Allahverdi Təkləli: "Ana dilin xatirələri"ni danışan şair - Rüstəm KAMAL yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Modern Azərbaycan poeziyasında Allahverdi Təkləlinin mütləq fərqli şair statusu olmalıdır. Bu statusu ona şaman mətnlərinə bənzəyən şeirlərin fərqli ritmi və vəzni verir.

Təklə eli türk coğrafiyasının dörd bir yanında öz möhürünü vurmuş ulu türk tayfalarından biridir. Təklə Tiflis şəhərinin qulağının dibində, Rustavinin başının üstündə köklü-köməcli, Ağ Təhlə və Qara Təhlədən ibarət böyük bir eldir. Gərək elə güclü etnik yaddaş immunitetinə malik olasan ki, sənin poetik ruhunun nizamını yad dilin, yabançı mədəniyyətlərin qara rüzgarları poza bilməsin. Nadir tərəkəmə - elat yaddaşı və etnoqrafik söz duyğusu ona əcdadlarımızla bu gün də "dil tapmasına" imkan verir. Etnoqrafik yaddaşındakı sözləri bir məcaz (epitet, metafora, təşbeh) mərtəbələrində işlətməklə, yağışdan sonra açılan, durulan göyüzü kimi onları bir az da gözəlləşdirir və sehrli edir.

Allahverdinin xatirələrində etnoqrafik obrazlar mütləq görümlü olur, vizuallaşır, çünki gözün yaddaşından süzülüb gəlir. O, sözləri və səsləri təxəyyülündə yenidən canlandırır və görür.

Gün üzü görməyən nallarınızda

Görmüşəm yorulan, yortan yolları.

Görmüşəm yaylaqda bir boz qısrağın

Dırnağı qaldırdı yerdən yolları

Apardı qurşadı dağın belinə.

Göz yaddaşında qoruyub saxladığı səslər ömür yaşantılarının və xatirələrinin ayrılmaz obrazı kimi şeirə gəlir.

O səsin önündə dizim titrəyər,

Qəfil ozan dilim qədəkləyirdi,

Yanağım pörtərdi, pətəkləyərdi.

Elə bil çırthaçırt yanan ocağı

Nənəm ətəyinən ətəkləyərdi.

Əcdadlarımızın "intonasiya immuniteti" onun şeirlərində dərin "çəhlim"lər açıbdır. Allahverdi Təkləli "şeirin künc daşlarını" unutduğumuz sözlərdən hörür. Allahverdinin şeirlərində türk insanının əski canlı lüğəti yaşayır. Onun ömür tarixçəsi əslində, yaddaşındakı əski sözləri xatırlama və söyləmə səviyyəsi ilə ölçülür. A.Təkləlinin ruhu Orxon-Yeniseyin daş yaddaşından "Dədə Qorqud kitabı"na, "Manas"a qədər, ulu ozanlardan, aşıqlardan Yunus Əmrəyə, Dədə Ələsgərə qədər türkün ovsunlu - sehrli ritminə sadiqdir.

Borçalı çökəyində, Qarayazı mahalının Təklə elində yaşayan Allahverdi Təkləlinin şeirlərini Kamandar Əfəndiyevin boğazında, Dədə Əmrahın sazının pərdələrində oxumaq olmaz. Onun şeirlərini Dədə Qorqud qopuzunda, Altay şamanlarının qomuzunda söyləmək mümkündür. Çünki Allahverdi Təkləli şeirlərini ritmin içində "yetişdirib böyüdür". Ondan ötrü ritm öncədir. Məhz ritm özünəməxsusluğu şeirinin qrammatikasını və məna - söyləm məntiqini yaradır. Onun poetik ritmində tilsimli nəsə var və səni inandırır ki, biz yerin-göyün ritmi ilə, atalarımızın ruhu ilə vəhdətdəyik. Sintaktik-leksik paralelizmlər, refrenlər, alliterasiyalar bu poeziyanın bədii xüsusiyyətidir, hardasa türk runik poeziyasının mətnlərinə də oxşarlığı var.

Bu bənzərsiz şairin ritmi mətndə sözün fərqli vibrasiyasını yaradır. Ritmin gətirdiyi sözlər, ritmin ovsunladığı sözlər mütləq fərqli səslənməli və söylənməlidir. Bir ritm altında qafiyələr bir-birinin əlindən tutub rəqs edir.

Bir ucdan toy evi hallanır birdən,

Durna qatarıtək sallanır birdən...

Gəlinin başında dingə oynayır.

Dingəyə qoşulub yengə oynayır

Tin, dalan oynayır, döngə oynayır

ya da  

Qəsəbə olacaq bu kənd bir azdan

Əsəbi olacaq bu kənd bir azdan

At kişnərtisinin, it hürtüşünün

Kasıbı olacaq bu kənd bir azdan.

Əski türk şeiri kimi, A.Təkləlinin şeirlərinin mənası, ideyası hərəkət feilləri elə yüklüdür. Misraların bir-birinə "hərəkətli", ritmik keçidi də bu üzdəndir. Feillərin zənginliyi və fəallığı sevgi şeirinin saxta, aldadıcı epitetlərlə "yoluxmasına" imkan vermir.

Kətan köynəyin geyəsən,

Boşalıb düyməm deyəsən.

Gözümdən iynən ilə sən

Tikib oxlayasan məni.

Etiraf edim ki, bir şeirində "kəhər"in "kəhərlənmə" kimi verilməsi mənə çox maraqlı gəldi. "Zoğalı" epitetinin at türü kimi işlədilməsi şairin etnoqrafik estetikasının möhürüdür.

Üzü dan yerində, dan ağaranda

Zoğalı qulunlar kəhərlənirdi

İfçin yüyənlənir, yəhərlənirdi

Sürəyə çıxırdı nəmər almağa,

Yolların ürəyi təhərlənirdi.

Allahverdinin ruhundakı təsəvvüf - irfan dalğası da şaman ritminin üstündə köklənir. Onun yaşam - həyat müdrikliyi şamançılıqla xalq sufiliyinin yaddaşındakı təcrübədən gəlir.

İstərsən ərənlərə sor,

Pir kişilər piran qalır.

İlan dəridən-qabıqdan

Çıxır, yenə ilan qalır.

Onun xatirələri sözün xatirələridir. Əski, dədə-baba sözləri "dil yuxuları", "dil xatirələri" kimi danışır. Allahverdinin poetik xatirələrində bu sözlər yenidən dirilir.

Qurçuxur qovzanır bu basırıqda

Hamı bir-birini irəli verir.

yaxud

Yanımda bir kəndin uşağı idi

Biz idik, zəminin başağı idi...

Güclü təkrir instinkti qafiyə çarpazını "ovsun effektilə" bir məxrəcə gətirir. Qafiyə, sadəcə, ənənəvi formal poetik komponent deyil, ovsunlama üsuludur. Diqqət yetirin: aşağıdakı dördcə gəraylı misrasında "əmi - gəmi - zəmi - su kimi" sözləri bir-birinə necə "səs verir":

Əmilər biçir zəmini,

Su kimi içir zəmini.

Elə bil dərya gəmini

Çevirir, yanı üstədi

Bir misra, bənd içində qafiyə çarpazlaşması alliterasiya ortamına da imkan yaradır. Məsələn: "Bəlkə dad eləyək, dadamal olduq". Dəyərli şairimiz İbrahimxəlilə həsr etdiyi şeirdə dediyi kimi:

Dərdindən qara dam qaraldan adam

Səninki bu qara damın altıdı.

Məmməd Arazda olduğu kimi, Allahverdi Təkləlidə də göz-qulaq qafiyələri bir-iki samit səsin üstündə qurulur. Örnək gətirdiyimiz bu şeirdə "qurşun-quşqun-qırış" sözlərini bir bəndin içində, dörd misra sırasında ovsunlayıb bir-birinə necə bağlayır!

Haçansa əlində qurşun açılar,

açılar quşquna bazar təzədən

Darıxma, sənin də qırşın açılar

bir qurşun yazını yazar təzədən.

Allahverdi Təkləli bir misranın enerjisi ilə bütövlükdə şeiri ovsun mətninə çevirə bilir. Həmin misra şeirin həm nəqarəti, həm də əsas ideyası - motivi olur. Mətn boyunca həmin misranı o qədər "eydirir" ki, şeirin rədifi - qafiyəsi də onun havasına tabe olub oynayır. "Bu dünya gözümdə ağçiçək idi", "Ürəyi ağzından gələn qız" sadəcə, şeir başlıqları olana qədər, inanıram ki, şairin dilində mantra kimi, dua kimi səslənibdi...

A.Təkləli poeziyasında xırdaca bir peyzaj detalı "içinin peyzajı"na çevrilir. Hətta düşünürəm ki, peyzaj heç də real həyat, təbiət mənzərələrinin təsviri ilə deyil, əksinə, mənzərə özü onun "iç baxışları" ilə yaranır. Qarlı günlər, küləkli gecələr onun içinin peyzajıdır.

Səhərdən axşama tüyünən külək,

Yolların tozunu geyinən külək,

Girib buxarıya deyinən külək

Günümdən keçincə, içimdən adla...

...Məni bu gün kimi ələk-vələk et,

Ya gündüz, ya da ki, gecə bilməyim.

...Yolub saçlarını silkələdiyin

palıd ağacından seçə bilməyim

yaxası əlinə keçən könlümü...

Şairin arxeomodern təfəkkürü mifoloji düşüncənin daşıyıcısı kimi çıxış edir. Bildiyimiz kimi, çay (su) ölülər dünyasına, alt dünyaya bağlıdır. Axar suya baxmaq yasağı da bu üzdəndir. Aşağıdakı şeirin birinci və sonuncu bəndlərini örnək gətirib, həmin mifoloji inancın təsvir olunduğunu göstərmək istəyirik.

Asma körpülər üstündə,

Gözümü axıtdı sular.

Qaldım, qaldım umuduna

Kor kimi əl havasının.

...Hoy elə, ana, hoy elə.

...Su yuxarı, su aşağı

O çayda üzən uşağı

aldadıb batırar birdən,

Axan gözümün işığı.

Ümumiyyətlə, qarışıq, qara səslər onu rahatsız edir. O bu səsləri (külək vıyıltısı, it ulartısı) qeyb aləmindən (transendent sferalardan) gələn xəbərin işarəti kimi qəbul edir. Necə ki, gecə yarısı itin ulaması atasının ölümünü xəbər verirmiş...

İtimiz uladı gecə yarısı           

Hirsli-hirsli dartdı özünü,

Dartına-dartına yırtdı özünü,

Paslı zəncirini yemək istədi

Ulaya-ulaya öz dilində

Yazıq bizə nəsə demək istədi

Allahverdi Təkləli üçün xatirə obrazları ilə, ruhlarla ünsiyyəti miforitual səviyyədə baş verir. Bədii suallar, xitablar "özgə dünyanın" sakinlərinə ünvanlanır. Şeirlərində anasına, qardaşına, Məhəmməd Hadiyə, Arif Mustafazadəyə, uşaqlıq dostu Novruza, Ayvaz Əlləzoğluna, Məmməd İlqara müraciətləri və sualları ilə onların ruhlarını çağırır.

Deyə bilərsənmi, ay Abbas qağa,

Ceviz ağacına, şam ağacına

Dimdiyi nə deyir ağacdələnin?

Fikir vermişəm: bütün təhləli şairlər üçün evin detalları (damı, qapısı, qıfılı...) belə onların şeirlərində simvollaşa bilir. Allahverdi Təkləli üçün ev mistik bir məkandır. Bəlkə də heç yerdə (məsələn, Bakıda) çox bənd olmayıb, tez də kəndə, evinə qayıtması da həmin obrazın diktəsi ilə baş verir. Ev onun təhtəlşüurunda ən güclü simvolik obrazdır. Ev şair taleyinin ən güvənli tərcümanı, ruhunun məkanıdır. İsa İsmayılzadənin Qarayazıdakı evi onun yoxluğunun nişanəsidir.

Bir vaxt bir ev vardı Qarayazıda

Yastı balabana oxşayan bir ev...

Artıq bu ev sadəcə bir yaşayış məkanı deyil, qərib ruhların məskənidir. Bu "evlər"dən fanilik, yoxluq, heçlik nəfəsi gəlir.

Yovşan bitirərdi o evin damı,

Yoxdu kirəmidi - suyun axıda

Yoxdu navalçası, ona ilhamı

Yağışlı günlərdə nəğmə oxuda.

Bir-iki il bundan öncə sevimli şair qardaşım Xaqani Qayıblı ilə Qaraçöpə gedəndə yolüstü Təkləyə, Allahverdigilə dönməyi qərara aldıq. İkimərtəbəli evə bitişik olacaqda (Borçalıda həyətyanı tikiliyə deyirlər) çay içib, kəlmə kəsdik. Elə o vaxtdan, nədənsə, həmişə düşünmüşəm ki, bu qeyri-adi Azərbaycan şairi həmin "olacaq"da, papiros tüstüsünün dumanına bürünmüş yarıqaranlıq otaqda gözlərini yumub şaman mətnlərini, magik şeirlərini pıçıldayır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!