Filmdən həyata...
Uşaqlar böyüklər tərəfindən incidiləndə etirazlarını daha çox hansı formada bildirirlər? Susurlar, küsürlər və danışmırlar. Onların əlindən başqa bir etiraz forması gəlmir. Məsumca əllərini qoyunlarında çarpazlaşdırır və dodaqlarını bərk-bərk büzüb otururlar.
Uşaqlar yeganə cəza tanıyırlar: küsüb danışmamaq!
"Bir de görüm, "A"
Ay gözəl kukla!
Yoxsa səninlə
Danışmaram ha!".
Susmaq bir etiraz forması kimi təkcə uşaqlara xas keyfiyyət deyil. Həm də böyüklərə aid xüsusiyyətdir. Son vaxtlar biz bu etiraz formasına sosial şəbəkələrdə tez-tez rast gəlirik. Hamının danışdığı vaxt, dil-boğaza qoymadığı zamanlarda birdən kimsə lappadan susur, münasibətini sadəcə susmaqla bildirir: "Mən bu barədə danışmaq istəmirəm!".
Tez-tez belə elan oxuyuruq: "Dostlar, profilimi bir müddətliyə dondururam, kimsə elə düşünməsin ki, onu blok eləmişəm, yaxud dostluqdan çıxartmışam! Bir müddət buralarda olmayacam! Sağlıqla qalın! Görüşənədək!".
Susmaq, tənhalığa çəkilmək, mübarizəni öz daxilində aparmaq, məğlub olmaq, qalib gəlmək!
"Susmaq" mövzusu kinematoqrafiyanın da aparıcı mövzularından biridir. Kinematoqraf lal olduğu vaxtlarda, kino yaradıcıları onu danışdıra bilmək üçün hər cür yola əl atırdılar.
Səsli kinoda, hamının danışdığı yerdə, tək bir obrazın danışmaması, qəfil susması isə nə anlam daşıyır?
Bəzən qəhrəmanın cəmiyyətə, haqsızlıqlara, həyatın cəfəngliyi və amansızlığına qarşı heç bir silahı olmur. Onda onun gücü susmağa, bu yolla etiraz etməyə çatır.
İsveç rejissoru İnqmar Berqmanın 1966-cı ildə lentə aldığı "Persona" filminin qəhrəmanı, teatr aktrisası Elizabet tamaşa oynadığı yerdə qəfildən susur. Elizabet sağlamlıq durumuna, yaxud hər hansı şok yaşadığına görə susmur. O, sadəcə, qəfildən bu qərarı verir.
Elizabetin bu qərarı verməsinin səbəbləri isə onun "mən"inin ən gizli nöqtələrində, psixologiyasının, şüurunun dərin qatlarında yerləşir.
Kinoşünaslar hesab edirlər ki, filmdə şəxsiyyət ikiləşməsindən bəhs olunur. Filmin adı - Persona da latın dilində maska mənasını verir. Filmdə Elizabetin şəxsiyyəti ona baxan tibb bacısı Alma ilə gah eyniləşdirilir, gah qarşılaşdırılır. Elizabet film boyu susmağına baxmayaraq, Alma danışır: keçmişindən, gələcəklə bağlı arzularından, həyatla bağlı düşüncələrindən.
İkiləşmədən, haçalanmadan, səhnədə ayrı, gerçəkdə ayrı həyat yaşamasından, bir növ maskalanmaqdan bezən Elizabet susmağı etiraz yolu kimi seçir. Onun əlində bütün bunlara qarşı tək dirəniş forması var - Susmaq! O da məşhur uşaq mahnısının qəhrəmanı kimi:
"Yoxsa səninlə danışmaram ha!" - deyir...
Maraqlıdır ki, İnqmar Berqman "Persona" filmini çəkdiyi eyni ildə Sovet Azərbaycanında rejissor Həsən Seyidbəyli "Sən niyə susursan?" filmini çəkir və filmdə "Susmaq" motivini işləyir.
Filmin baş qəhrəmanlarından biri Cəmilə (Rəna Səlimova) filmin əvvəlindən sonuna qədər susur, yol yoldaşı Rasimlə danışmır. Rasim əvvəl düşünür ki, brokonyerlərin ona qoşduğu bu qız laldır. Yol boyu "yuxusu gəlməsin" deyə, qızı danışdırmağa, tanımağa çalışır. Qız isə inadla susur, bir kəlmə də danışmır. Hətta dəhşətli qorxu qarşısında qalanda da, ölümlə üz-üzə gələndə də, Nəcəf onu balıq toru ilə boğmağa çalışanda belə susur. Susmaqla müqavimət göstərir. Susmaq hələ ki, Cəmilənin yeganə etiraz formasıdır.
Cəmilənin zalım, əclaf Nəcəfdən başqa heç kimi, heç uzaq qohumu da yoxdur. Şirməmməd kimi dələduz, daşürəkli adam belə Cəmilənin Nəcəfin ümidinə qalmağını istəmir. Onu Rasimə qoşub restoranına balıq göndərdiyi Bəbirin yanına yollamaq istəyir. "Qıza heyfim gəlir. Nəcəf burda onun axırına çıxacaq. Qoy getsin Bəbirin yanında başını girləsin" - deyir. (Cəmilə Nəcəfin üzünü cırmaqlayıb, hətta belə bir ehtimal yaranır ki, Nəcəf qıza təcavüz etmək istəyib). Kasıbın, kimsəsizin, yetimin yanında olan Sovet hökumətini isə "nədənsə" Cəmilənin arxasında görmürük. Cəmilə arxasızdır, ümidsizdir, gücsüzdür, möhtacdır, susmaqdan başqa dirəniş forması bilmir. Hətta filmin sonunda əlində alov dilimi ilə heyvan ruhlu Nəcəfə qarşı vuruşanda, Rasimi ondan xilas etməyə çalışanda da susqunluğunu qoruyur, nə bir kəlmə deyir, nə qışqırır. Cəmilə Nəcəfin tora saldığı, ovladığı balıqlar kimi susqundur. Nəcəf kimilərin toruna keçmiş günahsız balıqdır, susqunca çırpınmaqdan başqa bir şey bacarmır.
Rasim onu qoyub getmək istəyəndə, ayaqyalın maşının dalınca düşüb qaçanda Cəmilə ilk dəfə danışır, hətta qışqırır, "getmə" deyə hayqırır. Dili açılandan sonra isə Cəmilə susmaq bilmir, ürəyindən keçənləri açıb danışır.
"Sən niyə susurdun?" sualına, "elə bilirdim sən də onların adamısan", yəni onlar kimisən, - deyir Rasimə.
Cəmilə o qəddar, kobud adamlara etiraz olaraq susurmuş, Rasimi də onlardan biri hesab etdiyinə görə danışmamaq qərarına gəlibmiş.
Cəmilə o adamların qanunsuz işlərlə məşğul olduğunu bilirdi, dövləti aldatdıqlarını, oğurluqla məşğul olduqlarını, qanundan gizləndiklərini də bilirdi. Ancaq niyə şikayət etmirdi? Niyə başqa cür etiraz edə bilmirdi?
Başqa bir etiraz yolunu bilmirdi? Yoxsa etirazın başqa formaları çıxış yolu deyildi?
Cəmilə də balaca, saf bir uşaq kimi deyirdi:
"Yoxsa səninlə danışmaram ha!".
İran azərbaycanlısı rejissor Məcid Məcidinin 1999-cu ildə çəkdiyi "Baran" (Baran sözünün mənası yağış, yağmur deməkdir) filminin qəhrəmanı əfqan qızı (Zahra Bahrami) da filmin əvvəlindən axırına qədər susur. Film Taliban rejiminin əlindən baş götürüb İrana sığınmış əfqan qaçqınlarının İrandakı çətin, qaçaq həyatından bəhs edir. Əfqanların işləmək icazələri yoxdur. Baranın atası Nəcəf də dövlətdən gizli işlədiyi tikintidə yıxılaraq ağır xəsarət alır, iş qabiliyyətini itirir, evin bütün yükü qızının çiyinlərinə düşür. Qız kişi paltarı geyinərək Nəcəfin işlədiyi inşaat şirkətinə gəlir, orda işləməyə başlayır. Onu işə götürən memar nə qədər sual verirsə, qız susur. Qızın yerinə bütün sualları atasının əfqan dostu cavablandırır, onu Nəcəfin oğlu Rəhmət kimi təqdim edirlər. Rəhmət deyə çağırdıqları bu zəif, gücsüz oğlanın lal olduğunu düşünürlər. İlk günlərdən ağır şeyləri daşıya bilmədiyini görüb, ona inşaatda işləyən fəhlələrə çay, yemək hazırlamağı tapşırırlar. Lətifin işini alıb Rəhmətə verirlər deyə, Lətif Rəhmətə kin bəsləməyə başlayır. Və hətta bir dəfə mətbəxə girib hər şeyi dağıdır.
Rəhmət isə Lətifin elədiyi bütün pisliklərə, həqarətlərə rəğmən inadla susur, bir kəlmə də danışmır. Lətif mətbəxini dağıdanda da, yanağına qəzəblə sillə vuranda da, köynəyini yumasın deyə, kobudluqla əlindən dartıb alanda da, gətirdiyi çayı qumun içinə boşaldanda da, Rəhmət (əfqan qız) susur, ancaq gözləri danışır.
Əfqan qız danışarsa, qadın cinsindən olduğu ortaya çıxacaqdı deyəmi susur? Məncə, yox! Lətif Rəhmətin oğlan yox, qız olduğunu bir təsadüf nəticəsində öyrənir və ona aşiq olur, sonra onu hər yerdə izləyir, kömək etməyə çalışır. Qız Lətifin yaxşılıqlarını da təəccüb və susqunluqla qarşılayır!
Əfqan qız Lətiflə qadın paltarında, qadın görkəmində üzləşəndə də susmaqda davam edir. Axı Lətif indi yaxşı adamdır, onun atasına kömək edir, demək olar ki, onları qarabaqara izləyir. Neçə dəfə üzbəüz gəlirlər, bütün bu müddətdə bir kəlmə ağzından söz çıxa bilməzdimi? Bir kəlmə təşəkkür kəlməsi belə səsləndirmir. Qadınların yad kişilərlə danışması günah idimi, qadağan idimi deyə susurdu? Yox, o qadınların, öz həmcinslərinin arasında da susur axı! Hətta növbəti iş yerində çaydan iri-iri daşları çıxardıb sahilə daşıyanda, ayağı sürüşüb buz kimi suya yıxılanda, onda belə səsini, cıqqırını çıxartmır. Ətrafında işləyənlərin hamısı qadınlar, qızlar idi! Adama elə gəlir ki, ətini kəssən, səsini çıxartmayacaq. Onun yerinə çöl quşunun çığırtısını eşidirik.
Bu, Şərq qadınının zülm qarşısında susqunluğuydumu? Məncə, təkcə o deyildi! Bu susqunluq həm də etiraz idi, üsyan idi, hayqırtı idi!
Bu susmaq Elizabetin və Cəmilənin susmasına bənzəmirmi? Bu susmaq məşhur uşaq mahnısındakı qızcığazın susmaq istəyinə (hədəsinə) necə, bənzəyirmi?
"Yoxsa səninlə danışmaram ha!".
Əfqan qız bütün bu yaşadıqlarına, ağrılarına-acılarına, başına gələnlərə, ümumən xalqınının əzablarına görə susur! Onun başqa etiraz forması yoxdur!
Qarabağın rayonları bir-bir işğal olunurdu. Tanınmış aşıq şairələrdən biri elan etdi ki, torpaqlarımız geri qayıtmayana qədər susacaq, sazını sinəsinə basmayacaq, bir daha çalıb-oxumayacaq. O zərif qadın da bu cür etiraz edirdi! Onun da əlindən tək bir etiraz forması gəlirdi - Susmaq!
Növbəti filmin qəhrəmanı o xanım olsa gərək!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!