Nəriman Süleymanov – 90
Yazıçı Nəriman Süleymanov doğma Körpülü kəndindəki ata yurdunun ziyarətinə gələndə özü ilə təzəcə çapdan çıxmış "Balaca atlı" kitabını da gətirmişdi. Yaxınları, doğmaları onun başına toplaşmışdı. O vaxt mən beş yaşın içində idim. Kitabın üz qabığında "balaca atlı" rəsmi vardı. Stolun üstündə "Kazbek" adlı papiros qutusunun üzərində də böyük atlı şəklini görəndə təəccübümü gizlədə bilmədim. Ağlıma ilk gələn bu oldu ki, yəqin, o, Bakıda fermada çalışır, ona görə də at şəkillərini özü ilə gətiribdir.
Lakin unutmadığım at şəkli ilə yaddaşımda iz qoyan Nəriman müəllimin böyük yazıçı olduğunu məktəbə gedəndə öyrəndim. Onun 40 il sonra 65 yaşında dünyasını dəyişəndə də baş redaktoru olduğu "Günəş" jurnalının üz qabığında iri formatda at şəkli vardı.
Nəriman müəllim kimliyindən, nəçiliyindən asılı olmayaraq tanış olduğu adamlarla xoş ünsiyyət qurmağın sevdasında idi. Şəhərdə də, kənddə də görüşüb rastlaşdığı müsahibləri ilə yaddaqalan dialoqlar qurmağa çalışardı. Hər gün səhər obaşdan evlərinin yaxınlığında yerləşən, ağaclarla əhatələnmiş stadiona gedər, idmanla məşğul olardı. Bir gün yenə səhər məşqdən sonra stadionun kənarındakı bir armud ağacının yanında dayanıb maraqla ona tamaşa edir. Elə bu vaxt polis işçisi yanından ötüb-keçərkən onu suala tutur:
- A kişi, burda neyləyirsən?
- Ağacla danışıram...
Bu qəribə cavab polisin heç xoşuna gəlmir və gözlərini ona zilləyib soruşur:
- Arvad-uşağın yoxdur?! Get evə, onlarla danış.
Müsahibinin ona məhəl qoymadığını görən polis bu dəfə səsini qaldırır:
- Elə etmə ki, səni polis məntəqəsinə aparım. Beş-on sutka verərlər, onda ağlın başına gələr...
Nəriman müəllim söhbətlərini elə bəzəyib-düzəyib danışardı ki, eşidənlərin zövqünü oxşayar, onları güldürər, düşündürərdi. Onun uşaqlar üçün yazdığı nağıl və hekayələrində şeirin dili ilə yoğrulmuş, nəsrin təhkiyəsində poetik misraların ruhu, ahəngi var idi. "İnad", "Qırmızı muncuqlu meşə", "Çöldə bir at otlayırdı", "Zirvə", "Yarpaq mahnısı" nağıllarının sehrinə düşənlər istər-istəməz yazıçı düşüncəsinin məna yükündə çoxlarının görə bilmədiyi həyat, təbiət gerçəkliyinin cazibəsindən çıxa bilməzdi. Yazıçının "Zirvə" adlı nağılında dağın başındakı palıd ağacının zirvəsində özünə yurd-yuva salmış balaca quşun tufanla "mübarizəsi" sadə və poetik dildə nəql olunur. Bu nağılda müəllifin balaca quşun özünə vətən bildiyi yer-yurd məhəbbətinin incə tərənnümü vardır. Yaşadığımız dünyada vətən bildiyimiz yurd-yuvanın insan üçün nə demək olduğunun, onun quşlar üçün də nə qədər əziz olduğunun şahidi oluruq. Nağılın son sətirlərində poeziya ilə nəsrin vəhdəti incə ştrixləri ilə diqqəti çəkir:
"Quş qanadını qaldırıb tufana qalxan etdi. Zirvədən üzülmədi.
Sinəsini ağaca söykəmişdi. Elə bil onu qucaqlamışdı.
Tufan daha da hiddətləndi. Əsdi, coşdu, şiddətləndi.
Yenə balaca quşcuğaza gücü çatmadı.
Axı, quşun
Öz eviydi bu zirvə,
Vətəniydi bu zirvə!".
Nəriman müəllimin işıqlı dünyanı, onun təbiətini, dağını-daşını və insanlarını sevən ürəyi var idi. Nədən yazır-yazsın, yazanda onu elə cilalayıb vərəqlərə köçürürdü ki, gözəl yazıçı duyumuna, deyiminə heyranlığını gizlədə bilmirdin. Cəfəng fikirlərdən çox-çox uzaqda dayanan Nəriman Süleymanovun məramı isə bir vaxtlar uşaqlara ünvanladığı "İnad" nağılında aydın ifadəsini tapmışdır.
Beş-on cümlədən ibarət olan nağılın qəhrəmanının taleyi, məqsəd-məramı da sanki Nəriman müəllimin yazıçılıq-yaradıcılıq yoluna bənzəyirdi: "...məqsədləri yaxşıdır. Amma özləri balacadırlar. Tamam od olub yansalar belə, o boyda gecəyə nə edə bilərlər! Amma bilmək olmaz. Bəlkə elə lap, lap qabaqlar kainat təzə yarananda gündüz də gecətək qaranlıq olub. Sonra böcəklər alışıb-yanıb, zaman-zaman qaranlıqla mübarizə aparıblar. Nəhayət, məqsədlərinə çatıblar. Məsələ balacalıqda, böyüklükdə deyil ki! İş alışıb-yanmağı bacarmaqdadır".
Nağıl balaca oxucunu düşündürür. Təbiətin qoynunda lövbər salmış adicə böcəyin də həyatda işıqlı, gərəkli işlər görməyə can atdığı, uşaqların da işıqlı işlərin qulpundan yapışması təsvir və təlqin edir.
Nəriman müəllim böyük və işıqlı bir ürəyin sahibi idi. Amma onu yandıran da zaman-zaman içində gəzdirdiyi qəfil düşmən zərbəsinin doğma torpaqlarımızda, bir də özünün dünyaya göz açdığı doğma Körpülü kəndində at oynatması oldu. Ömrünün son illərində ata yurdunun düşmən torpağı altında qalması, sanki onun ürəyinə ox kimi sancılmışdı.
Ötən yüzilliyin unudulmaz simalarından, yaradıcı şəxsiyyətlərindən biri olan Nəriman Süleymanovun ömür yoluma saldığı izlərin ilğımında heç vaxt özümü yalqız hiss etməmişəm. Dünyamıza vida deyib sözünü, əsərlərini oxucusuna, ürəyini torpağa əmanət qoyan ədibin ölümü indi də mənə yuxu kimi gəlir. Yadımdadır, ölüm günündən neçə ay sonra Dövlət Filarmoniyasında xatirəsinə həsr olunmuş cazibədar bir görüşə toplaşmışdıq. Sənət adamlarının onun haqqında xatirələrini dinləyəndə gözümün qabağında Nəriman müəllimin nurlu siması göründü. Elə bil indicə divardan asılmış portretindən səhnəyə çıxıb "mən ki ölməmişəm" deyəcəkdi. Axı, bir dəfə sürücüsünə "heç bilmirəm, adamlar necə ölürlər" sualının cavabını tapmayan bu Allah bəndəsi, özü əsl nur adamıydı. Düzü, hər dəfə onun yenidən dirilib yaşadığı, işlədiyi "Günəş" jurnalı redaksiyasında var-gəl etdiyi gözümün qabağına gəlir.
Həyatın qəribə qanunları var. Yaradıcı adamlar ruhən əsərləri ilə yüzlərlə, minlərlə oxucunun ürəyində yenidən yaşamaq haqqını qazana bilir.
Nəriman Süleymanovun ölümündən sonra onun doğum günü münasibətilə "Nəriman olduğu kimi" iki cildlik kitabı nəşr olunmuşdu. Həmin kitabların birində yazıçının seçilmiş nağıl, hekayə, povestləri, o birisində isə həyatı, yaradıcılığı, şəxsiyyəti haqqında tanınmış ziyalılarımızın xatirələri dərc olunmuşdu.
İndi bu xatirələrin içində onun qeyri-adi şəxsiyyəti haqqında bir neçə alıntını bu yazıya gətirmək istədim. Mərhum tənqidçi, professor Yaşar Qarayev Nəriman müəllimin "nəsrinin şəxsiyyətinə, şəxsiyyətinin isə torpağa və təbiətə bənzər" olduğunu yazmışdı. Mərhum şairimiz Məmməd Araz isə Nəriman müəllimin şəxsiyyətinə aludəçiliyini belə ifadə etmişdi: "O, çox təbii adam idi: necə vardı, elə də görünərdi, necə görünərdi, elə də vardı". Uşaq ədəbiyyatının tanınmış alimi və şairi Zahid Xəlilin xitabında belə bir fikir səslənmişdi: "Bəli, sən belə idin, Nəriman! Torpaq kimi sadə!".
Uşaq ədəbiyyatı mənim də düşüncələrimdən yan keçmədi. 1996-cı ildə "Göyərçin" jurnalında Nəriman müəllimin xatirəsinə həsr olunmuş "Yarpaq mahnısı" adlı xüsusi buraxılışda poetik düşüncələr fonunda "Nəriman nəğməsi" adlı yazım yadıma düşür:
Ürəyində
Söz ümman
Zərrə-zərrə
Deyəsiydin,
Nəriman!
Torpağımın
Bağrı qan
Sən haraydın,
Ney səsiydin,
Nəriman!
Dünyamızdan
Nur uman
Yer səsiydin,
Göy səsiydin,
Nəriman!
Düşüncə dünyamızda bardaş qurub oturan Nəriman Süleymanov obrazının öz yeri, çəkisi vardır. Bəzən cavan vaxtlarımda tələsik bir söz deyəndə, ya iş görəndə məsləhəti bu olurdu ki, hələ tezdir, çox tələsmə, mənim yaşıma çatanda hər şeyi daha yaxşı başa düşəcəksən.
Azərbaycanın ədəbi xəritəsində nərimanların sayı çoxdur. Lakin yaddaşımda bütləşən üç böyük Nəriman var: Nəriman Nərimanov, Nəriman Həsənzadə və Nəriman Süleymanov.
İmzamı ədəbiyyat aləmində tanıtdırandan sonra çox hörmətli ziyalımız, Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə "Ədəbiyyat qəzeti"ndə baş redaktor işlədiyi vaxtlarda məni görəndə soruşdu:
- Eşitmişəm, yazıçı Nərimanın bacısı oğlusan. Bəs bu vaxta qədər niyə bunu deməmisən?
Sonra sözünə ara verib əlavə etdi:
- Bilirsən, bu xəbərə nə qədər sevindim. Bundan sonra elə hesab et ki, sənin Nəriman adında bir yox, iki dayın var...
Bu da həyatın bir naxışıdır.
Nəriman Süleymanov Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1977) idi, üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdu. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü seçilmişdi. Əsərləri dünya xalqlarının dillərinə tərcümə edilmiş, Macarıstanda, Yuqoslaviyada çıxan uşaq jurnallarında və dərgilərində çap olunmuşdu. Moskvada, Peterburqda, Düşənbədə, Daşkənddə uşaq ədəbiyyatı məsələləri ilə bağlı konfrans, simpozium və müşavirələrin fəal iştirakçısı olmuş, yaddaqalan çıxışlar etmişdi. Onun "Balaca atlı" (1956), "Qaraçı qızı" (1963), "Tanışlıq" (1963), "Sovqat" (1965), "Novruzgülü" (1966), "Qocalar və uşaqlar" (1967), "Yetər nənə" (1971), "Babamın bağı" (1974), "Göy qurşağı" (1975), "Tək çiçək" (1979), "Əsas ürəkdir" (1983), "Ömrün iki payızı" (1986), "Tərs külək" (1987), "İnsan yaşayır" (1989) və digər kitabları uşaq ürəkli uşaq yazıçısının yaradıcılıq manifesti idi. Mərhum akademik Bəkir Nəbiyev onun əsərlərinə yüksək qiymət verərək yazırdı: "Nəriman Süleymanov hansı mövzuda, nədən yazır-yazsın, ya məktəb, ya kənd həyatı, ya şəhər, fərqi yoxdur, bütün əsərlərində bir tərbiyəçi, bir müəllim kimi çıxış edir".
Nəriman müəllimin atası Qoca bəy Süleymanov Qori Müəllimlər Seminariyasında təhsil almışdı.
Xalq şairi Osman Sarıvəllinin yaxın qohumu idi. Uşaqları heç olmasa ayda bir dəfə müdrik şairin ziyarətinə aparardı. Biz onların səmimiyyətinin, mehribanlığının canlı şahidi idik. Nəriman müəllimin atası Qoca bəylə şair mamaoğlu-dayıoğlu olublar. Onun çap olunan hər yeni kitabını, yaradıcılıq uğurunu sevinclə, xoş duyğularla qarşılayan Xalq şairi ilə birlikdə çəkdirdiyi fotoşəkillər isə indi bizə o günlərin ən xoş yadigarları kimi görünür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!