Hər bir bədii əsərin həm də öz oxucusuna aid olduğunu nəzərə alsaq, mən bu hekayəni bircə cümlə ilə "Ömrün on yeddinci mərtəbəsi" adlandırardım.
Hekayənin mərhum gənc yazar Mövlud Mövluda həsr olunması mətni ən yaxşı izah edən açar sözdür, deyərdim. Çünki bütün düyünlər baş qəhrəman on yeddinci mərtəbədən aşağı baxanda açılır. Bu həyatdan ölümə, fanilikdən əbədiliyə baxmaq kimidi və deməli, hər bir yazıçı, hər düşünən insan ömründə bircə dəfə də olsa, bu pəncərədən aşağı baxır. Kimi həyatını da götürüb özünü atır bu pəncərədən, kimisi bu prosesi, sadəcə, təsəvvür edir, qorxub geri çəkilir. Biri yaşanacaq ömründən imtina edib, təkcə proloq qoyub gedir bu dünyada, o biri yaşanmış ömrünü roman kimi çırıb atıb, təkcə epiloqu saxlamaq istəyir. Fərqi yoxdur, məsələ ondadır ki, əsl insanın həyatında bu on yeddinci mərtəbənin pəncərəsi bəsirət gözü kimi həmişə açıqdır. Kədərlisi isə odu ki, bu mərhələdə ömrünü yaşamadan cırıb atmış adamla yaşayandan sonra cırıb atan adam arasında təqribi bərabərlik işarəsi qoymaq mümkündü, nəticədə isə bizim Mövludu qınadığımız bütün arqumentlər yoxa çıxır. Bu hekayə ahıl bir yazıçının gənc yaşında intihar etmiş bir yazıçıya "səni anlayıram", - deməsidir, bəlkə də.
...Kamal Abdullanın qəhrəmanının alınmamış roman kimi cırıb atmaq istədiyi ömrünün içində iyirmi illik sevgi də var. Amma varmı?! Ümumən, bu sevgi var olubmu?! Var olan bir nəsnə sonradan yox ola bilərmi?! Bəs "sevgi ya olmur, ya ölmür" ifadəsi?! Demək ki, iyirmi illik bir sevgi əslində, bir heçmiş və dolayısı ilə iyirmi il bir heçə həsr olunub. Təkcə bu, kifayətdi ki, Əhməd ömrünü alınmamış roman kimi cırıb atmaq qərarına gəlsin.
Suat Derviş bir qəhrəmanının uğrunda azadlıqdan məhrum olduğu, uzun illər həbsxanada vüsalını düşünüb yaşadığı sevgilisiylə görüşünü təsvir edir. Azadlığa çıxanda qəhrəman öz sevgilisini bir mağazada satıcı cildində görür, qadın o qədər şişmanlamışdı ki, ayağına kişi ayaqqabısı geyinmişdi. Həyatının mənası olan qadının ayağındakı kişi ayaqqabısı qəhrəmanın uzun illər çəkən fədakar sevgisini öldürür və o mağazadan sevgilisiylə - amalı pul qazanmaq olan şişman satıcı qadınla görüşmədən çıxıb gedir. İllərlə can atdığı, xəyalını qurduğu görüşdən imtina edir. Təsvir elə həyatidir ki, oxucu da qəhrəmana haqq qazandırır. Onu vəfasızlıqda suçlaya bilmir. Bir cüt kişi ayaqqabısı bircə anın içində böyük bir sevgini (?) məhv edir, sən demə, fəda olunan illər əslində bir heçə həsr olunub.
Eynən bu hekayədə də belədi. "Zalxa irişdi" ifadəsi oxucunu bu sevginin ölümünə inandırır. İyirmi illik sevgi və uzun ayrılıqdan sonrakı görüşdən Əhmədin yadında qalan yeganə ştrix - Zalxanın olmayan dişləridi. Sevgi, xüsusən, uzun ayrılıqla müşayət olunan platonik sevgi daha çox fantaziya məhsulu olduğu üçün adi bir həqiqətdən, bir qırıq diş görüntüsündən asanlıqla ölümə məhkum oluna bilir. Burada Zalxanın heç bir günahı yoxdu, sadəcə, zaman sevgini də öldürmək gücündədir, fani dünyanın sevgisi də fanidi, çünki. Burada Əhmədin də günahı yoxdu, çünki o ömrünün finişinin çox yaxında olduğunu görür və ora çatana qədər həyatında nələrisə dəyişməlidi.
Ona görə də bu hekayədə Kamal Abdulla Bulqakov kimi "Ardımca, oxucu, mən sənə əsl sevgini göstərəcəyəm", - demir. Əksinə, oxucunun əlindən tutub onu sevgi məzarlığına aparır. "Ardımca, oxucu, indi məhs sənə sevginin necə öldüyünü göstərəcəm", - təxminən belə. Bəs Zəhra? - deyə irad bildirmək tam haqqınızdır.
Əslində, Əhmədin həyatına Zalxanın ölüsü üzərindən gələn Zəhra da tam çıxış yolu deyil. Sadəcə, qəhrəmanının bu sevgini də öldürməyə, yeni sevginin yeni aldanış olduğunu dərk etməyə zamanı qalmayıb və Zəhradan xilas kəməri kimi yapışmaqdan başqa əlacı yoxdu. Axı o , həyatının epiloqunu yazmaq istəyir, vaxt isə lap azdır, epiloq üçün əvvəllər düşündüyü sözlər yoxa çıxıb, arxaya baxanda yalnız ilğım görünür. Əvvəllər düşündüyü kimi son səhnədə Zalxa ilə əl-ələ tutub özünü uçurumdan atmaq variantı alınmır. Deməli, ssenari təcili dəyişməlidir, epiloq üçün yeni sözlər seçmək lazımdı, həkimin məsləhətlərinə əməl etmək, qarşıdakı üç ayda bütün ömründən aldığın zövqdən daha çox zövq almaq, daha gerçəkçi yaşamaq lazımdır. Həyatı ciyərlərinə çəkərək. Finişi görsə də hələ ora çatmağa var, sürəti artırıb qalib gəlmək də mümkündür. Həkimin ona dediklərinin də məğzi budu, hələ vaxta var, səhvləri düzəltmək zamanıdır.
Buna görə də Kamal müəllimin qəhrəmanı Zalxanın ölüsü ilə Zəhranın dirisi arasında düzgün seçim edir. Qoşqar müəllimin dediyi kimi; düşünmədən, sorğulamadan, həqiqət axtarmadan. Amma qəhrəmanda yenə tərəddüdlər var, yenə durmadan düşünür, hər şeyin alt tərəfini, ali həqiqəti axtarır. Məhz buna görə də onun həyatının epiloqu olmaq heç Zəhralıq da deyil, bu baxımdan Əhmədin xilası mümkünsüzdür, onun düşündüyü epiloq o qədər möhtəşəm bir çərçivədir ki, Zəhra orda uğursuz rəsm əsəri kimi görünür. Əhməd bunu bilir, ona görə də on yeddinci mərtəbənin açıq pəncərəsi onu keçmiş sevgilisindən də, gələcək sevgilisndən də daha cazibəli görünür. Düzdü, o, otağa - Zəhranın daxil olduğu yeni həyatına qayıdır ki,ömrünün epiloqunu yazsın. Axı epiloq ömrün daha redaktə olunmuş variantıdır, nisbətən daha dəqiq, düzgün cavaba daha yaxın, ideyanı daha dərindən açan məntiqi sonluğu. Və həm də onu cırıb-atmağa heç kimin vaxtı qalmır. Qaçış zolağında son sözü finiş dediyi kimi, həyat da qalın bir kitabın son səhifəsindəki epiloqdan ibarətdir. Bu baxımdan bütün epiloqlar ömrün əsas hissəsinə nisbətən daha maraqlı, mənalı və daha haqlıdır. Lakin yenə də ölüm qədər həqiqi deyil.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!