Noyabr, 1988-ci il. Meydan
Ağrı-acıyla yüklü bu yazı türkün qanına və onların əzəli doğma torpaqlarına yerikləyən ermənilərin üçüncümü, dördüncümü yol Qərbi Azərbaycanda yaşayan dinc, əliyalın türkləri yurdlarından bəlli havadarına arxalanaraq vəhşicəsinə qovduğu vaxtda, elə bir zamanda ki, Vətənimizin Xankəndi meşəsində doğranan ağaclara endirilən hər bir balta Bakının Azadlıq meydanına yığışmış milyondan çox adamın, sanki əlinə, qoluna, başına dəydiyi günlər qələmə alınıb.
Meydanda yüzlərlə adam çiyin-çiyinə dayanmış insan səddini yarıb tribunaya can atırdı. Həmin gün yüz minlərlə səsin, qışqırığın yaratdığı bir uğultunun içərisində balta səsləri, daha aydın, daha ucadan "eşidilirdi". Bu balta səsləri Dağlıq Qarabağın Xankəndi həndəvərində vəhşicəsinə doğranan meşədən gəlirdi. Milyon yumruq düyünlənib birdən yuxarı qalxır, ağac qırğınının dayandırılmasını tələb edirdi. Topxana meşəsini görməsəm də, ağacların baltalanıb ağaran kəsik yerlərini, buldozerlərin nəhəng ağacları itələyib adam kimi yerə yıxdığını "görürdüm" və elə bil vurulan dəhrələr, baltalar qoluma, qıçıma dəyirdi, içimdə həmin ağacların ağrısını duyurdum. Həmin 18 noyabr günü tribunaya can atanların arasında mən də vardım. Mikrofonla deyilən onlarca tələblərə həmrəy olsam da o gün, o saat hamının diqqətini mənə görə daha vacib, daha gərəkli olan başqa bir məsələyə cəlb etmək istəyirdim. Eşitmişdim ki, Ermənistanın rayon və kəndlərində min illərdən bəri yaşayan türkləri qovurlar. Həmin gün elə bilirdim tribunaya qalxıb bu xəbəri bildirsəm, milyon adamın həmrəylik və etiraz tələbini Ermənistan dövləti və Sov.İKP MK-nın Siyasi Bürosu eşidəcək və bu haqsızlığın, zorakılığın qarşısı dərhal alınacaq. Həmin gün nə qədər canfəşanlıq etsəm də, coşmuş hissləri daha da coşduracağımdan ehtiyat edənlər məni tribunaya çıxmağa qoymadılar.
Üç gün sonra Ermənistanın Meqri (Mığrı) rayonunun Lök kəndində (ermənilər kəndin adını dəyişib Vartanidzor qoyublar) məktəb direktoru Əvəz Əliş oğlu, məktəbin rus dili müəllimi İmanqulu Xudaverdi oğlu və kolxoz sədri Baba Mustafa oğlu qorxu içində rayonun yaxınlığındakı zastava gedib bildirdilər ki, dünən yüzə yaxın silahlı erməni kəndə gəlib hədə-qorxu ilə dedilər ki, bir gün ərzində rayonu tərk etməlisiniz. Zastavın rəisi polkovnik onlara cavab verir ki, bizim vəzifəmiz sərhədi qorumaqdır. Polkovnikin buz baxışları onları ermənilərin hədə-qorxusundan da bərk üşüdür.
On dörd gün ərzində nəinki Mığrı, Qafan, Zəngəzur bölgəsində, eləcə də bütün Ermənistanın indiki ərazisində yaşayan türklər əsən yellərlə, axan çaylarla yaşıd olan doğma ata-baba yurdlarından qovuldular. Ancaq on dörd gün sonra bəlli oldu ki, söyüşlərə, təhqirlərə, qırhaqırla qovulma kompaniyasına təkcə Ermənistan Kommunist Partiyası deyil, eləcə də başda Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov olmaqla, Siyasi Büro da razılıq verib. Ermənistan ərazisindən bütün türklərin qovulma aktı başa çatcaq Siyasi Büronun "müdrik və humanist" qərarı qəzetləri bəzədi. Bəlli oldu ki, hər hansı xalqın nümayəndəsi başqa xalqın nümayəndəsinə "gözün üstə qaşın var" deyə bilməz və qərarı pozanlar ciddi cəzalanacaqlar. Anlayanlar bildi ki, bu "humanist" qərar ancaq Azərbaycanda yaşayan ermənilərin təhlükəsizliyi üçündür.
Yetmiş il analarımızdan, tərbiyəçilərimizdən, müəllim və professorlarımızdan dostluğa, qardaşlığa dair laylalar, şərqilər, zərb-məsəllər, mühazirələr eşitmişdik, şeirimiz, musiqimiz, rəssamlığımız, kinolarımız xalqlar dostluğundan, beynəlmiləlçilikdən bəhs etmişdi. Məscidlərimizdə mollalar müqəddəs "Quran"ımızdan misallar çəkib Allahın adından bizi inandırmışdı ki, insan insana qardaş olmalıdır. Elə buna görə də biz türklər qonağı, qonşunu, tanımadığımız insanı özümüz qədər, özümüzdən də çox istədiyimizdən onları həmişə sədaqətlə, açıq ürəklə qarşılamışıq, yeməyimizin dadlısını, evimizin yuxarı başını, yatağımızın isti, rahat yerini qonağa verməyi özümüzə borc bilmişik.
Mahnı
...Gecə saat ikidə, bəzən üçdə qatardan düşəndə evimizə gedə bilmədiyimdən Mığrıda erməni kirvəmizin qapısını həmişə ərklə döymüşəm. Və hər dəfə onlar məni gülərüz qarşılayıb, boynuma sarılıblar, üz-gözümdən öpüblər. Günlərin bir günü kirvəmizin bağçaya gedən beş yaşlı qız nəvəsinin öz gəlinciyinə oxuduğu mahnıda Andranikin adını eşitdim ("R" hərfini deyə bilmədiyindən "Andlanik" tələffüz edirdi). Erməni xalqının "milli qəhrəmanı" hesab elədiyi cəllad general "Andranik" təkcə Zəngəzurda əkin-biçinlə, maldarlıqla məşğul olub, özlərini və həm də erməniləri dolandıran dinc türk kəndlərini gülləyə tutmuş, qılıncdan keçirmiş, 10068 adam öldürmüş, kəndləri talan edib viran qoymuş, əlli min adamı isə doğma yurdlarından didərgin salmışdı.
Onda anladım ki, kirvəmizin beş yaşlı qız nəvəsi Andranik haqqında gəlinciyinə oxuduğu bu mahnını on iki, on beş, iyirmi ildən sonra bətnində uşaq pəncərənin qabağında əyləşib gələcək körpəsinə corab toxuya-toxuya yenə oxuyacaq. Günlər, aylar ötəcək, körpə dünyaya gələcək, körpəsini əmizdirəndə südüylə, laylalarıyla həmin qan qoxuyan mahnını körpəsinin qanına, ruhuna yeridəcək.
Bunlar tarixdi, bunları indən belə unutmaq olmaz.
Qaçqınlar
1988-ci ilin noyabr ayında Ermənistandan (əslində, Qərbi Azərbaycandan) elliklə qovulan türklərin bir hissəsi min bir çətinliklə gəlib Bakıya doldu. Canlarından başqa hər şeylərini itirmiş qaçqınların yöndəmsiz geyimləri, dəlisoy, çaşqın baxışları, bəzilərinin etikaya sığmayan əsəbi, hikkəli və iddialı danışıqları, adicə yerişləri, davranışları aylardan bəri gərginlik içində yaşayan yerli camaatı bir az da hövsələdən çıxartdı. Bu "üzlü, sırtıq" qaçqınlar işsizlikdən, yurd-yuvasızlıqdan, bekarçılıqdan Bakıda yaşayanların işlərinə qarışmağa başladılar. Qaçqınlardan biri dodaqları boyalı olmasına görə bir qızı, başqa bir qaçqınsa sinəsi, çiyinləri açıq paltar geydiyinə görə başqa bir qızı danladı. Və şəhərin hər yerinə yayıldı ki, bu abırsız qaçqınlar burunlarını hər yerə soxurlar. Qəribəsi bu idi ki, həmişə hörmət edib saydığım tanınmış ziyalılardan bəziləri də hansı bir cavanınsa, yaxud cavanların yersiz dediyi sözü bütün qaçqınlara, "gəlmələrə" şamil edib, onlara "yurdlarını, ata-baba ocaqlarını atıb gələn, arvad-uşaqlarını qoyub gələn qeyrətsizlər" dedilər.
Evimizdə "Mülüşü" sözünü eşidəndə altı-yeddi yaşım olardı. Yadımdadır, atamın qanı yaman qaralırdı. İllər ötdükcə bu adı dönə-dönə eşidir, hər dəfə də atamın qanının qaraldığını görürdüm. Ağlım kəsəndə anladım ki, otlaqlı, meşəli, taxıl zəmiləri olan yüz hektarlıq "Mülüşü" deyilən yer vaxtilə bizim Lök kəndinin yaylaq torpaqları olub. İyirminci illərdə bu torpaq zorla alınaraq erməni kəndinə qatılıb. Onu geri almaq üçün atam (kolxoz sədriydi) haralara yazmadı. Ancaq faydası olmadı.
Son vaxtlar rayonda bütün erməni kəndlərinə, mal-qara tövlələrinə, dəyələrə uzanan yollar belə asfaltlanmışdı. Ancaq baş yoldan kəndimizin içinəcən iki yüz metrlik məsafəni asfaltlamağa rayonun gücü çatmadı. SSRİ-nin ən ucqar qəsəbələrinə gedib qayıtmaq mənə həmişə Mığrı rayonundan vur-tut on iki kilometr aralı olan Lök kəndinə getməkdən asan gəlib. Bizdən yuxarı bütün erməni kəndlərinə marşrut üzrə avtobuslar işlədiyi halda, təkcə Lök kəndi unudulmuşdu.
Yuxarı dağlardan "Dübək" deyilən yerdən baş alıb gələn su kəməri bizim kolxozun kövşənindən keçib rayona sarı uzanırdı. Bu su kəmərinə görə hektarlarla bərəkətli zəmilərimiz qazılıb korlandı, verimli meyvə ağaclarımız doğrandı. Su kəməri boyunca bütün erməni kəndlərinə həmin içməli sudan bir qol ayrıldı, yenə bizim kəndimizdən başqa.
İl yaxşı gətirməyəndə kolxoz pətəklərinin vur-tut iki yüz kiloqram balı olardı. "Qanuna" əsasən həmin bal rayona göndərilib ucuz qiymətə (qabaqlar iki, sonralar dörd manata) məsul və mötəbər işçilərə satılırdı. Cəvizi, soğanı da eləcə.
Mığrı rayonunda ermənicə çıxan "Araks" (Araz) qəzetinin vaxtilə bir səhifəsi türkcə olub. Qəzetin türkcə olan bölməsi 1949-cu ildə bağlandı.
Dəli İqnat
"Xux!" etcək qaçıb gəlməyib bu qaçqınlar, yetmiş ildir ermənilər ustalıqla onları qovurdu...
Ağlım kəsəndən kəndimizdə böyüklərin dilindən "burada yaşamağın axırı yoxdur" sözlərini çox eşitmişdim. Bir də bənna erməni İqnatın (Dəli İqnat deyərdilər) sözlərini. Türklərə ev tikəndə divarın üstündə onu tələsdirəndə belini düzəldib "Tikin e, elə gecə-gündüz tikin. Hamısı bizə qalacaq" deyərdi.
Aşkarlıq dediyimiz sözdən çox-çox qabaq İsmayıl Pirqulu oğlu və onun qardaşı Xanlar rayon mərkəzinə getmişdi. Heç kəsdən çəkinməyən, sözün düzünü deyən, kimsəyə boyun əyməyən və namusla yaşayan, elə buna görə o qədər də sevilməyən qardaşlar bir gün rayonda yeməkxanaya gedib nahar eləyirlər. Bir az da boğazlarını yaşlayırlar. Ovqatlarının xoş vaxtında balaca qardaş İsmayıl "Azərbaycan oğluyam" mahnısını oxuyur, nəqərat yerində böyük qardaş da ona qoşulur. Bu "günahlarının?" "Azərbaycan oğluyam" mahnısını oxuduqlarına görə həmin gün yeməklərinin üstündən qalxmamış, gəlib ikisini da tutub milis şöbəsinə aparırlar. Günlərlə "damda" saxlayıb incidir, təhqir edirlər. Axırda böyük məbləğdə pul alıb buraxırlar.
O gərgin noyabr günlərində bir nəfər "bəs sənin özün o vaxt niyə çıxıb gəlmisən bura?" soruşdu.
Zəngəzurun Oxçu (indiki Kaçaran) qəsəbəsində beş nəfər sənət məktəbini bitirib təyinatla rayonumuzun Həkərək (indiki Aqarak) qəsəbəsinə işləməyə gəlmişdik. Onlardan ikimiz türk, üçü erməniydi. Dərəcəmiz eyni olsa da, biz fiziki cəhətcə və bacarıqca ermənilərdən üstün idik. Buna baxmayaraq, ermənilərin aylığı 300-350 manat olduğu halda, bizə 100-120 manatdan artıq vermirdilər. Bir il boyu hər maaş alanda şikayətə gedirdik. Və hər dəfə şikayətə gedəndə neçə il qabaq ermənilər tərəfindən öldürulmüş Səlim Niftalı oğlunu və Məhərrəm Murad oğlunu xatırlayırdım. Məhərrəm çox ayıq, dilli-dilavər, düzlüyü sevən bir adam idi. Dağ mədənlərində işləyirdi. Düz danışdığına görə ermənilər ona "demaqoq" deyirdilər. Bir gün dağ yolunda Lehvaz kəndindən bir erməni onu vurub öldürmüşdü. Qatilin kim olduğunu hamı bilirdi, ancaq bu cinayət işini ermənilər ört-basdır etdilər.
Biz dözə bilmədik, mən oxumağa getdim, dostum Kamran isə Zəngilana qayıtdı.
Mən universiteti bitirdim. Kəndimizdə rayon maarif şöbəsinin müdirinə görüm-baxımdan sonra üç-dörd dərs saatı alıb "xoşbəxt" olanları görəndə, rayonda məsul vəzifəli türklərin yavaş-yavaş sıxışdırılıb çıxarıldığını biləndə, mən hansı ümidlə kəndimizə qayıtmalıydım!
Azərbaycanın göbəyində yerləşən Xankəndində belə, ermənilər türkləri qovduğu bir vaxtda, erməni daşnaklarının yaşadığı həmin kəndə ayaq basa bilmədiyimiz bir çağda fil qulağında yatan "ziyalım" soruşdu ki, Ermənistandakı Azərbaycan kəndləri niyə bir-biri ilə birləşmirdilər!
Rayona, poliklinikaya, bazara, mağazaya, yaxud bir arayış almağa gedən bir adam, xəstəxanaya doğmağa gedən bir qadın və onun bir qohumu kəndin bütün camaatını başına yığıb özüyləmi aparmalıydı! Rayona gedəndən-gedənə geyindiyi abır paltarı əynində olan bir kolxozçu yeməkxanada başını aşağı salıb çörək yediyi yerdə hansısa bir dığanın atdığı ələngə, sümük qırığı şappıltı ilə xörəyin içinə düşüb üst-başına sıçrayırsa, yaxud bir dəstə erməni dığası yanından ötəndə onlardan biri öskürüb qarşındakı qabın içinə tüpürüb gedirsə, yaxud bacınla, istədiyin bir qızla, həmyerlin olan abırlı qadınla bir topa erməni yeniyetməsinin yanından keçəndə onlardan sinirə bilmədiyin nalayiq söz eşidirsənsə, qardaşının, dostunun, kəndçinin də başına buna bənzər işlərin gəldiyini dönə-dönə eşidirsənsə, o rayona hansı həvəslə, hansı hisslərlə qayıtmaq olar? Kəndlər niyə birləşmədi!
"Böyük rus qardaşlarımızın qayğısı" ilə kəndlər, rayonlar arasında silahlı hərbçi dəstələr qoyuldu və türklərin bir-birilə əlaqəsi kəsildi. Hərbçilərin gözü qabağındaca əli avtomatlı erməni dığaları o yana, bu yana qaçıb at oynatdılar, ermənilərin bu ərköyünlüyünü hamı gördü. 1988-ci ilin ortalarında rəsmi orqanlar tərəfindən kənd adamlarında olan tək-tük silahlar - ov tüfənglərinəcən hamısı yığıldı. Son aylar ermənilər türk kəndlərinə vaxtlı-vaxtında ərzaq, yanacaq üçün qaz balonları göndərmir, gecə-gündüz istədikləri vaxt evlərə zəng edərək onları söyüb təhqir edir, hədə-qorxu gəlir, telefon xətlərini kəsib hər yerdən ümidlərini qıraraq psixoloji vahimə yaradırdılar.
Uzaq-uzaq dağların arasında telefonları kəsilmiş, işıqları söndürülmüş, hərəsində otuz, yetmiş ev olan Maralzəmi və Lök kəndlərinin üstünü vahiməli qaranlıq alırdı. Ölüm qorxusu ev-ev dolaşır, 1905-1918-ci illərdə olub unudulan faciələr yaddaşlarda yenidən canlanırdı.
Yaddaş
Evlərin birində dedilər ki, qaçqınlarını axtaran dörd yüz adam öz kəndləri Bağuda qayıdır. Günorta hamısı məscidə yığılır... Ermənilər Bağudda 400 adamı məscidə yığıb qapısını bağlayırlar. Qabaqca pəncərədən əl bombası atır, sonra od vurub hamısını yandırırlar.
Evlərin birində dedilər ki...
...Qədimə Tahir qızını xəncərlə doğradılar, döşünü kəsib südəmər uşağının ağzına soxdular.
Evlərin birində dedilər ki...
...Bağud kəndində Yolçu Şıx Hüseyn oğlu öldürüldü, ermənilər onun sünnətini kəsib mərhumun ağzına soxdular.
Evlərin birində dedilər ki...
...Bağudun qonşuluğunda olan bir kənddə, adı yadımdan çıxıb, Gülməstə Qasım qızının döşlərini kəsdilər, kürəyinin ortasına nal mıxladılar.
...Ağud kəndində Qulam-Api Şəkər oğlunun ayağını topuqdan kəsdilər, süngüləyib qamçıladılar, qanı axıb qurtaranacan, ölənəcən onu yeriməyə məcbur etdilər.
...Çullu kəndində yorğan-döşəkdə yatan doqquz xəstəni xəncərlə doğradılar.
...Nüvədi kəndində yorğan-döşəkdə hərəkətsiz yatmış yüz yaşlı qoca Əsəd bəy Məlikabbasovu süngüylə deşik-deşik elədilər.
...Lök kəndində qaynar samovarı bir kişinin çılpaq kürəyinə sarıyıb qaçmağa məcbur etdilər.
1988-ci ilin gərgin və qorxulu noyabr günlərində Lök kəndinin bütün evləri də, bu kəndin qarovulunu çəkən ayrı-ayrı dəstələri də 1918-ci ildə Hüseynəli kişinin atasının müsibətini qorxu içində xatırladılar.
Azğınlaşmış daşnakların əlinə keçib min bir əzab-əziyyət, rüsvayçı təhqirlərlə qarşılaşmasın deyə, Hüseynəli kişinin atası özü öz əliylə on bir uşağını xəncərdən keçirib evindəki buğda quyusuna tökür, təkcə oğlu Hüseynəli bu faciədən qaçıb yaxasını qurtara bilir.
"Yurd yerini, dədə-babalarının qəbrini, and yerini qoyub qaçan şərəfsizlər! Ölüb öz xarabanızda qalaydınız!" Bu sözləri Bakının küçələrində, meydanda, avtobusda, trolleybusda, iş yerində ayrı-ayrı adamlardan o qədər eşitdim ki, bir gün özümü saxlaya bilməyib mən də bu anlamazlar, bu daşqəlblilər kimi hikkəylə qardaşıma - heç nədən qorxub kəndi qoyub qaçdınız - deyəndə qardaşım tapança kimi açıldı:
- Sizdə insaf, vicdan yoxdur! Hamı da desə, sən demə barı! İyirmi beş, otuz il məndən qabaq qaçıb gəlmisən! Gəlib qoruyaydın da kəndi! Ermənilər bizim kənddən qabaq Lehvaza hücum etmişdilər. Kəndin arvadları dığaların üstünə qışqırıb hədə-qorxu gəlmək istəyəndə, bilirsən dığalar neyləyib!.. Ay zalım, mən nə kənd düşünürdüm, nə də ev-eşik hayındaydım. Deyirdim bircə uşaqları götürüm çıxım. On səkkizinci ildə Bağud kəndində qızların başına gətirilən oyunlar yadından çıxıbmı!..
İkinci katib
Mığrı rayonunda bir nəfərdən başqa hamı qovulmuşdu. O bir nəfərin ayaqları tutulmuşdu, yorğan-döşəkdə yatırdı. Uşaqları üç gün qabaq ev tapmaq üçün Bakıya getmişdi. Çarpayısının yanındakı telefon üç gündən bəri dəmiryol nəzarətçisinin telefonu kimi gecə-gündüz ara vermədən zəng çalırdı. Uşaqlarından xəbər gözlədiyindən istər-istəməz hər dəfə dəstəyi qaldırır və hər dəfə də ömründə eşitmədiyi söyüşləri, təhqir və hədə-qorxuları dinləməli olurdu. Pəncərələrinə tez-tez daş atılırdı.
O, dəstəyi qaldırdı:
- Ay yoldaş, innən belə mən burada qalan deyiləm. Sadəcə, ayağa qalxammıram. Uşaqlarımı gözləyirəm, gəlib aparasıdılar - deyib dəstəyi qoydu. Çox keçmədi yenə zəng çalındı, ona elə gəldi ki, bu zəng ucadan səsləndi. Həyəcan və ümidlə dəstəyi qaldırdı.
- Yoldaş Cəfərov...
Səs ona tanış gəldi, həyəcanı bir az da artdı. - Bəli, bəli, eşidirəm, - dedi.
- Maşın qapıda sizi gözləyir. Əgər geciksəniz, özünüzdən küsün. Kəsdiyimiz duz-çörəyin xətrinə xəbər elədim.
O, tanış səsi anışdıra bilmədi. Pəncərəyə sarı iməkləyib qollarının gücünə dartınıb qalxdı, aşağı boylandı. Həyətdə kuzovu qırlı, mazutlu "KRAZ" dayanmışdı. Maşının arxasından gur, qapqara tüstü çıxıb həyəti bürümüşdü. Bir ayağını qazdan çəkməyib o biri ayağı üstə maşının pilləkənində dayanmış gənc başıyla ona "gəl" işarəsi elədi. O, pəncərədən çəkildi, yenə iməkləyə-iməkləyə çarpayısına yaxınlaşdı. Telefonun dəstəyini qaldırıb raykoma, sonra milis idarəsinə, sonra tanıdığı, güman elədiyi bir neçə idarəyə zəng çalıb onu bir maşınla vağzala çatdırmalarını xahiş elədi. Növbəti dəfə dəstəyi qaldıranda: - Ay türk, maşını bəyənmədin, düş aşağı, mersedes gözləyir səni... Sənin ananı... yağlı-yağlı söyüşlər eşitdi.
Xəstəxanaya zəng elədi, axtardığı adamı tapdı. Vəziyyətini ona danışdı. Dəstəyi yerə qoyub sevinə-sevinə stulun başına keçirilmiş ütülü, nişastalı ağappaq köynəyini geyib qalstukunu taxdı, kostyumunu geyinəndə qapı açıldı. Tələsik onu xərəyə qoyub aşağıda gözləyən təcili yardım maşınına apardılar.
Maşın vağzala çatçaq onu düşürüb geri qayıtdılar. Üz-gözündən ziyalılıq yağan, səliqəli və zövqlə geyinmiş, asfalt yolun ortasındaca oturub əllərini yerə qoyaraq qollarına söykənmiş bu adam Mığrı Rayon Partiya Komitəsində uzun illər ikinci katib işləmiş, ikinci dərəcəli Vətən müharibəsi əlili, bütün rayonun tanıdığı ağsaqqal Əli Əlcəfər oğlu Cəfərov idi.
Hamı ancaq qaçqınları söyüb danlayır, onları suçlu bilirdi, bəs bu hadisələrəcən hansı dövlət xadimi, partiya işçisi, şair, alim, iqtisadçı, sosioloqumuzun, hansı artist müğənnimizin ayağı Mığrı, Qafan, Sisyan, Gorus rayonlarına və Ermənistanın başqa türk kəndlərinə dəyib, onların yaşayışı ilə yaxından maraqlanıb və bununla bağlı haralara yazıblar!
Dünyanın düz vaxtı
Zəngəzur və eləcə də Ermənistanın türklər yaşayan başqa ərazisində yüz illər, bəlkə də min illər yaşı olan kənd, çay, yer adlarıyla hansı coğrafiyaşünasımız, toponim ilə məşğul olan alimlərimiz maraqlanıb! Hansı tarixçi və arxeoloqumuzun ayağı bu qədim türk torpaqlarına dəyib! Mığrı rayonunun mərkəzindəki bağın hasar divarlarında qarşı-qarşıya qoyulmuş qoç heykəllərinin Nüvədi kəndinin ərazisindən (xarabalığa çevrilmiş "Tuğut" kənd qəbiristanlığından) maşına qoyulub gətirildiyini aldərəli çoban Allahverdi Məhərrəm oğlu görmüşdü. Bəs həmin rayonun Maralzəmi kəndinin yaylağındakı ("Tarıqulu" yaylağı) qədim türk qəbiristanlığındakı daş qoç heykəllərini ermənilər harasa apardıqlarını indən belə kim sübut edəcək...
Lök kəndinin (indiki Vartanidzor) "Tuğut" (Zəngəzur bölgəsində bu kənd adına tez-tez rast gəlinir) adlanan ərazisində bir qədim kilsə var. Bu kilsənin hansı xalqa - albanlaramı, ermənilərəmi məxsus olması tapmaca kimi qalır. Kilsənin yaxınlığındakı qəbiristanlıqda mamırlı başdaşların üstündə xaç nişanları var. Lök kəndindən yaylaqa çəkilən erməni buldozerçisinin tamahı güc gəldiyindən başdaşının üstündə xaç olan qəbri söküb dağıdır, onun altından nə tapsa yaxşıdı, müsəlman qəbrləri...
Mığrı rayonunun ərazisində müsəlmanların "Buğukar" adlanan bir müqəddəs yeri - ibadətgahı var. Naxçıvandan, Ordubaddan, Zəngilan, Cəbrayıl, hətta Bakının kəndlərindən bu müqəddas ocağa ziyarətə gələrdilər. Hələ dünyanın "düz" vaxtı ermənilər bir neçə dəfə bu məscidi qarət etdilər, neçə dəfə bu qədim abidəni partlatmaq istədilər.
Bakının ortasında erməni kilsəsinnn qabağında ermənilər həmişə arı kimi qaynaşırdı. Ancaq Mığrıda ermənilər "gömrük haqqı" almaq üçün məscidə gedən yolda şlaqbaum qoyub güclü nəzarət edirdilər. Pirə getmək türklərə qadağa olunduğundan onlar çox vaxt dağa-daşa, meşəyə vurub ziyarətə getməli olurdular.
Qarabağda yaşayan erməni kəndlərinin sosial-iqtisadi, mədəni vəziyyətinin Azərbaycanın bir çox, bəlkə də bütün rayonlarının kəndlərindən yüksək olmasına baxmayaraq, ermənilər qışqırıb dünyaya səs saldılar ki, zillət içindəyik. Ancaq biz istər Azərbaycan, istərsə Ermənistandakı türk kəndlərinin vəziyyətindən danışanda, yetmiş il bundan əvvəlki dolanışıq, güzaranla, yaxud sosial-iqtisadi və mədəni cəhətdən ən geridə qalmış bir ölkə ilə müqayisə edib bu gün onlardan çox irəlidə olduğumuza görə toxtayıb qürrələndik.
İllər boyu Azərbaycan televiziyasında erməni verilişləri göstərilib. Respublikamızda erməni dilində "Qrakan Azərbaycan" bədii jurnalı nəşr olunub. Neçə illər öncə İrəvanda fəaliyyət göstərən azərbaycanlı ziyalılardan "Bəs bunların qarşılığını siz niyə tələb etmirdiniz" soruşanda dedilər ki, Azərbaycan dövləti tələb etməliydi. Həmin sualla bizim tanınmış və nüfuzlu bəzi ziyalılarımıza, Azərbaycan KP MK-nın bəzi işçilərinə də müraciət eləmişdim.
Mığrı qaçqınları bir aydan çox Zəngilan rayonunun küçələrində ümidsiz-ümidsiz dolaşdı. Yollarda postlar yaradıldığından tək ananı belə Bakıda yaşayan oğlunun yanına buraxmırdılar. Kəndlərin ağsaqqalları yığılıb istənilən yerdə, lap Qarabağda kəndi kəndlə dəyişmək üçün dəfələrlə rəhbərlikdən xahiş etdilər. Ancaq adını tutmağa xəcalət çəkdiyim, indi familiyası qədər də özü adama miskin və zavallı görünən respublikamızın keçmiş katibi Vəzirov buna yol verməyib xalqımıza növbəti bir yara vurdu. Gümanı gələn yerə səpələnməkdən başqa qaçqınların çıxış yolu qalmadı.
Güllə yarası
Hərəsi bir yolla Bakıya gəlib çıxmış qardaş-bacılarım, qohumlarım aylardan bəri ev axtarırdılar. Günlərin bir günü yenə də ümidsiz qayıdıb yorğun-arğın və əsəbi oturmuşduq. Nənəm (anam): - Ay bala, səbrli olun, hər şey düzələcək" dedi. Şükür eləyin ki, bu dəfə ölən-itən qabaqkılar qədər olmadı. Dədəm deyərdi ermənilər iki dəfə evimizi yandırdı. Bu da üçüncü. Sonra da deyirsiz biz niyə kasıbıq... üçüncü dəfədir yurdumuz dağılır...
- Nənə, on səkkizinci il qırğını yadına gəlirmi? - soruşdum.
- Necə gəlmir?.. Ermənilər birdən kəndi üç tərəfdən gülləyə tutdular. O vaxt kənd indiki yaylaq yerindəydi. Qonşu kəndlərin hamısı ora yığışmışdı. Kişilər səngərə getmişdi. Elə o vaxt da bizimkilərdə sən deyən tüfəng yox idi, olan da o tüstülənən tüfənglərdəndi. Güllələr vıyıltıyla gəlib evimizin divarlarına dəyir, "yuvalar" açırdı. Sən deyən ağlım kəsmirdi. Barmağımı divarda açılan güllə yerlərinə soxurdum, xoşum gəlirdi. Nənəm qolumdan tutub evə dartdı. Gün batanacan eşiyə çıxa bilmədik. Qaş qaralanda "Bərəhellər" aşağı qaçıb dərəyə tökülüşdük. Dərədə qan su yerinə axırdı. Deyirdilər kənddə birinci güllə əmin Məhəmmədə dəyib. Qələ bürcü kimi bir oğlanıydı. Nənəm deyirdi ki, meyitini götürə bilmədilər, düzdəcə qaldı... Dərədən çaya enib üzüaşağı Xıbıra tərəf qaçırdıq. Ağanənən məni dalına almışdı, qarnında da bir uşağı vardı. Yorulanda məni yerə qoyub qaçırdı. Mən dala qalanda yenə qayıdıb məni dalına alırdı. Meşənin ətəyinə çataçatda birdən elə bildim ayağıma od basdılar, ayağımı yelləməyimlə nənəmin vaysınıb "vurdular" deməsi bir oldu. Məni dalından yerə qoydu, bu vaxt nənəmin ayaqlarının qana boyandığını gördüm...
Nənəm (anam) corabını çıxarıb ayağını divanın üstünə qoydu, məni yanına çağırdı. Çeçələ barmağından azca aralıda yanıq yerini göstərib "görmürsən?" soruşdu. Mən barmağımın ucu ilə həmin qırmızı novalçaya bənzər yeri ehmalca sığallaya-sığallaya başımı tərpədib "hə" dedim.
...Mənim ayağımı yalayıb ötən güllə Ağanənənin qıçının ortasından keçmişdi. Yaxşı ki, sümüyə dəyməmişdi. Yağış kimi yağan güllənin qorxusundan, yazıq nənəmdə div gücü varmış, yarasına baxmağa macal tapmadı. Əlimdən tutub darta-darta məni meşəyə sarı çəkdi. Payızın qovsuydu...
- Necə oldu ki, o qırğından sonra yenidən Mığrıya qayıtdınız? On səkkizinçi ili deyirəm.
- Necə qayıtmayaydıq? Ata-baba yurduydu. Daşı, torpağı, suyu, havası çəkdi apardı. Kökümüz, sümüyümüz orda qalmışdı...
O gün divanın üstündə əyləşən nənəm on səkkizinci il qırğınından çox danışdı. Bəlkə də onların çoxunu unudacağam. Ancaq onun ayağını sığallayanda barmağımın ucuna, oradan da ürəyimin başına keçən o qırmızı novalçaya bənzər yarıq heç vaxt yadımdan çıxmayacaq.
İlahi, bu türk qadını yetmiş il səbrlə susub, doğmaca övladına bir söz deməmişdi. Nənəm susmaqla düzmü, yanlışmı hərəkət elədiyini hələ də anlamıram. Və bunu indi də nənəmdən soruşa bilmirəm. Ancaq barmağımın ucunda, ürəyimin başındakı o güllə yerini xatırlayanda, istər-istəməz hər dəfə erməni kirvəmizin qız nəvəsinin Andranik haqqında oxuduğu mahnıdan tutmuş, illərdən bəri ermənilərin türkün əleyhinə yazdıqları qızışdırıcı məqalələr, cild-cild kitablar, kinofilmlər, televiziya verilişləri yadıma düşür. Və birdən ağlıma gəlir ki, türklərin bədbəxtliyi onlara edilən pislikləri unutmasındadır, ermənilərin bədbəxtliyi isə, onlara edilən yaxşılıqları unutmasındadır.
Erməni məktəbi
1988-ci ilin noyabr günlərinin birində Bakının "Azadlıq" meydanında yüz minlərlə adamın arasında doqquzuncu sinifdə oxuyan oğlumla qarşılaşdım, "dərsdən niyə qaçmısan?!" - danladım. "Bütün sinfimiz, bütün məktəbimiz qaçdı, hamısı burdadı". Oğlum bunları razılıqla dedi.
Ürəyimdə bir qürur hissi baş qaldırdı. Bir azdan sonra o, dəmirlərin üstünə vurulmuş neçə-neçə yazılardan birini göstərdi. "Armyanskiy druq xuje vsyakoqo vraqa". Sonra dedi ki, başa düşürəm, ancaq dəqiq tərcüməsini bilmirəm. Mən bu qədim Vizantiya sözünü bildiyim kimi, "Erməni dostu ən qəvi düşməndən də pisdir" tərcümə elədim. Bir azdan sonra oğlum həyəcanla məni yenə dümsüklədi. Bu dəfə göstərdiyi yazı Puşkinin ermənilər haqqında fikriydi: "Tı vor, tı rab, tı armyanin!". Həmin an İsveç alimi Massenin "Musulmanskaya renessans" kitabının 144-cü səhifəsi və fransız yazıçısı Aleksandr Dümanın ermənilər haqqındakı fikirləri yadıma düşdü.
Çoxları belə fikirlər söyləyir. Ancaq mən bildiyimdən olmaz, çünki heç bir yerdə yazılmayıb, onu bir vaxt oxuduğum sənət məktəbinin direktoru Adamyan deyib!
...Onuncunu qurtarmışdım, Zəngəzurun Oxçu qəsəbəsində on bir nömrəli texniki-peşə məktəbində oxuyurdum. Goruslu bir erməni dığası klubdakı təzə divanın qara meşinini bir neçə yerdən bıçaqla cırmışdı. Sıraya düzülmüşdük. Balacaboy, ağsaçlı Adamyan (məktəbin direktoru) əllərini arxasında daraqlayıb, sinirli-sinirli bizim qarşımızda var-gəl edirdi. O, birdən goruslu dığanın qarşısında dayandı, səsi indi də qulağımdadır: - Eşşi kurraq! Eşi bes gereles, eşi bes metsatseles! (Eşşəyin qoduğu! Eşşək kimi yemisən, eşşək kimi böyümüsən!)
Bu sözləri də deyəndən sonra elə bil Adamyan bir az sakitləşdi: "Başqa əlacımız yoxdur, xainlik qanımızdadır... Bir erməni olur, bir türk, bir də rus. Bunlardan soruşurlar ki, nə istəsəniz yerinə yetirəcəyik, ancaq bir şərtlə, nə istəsəniz həmin şeydən qonşunuza ikisini verməliyik. Rus fikirləşmədən yarım litr araq, türk isə at istəyir. Erməni görür ki, rusun qonşusuna iki şüşə araq, türkün qonşusuna iki at verdilər, deyib Adamyan başını qaldırdı. Aranızda türk varmı! - soruşdu. Erməni dığası başıyla məni göstərib: - Qa, bayts, xelki mi ban çiqdrum. (Var, ancaq ağlı bir şey kəsmir) - dedi. Direktor bir neçə addım atıb sözünə davam elədi: - Hə, erməni deyir ki, mənə bir gün vaxt verin. Vaxt verirlər. Şan vorti (it oğlu) səhərə kimi yatmır... "Elə şey olarmı, mən birini alım, qonşum ikisini" düşünür. Səhər olur. Gəlib soruşurlar bəs nə oldu! Qanı qara və əsəbilik içində - Bir gözümü çıxardın! - deyir...
Mənim balam, ancaq bilmirəm ki, ermənilər barəsində deyilmiş Vizantiya atalar sözü qədimdir, yoxsa Adamyandan eşitdiyim bu məsəl?..
Yurd
Kim qarğıdı qaçqınlara, döyüldükləri, söyüldükləri, vəhşicəsinə öldürüldükləri, ata-baba yurdlarından qovulduqları bəs deyilmiş, burada özümüzünkülər nələr demədilər onlara! Elə bilirlər o başılovlular mağaradan, meşədən çıxıb gəliblər. "Bakıya gəlmək ürəklərindənmiş" deyirdilər. Hardan biləydilər Zəngəzurdakı Lök kəndinin qaçqınları öz evlərini necə tikmişdilər!! Mənim balam, orda dağların qoynunda qalan evlərimizi tikəndə sən yaşdaydım. O evlərin daşlarını çaylaqdan bircə-bircə yığıb maşın yoluna dalımızda daşımışdıq. Çaylaqda daş qurtaranda dağın döşünü qazıb torpaqdan çıxartmışdıq. O vaxtlar özüboşaldan maşınlar yox idi. Əlimizlə maşına yığdığımız daşı əlimizlə də boşaldırdıq. Kəndin ortasından çay axırdı. Çayın o tayında ev tikənlərin işi ikiqat çətin olurdu, illah da ki, eşşəyi olmayanların. Daşları, qum kisələrini, milləri, pərdiləri belindəcə ağzı yoxuşa dirənə-dirənə daşıyardılar. Həbib Mir Məcid oğlundan, Gülü Xudaqulu qızından soruş bunları, gör düzmü deyirəm. Mənim balam, səndəmi bilmirsən bu yiyəsizlər niyə qaçıb gəliblər? Ağlınca bu zillətlə özlərinə ev-eşik quran adamlar asanlıqla, kefdənmi qaçıb gəldilər! Bağçaların gilasları böyüyüb-böyüyüb qoz ağacı boyda olmuşdu. Hər yazbaşı gilaslar, gilənarlar fışqırıb çiçəkləyəndə adamların ürəklərindəki olan-qalan qaranlıqlar işıqlanırdı, bəyaz-bəyaz çiçəklərə baxanlar bir-birinə daha mehriban olur, daha da doğmalaşırdı. O gilaslar ki, nənəm (anam) Məhliqa Mahmud qızının əlləriylə əkilmişdi, su tutmayan ağacları illərlə vedra-vedrə su daşıyıb suvarmışdı, diblərinə peyin vermişdi, qışın ayazlı gecələrində şaxtadan qorumaq üçün tonqal qalayıb ağacları tüstüyə vermişdi və beləcə illər boyu gözünün önündəcə boy atıb böyüyən gilas, gilənar, alma, armud, şəftəli, tut ağacları övlad qədər doğmalaşmışdı!
Maral inəyinin qaşqasını qaşıyıb qabarlı əlləriylə mehriban-mehriban boynunu tumarladığı kimi bağçasındakı alça, armud, gavalı ağaclarını da sığallayan və sığalladıqca bütün yorğunluğunu unudan, ürəyində onlarla söhbət edən səksən yaşlı Xanəli əmidən soruş, mənim balam, soruş gör burda, Bakının küçələrində günlərlə ev axtarmaq, burada yaşamaq haçansa onun ağlına gəlmişdimi, yuxusuna girmişdimi!
Kəndimizdən sonuncu çıxanlardan biri də iyirmi il bundan qabaq gözlərinin işığını itirmiş Mürsəl Şirzad oğludur. Ermənilər onun bağçasından pətəkləri daşıyıb aparanda "Mən görmürəm, bəs sizə nə gəlib, məni görmürsünüz!" soruşub. Ermənilərdən biri yaxınlaşıb demişdi:
- Ara, qorxma eli, hak-hesabı kasacağam. Biri yüz ali manatdır, biliram. Ancax man yüzdan veracağam. On yaşika min bas elar!?
- Nə deyirəm...
Pətəkləri maşına yığandan sonra erməni Mürsələ yaxınlaşıb: - Al, - deyir. Qəpik səsi eşitdiyində Mürsəl əlini uzatmır. Erməni ucadan: - Alini ver da, naz elama, mən talasiram - deyir. Mürsəl əlini uzadanda erməni əlindəki qəpikləri onun üzünə sarı tullayır: - harasina iyirmi qobeq, basindi. Yığ, yığ qoca türk, man qetdim! - deyib gedir.
Qanbay Məmi oğlunun kolxozun kövşəninə söykənmiş ikimərtəbəli evi saraya bənzəyirdi. İyirmi il bundan qabaq tikməyə başlamışdı, bünövrəsini ay işığında qazmışdı. Ermənilər kəndə basqın edəndə iyirmi ilə tikdiyi evin son işlərini görürdü, evlərinin üstündəki su çənini rəngləyirdi. Kənddən çıxmağı ağlına gətirmirdi. Bağçası daşlı, çınqıllı bir yer idi. Buğdanı şədərədən, xəlbirdən keçirib qumdan, zir-zibildən arıdan kimi iyirmi il öncə bu torpağı o üzə, bu üzə çevirib qayadan, daşdan, çınqıldan arıtmışdı. Maşınlarla gətirdiyi peyini xərəklə daşıyıb torpağa qatmışdı. Nələr yoxdu bağçasında! Qaçqınları qınayanlar, danlayıb söyənlər, pənah gətirdiyi Azərbaycan torpağından da qovmağa hazırlaşanlar, sizin ilk yazbaşı sarı-sarı çiçəkləyən, payızda qızarıb dəyən zoğalın sevincindən, yazda sel kimi aşıb-daşan meyvə ağaclarının bəmbəyaz, çəhrayı çiçəklərinin sonsuz fərəhindən... gecələr dərinləşdikcə göylərdəki ulduzların böyüyüb, böyüyüb, kəndin üstünə yaxınlaşdığından və yüz illər, min illərdən bəri "bərəkətli toxumlar kimi" doğma və müqəddəs ölülərin doğma torpağa basdırıldığından xəbəriniz varmı!? Bütün bunları qoyub qaçmağa məcbur olanları qınamaq olarmı, ey qan qardaşım!
Allahdan aşağı
1988-ci ilin acıları unudulmaz noyabr günlərinin birində "Memar Əcəmi" metrosunun çıxışında xəyala bənzər bir qadın gördüm. Saçları dağılmış, gözlərinin yaşı qurumuş, yüzlərlə adamın arasında özünü tənha hiss edən ağsaçlı bir qadın. Öz-özüylə, Ermənistanda öldürülmüş oğluyla danışırdı: "Burada nə işim qalmışdı, niyə gəldim? Ölüb yanında qalmadım. Üstündə kim ağlayacaq?.."
Sonra Allahla danışırdı: "Gözün çıxsın, fələk, balama necə qıydın? Yurdun dağılsın, fələk". Fələk neyləsin axı! Bir bəla ki, ermənidən və mərkəzdən gəlir...
Baxışları buz kimi, səsi həyəcansız, quru, təkcə ümidini deyil, qorxusunu da itirmiş kölgəyəbənzər bu insanı elə bil yel aparırdı. Gah öz-özüylə, gah Ermənistanda ölüb qalan bircə oğluyla danışan, gah da Allahla danışıb ona qarğış edən xəyala bənzər o qadını görəndə anladım ki, Allahdan aşağı Yer üzünün bütün bəndələrinin günahını çəkinmədən üzünə demək olar. O gərgin əsəbi noyabr günləri küçələrdə qaynaşanların arasında əl-qolunu oynadıb öz-özü ilə bəzən ucadan, bəzən astadan danışan çoxlarına təsadüf elədim. Bir də ayılıb gördüm ki, qarşıdan gələn adamlar heyrətlə mənə baxırlar...
"Bəs sən deyirdin insanlıq yaxşılığa, kamilliyə doğru gedir!" Mən də inanmışdım. Deyirdin ki, keçmişə baxmış hal-hazırda bu gün insan yaxşılaşıb. İki yüz minə yaxın adamı iki həftənin içində döyə-döyə, söyə-söyə, öldürə-öldürə qışın oğlan çağında sürü kimi qabağına qatıb yurdundan, yuvasından qaçmağa məcbur edənlərmi yaxşıdır, Uilyam Folkner? Özü də bu amansızlıq, vəhşilik xristianlığın min illiyi qeyd edilən bir dövrdə oldu. Bəlkə bu, bilə-bilə xristianlıq üçün hazırlanmış bir sürprizdir! Uilyam Folkner, sən bu ümidli sözləri deyəndə, yoxsa təkcə öz ölkənizi nəzərdə tuturdun!..
Mixail Sergeyeviç, indən belə səni nə qınayıram, nə də səndən bir şey umuram. Sənin başın çox "böyük işlərə" qarışıb. Ucu-bucağı görünməyən bir ölkədə demokratiya, aşkarlıq (yaxşı, bəs bu aşkarlıq şəraitində Maltada Buşla qapalı görüşünüzü necə yozaq? Xristianlara sürpriz hazırlamaq niyyətindəydiniz, yoxsa müsəlmanlara!) işinə başlamısan? Bu aşkarlıq fonunda böyük və qədim bir xalqın hüququnu, haqqını amansızcasına tapdalamaq işini həyata keçirirsən. Öz "demokratik və ədalətli" işini dünya xalqlarına inandırmaq üçün imkan daxilində olan bütün vasitələrdən istifadə edilməsinə yol verirsən. Böyük və qüdrətli bir xalqın əl-qolunu bağlayıb ermənilərin qarşısında yazıq, aciz göstərməkdən ləzzətmi alırsan! Doğrudanmı Dağlıq Qarabağın azərbaycanlılaramı, yoxsa ermənilərəmi məxsus olduğunu iki ildən(!) sonra bildin! Əgər bunları bilə-bilə edirdinsə, de görüm rus dövlətinə Azərbaycan torpağı çox fayda, gəlir verib, yoxsa Ermənistan torpağı? Təkcə Böyük Vətən müharibasində Bakı neftinin gördüyü işi yadına sal. Onda belə düşünməli oluram ki, Mixail Qorbaçov öz şəxsi mənafeyini rus dövlətinin, daha doğrusu, rus xalqının mənafeyindən üstün tutur. Əgər belə deyilsə, iki yüz minə yaxın türk indiki Ermənistan ərazisindən vəhşiliklə qovulanda bəs niyə bu hadisəyə göz yumdun? Mixail Qorbaçov, əgər mən qurultay iştirakçısı olsaydım, bu sualı verərdim, sən də özünə xas olan bicliklə araya söz qatıb cavab verməkdən qaçardın, mən səni təmkinlə dinləyərdim, nələr deməyindən asılı olmayaraq, yenə həmin sualımı verərdim, sən yenə başqa məsələlərə keçib məni çaşdırmağa çalışardın, mən yenə təmkinlə səni dinləyərdim, sözünü qurtarcaq, yenə də verdiyim sualı təkrar edərdim, lap qurultayın sonunacan, ta məni tutdurana qədər soruşardım, soruşardım, soruşardım...
Haqqa, ədalətə, yaxşılığa doğru gedən bəşəriyyətin son rəhbərlərindən biri Mixail Qorbaçov, mən siyasət adamı olmasam da, onu bilirəm ki, nahaq qan tökmək olmaz. Onu bilirəm ki, bir manat dəyəri olan nəyisə oğurlayanda, bir insanı təhqir edəndə, həmin günahkarı ittiham edib cəzalandırırlar. Öldürülən yüzlərlə azərbaycanlı və erməninin, yüz minlərlə qaçqının, haqsız repressiyaların günahı kimin ayağına yazılmalıdır! Özünü az da olsa suçlu bilirsənmi! Yoxsa hakimlərin mühakimə olunmadığına arxayınsan! Yoxsa qüdrətli bir imperiyanın gələcəyi naminə bu qırğınları təbii və zəruri hal sayırsan! Yoxsa başqarışdırma əməliyyatı rus dövləti üçün keçmişdən qalma bir ənənədir! Mən bu suallara cavab istəyirəm".
O məşəqqətli günlər Bakı şəhərində bir küçənin o biri küçədən, Azərbaycanda bir kəndin o birindən, rayonun rayondan xəbəri yox idi. Bakının "Azadlıq" meydanında, küçələrində insan qələbəliyini gördükcə, qaçqınlarla bağlı bir-birinə bənzəməyən faciələr haqqında eşitdikcə, bəzən ölümün yaxasından qaçıb qurtaran adamlarla rastlaşdıqca ağlım başımdan çıxırdı. Ürəyimdə Vasili Belovla, Rasputinlə danışırdım. Hardasan, niyə səsin çıxmır, SSRI xalq rəssamı Tahir Salahov, həmişə sənətinlə, adınla, şan-şöhrətinlə öyünən xalqının başına gələnlərdən xəbərin yoxdurmu? Yoxsa sən də məlumatları yalan, böhtan, riyakarlıqla dolu mərkəzi mətbuatdan alırsan! Adınla öyünüb fəxr etdiyimiz rəssam, yoxsa düz danışıb vəzifəni, karyeranı itirəcəyindənmi qorxursan? Məbada, səsini çıxardıb isti yerini soyuq edəsən, Abşeron balası...
Yevgeni Yevtuşenkoya belə bir teleqram vurdum: "Nə üçün şair, rus vicdanın susur? Kolbasa növbəsində dayanmış adamların dərdini çəkən şair, kəpənəyin, qarışqanın ağrısını duyan şair, Ermənistanın Mığrı rayonunda əliavtomatlı ermənilər dörd minəcən türkü, əliyalın dinc insanları heyvan sürüsü kimi qabağına qatıb həmin rayonun Astazur kəndinəcən qovdu. Başqa bir silahlı erməni dəstəsi qaçqınların qarşısını kəsdi. Spitakda, Quqarkda, Kirovakanda ermənilər türkləri orijinal ölüm üsulu ilə qırdılar. Bir insanın deyil, bir xalqın taleyi səni narahat edirsə, Bakıya gəl, qanlı-qadalı günlər olsa da, səni layiqincə qarşılayıb yola salan tapılar".
Andrey Voznesenskiyə belə bir məktub yazdım: "Salam, Andrey Voznesenski, salam Allahlıq iddiasına düşən şair! Sən niyə susursan, niyə özünü bilməzliyə vurursan? Damarlarında qan yerinə fitnə-fəsad axan erməniləri, yoxsa səndəmi "çox əzab çəkmiş xalq" kimi tanıyırsan? Sənindəmi aldığın məlumatlar ancaq erməni konyakı qoxuyan mərkəzi televiziya verilişlərindən, qəzet materiallarından olub? Onda yazıqlar olsun ucqarlarda yaşayan zəhmətkeş rus xalqına! Bir vaxtlar səni dönə-dönə oxuduğuma, inanıb sevdiyimə yanıram. Hrand Matevosyanın susması aydındır, çünki o, erməni xalqının oğludur, nə qədər də cəsarətli, namuslu olsa, öz xalqını tənbeh etmək, onun haqsız olduğunu açıq söyləmək onun üçün çətindir. Bəlkə bunu gələcəkdə bədii əsərlərində göstərəcək. Deyək ki, Mesrop kimi. Onun namuslu yazıçı kimi susması, erməni fitnə-fəsadından yuxarıda dayanmasıdır. Bəs sənə nə olub Andrey Voznesenski, doğrudanmı Azərbaycan, Ermənistan münasibətində kimin haqlı, kimin haqsız olduğunu bilmirsən? Yoxsa ən böyük günahı, haqsızlığı bütün bu qarışıqlığı salan rus dövlətində gördüyün üçün susursan? Məncə, şair hər hansı müvəqqəti bir quruluşdan, dövlətdən, imperiyadan yuxarıda dayanmalıdır.
Bir vaxtlar sənə bərk inandığım şair, görəsən Rusiyada elə bir adam tapılarmı, şair, yazıçı, deputat olması məcbur deyil, lap pinəçi olsun, sağıcı, şaxtaçı, yer şumlayan olsun, erməni və türkün son münasibətinə dair iddiasız, qərəzsiz, namusla bir məqalə yazsın, fikrini dünyaya bildirsin! Axı, sənin susmağın, Vasili Belovun, Rasputinin, Yevtuşenkonun susmağı zəhmətkeş rus xalqı, rus vicdanı haqqında pis fikir yaradır. Bəlkə sizləri rus dövlətinin bugünkü siyasətindən ayırmaqda sadəlövhlük edirəm? İnanırsanmı, Andrey Voznesenski, mən xalqımın bu ağır günlərində gecələr işığı söndürüb yerimə girəndən sonra o namuslu, vicdanlı Lev Tolstoyun, yazıçı Çexovun mələk ruhunu çağırıb onlarla danışmaq istəyirəm, bəzən danışıram, elə bilirəm ki, onlar məni dinləyir, deyirəm görürsünüz, hələ də insanlar insanların başına nələr gətirir. Andrey Voznesenski, birdən şübhələr içində düşünürəm, görəsən bu gün Lev Tolstoy, Çexov yaşasaydı, onlar da sizin kimi susardılarmı? Yox, vicdanlı yazıçı susmaz!
Bir insan, bir şair kimi səndən soruşuram, bir qadının bir gilə göz yaşı ağırdır, bir ahı yandırıcıdır, yoxsa iki yüz min qaçqının faciəsi?..".
Nə teleqramın cavabı gəldi, nə də məktubumun.
O noyabr günləri dərd dərdi qovurdu, ölüm ölümü. Sonralar bəlli oldu ki, təkcə Ermənistanın Quqark rayonunda səksən türk öldürülüb. O vaxtlar heç kimin inamı yox idi ki, bu faciənin qarşısını kimsə ala bilər. Mən rus monaxına, Roma papası ikinci İohan Pavelə, BMT-yə, İnsan Hüquqlarını Müdafiə Komitəsinə teleqram vurub haqq-ədaləti bərpa etmək üçün kömək istəyirdim. Hanı bəs insanları, xalqları dostluğa, qardaşlığa çağıran dininiz! Bəlkə biz türklərin, müsəlmanların bilmədiyi başqa bir dini, müqəddəs kitabınız da var! Bəlkə İncilinizdəki "insan insanın qardaşıdır" kəlamı biz müsəlmanları aldatmaq, başımızın altına yastıq qoyub yatırtmaq üçünmüş?!
Dünyada hər şey, hər şey mənə yalan göründü. Xalqların inkişafı, millətlərin mədəniyyəti, bəşəriyyətin sivilizasiyası bir anda, bir addımda alt-üst ola bilərmiş. İnandım ki, min illər ötsə də, insanlıq vəhşilikdən qurtara bilməyəcək! Gözəllik, yaxşılıq adına deyilmiş, yazılmış hər şey yalanmış! Haqq, ədalət, vicdan, qardaşlıq, dostluq, insanlıq adicə sözlərmiş, kimlərisə aldatmaq üçünmüş!..
Zəlzələ - xəbərdarlıq
Ermənistanın Krasnoselo rayonunda rus hərbçiləri qaçqınlara "qayğı" göstərdilər. Xilas etmək adıyla əslində qovma kompaniyasını sürətləndirmək üçün qaçqınları tələm-tələsik zirehli maşınlara, vertolyotlara yığıb kəndlərdən çıxartdılar. Kəndlərdə elə qara-qorxu, vahimə yaradılmışdı ki, hamı başını itirmişdi. Qardaş bacıdan, ər arvaddan xəbər tutmadan canını götürüb qaçırdı. Elə gərginlik yaradılmışdı ki, gənc ana qaynanasına arxalandığından südəmər uşağını beşikdən götürməyə maçal tapmamış, tələsik qaçaraq özünü vertolyota çatdırıb Azərbaycana gələrək körpəsini və qaynanasını səbirsizliklə gözləyirmiş. Qaynananın uşaqsız gəldiyini görəndə gənc ana həmin an ağlını itirib havalanır...
Ermənistanın şəhər, rayon, kəndlərində yaşayan türklərə amansızcasına divan tutuldu. Zəlzələdən söz düşəndə Kanbay Məmi oğlu dedi: - Mığrının vağzalında dəmiryolu boyu kilometrlərlə adam toplaşmışdı. Uzun bir eşalon gəldi. Uşaq, ağbirçək, ağsaqqal, xəstə bilmədən adamlar yük vaqonlarına sarı qaçdılar. Bir də gördüm insan seli Fatmabəyim xalanı da qabağına qataraq vaqonun qapısının ağzına gətirib. Bu ağbirçək qarının gözləri çoxdan tutulmuşdu. O hay-küyün, qışqırığın içində nədənsə onun yavaşdan dediyi "hara! hara!" - sözlərini eşitdim, "Əlini ver! Əlini yuxarı qaldır, Fatmabəyim xala!" - qışqırdım. Balacayla mən onun əllərindən tutub var-gücümüzlə tələsik yuxarı dartdıq. Yazıq arvad ayağını ata bilmədiyindən vaqonun dəmiri topuğundan dizinəcən qıçlarının dərisini sıyırıb qan-çil elədi. O hay-küyün içində Fatmabəyim xalanın yanıqlı ufultusunu da eşitdim. O yanlarda adamların başına nə oyunlar açıblar, nə divan tutublar deyə bilmərəm. Allah təkcə o köməksiz qarının qıçlarının nə günə düşdüyünü görsəydi, güclə eşidilən, ancaq bədəni ürpəşdirən o ufultunu eşitsəydi, bu zülmü götürməzdi...
Bu zülmü böyük Allah götürmədi, ancaq o vaxta qədər gözlədi ki, ermənilər türklərin hamısını doğma yurdlarından qovub çıxartdı. Elə ki, türklər oradan uzaqlaşdılar, gözlərini qan tutmuş, azğınlaşmış erməniləri ayıltmaq üçün Ermənistanın o yerlərini silkələdi. Qoy ermənilər zəlzələni təbiətin qanunu hesab etməsinlər. Bilsinlər, unutmasınlar, türklərin heç kimi olmasa da, bircə Tanrısı var.
7 dekabr 1988-ci ilin yer titrəməsi ermənilərin yeni faciəsini yaratdı. Bu xəbəri bütün dünya, eləcə də Azərbaycan və Azərbaycana pənah gətirmiş türk qaçqınları da eşitdilər. Yalanın nə mənası, Ermənistandan qovulmuş bu qaçqınlar sevindilər. Bu sevinc bəzən erməniləri zəlzələnin dəhşəti qədər yandırdı. Zəlzələnin faciəsi ilə bağlı elin dərdini çəkmək əvəzinə, həmin an boğazı cırıla-cırıla bütün dünyaya car çəkib "türklər bizim müsibətimizə sevinir" deyən erməni, həmin məqamdan istifadə edib türkü bir daha gözdən salmaq niyyətiylə nə qədər şərəfsiz, nə qədər alçaqsan! Əgər indi özünə gəlmisənsə, sualıma cavab ver: Noyabrın 28-də Tumanyan rayonunun Böyük Ayrım kəndində vəhşicəsinə öldürdüyünüz Haqverdi Haqverdiyevin, Abbas Əliyevin, Səməd Mahmudovun qardaş-bacısı, qohum-əqrabası, doğmaları sənin kədərinə şərikmi olmalıydı?..
26 noyabrda Sisyanın Şəki kəndindən qaçıb canını qurtarmaq istəyəndə Xalisə Əmrah qızı yoldaca donub öldü, onun qızı Gülarənin əl-ayağını soyuq apardı. Anasının ölümünə, bacısının əl-qolunu soyuq aparmasınamı görə Əşrəf Kərimov ağrına-acınamı ağlamalıydı?..
Ucu şiş dəmir alətlərlə bədəninə zərbələr endirilmiş, beşbarmaqla vurulub gözü kor olan, huşunu itirib Tiflis xəstaxanasına düşən, arvadından, balaca oğlundan xəbərsiz olan noyanberyanlı (Baqrataşen qəsəbəsi, üç nömrəli ev) Əfəndi Yusif oğlu sənin vayınamı qoşulmalıydı?..
Stepanavanlı (Kuybışev kəndi) yetmiş yaşlı Təmraz Yusifoğlunun evində yeyib-içən quduzlaşmış ermənilər qocanın başını iti daşla kəsdilər. Yetmiş yaşlı quqarklı (Vartana kəndi) qolu kəsik Qəribi diri-diri yandırdılar və həmin kənddən on bir adamı vəhşicəsinə öldürdülər. İymrmi doqquz yaşlı spitaklı (Saralı kəndi) Teymur Məsim oğlunu, onun əmi nəvəsini işgəncə ilə məhv etdilər. Teymurun yaralanıb xəstəxanaya düşən arvadını erməni tibb bacıları mələfə ilə boğdular. Bunların və daha neçə-neçə mərhumun doğmaları, qohumları, ellilərimi ağlayıb yas saxlamalıydı sizin şivəninizə?
Yollarda ölüb basdırıla bilməyənlərin, namusunu tapdadığınız qız-gəlinlərin qohumları, qardaşları, ərlərimi yas tutmalıydı sizə?!
Zəlzələdən bir gün sonra Bakıdan Yerevana türk adıyla təbrik teleqramı göndərən erməni, nə qədər ləyaqətsiz, nə qədər iyrəncsən! (Bu teleqramın azərbaycanlı tərəfindən vurulduğunu zənn edib cinayət işi qaldırmağı vacib sayan mərkəzi mətbuat, xalqımızın faciəsini görməməkdə sən də nə qədər kor və rəzilsən!). Qovduğunuz qan qardaşlarımızın ağrısı-acısı bütün Azərbaycanı bürüdü. Zəlzələdən sonra siz daha böyük fəlakətə uğradınız. Ötəri də olsa bizim başımıza gətirdiyiniz faciəni unutduq, dar, ağır gününüzdə sizə yardım etmək istədik, köməyə gələn təyyarəmiz sizin torpaqda (!) qəzaya uğradı. Türkiyənin göylərindən (!) keçib gələn Yuqoslaviya təyyarəsi də qəzaya uğradı. Sizin yolunuzda ölən (öldürülən) altmış doqquz qardaşımızı heç olmasa insanlıq naminə, etika naminə bircə yol da yad etmədiniz. O ölənlərin ruhu qarşısında həm siz, həm də onları sizin torpağınıza ölümə göndərən bizim müti başbilənlərimiz cavab verməlidirlər! Niyə həmin gün köməyə gedənlər arasında respublikamızın rəhbərlərindən, partiya və dövlət işçilərindən birinin də əziz-xələfi yox idi!..
Yazıçı
Yazıçı Hrand Matevosyan, bilirsənmi Azərbaycanda sənin nə qədər oxucun vardı? Qabaqlar ayağım İrəvana düşəndə neçə-neçə erməni şairinə, yazıçısına, jurnalistinə sənin gözəl yazıçı olduğundan danışırdım, onların çoxu səni tanımırdı, tanıyanlarsa dodaq büzərdilər, bir yazıçı kimi səni bəyənmirdilər. Yarızarafat, yarıciddi onlara deyirdim ki, Hrandı sevməyən istedadsız, sənəti anlamayanlardır. Bir az da qızışanda çəkinmədən deyərdim ki, sizin üçün istedadlı adam Zori Balayan kimiləridir. Yalançı, böhtançı, millətçilər! İstedadsızlığını gizlətmək üçün millətçi adıyla sənətdə alver edənlər! Sevilmək, tanınmaq üçün hətta xalqı qırğına verməkdən, ölümə aparmaqdan çəkinməyən populyarlıq azarına tutulanlar! Deyirdim yazılarıyla, böyük istedadıyla Hrand sizdən böyük "millətçi"dir.
Hrand Matevosyan, o qaragüruhun, o fanatiklərin arasında yaşayıb susmağın, yalan, böhtan deməkdənsə susmağın igidlikdir! Mənə bir şey maraqlıdır, son iki ildən bəri davam edən erməni-türk münasibətləri ilə bağlı sizin ziyalılarınız arasında xalqınızın coşdurulmuş hisslərini yatırtmağa, qonşuluq münasibətlərini gözləməyə çağıranlar az da olsa vardımı? Doğrudanmı sizdə ağsaqqal missiyasını boynuna götürənlərin hamısı Silva Kaputikyan, Sero Xanzadyan, Zeytunsyants, Vartges Petrosyan, İgidyan, Zori Balayan, Şahnazarovlar və nəhayət, ata saydığınız Vazgen kimilərdir!? Bunlar erməni xalqını birbaşa qırğına, ölümə, məhvə səsləmirlərmi?! Eşitdik ki, ata Vazgeniniz deyirmiş, Qarabağı almaq xatirinə yeri gəlsə, Bakıdakı bütün erməniləri qurban verməyə hazırıq.
Yox, Hrand Matevosyan, elə bilmə zərər çəkmiş, təhqir edilmiş, öldürülmüş, bizimkilərlə müqayisədə çox az hissəsi qovulmuş (çünki Bakı və Azərbaycandakı ermənilərin çoxu, daha doğrusu, ağıllıları törətdiyiniz biabırçılığı, vəhşiliyi görçək ev-eşiyini, əmlakını satıb vaxtında köçüb getdilər) ermənilərin faciəsini gizlətmək fikrindəyəm. Əslində, Azərbaycandakı erməniləri də siz və sizin üstünüzə qanadını çəkmiş "sülhsevər" mərkəzi dövlət qovaladı. O erməniləri ki, həm Stepanakertdə qeydiyyatı vardı, həm də Bakıda. O erməniləri ki, Bakının özündə üç yerdə evi vardı. Hrand, indən belə səndən və ermənilərdən nə umacağım var, nə də sizi barışığa, dost olmağa çağırıram, sadəcə bu dəqiqə bütün ermənilərin içində ancaq səninlə danışa bildiyimə görə istəyirəm bir həqiqəti biləsən ki, Bakıda on üç yanvarda (1990) ermənilərin başına gətirilən "oyun" üstünüzə qanadını çəkmiş dövlətin növbəti proqramı-layihəsi əsasında həyata keçirildi.
Hrand, Bakının küçələrində Mığrıdan, ata-baba yurdumuzdan qaçıb gəlmiş doğma qardaşıma, bacılarıma, qohumlarıma aylarla ev axtarırdıq. Yüzlərlə erməninin qapısını döyüb ev dəyişmək üçün söhbətə girişirdik. Ermənilərin təxminən doxsan beş faizi Mığrı rayonu ilə maraqlanmırdı, onda Göyçə, Krasnoselo, Razdan və Ermənistanın başqa rayonlarında yaşayan qohumların evlərinə təklif edirdik. Nədənsə sözləşibmiş kimi "biz Ermənistana getmək istəmirik, bizim onlardan zəhləmiz gedir" deyirdilər. Qabaqca bunu mənə tanış olan adi "erməni bicliyi" kimi başa düşürdüm. Görəndə ki, onların əksəriyyəti Armavirə, Minvoda, Krasnoyarska, Rostova, Soçiyə, Leninqrada, Moskvaya və onun ətraf rayonlarına getməyi Yerevana getməkdən belə üstün tuturdular, istər-istəməz onlara da yazığım gəlirdi. Bu işlərə neçə baxırsan, Hrand Matevosyan?! Axı, Ermənistana getmək istəməyən və Ermənistanı tərk etmək istəyən ermənilər yüzlər, minlər deyil, on minlərlədir. Bu, sizin xalqın faciələrindən biri deyilmi?! Təsəvvür edirsənmi, Ermənistandan qovulan türklərin hamısı Azərbaycana toplaşıb.
Hrand Matevosyan, sənə bir sualım da var. Qardaşım evini dəyişmək məqsədilə rayona qayıtmışdı. Çox qorxulu günlər idi. Mığrıya qayıdan türkləri ermənilər huşunu itirənəcən döyürdülər. Həmin vaxt ermənilərdən biri qardaşımı iki gecə gizlicə evində saxlayıb. O erməni ki, Mığrı rayonunda türklərin qovulmasına başçılıq edənlərdən biriymiş. Yəni sizin "Qarabağ komitəsi"nin (Mığrı üzrə) fəal üzvlərindən idi. Belə erməninin vicdanı mənə aydın deyil. Ancaq mən bakılı iki erməninin (Q.İ.Petoyan və Dorentev Qeorqi Rantoviç) vicdanından danışmaq istəyirəm. Bunların haqqında eşitməmiş olmazsan. Bakı şəhərinin ayrı-ayrı rayonlarında yaşayan bir-birindən xəbərsiz bu adamlar özlərinə qəsd ediblər. İntihardan qabaq yazıblar ki, ermənilərin uzun müddətdən bəri türklərin başına gətirdikləri haqsız, nalayiq hərəkətlərdən xəcalət çəkdiyimə görə özümü öldürürəm.
Səncə, vicdanlı, yüksək əxlaqlı bu iki insan erməni ədəbiyyatında müsbət obraz kimi öz əksini tapa bilərmi?
Son söz
Hamı bir-birindən soruşur ki, bu işlərin axırı necə olacaq. Bu işlərin necə qurtaracağını Allahdan başqa heç kim bilmir. Ancaq biz bir şeyi bilməliyik ki, qonşumuz ermənidir. Tanrı bizi yaratdı, hansı günahımıza görəsə bizi qarğıdı, bu qarğış ermənilərlə qonşu olmağımızdır. Erməni də fitvaya gedib (getməsin də, axı özlərini ən ağıllı xalq sayırlar) zaman-zaman bizi aldatdı, xəyanət elədi, fürsət tapcaq kiməsə satdı. Təkcə iyirminci yüzildə üç dəfə bizi ata-baba yurdumuzdan qovdu.
Mən heç kimi qisas almağa çağırmıram. Ancaq unutmayaq ki, min il keçsə də, tut ağacı tut, əncir ağacı əncir, nar ağacı nar gətirdiyi kimi, erməni də erməni olaraq qalacaq. İstər Los-Ancelosda olsun, istər Armavirdə, istərsə də Qarsda, yaxud Kiyevdə. Bunları heç vaxt yaddan çıxartmamalıyıq. Yaddaşsızlığımız, unutqanlığımız onlara qol-qanad verir. Bunları öz balana söylərsən, mənim balam, deyərsən ki, balan da öz balasına, balası da öz balasına söyləsin və bildirsin ki, bunları heç vaxt unutmasın! Yadlarından çıxartmasınlar ki, qonşumuz ermənilərdir!
Ermənilərin elədikləri özlərindən asılı deyil. Sənin çörək yeməyin, su içməyin özündən asılı olmayan kimi, xəyanət, satqınlıq, xainlik, pislik etmək də ermənilərin mayasında, qanındadır. Bunu Oxçuda on bir nömrəli texniki-peşə məktəbinin direktoru dünyagörmüş, ağsaçlı Adamyan da deyirdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!