Timuçin Əfəndiyev haqqında
Şəxsiyyəti, ləyaqəti, istedadı və sadəliyi ilə böyük hörmət və nüfuz qazanan, xalqına və vətəninə qəlbən bağlı olan, həyatının faydasını faydalı və mənalı əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, təhsilinə böyük töhfələr verən hər bir insanla təkcə öz ailəsi, şəcərəsi deyil, bütün ictimaiyyət qürur duyur, fəxr edir. Zaman-zaman belə işıqlı şəxsiyyətlər xalqın güvənc yeri olmaqla, həm də millətin adını bütün dünyaya tanıdır. Azərbaycanımızın haqq səsini, dünya ictimaiyyətinə çatdırır. "Qurani-Kərim"də deyilir ki, "kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir, əbədi səadət verilmişdir". Xalqımız dəyərli ziyalıları ilə həmişə fəxr duymuş, onları milli sərvəti saymışlar. Görkəmli alim, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyevin adı təkcə respublikamızda yox, onun hüdudlarından kənarda da elmi ictimaiyyətə yaxşı tanışdır. Yaradıcı ömrünün böyük hissəsini elm, təhsil və mədəniyyətin inkişafına həsr etmiş professor Timuçin Əfəndiyev onlarla dəyərli tədqiqat əsərinin, dərsliyin, yüzlərlə məqalənin müəllifidir. O, respublikamızda və dünyanın əksər ölkələrində nüfuzlu elmi-nəzəri konfransların iştirakçısı olmuş, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti mövzusunda mühazirələr oxumuşdur. Təbii ki, onun bioqrafiyası da düşdüyü mühitlə istiqamətlənir. Professor Timuçin Əfəndiyev əsil-nəcabətli bir nəslin ocağında dünyaya gəlib, pərvəriş tapıb. Dünyaşöhrətli xalq yazıçımız İlyas Əfəndiyevin ailəsində dünyaya göz açmaq, böyümək Timuçin müəllimin özünün də etiraf etdiyi kimi onun bir şəxsiyyət, yaradıcı insan kimi formalaşmasında böyük rolu olub: "Mən həmişə yaradıcı mühitlə təmasda olmuşam, yaradıcı ab-hava ilə nəfəs almışam. Azərbaycanın ən görkəmli, tanınmış sənət xadimlərini - yazıçılarımızı, ədəbiyyatşünaslarımızı, teatr xadimlərimizi, müğənniləri, rəssamları evimizdə tez-tez görərdim. Onların maraqlı söhbətlərini indi də xatırlayıram və bu, mənim dünyagörüşümün formalaşmasına təsir göstərib. Bu, mənim həyatda nail olduğum itirilməz qazancımdır".
1968-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirən Timuçin Əfəndiyev 1969-cu ildə Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olur. 1972-ci ildə "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Elə həmin ildən də T.Əfəndiyev Ədəbiyyat İnstitutunda elmi katib vəzifəsində çalışmışdır. Sonralar "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edir, 1987-ci ildə isə professor elmi adına layiq görülür.
1977-ci ildən taleyini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə bağlayan Timuçin Əfəndiyev baş müəllim, dosent, professor və dekan vəzifəsində çalışıb. 1987-ci ildə həmin universitetə rektor təyin edilir. Görkəmli alimin yüksək idarəçiliyi və elmi-təşkilati fəaliyyəti dövründə bu sənət ocağı böyük bir inkişaf yolu keçib. Rektor təyin olunduqdan sonra ciddi reformalar aparıb, əvvəllər 3 ixtsasda fəaliyyət göstərən 3-cü dərəcəli kiçik bir institut respublikada BDU-dan sonra ilk universitet statusu alan təhsil ocağına çevrilib. Onun təşəbbüsü sayəsində universitetdə az müddət ərzində 32 ixtisas açılıb.
Onun ədəbiyyata, teatr tənqidinə, dramaturgiyaya və mədəniyyətin konseptual problemlərinə həsr edilmiş elmi-nəzəri məqalələri yüksək peşəkarlıqla yazılıb. Professor Timuçin Əfəndiyevin yaradıcılıq diapazonu genişdir. O təkcə ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi kimi yox, həm də sənətşünas alim kimi də səmərəli fəaliyyət göstərir. Onun musiqi sənəti, xoreoqrafiya, təsviri sənət, kino və ekran sənətləri, rəssamlıq, kulturologiya sahəsindəki miqyaslı araşdırmaları da yetərincədir. O, Azərbaycan ədəbiyyatşünaslığı və sənətşünaslığında xüsusi yeri və çəkisi olan professional tədqiqatçıdır. Alimin müxtəlif illərdə çapdan çıxmış "Hüseyn Cavidin ideyalar aləmi" (1985), "Romantik dramaturgiyada tarixilik və bədiilik" (1999), "Azərbaycan dramaturgiyasında metodlar" (2002), "Azərbaycan mədəniyyəti və İncəsənəti" (2003), "Azərbaycan tetar tarixi" (2009), "Mədəniyyətdə tarixilik və müasirlik" (2011), "Hüseyn Cavid: ideal həqiqət axtarışı" (2013), "İllərin izi ilə" (2015), "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" (2020) və s. əsərləri yüksək nəzəri səviyyəsi və elmi yeniliyi ilə seçilir.
Timuçin Əfəndiyevin "Azərbaycan dramaturgiyasında metodlar" fundamental tədqiqatında tarixilik və müasirlik, bədii zaman və romantik qəhrəman, mühit və şəxsiyyət kimi estetik problemlər H.Cavidin və C.Cabbarlının romantik dramlarının kontekstində təhlil edilir. "Azərbaycan dramaturgiyasında metodlar" dram tariximiz, XX əsrin birinci dönəminin ədəbi prosesi və bir bədii metod kimi romantizm haqqında yazılmış sanballı monoqrafik tədqiqat əsəridir. Alimin "Mədəniyyətdə tarixilik və müasirlik" monoqrafiyası Azərbaycan mədəniyyəti və incəsənəti tarixinə, nəzəri problemlərinə həsr edilmişdir.
Timuçin Əfəndiyevin "Azərbaycan mədəniyyəti və incəsənəti" monoqrafiyası teatr sənəti, musiqi sənəti, memarlıq, təsviri sənət, heykəltəraşlıq, kino sənəti, miniatür sənət sahələrinin tarixi və inkişaf mərhələlərini əks etdirən ensiklopedik səciyyəli fundamental bir kitabdır. Bu ensiklopedik monoqrafiyanın dəyərli cəhətlərindən biri də budur ki, əsərdə mədəniyyətimizin inkişaf mərhələlərinə tarixi-fəlsəfi nəzər salınır. Alimin "Hüseyn Cavidin ideyalar aləmi" kitabında Cavid dramaturgiyasının estetik problemlərindən bəhs olunur. Monoqrafiyada Cavid romantizminin ideya-bədii prinsipləri, bu dramaturgiyanın janr və üslub xüsusiyyətləri, Cavid dühasına xas olan fəlsəfi kamillik və poetiklik və s. əsas keyfiyyətlər əhatəli tədqiqat obyektinə çevrilmişdir. Mərhum tənqidçi Nadir Cabbarov bu tədqiqat əsərini "müasir cavidşünaslığın səviyyəli ədəbi faktı" kimi dəyərləndirmişdir.
İstedadlı ədəbiyyatşünas alimin "Romantik dramaturgiyada tarixilik və bədiilik" əsərində isə Azərbaycan ədəbiyyatının ədəbi-bədii cərəyanlarından olan romantizmin dramaturgiyadakı təzahür formaları tədqiq edilir. Əsərdə romantik dramaturgiya tarixilik və bədiilik problemi kontekstində aşkarlanır.
Professor Timuçin Əfəndiyevin bu yaxınlarda çapdan çıxmış "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyası (Bakı, Azərnəşr, 2020) dünya mədəniyyəti və ədəbiyyatında mühüm yer tutan romantizm probleminə həsr olunub. Araşdırılan mövzu ilə bilavasitə bağlı olaraq romantizm ədəbi cərəyanının bütün yönlərinə - romantizmin yaranması, formalaşması, dünya ədəbiyyatındakı yeri, ayrı-ayrı xalqlarda keçdiyi inkişaf yolu və problemləri, nəzəri məsələləri, estetik funksionallığı, Azərbaycan bədii düşüncəsindəki yeri və mövqeyi, fəlsəfi əsasları, milli romantizmdə türkçülük, islamçılıq, vətən, millət, hürriyyət və s. problemlərin təhlilinə və şərhinə xüsusi diqqət yetirilib: Tədqiqat əsərinin elmi əhəmiyyətini təmin edən əsas məziyyətlərdən biri müqayisəli təhlillər vasitəsilə romantizmin elmi özəlliklərinin ümumi mənzərəsini verməkdir.
Professor Timuçin Əfəndiyev yaradıcı fəsaliyyəti dövründə hər zaman mətbuatla təmasda olmuş, qəzet və jurnallarla yaxından əməkdaşlıq etmiş, elmi-nəzəri və publisistik məqalələr yazaraq çap etdirmişdir. Yüksək elmi-nəzəri hazırlıq, dünya ədəbiyyatına və mədəniyyətinə dərindən bələdlik, analitik təhlil mədəniyyəti, intellektuallıq və təfəkkür orijinallığı professor Timuçin Əfəndiyevin təhlil üsulu üçün çox səciyyəvidir. Nəzəri ümumiləşdirmə aparma bacarığı bu məqalələrə xüsusi elmi siqlət verir. Onun bir sıra ictimai məzmunlu məqalələri əsl vətəndaşlıq amalı mövqeyindən yazılmış, dövlətçilik və azərbaycançılıq ideyalarının tərənnümünə həsr edilmişdir. Onun məqalələri içərisində səfər təəssüratları da xüsusi yer tutur. O, bir sıra xarici ölkələrdə, o cümlədən, Türkiyə, Sankt-Peterburq, Fransa, Amerika, London, Misir və s. ölkələrdə Azərbaycan ədəbiyyatını, mədəniyyət və incəsənətini ləyaqətlə təmsil etmişdir.
Professor Timuçin Əfəndiyevin müasir təhsilin problemlərinə həsr etdiyi məqalələri də aktuallığı, əhatəli təhlil və obyektiv müəllif mövqeyi ilə seçimlənir. Onun mədəniyyət təhsilində abituriyent seçimi qaydalarına, Bolonya təhsil sisteminin tətbiqi xüsusiyyətlərinə, bütövlükdə təhsil sahəsindəki inkişaf prosesinə aid irəli sürdüyü fikir və mülahizələri elmi-pedaqoji baxımdan diqqəti cəlb edir. Müəllifə görə müasir təlimin əsas vəzifəsi demokratik ruhlu, müstəqil düşüncəli, yüksək biliyə və milli-mənəvi dəyərlərə yiyələnmiş gənc mütəxəssislərin hazırlanmasıdır.
Azərbaycanın görkəmli dövlət, ictimai, elm, ədəbiyyat, mədəniyyət xadimləri, yazıçıları və tanınmış ziyalıları professor Timuçin Əfəndiyevə məqalələr həsr ediblər. Akademiklər Azad Mirzəcanzadə, Kamal Talıbzadə, Tofiq Köçərli, Fuad Qasımzadə, Teymur Bünyadov, Vasim Məmmədəliyev, Əhliman Əmiraslanov, Kamal Abdulla, xalq yazıçıları Anar, Hüseyn Abbaszadə, xalq şairi Qabil, xalq rəssamı Ömər Eldarovun və digər müəlliflərin Timuçin Əfəndiyev haqqındakı ürək sözləri, onun cəmiyyətimizin mənəvi həyatındakı xidmətləri, bütöv şəxsiyyəti, vətən sevgisi, alicənablığı, xeyirxahlığı, vətəndaş-alim və yüksək mədəniyyətli ziyalı rəhbər kimi ali keyfiyyətləri sərgilənir. Bəzi fikirlərə diqqət yetirək:
Timuçin Əfəndiyev qeydsiz-şərtsiz o adamlardandır ki, onlar əllərində nurlu çıraq tutmuşlar; bu nurlu çıraq milli və dünya mədəniyyətinə bilik, gözəllik və məhəbbət bəxş edir.
Bakı Xoreoqrafiya Akademiyasına rektor təyin edilən professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə təhsil müəssisəsinin maddi-texniki bazası genişlənmiş, istedadlı mütəxəssislər, peşəkar professor-müəllim heyəti tədris müəssisəsinə cəlb edilmişdir. Respublikada ilk dəfə olaraq Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsinin təşkil olunması və müsabiqədə 2016, 2018-ci illərdə dünyanın 12 ölkəsindən 324 nümayəndənin iştirakı təkcə təhsil ocağının deyil, həm də ölkəmizin mədəniyyət tarixində mühüm hadisələrdən biri oldu. Bu illərdə akademiya Avropa İncəsənət Universitetləri Liqasına üzv seçilib. Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Y.Vaqanova adına Rus Baleti Akademiyası, Moskva Dövlət Mədəniyyət İnstitutu, Qazaxıstan Dövlət Xoreoqrafiya Akademiyası, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Pekin Rəqs Akademiyası və s. təhsil müəssisələri ilə əməkdaşlığa dair sazişlər imzalayıb. Təhsil müəssisəsində dünyanın məşhur balet ustası və xoreoqraflarının ustad dərsləri təşkil olunub. Onun elmi rəhbərliyi sayəsində onlarla gənc sənətşünaslıq üzrə fəlsəfə və elmlər doktoru alimlik dərəcəsi almaq üçün uğurla dissertasiya müdafiə ediblər.
Professor Timuçin Əfəndiyevin adı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da elm adamlarına və oxuculara yaxşı tanışdır. O bir ziyalı olaraq daşıdığı alim adını daim yüksək tutan, tutduğu vəzifələrin öhdəsindən layiqincə gələn, işlədiyi kollerktivdə və ictimaiyyətdə böyük hörmət qazanan şəxsiyyətdir. Bir şəxsiyyət kimi Timuçin müəllimi səciyyələndirən əsas cəhətlərdən biri insanlara təmənnasız xidməti, xeyirxahlığı, prinsipiallığı, obyektivliyi və sözü üzə deməsidir. İllərdir ki, professor Timuçin Əfəndiyevlə çiyin-çiyinə çalışdığımdan onun necə obyektiv və tələbkar rəhbər olduğuna yaxşı bələdəm. O, qürurlu şəxsiyyət, vətənkeş, millət və dövlət təəssübkeşidir, xalqını sevən vətəndaş ziyalıdır.
Xalq yazıçısı Natiq Rəsulzadə Timuçin Əfəndiyevə həsr etdiyi "Ocaq istisi... sönməz məşəl" məqaləsində yazır: "İnsan dünyaya göz açdığı gündən onun ömür kitabı da yaranır. Hər kəsin gördüyü iş, acılı-şirinli həyat yolu bu kitabın səhifələrini yaradır. Bu ömür kitabından gözdən-könüldən uzaq düşüb məhv olanları, yaddaşlarda özünə yer tapmayanları da olur, ürəklərdə əbədi yuva salıb, sətir-sətir oxunanları da... Timuçin Əfəndiyevin ömür kitabı da müasir və gələcək nəsillərə də örnək ola biləcək bir kitabdır. Onun ömür kitabını "vərəqləyəndə" həmişə xəyallarım keçmişin - heç vaxt sönməyəcək sənət məşəlinin işığına qərq olmuş qaranlıqları gəzir. Bu qaranlıqlarda keçmişdən bu günə doğru gələn yollara nur saçmış bir məşəl də alovlanır. Bu, İlyas Əfəndiyevin yandırdığı məşəldir ki, onun işığından çoxları pay götürüb. Amma Timuçin müəllimin ziyalandığı bu məşəl, qızındığı bu ocaq sadəcə pay deyil, həm də atanın övladına yadigar qoyduğu, etibar etdiyi əmanətdir".
Professor Timuçin Əfəndiyev mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə "Əməkdar incəsənət xadimi", elm sahəsindəki xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adları və "Şöhrət" ordeni ilə təltif edilib. 2015-ci ildə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə o, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. Timuçin Əfəndiyev 2004-cü ildə "Humay" və Akademik Yusif Məmmədəliyev adına mükafatlara, 2005-ci ildə isə Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl Medalına layiq görülmüşdür. 2013-cü ildə isə Beynəlxalq Humanitar Avropa-Asiya Akademiyasının həqiqi üzvü seçilmişdir. 50 ildən artıqdır ki, bu görkəmli alim bir ədəbiyyatşünas, sənətşünas, təşkilatçı rəhbər və mədəniyyət xadimi kimi xalqına xidmət etməkdədir. Elmimizin, mədəniyyətimizin inkişafında yorulmadan fəaliyyət göstərən görkəmli alim, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin bu gün doğum günüdür. Elmi fəaliyyətə və təhsilə həsr olunub bu ömrün 50 ili. O, həmişə olduğu kimi bu gün də əzmlə çalışır. Gənc nəslin maariflənməsi, elmin tərəqqisi, təhsilin və mədəniyyətin inkişafına yorulmadan xidmət edir. Hesab edirəm ki, onun ən yüksək, ən ali mükafatı ictimaiyyətdə və istedadlı gənc nəsillərə dayaq olub yetişdirdiyinə görə hər yerdə adının hörmətlə çəkilməsidir. Hörmətli Timuçin müəllimi yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!