Diri-Birinin nəğmələri... - PƏRVİN yazır

Nisə Bəyimin «Diri-Biri» kitabı haqqında

 

Poeziyanın dua, pıçıltı, etiraf, ya da elə kimyasız, filansız təbii məlhəm olması yenilik deyil ki... Şeir mənim düşüncəmi, dərdimi, qorxumu, gözləntimi, təkliyimi, sevgimi, həyəcanımı ifadə edincə doğmadı... Həm də belə olanda oxucu şairin həmmüəllifinə çevrilir. Misal üçün, kim məni inandıra bilər ki, haçansa illərin o tayında Nazim Hikmət, Mayakovski, Yesenin, Rəsul Rza, Vaqif Səmədoğlu varlığımdan (ya da haçansa var olacağımdan) xəbərsizmişlər və vaxtı gələndə misralarının istisində qızınacağımı da ağıllarına belə gətirməzmişlər?! Heç kim! Təbii ki, burda "mən" sözü oxucunun ümumiləşdirilmiş ifadəsidir. Əlbəttə, şairlər ən sevilən şeirlərini  yazanda yaxın, ya uzaq oxucunu da təsəvvürdə canlandırıblar, gözünün içinə də baxıblar, dərdini anlamağa, nə istədiyini dərk etməyə və poeziyaya çevirməyə çalışıblar. Bu isə çətin deyil, şairin elə özünü başa düşməsi, öz duyğusunu sözə çevirməsi, həm də özüylə açıq danışması bəs edir. Axı nə olur-olsun, insan dəyişmir. Yüz-yüz illər keçir, amma onun duyğusu, arzusu, ağrısı elə həminkidi. Ona görə əsrlərin o tayında qalmış sevgi tanrısı Füzulinin də, ötən əsrin eşq uzmanı Nazim Hikmətin də, poeziyamızın güldürərək düşündürən bənzərsiz şairi Vaqif Səmədoğlunun da qəhrəmanı eynidi...

Bəlkə, düşünən adamı ağrıdan, təsirləndirən, duyğulandıran olaylar, həyat vəziyyətləri oxşardı, ona görə... Nisə Bəyimin "Diri-Biri" kitabını oxuduqca bu oxşar olaylar, poeziyanın obyektinə, mövzusuna çevrilən hadisələr barəsində düşünürəm. Və bir daha anlayıram ki, həyatın da, sənətin də təməli kədərdi. Dibində ağrı durmayan yumorun belə ömrü uzun olmaz, yaddaşda qalmaz. Hələ söhbət şeirdən gedirsə, yaraya məlhəm kimi yazılmasa nə mənası?! Nisə Bəyimin də şeirləri dərman kimi, həb kimi, sağlamlıq iliksiri kimi yazılıb desəm, yanılmaram... Şairənin həm daha əvvəl yazdığı əsərləri, həm də elə bu il işıq üzü görmüş "Diri-Biri" kitabına daxil olan son şeirlərini oxuduqca başa düşürsən ki, küll halında bu poetik nümunələr kövrək ruhlu bir qadının dünyanı bir azacıq dəyişmək, gözəlləşdirmək cəhdidir... Həm də sözün gücünə inamın təzahürüdür:

Götür bu dünyanı, rənglə sözünlə,

Hər sözə bir rəng qat, rənglə hər yanı,

Nəbadə, yalanla işin olmasın,

Çevir bu üzünü, ya o üzünü,

Dünyanın rəngsiz bir yeri qalmasın.

Şairənin ən məşhur şeirlərindən birindən gətirdiyim nümunə ilk baxışda zərif bir xülya, utopik arzu təsiri bağışlayır. Amma bir az dərin düşünəndə sual verirəm özümə: məgər ən qəmli, ən ümidsiz anlarımızda belə, söz təsəlli deyilmi? Və hər kəs ən azı öz balaca dünyasını rəngləmək üçün sözə, şirin, mehriban, sevgidolu kəlmələrə üz tutsa, yaşadığımız ucsuz-bucaqsız dünya rəngarəng olmazmı...

Oxu duaların ən gözəlini!

Kimsənin eşitməyəcəyi bir səslə

Danış nağılların ən gözəlini!

Kimsənin bilməyəcəyi bir dillə

Ağla sevgilərin ən gözəlini!

Kimsənin ağlamayacağı sevda ilə

Aç ölüm qapısını!

Kimsənin duymayacağı bir həyəcanla

Yaşa ölümlərin ən gözəlini!

Dəhşətli ağrıyla, əzabla - anamızın iztirabları ilə başlanan ömür necə davam etməsindən asılı olmayaraq eyni məntiqi sonluğa gedir. Bütöv bir insan həyatında mütləq olan, qaçılmaz və dəyişilməz yeganə olay elə ölümdü... Hamı öləcək, ən mənalı və mənasız, xeyirə, yaxud şərə xidmət edən, qısa, ya uzun ömürlərin də sonucu eynidi. Əgər belədirsə, şairənin söylədiyi kimi hər şeyin, hətta ölümün də ən gözəlini yaşamağa (yaşamağa?!) ən azı cəhd etmək missiyadı, bəlkə də.

Və bütün bu mübarizə, gözəl yaşamaq, dünyanı daha gözəl görmək, bir az daha mənalandırmaq Nisə Bəyim yaradıcılığının əsas mövzusudur. "Diri-Biri" kitabında toplanmış şeirlər daha çox bədbin, hətta bəzən ümidsiz notlarda yazılsa da, bu kədərin, hüznün də təbii olduğunu, şairənin ağrını da necə təmkinlə yaşayıb yazdığını görürük... Füzulinin - "Mən istərəm bəlanı, çün istər bəla məni" misrasını necə xatırlamayasan?! Görünür, bəla və ona sevgiylə yaşamaq, tənhalığı həyat tərzinə çevirmək bütün düşünən adamların taleyinə yazılıb... "Homo sapiens"in yaşının qədimliyini nəzərə alsaq, XXI əsrin insanını "düşünən" - deyə seçməyim yersiz görünür, bəlkə də... Amma etiraf edək ki, zamanını bir axına qoşaraq yaşayıb gedən, başını yediyi qabdan, düşüncələrini həyatdan qapdıqlarından ayırmayan, kəmiyyətin əsiri olan insan çağdaş dünyada çoxluqdadı. Amma hər kəsin bir anlıq nəfəs dərməyə, geriyə baxıb düşünməyə, olmuşlardan nəticə çıxarmağa ehtiyacı var. "Diri-Biri" kitabı, sanki dayanacaqdır, həm şairənin özü, həm də oxucusu üçün... Dünyanın və insanın yarandığı gündən bitib-tükənməyən dərdləri, çıxılmazlıq və işıq axtarışı, yalqızlıq və kütləyə ala qarğa kimi qarışa bilməmək, yaşamaq arzusu və ölüm sevdası - bütün bunlar Nisə Bəyimin şeirlərinin təməlində duran duyğulardı ...

"Səssizlikdən yorulmuşdu. Dünya belə səssiz yaranıb, görəsən?! Bəs, böyük partlayışdan danışırdılar. Partlayış olubsa, deməli, səs olub. Bəs niyə o, səssizlikdədi? Bəlkə ölüb?". 

Nəsrlə başlanan əsərin ovqatında yuxu ilə ayıqlıq arasındakı hal var... Mifik bir qəhrəman təsiri bağışlayan Qıs-qıvraq şairənin bu səssizlik - kimsəsizlik, qulaqları çəkən tənhalığında onunla dərdləşir, ömrünü yadına salmağa çalışır. Və mənə görə ən təsirli olan Qıs-qıvrağın ona Diri-Biri - deyə müraciət etməsidi. Həyatdan əlini üzmüş, ümidləri tükənmiş hər kəsin Qıs-qıvrağı - diri olduğunu, yaşadığını yada salan bir kimsəsi mütləq olmalıdı! Axı hansı düşüncədə, hansı ovqatda olmağının fərqi yoxdu, əsas diriliyi "boynuna almaqdı", nəfəs aldığını etiraf etməkdi...

Tanınmazsan, bilinməzsən,

Səsinin canı olmasa...

Tanrı sənə nəfəs verməz,

Göylərin canı olmasa...

Amma şairə onu da bilir ki, o göylərdən can kimi, Tanrıdan nəfəs kimi verilmiş pay yalnız bir halda sevincə, səadətə çevrilə bilir. Arzularının adamına-sevgiyə qovuşanda, o nəfəsi ən doğma nəfəslə, o canı ən əziz canla birləşdirəndə...

"Hər yerdə onu axtarırdı. Nə zamansa rast gələcəyini bilirdi. Ola bilməz ki, bu boyda dünyada onun bu qədər dərin duyğularla sevdiyi adam olmasın. Gec-tez görüşəcəklər, mütləq görüşəcəklər. Əgər belə bir şey baş verməyəcəksə, o zaman illərlə yaşayıb qoruduğu sevgi mənasız imiş. O, bətnində illərlə ölü uşaq gəzdirirmiş...".

Şairə illərlə axtardığı, gözlədiyi sevgisini də elə Qıs-qıvrağın simasında görür və hər şeyi onun yadına salan, ömür nəğmələri toplanmış qovluğu da onun üçün hazırlayan odur. Naməlum sevgi, yaxud əfsanəvi qəhrəman! Və o yerdə ki, Bəyim heç vaxt itib-batmayan əlyazmalara qovuşur, etiraf edir - "İndi, doğrudan da, dirildim" - deyir. Bu da yaradıcı adam xarakteridir, yazdıqca, yeni söz, təzə kəlmə, misra doğduqca dipdiri olduğuna, ölümün həndəvərdə dolaşmadığına inanırsan...

Amma bu şeirlərdə varlıqla yoxluq o qədər içiçədir ki... Şairə son dərəcə həzin, kövrək poetik ifadələrlə öz təkliyini də, arzularını da, ölümün gözünün içində gördüklərini də səmimi şəkildə qələmə alır. Bu kitabın nəşrindən öncə Nisə Bəyimin ağır xəstələnməsi, ciddi müalicələr alması haqda xəbərləri mətbuatdan oxumuşdum. İndi də şeirdən-şeirə düşünürəm, görəsən, bütün bu bədbin ovqat xəstəliyin təsiridirmi?!

Qəlbin də çarəsiz susub duracaq,

Vaxtın nəfəsi də sona yetəcək...

Kimsə olmayacaq sənin yanında,

Ağrı da, təklik də orda bitəcək...

Bu şeirin hər sözündən yağan əzablı, canıyla əlləşən insanın dünyadan küskünlüyünü ifadə edən ab-havasından sonra növbəti misralar bir az da dərinə aparır oxucunu...

Hələ caynağında əsir deyiləm,

Hələ ümidlərim ölməmiş kimi...

Hələ yaşayıram yalanlarımda,

Arada heç bir şey olmamış kimi!

Nümunə gətirdiyim iki bəndi müqayisə edib sualıma cavab tapıram... Bu şeirlər xəstəliyin yox, düşünmək üçün vaxtın, fürsətin nəticəsidir. Axı ən dinc, əmin-aman, rahat halında, arın-arxayın ovqatında belə, düşünmək fürsəti yaranırsa, təhlil - özünü təftiş məqamı yetişirsə, bu cür təzadlar içində itib- batırsan... Elə bu özüylə mübarizədən usanan şairə ona görə deyir ki:

Çıxmaq istəyirəm orbitimdən,

Özümdən milyon il kənara düşüm...

Nə kimi-kimsəni tanıyım, nə də özümü,

Məni də kimsələr tanımasınlar...

Vaxtdan da ayrılaq,

Yadlaşmış kimi,

Nə vaxt məni tanısın,

Nə mən tanıyım...

Görünür, həqiqətən yer üzündə ən acımasız olan vaxtdı... İnsan üçün də, dünya üçün də vaxtdan qəlizi yoxdu. Şairə də ara-sıra gah vaxtı, gah taleyi, gah da dünyanı qınayaraq əbədi problemlərdən danışır. Hamının olan dərdlərini dilə gətirir...

Vaxtın özü keçmiş,

Özü qocalmış,

Sıxsan, tarixindən qan damcılayar...

Gedir öz sürətiylə,

Öz aramıyla...

Yükü - zaman, yapdığı - dövran...

Gücünü təzədən, doğuşdan alır,

Özü təzələnir, özü gəncləşir,

Qocaldır, öldürür yaratdığını...

Hər təzə ilin də əlində qamçı

Hökmü gözlərindən bəlli, eləmi,

Dünya, eləmi?

Şeirin yazılma tarixinə baxanda təəccüblənirəm... 2019-cu ilin son günündə, 31 dekabrda təzə ilin - 2020-nin əlindəki qamçını necə görə bilib şairə?! Əslində, cavab sadədi, dünya yaranandan belədi axı - gələcək qamçıyla təşrif buyurur ömrümüzə, sadəcə, o qamçısını necə, hardan vuracaq, neçəsinə dəyəcək bunun zərbələri, bilinmir... Amma gətirdiyi bütün xəstəliklərə, ölümlərə, ağrı-acıya baxmayaraq vaxtın sıradan çıxmayan, şəklini dəyişməyən dəyərləri var. Diri-Birinin nəğmələrini söz-söz, misra-misra oxuduqca və kitabın sonuna doğru yaxınlaşdıqca Allahdan dünyamıza da, şeirlərin müəllifi, istedadlı şairə Nisə Bəyimə də şəfa arzuladım.

Qəlbim sözdən söz çəkdi.

Ürəyimlə, qanımla

Söz doğurdum,

Söz əkdim.

Bu dünyanın yükünü

Qoşub şeirimlə çəkdim.

Bir vaxt bu misraları yazan Nisə Bəyim, sanki öncəduyumla Diri-Birinin qovluğundan çıxacaqları fəhm edirmiş. Dünyanın yükünü çəkmək şairlərə qalıb görünür… Amma qəribə bir ümid də yarandı içimdə, bəlkə bu ilin sonuna doğru şairənin də, dünyanın da ovqatında nikbin mərhələ yetişdi və Diri-Biri o qovluğun lap-lap dərinliyində gizlətdiyi sevgi, ümid, sevinc, səadət dolu misralarını da oxucuları ilə bölüşdü...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!