"Gizli imza və atribusiya" monoqrafiyası mətnşünasın haqq işi kimi - Mətanət VAHİD

Elmira Qasımovanın «Gizli imza və atribusiya» kitabı haqqında

Mətanət VAHİD

 

Müasir ədəbiyyat və mətbuatda gizli imzalara ötən əsrdəkilərdən daha az rast gəlinir. Tək-tək hallarda bədii mətnin hər hansı bilinməyən adla imzalandığını müşahidə etmək mümkündür. Bəzi hallarda müəllif tanınmamaq üçün ya imzalarda soyaddan imtina edir, ya da əksər hallarda kişidirsə, qadın, qadındırsa, kişi adıyla yazır. Məsələn, "kulis.az" saytında hər həftə bir fəsli yayımlanan romanın müəllifi "Bircə xanım" kimdir? - müxtəlif təxminlər olsa da, əksər oxucular bilmirlər. Yaxud son illər Azərbaycan ədəbiyyatının ən yaxşı gənc şairlərindən biri kimi təqdim olunan "Bahar Zamanova" imzasının kimə məxsus olduğu da tam aydın deyil - kimi deyir, əslində, Bahar kişi yazardır, kimi deyir, şəkildəki o deyil və s. Hətta sosial şəbəkələrdə yerbəyerdən "Bahar mənəm" yarızarafat-yarıciddi replikalar atan kifayət qədər tanınmış şairlər də var.

Müasir dövrdə sırf siyasi səbəblərdən, ehtiyatkarlıqdan gizli imzaya müraciət edən müəlliflər yox dərəcəsindədir. Publisistik yazılarda gizli imzadan istifadə edənlər isə daha çox konkret obyektləri hədəfə aldıqlarına görə özlərini gizləyirlər. Filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovanın "Gizli imza və atribusiya" kitabında isə konkret ədəbi-tarixi şəraitin yetişdirdiyi gizli imzalar ətraflı tədqiq olunur.

Elmira Qasımova 50 ildən artıqdır ki, mətnşünaslıq işi ilə məşğuldur və bu sahədə gördüyü işlər, xüsusən "Molla Nəsrəddin" jurnalının tədqiqi, transfonliterasiyası və nəşri, gizli imzaların müəyyənləşdirilərək biblioqrafik göstərici kimi tərtibatı işindəki zəhmətləri danılmazdır.

Gizli imzaları müəyyənləşdirmək işin xırdalıqlarına qədər öyrənilib mahiyyətinə varılmaqla başa gələn, xeyli əmək və ağır zəhmət tələb edən işdir. "Gizli imza və atribusiya" kitabı haqqında, hər şeydən əvvəl, vicdanla ərsəyə gətirildiyini demək olar. Uzun illərin bəhrəsi olan monoqrafiyada gizli imzaları öyrənməyin ədəbiyyat üçün əhəmiyyətindən və onları müəyyənləşdirməyin üsullarından da geniş bəhs olunur. Eyni zamanda, gizli imzaların yaranma səbəbləri və hansı üsullarla meydana gəlməsi də aydınlaşdırılır.

Müəllif üçün imzasını gizli saxlamağın müxtəlif səbəbləri ola bilər: ictimai və siyasi basqılardan tutmuş, müəyyən ədəbi amillərə qədər. Bu monoqrafiyada gizli imzaların yaranma səbəbləri, növləri, onları müəyyənləşdirərkən tətbiq edilən mətnşünaslıq prinsipləri və s. əhatəli şəkildə şərh olunur.

Tədqiqatçı doğru olaraq qeyd edir ki, gizli imzaların hansı müəllifə məxsus olduğunu dəqiqləşdirməyin bütün mümkün üsullarından yararlanmadan qəti hökm vermək yanlışdır. Belə ki, bu halda bir müəllifə məxsus mətnin, yaxud çox sayda mətnlərin bir başqasının adına yazılması yanlışına yol vermiş olarıq ki, bu da sonradan xeyli digər yanlışlıqlara yol aça bilər.

Monoqrafiyada qeyd olunduğu kimi, mətbuat tariximizdə mövcud olan gizli imzaların əksəriyyəti "Molla Nəsrəddin" jurnalı ilə bağlıdır: "Müxtəlif fasilələrlə nəşr olunan bu jurnalın təkcə 1906-1921-ci illərinin səhifələrində 1550-dən çox müxtəlif gizli imzaya müraciət edilmişdir".  Kitabla tanışlıq zamanı bizə bəlli olan və olmayan yüzlərlə gizli imza ilə qarşılaşırıq. Çünki elə imzalar var ki, müəllif ondan yalnız çox kiçik zaman kəsiyində, konkret məqsədlə istifadə edib və bir daha o imzaya müraciət etməyib.

Monoqrafiyada bir müəllifin yüzdən artıq gizli imzası olması və bir imzanın bir neçə müəllifə aid olduğu fikri vurğulanır. Təbii ki, belə olduğu halda, imzanın kimə məxsusluğu böyük mübahisələrə səbəb ola bilir. Tədqiqatçı Elmira Qasımova haqlı olaraq qeyd edir ki, bu işdə yanlışa yol verməmək üçün gizli imza müəlliflərinin həyat və yaradıcılığına yaxından bələdlik, şəxsi arxivlər ilə tanışlıq, elmi, biblioqrafik mənbələrin öyrənilməsi vacibdir. Monoqrafiyadan bəlli olur ki, "Molla Nəsrəddin"də yer alan gizli imzaların bir qismini müəyyənləşdirməyin çətinlik törətməsinin səbəbləri sırasında jurnalın bir neçə dəfə məkan dəyişməsi, "şəxsiyyətə pərəstiş dövründə bir çox şəxsi arxivlərin məhv edilməsi" və s. amillər yer alır.

Maraqlıdır ki, monoqrafiyada gizli imzanın müəyyənləşməsində müəllifin şəxsi arxivinin əhəmiyyətli olması ilə yanaşı, şəxsi arxiv sənədlərinə də mütləq, tərəddüdsüz deyil, tənqidi yanaşmanın vacibliyi vurğulanır. Tədqiqatçı yazır ki, bəzən müəllif xoşladığı bir əsəri gözəl xətlə yazıb özündə saxlaya bilir və bu halda altında mətnin kimə məxsus olduğunu da qeyd etməyə bilər. Beləliklə, müəllifin gəldiyi qənaətə görə, hətta faktın belə, etibarlılıq dərəcəsi müəyyənləşdirilmədən ona etibar etmək olmaz.

Monoqrafiyanın II fəslində gizli imza və naməlum əsərin müəyyənləşdirilməsindəki prinsiplər sırasında elmi, biblioqrafik sənədlərlə yanaşı, mətnin məzmun və forma xüsusiyyətlərinin diqqətə alınmasının vacibliyi vurğulanır. Göründüyü kimi, Elmira Qasımovanın gəldiyi qənaət belədir ki, heç bir naməlum mətn, yaxud gizli imza bir amilə görə təsdiqlənməməlidir, hətta gerçəyə ən yaxın variantı belə, müxtəlif amillərlə yoxlayıb, dəqiqləşdirdikdən sonra təsdiqləmək lazımdır. Təsadüfi deyil ki, Əziz Mirəhmədovun gizli imzaların müəyyənləşdirilməsi ilə bağlı fikri monoqrafiyada 3 yerdə təkrarlanır: "...bir həqiqəti etiraf etmək lazımdır ki, "Molla Nəsrəddin" jurnalının səhifələrindəki yüzlərlə örtülü imza, kriptonim və ləqəbin heç olmazsa əksəriyyəti açılmayınca mollanəsrəddinçi yazıçılardan çoxunun irsini mükəmməl nəşr etmək də mümkün olmayacaqdır". Bu fikri təkrarlamaqla monoqrafiya müəllifi gizli imzaların müəyyənləşdirilməsindəki məsuliyyətin böyüklüyünə diqqət yönləndirməyə çalışır. Tədqiqatçı yazır ki, "Molla Nəsrəddin"in gizli imza müəllifini müəyyənləşdirmək üçün onun yalnız bu jurnaldakı deyil, bunaqədərki və sonrakı fəaliyyəti də izlənilməlidir ki, ən obyektiv dəyərləndirmə əldə etmək mümkün olsun. Bu yanaşma ilə E.Qasımova hər hansı bir gizli imza müəllifinə ən kiçik bir haqsızlıq etmə ehtimalını belə istisna etmiş olur.

Əsərdən belə nəticə hasil olur ki, hər hansı bircə gilzi imzanın ortaya çıxarılması böyük zəhmət, vaxt və enerji tələb edən işdir və sadalanan bütün amillər hərtərəfli öyrənilmədən bir imzanın təsdiqlənməsi doğru deyil - faktı belə şübhə altına alıb, digər faktlarla, müxtəlif yönlərdən dəqiqləşdiriləcək qədər məsuliyyət tələb edən işdir.

Tədqiqat müəllifi ədəbiyyatşünaslıq tariximizdə bu vaxta qədər üzə çıxarılmış bəzi gizli imzalarla bağlı yanlışlığa yol verildiyinə də diqqət çəkir. Məsələn, uzun illərdir müəllifliyi Cəlil Məmmədquluzadəyə aid edilən "Sizi deyib gəlmişəm" felyetonunun Ömər Faiq Nemanzadəyə aid olduğunu qeyd edir. Bu fikri təsdiqləmək üçün müxtəlif dəlillər gətirən E.Qasımova, həmçinin müəllifliyi yanlış olaraq M.Ə.Sabirə aid edilən "Müsəlman məclisi" adlı felyetonun C.Məmmədquluzadəyə aid olduğunu vurğulayır. Bu kimi nümunələr monoqrafiyada onlarcadır. Ədəbiyyat tariximizdə əsasən yanlış müəyyənləşdirilmiş gizli imzalarla bağlı qeydlərdən də göründüyü kimi, tədqiqatçı müəllifin kimliyi ilə bağlı heç bir ayrı-seçkiliyə yol vermədən yalnız həqiqətin üzə çıxması üçün çalışır.

Gizli imzaların və atribusiyanın müəyyənləşməsində nəzərə alınmalı olan amillər bəzən çaşdırıcı ola bilir. Məsələn, monoqrafiyada qeyd olunur ki, "Molla Nəsrəddin" imzalı "Erməni və müsəlman övrətləri" felyetonunu Ö.F.Nemanzadə özünə aid edib, məqalələri siyahısında göstərir. Həmidə xanımın isə həmin felyetonun C.Məmmədquluzadə tərəfindən yazılması haqqında qeydi var. E.Qasımova yazır ki, məktub və xatirələrdə belə ziddiyyətli fikirlərə çox rast gəlinir. Yaxud monoqrafiya müəllifinin fikrincə, M.S.Ordubadinin "Əsərləri"nə səhvən daxil edilən "Qayırma hədislər", əslində, Cəlil Məmmədquluzadəyə aiddir və mətnin müxtəlif xüsusiyyətlərinə əsasən müəllifini müəyyənləşdirməyin mümkün variantlarını açıqlayır.

Monoqrafiyadan da izləyə bildiyimiz kimi, bu cür yanlış müəyyənləşdirmələr onlarcadır. Və əsərin məqsədi yalnız bu yanlışların bir qismini aradan qaldırmaq deyil, həmçinin gizli imzaların müəyyənləşdirilməsi və atribusiya işində ortaya çıxan səhvləri aradan qaldırmaq yollarını göstərməkdir. Göründüyü kimi, monoqrafiyada həm atribusiya işi nəzəri cəhətdən izah və şərh olunur, həm də bu nəzəri bilgilər yeri gəldikcə və imkan daxilində konkret nümunələrlə təcrübi təsdiqini tapır. Bütün bunları sadalamaqda məqsədimiz tədqiqat müəllifinin gizli imzaların öyrənilməsi işinə necə həssas yanaşdığını vurğulamaqdır.

Monoqrafiyanın sonunda nəticə olaraq "Sözün tamamı" başlıqlı hissədə müəllif belə yazır: "Gizli imzalar aləmi tədqiqatçısını öz cəzbindən uzaqlaşmağa qoymayan sirli-sehrli bir aləmdir. Bu aləm özü boyda bir-birinə dolaşıq düşmüş müxtəlif ölçülü, müxtəlif rəngli və hər rəngində bizə dünənimizi tanıdan, bu günümüzə işıq saçan, gələcəyə yol açan minlərlə saplar kələfinə bənzəyir. Hər birinin ölçüsünü və rəngini saxlamaqla bu sapların  kələfdən ayrılması - hər bir imzasız və gizli imzalı əsərin düzgün müəyyənləşdirilməsi müəllifin haqqı, mətnşünasın isə haqq işidir". Elmira Qasımova uzun illərdir bu araşdırmalara ömrünü sərf etmiş vicdanlı bir tədqiqatçı kimi bu haqq işinin öhdəsindən layiqincə gəlir. Bütün bunların nəzəri cəhətdən yalnız mütəxəssislər üçün maraqlı olduğunu düşünsək də, əslində, ədəbiyyatımıza yaxından bələd olmaq istəyən qeyri-mütəxəssis oxucular üçün də maraqlı olacaq bir səviyyədə yazılmış əsərdir.

Qeyd edək ki, monoqrafiyada gizli imzaların toplanılıb, müəlliflərinin müəyyənləşdirilməsi işinin tədqiq tarixi dünyada və Azərbaycanda olmaqla ardıcıllıqla göstərilir. Müəllif bu sahədə özündən öncəki tədqiqatçıları sayğıyla anır və işləri haqqında bəhs etməyi özünə tədqiqatçı borcu bilir: mətbuat tariximizdəki gizli imzalar müəlliflərinin müəyyənləşməsində əməyi olan alimləri, xüsusən Qulam Məmmədlini böyük sayğı ilə anır, xidmətlərini işıqlandırır.

Mətnşünas alim, filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovanın "Gizli imza və atribusiya" kitabından kifayət qədər geniş və ətraflı bəhs etmək mümkündür. Güman edirik ki, monoqrafiya haqqında bu qısa qeydlər belə, onun əhəmiyyəti və miqyası haqqında fikir formalaşdırmağa imkan yaradır.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!