə olduğu kimi bu gün də insanlara gərəkdir. Deməli, siz yenə də onların intizarı qarşısında borclusunuz!
Uzun illər səmimi dostluq duyğularınıza görə minnətdarlıq hissi ilə...
Moskva Yazıcılar İttifaqının katibliyi adından şair dostunuz Tatyana Kurovlyova".
Fikrət Qoca yaradıcılığındakı gənclik ehtirası azalmadığı kimi, ürəyi qocalmadığı kimi ona ünvanlanmış bu ürək sözləri, bu arzular da qətiyyən köhnəlmir. Fikrətin şeirlərini oxuduqca buna mən bir daha əmin oluram. Və mən Fikrətlə bir daha görüşəcəyimizə də, onun sağlığına badə qaldırıb "əziz dost, hələ uzun illər arxamca gəl, çat mənə" - deyəcəyimə ümidimi də itirmirəm!
Aleksandr Polovets Ümumamerika Bulat Okucava Mədəniyyət fondunun prezidenti
Avqust, 2020 - Los-Anceles
DOST TƏBRİKİ
Görkəmli Azərbaycan şairi, əsl beynəlmiləlçi Fikrət Qocanın adını mən ilk dəfə keçən əsrin yetmişinci illərində yaxın qələm yoldaşım, "Sovetskiy Soyuz" jurnalı baş redaktorunun birinci müavini Saşa Kolodnıdan eşitmişəm. Axtarıb kitabını tapdım, oxudum və bu şairin mənə nə qədər yaxın olduğuna heyrət etdim.
Çox sonralar, artıq ABŞ-da gözəl şair, publisist, dostum Aleksandr Qriç mənə Fikrət Qocadan sevdiyi şeirləri oxuyanda ən incə hisslərimi bir daha oyatdı. Nə qədər də orijinal və qeyri-adi misralardır:
Evim tramvaylar, troleybuslar, təyyarələr -
Kəndlər, şəhərlər, səyyarələr dayanacağım.
Milyon kilometrlərlə ömür yaşamışam.
Kim bilir harda dayanacağam?!
Şair elə bil mənim haqqımda yazıb bunu - həyatım başdan-başa yollardadır.
Fikrətin poeziyası həm incədir, zərifdir, həm də polad kimi möhkəm və əyilməz. Necə illərdir onun gözəl bir şeirinin şah misralarını dönə-dönə ürəyimdə təkrar edirəm:
Allahım düşmənimi qoru -
alçaltma
Alçağa qalib gəlmək alçaldar
məni.
Bu bir neçə misra həyat proqramıdır, kişilik kodeksidir. Mən əminəm ki, Fikrət Qoca bu kodekslə yaşayır, yazıb yaradır.
Heç zaman qocalmayan əziz dostum Fikrət Qoca, sənə möhkəm cansağlığı, uzun ömür arzulayıram.
İqor Panfilov
Rusiya Beynəlxalq Sülh Fondunun sədr müavini, Rusiya İctimai Elmlər Akademiyasının həqiqi üzvü, professor
Avqust, 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!