AZƏRBAYCAN MİLLİ MƏTBUATI - 145
1829-cu il avqustun 2-də Zaqafqaziya məktəblərinin ilk nizamnaməsi təsdiq edildi və bununla Azərbaycanda Avropa tipində məktəblər açmağın rəsmi tarixi başlandı. Buna rəğmən Şuşada (1830), Şəkidə (1831), Bakıda (1832), Gəncədə (1833), Şamaxıda (1837), Naxçıvanda (1837) rus dilində qəza məktəbləri açıldı. Lakin dərslər rus dilində tədris olunsa da, məktəblərin tədris planına türk, yəni Azərbaycan dilində də fənn salınmışdı. Bu da, öz növbəsində, həmin məktəblərdə təhsil alanların milli məfkurəsinin inkişafı üçün elə müsbət nəticələr əldə etdi ki, həmin taliblər əsrin sonunda "rus-müsəlman" məktəbləri adı altında ana dilində məktəblər açmağa nail oldular. Belə ki, bu məzunlardan biri də Şamaxı qəza məktəbinin əlaçı tələbəsi Həsən bəy Zərdabi idi ki, illər sonra XIX əsrin ikinci yarısında Azərbaycan xalqının milli məfkurəsinin formalaşmasında müstəsna xidmətləri olan "Əkinçi" qəzetinin naşiri oldu.
Təkcə Bakı şəhərində deyil, bütün Zaqafqaziyada aradan qaldırılan iqtisadi böhran burada yaşayan bütün xalqların, o cümlədən sayca başqa xalqlardan qat-qat üstün olan Azərbaycan xalqının mədəni həyatında XIX əsrin ikinci yarısında bir sıra əlamətdar hadisələr baş verdi. Məsələn, 1874-cü ildə Hacı Səid Ünsizadənin təşəbbüsü, Seyid Əzim Şirvaninin və Cəlal Ünsizadənin yaxından iştirakı ilə Şamaxı şəhərində yeni üsullu "Məclis" məktəbi açıldı. 1879-cu ildə Bakı milyonçusu Seyid Mirbabayevin vəsaiti ilə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminarıyasının nəzdində "Azərbaycan şöbəsi" fəaliyyətə başladı ki, bu şöbə, öz növbəsində, 1881-1917-ci illər ərzində 250 azərbaycanlı müəllim hazırladı. 1887-ci ildə H.Mahmudbəyov və S.M.Qənizadə tərəfindən ilk dəfə olaraq Bakı şəhərində doğma ana dilində "rus-müsəlman" məktəbi fəaliyyətə başladı. 1892-ci ildə M.T.Sidqi Ordubad şəhərində "Əxtər", 1894-cü ildə isə Naxçıvan şəhərində "Tərbiyə" məktəbini yaratdı. 1883-cü ildə El atası Hacı Zeynalabdin Tağıyev Bakı şəhərində İtaliya memarlarına olduqca möhtəşəm bir teatr binası inşa etdirdi ki, bu da, öz növbəsində, Azərbaycan xalqının mədəni həyatında mühüm rol oynadı.
1880-ci illərdən etibarən isə bu tərəqqi çeşməsi daha güclü fəvvarələr vurmağa başladı ki, əgər Bakı şəhərindən xeyli uzaqda yerləşən Ordubadı, Naxçıvanı nəzərə almasaq, bütün bunların ərsəyə gəlməsində Zaqafqaziyanın təkcə iqtisadi deyil, həm də mədəni mərkəzi olan Bakı şəhəri mühüm rol oynayırdı. Çünki bu Azərbaycan xalqını işıqlı bir gələcəyə aparan maarif və savad çiçəyinin gün-gündən ətirlənməsində Azərbaycan xalqının tərəqqisini qətiyyən istəməyən Çar Rusiyasının yox, azərbaycanlı xeyriyyəçilərin əvəzsiz xidmətləri var idi. Belə insanlar onlarca idi: Hacı Şıxəli, Hacı Hacağa, Hacı Əliabbas, Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, İsa bəy Hacınski, İsa bəy Aşurbəyli, Əjdər Aşurbəyli, Teymur Aşurbəyli, Nabat xanım Aşurbəyli, Kərbəlayi İsrafil, Sona xanım Hacıyeva və ilaxır. Lakin xalqın maariflənməsi, savadlanması, xoşbəxt yaşaması üçün onlara düzgün istiqamət verən, hər işdə təşəbbüs göstərən, xalqın istiqbalı uğrunda son qəpiklərini belə xərcləməyə hazır olan bu insanların pullarını israf etmədən xalqın başı üzərində maarif göyərçinləri uçurdan Azərbaycan ziyalıları idi ki, onlardan biri və birincisi Həsən bəy Zərdabi idi.
Heyrətamiz dərəcədə vətənpərvər bir insan olan Həsən bəyi bir neçə şey narahat edirdi. İndinin özündə də hamıya məlumdur ki, kənd təsərrüfatı, daha doğrusu, əkinçilik və heyvandarlıq olmadan insanların yaşaması mümkün deyil. Lakin Azərbaycan kəndlisi bütün bunları olduqca ağır əmək vasitəsilə əldə edirdi. XIX əsrin 70-ci illərində, yəni II Aleksandrın fərmanı ilə imperiya ərazisindəki zəhmətkeşlər köləlikdən azad olduqdan sonra, bazar iqtisadiyyatının sürətli inkişafına rəğmən, elmi-texniki nailiyyətlər də sürətlə inkişaf etməkdə idi. Həsən bəy bütün bunları xalqının nəzərinə çatdırmaq, onlara torpaqdan daha düzgün istifadə etmək qaydalarını başa salmaq istəyirdi. Təbii ki, o dövrdə televiziyanın, radionun, internetin olmadığı bir zamanda bunu yalnız və yalnız mətbuatla əldə etmək olardı. O zaman Qafqazın mərkəzi Tiflis şəhəri sayılırdı və bütün qanunlar da oradan idarə olunurdu. Həsən bəy də xalqı üçün mətbuat yaratmaqdan ötrü düz bir il altı ay, yəni 1873-cü ilin aprelindən 1874-cü ilin oktyabrına qədər Tiflis və Bakı dəftərxanaları arasında ayaq döydü.
Nəhayət ki, Həsən bəyin əzmkarlığı, qətiyyəti sayəsində Azərbaycan xalqının ən əlamətdar günlərindən biri sayılan gün gəlib çatdı. 1874-cü ilin 5 oktyabrında Həsən bəy "Əkinçi" qəzetinin nəşrindən ötrü icazə alandan sonra 1875-ci il 22 iyulda Bakı şəhərində doğma ana dilində qəzetin birinci sayı nəşr olundu. Lakin Azərbaycan xalqının maariflənməsini istəməyən xəbis adamlar Həsən bəyin qarşısına iri bir kötük sala bildilər. Belə ki, "Əkinçi" qəzetinin cəmisi 56 nömrəsi işıq üzü gördü və 1877-ci il sentyabrın 27-də sonuncu sayı nəşr olunan qəzet riyakar insanların məkri nəticəsində bağlandı.
Onu da qeyd etmək lazımdır ki, Həsən bəy Zərdabinin Azərbaycan xalqına bəxş etdiyi "Əkinçi" qəzeti nəinki xalqın milli məfkurəsinin formalaşmasında öz müsbət təsirini göstərdi, eyni zamanda bir sıra sənətkarları öz ətrafında toplayıb "Əkinçi" ideyalarını ədəbi-ictimai fikir aynası ilə təbliğ etməyə başladı:
"1875-ci ildə Bakıda "Əkinçi" qəzetinin nəşrə başlanması Seyid Əzimin müasir məzmun, ictimai pafos qazanmasına və vətəndaş kimi formalaşmasına müsbət təsir göstərdi. Şair səsini H.B.Zərdabinin səsinə qoşdu. Ədəbi fəaliyyətini qəzetin ideya istiqamətinə uyğunlaşdırdı. Maarifçilik ideyalarını poetik dildə təbliğ etməyə başladı. O, baş mühərrirə göndərdiyi bir məktubda "Rəbiül-ətfal" ("Uşaqların baharı") dərsliyindəki şeirlərin "Əkinçi" ideyaları və mövzuları ilə yaxınlıqdan söhbət açaraq yazırdı: "Öz türki lisanımızda çox asan ibrətlərlə bir türki-kitab nəzm etmişəm. Həmin kitabdan bu bir neçə əşar ki, bundan sonra yazılacaq, yazıb xidmətüvüzə isal elədim ki, sizin qəzetinizin məzmununda olan mətləblərə münasibdir".
"Əkinçi" qəzeti bağlanandan sonra Həsən bəyi guya güzəşt olaraq Yekaterinadoraya və yaxud Kutaisiyə deyil, doğma Zərdabına on altı illiyə sürgün elədilər. Lakin jurnalistlik fəaliyyətini davam etdirən Həsən bəy Rusiyanın müxtəlif şəhərlərinə rus dilində yüzlərlə məqalə göndərirdi.
1881-ci ildən etibarən isə 1895-ci ilə qədər Azərbaycan xalqının maariflənməsi, savadlanması və iqtisadi rifahının yüksəlməsi üçün milyonlarla vəsait sərf edən Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Bakıda açılan "Kaspi" qəzetinə xeyli məktublar, məqalələr göndərmiş, eyni zamanda sürgün vaxtı tamama yetib Bakı şəhərinə köçəndən sonra Əlimərdan bəy Topçubaşovun təklifi ilə məhz "Kaspi" qəzetinin redaktoru işlədiyi müddətdə "Kaspi" qəzetində yüzlərlə məqalə dərc etdirmiş, bununla yanaşı, xalqın cürbəcür sıxıntıları, eyni zamanda bağçılıq, əkinçilik, heyvandarlığın, quşçuluğun inkişafına dair yoluxucu mikroblarla, o vaxt insanların ağır xəstələnməsinə və ölümünə səbəb olan malyariya ilə mübarizə üsullarını, ümumiyyətlə xəstəliklərlə mübarizə, kənd təsərrüfatındakı böhranları aradan qaldırmaq yollarını göstərən, yeni kəşflərin tətbiqinə dair, bunlardan əlavə istər çar məmurlarının, istər sapı özümüzdən olan baltaların meşşanlığı, ədalətsizliyi, riyakarlığı, kələkbazlığı haqqında, bəzən sözaltı mənalarla, bəzən isə aşıq-aşkar dəlillərlə, bir çox hallarda bəzi neqativ ünsürləri satirik boyalarla boyayan məqalələr dərc etmiş, bundan əlavə də o dövrdə Qafqazda çox yayılan "Kafkaz", "Novoe obozrenie" qəzetlərinə dövrün vacib problemləri barədə məqalələr və məktublar göndərmişdir.
Həsən bəy Zərdabinin "Kaspi" qəzetində dərc etdirdiyi məqalə və məktublardan bir qismi də din pərdəsi altında xalqın qanını soran münafiqlər haqqındadır. Məsələn, qəzetin 1888-ci ildəki 195-ci sayında Həsən bəy Zərdabi fırıldaqçı din xadimlərinin timsalında "Şeyx Əli Baba"nın acgözlüyündən və kasıb əhalini soğan qabığı kimi soymasından yazır.
İslam dini olduqca mütərəqqi, cahanşümal, demokratik, işıqlı bir dindir. Həsən bəy xalqa din pərdəsi altında şarlatanlıqla, fırıldaqçılıqla məşğul olanlara inanmamağı, onlardan uzaq qaçmağı bu səpkili yazıları ilə bəyan edirdi və bununla da, münafiqlər tərəfindən dini cəhətdən maariflənməyinin əsrlər boyu qarşısı alınmış xalqı ayıldır, onun imkanı daxilində maarifləndirirdi.
Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin məziyyətləri, özəllikləri, gözəllikləri hesaba gəlmirdi. Belə ki, qəzet Azərbaycanda uşaq ədəbiyyatının inkişafına olduqca güclü təkan vermişdi. O, xalqın savadlanması yolunda bacarığını əsirgəmir, istər publisistik çıxışlarında, istərsə də əməllərində bunu açıq-aşkar nümayiş etdirirdi. Zərdabinin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də el atası Hacı Zeynalabdin Tağıyevlə birlikdə 1901-ci ildə Bakı şəhərində qız məktəbinin açmasıdır.
Həsən bəylə Hacı möhkəm dost idilər və onların aralarında elə bağlılıq var idi ki, Hacı Zeynalabdin Tağıyev öz şəxsi malikanəsində Həsən bəyin ailəsi ilə birlikdə yaşaması üçün yer ayırmışdı. Qız məktəbinin açılmasının təşəbbüskarı da Həsən bəy Zərdabi idi. Təbii ki, Hacı bu işdə müsəlman qızların oxumasına mane olmaq istəyən mövhumatçı, xurafatçı kütlələrin qarşısında öz polad iradəsi ilə dayanmış, qız uşaqlarının oxumasına İslam dininin icazə verdiyini sübut etməkdən ötrü Məkkə, Mədinə kimi müqəddəs şəhərlərə nümayəndələr göndərib oradakı müctəhidlərdən, İslam alimlərindən bu barədə sənədlər aldırmış, eyni zamanda bu işə mane olmaq istəyən erməniləri üzüqoylu yıxmaqdan ötrü çar Nikolayın özündən icazə kağızı almışdı. Lakin Hacı Zeynalabdin Tağıyevi bu işıqlı sabah vəd edən işə dəvət edən məhz Həsən bəy Zərdabi idi ki, məktəbdəki qızların savadlanması üçün istər ilahiyyat, istərsə də dünyəvi elmlər almaqlarından ötrü tədris proqramı tərtib etmişdi. Bunu da unutmaq olmaz ki, Həsən bəy Zərdabi 1896-cı ildə məktubla müraciət edərək müsəlman qızlar üçün məktəb açmağa vəsait ayrılmasını xahiş etmişdi. Lakin qubernator onun bu xahişini rədd etmişdi. Amma beş ildən sonra xalqın savadlanması yolunda son qəpiyini belə xərcləyən Hacı Zeynalabdin Tağıyev Zərdabinin arzusunu ləyaqətlə həyata keçirdi. Onu da qeyd etmək lazımdır ki, həmin məktəbin müdirəsi elə Hacı Zeynalabdin Tağıyevin təklifi ilə Həsən bəyin zövcəsi, olduqca ziyalı bir qadın Hənifə xanım idi.
Tərəqqipərvər insan olan Həsən bəy Zərdabinin xidmətləri misilsizdir. O, Azərbaycan milli mətbuatının banisidir. Bu səbəbdən də, hər il iyul ayının 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Milli məfkurəmizin inkişafında müstəsna rolu olan "Əkinçi"nin maarif məşəlinin saçdığı işıq 145 ildir ki, yolumuzu aydınlatmağa kömək edən ən gözəl bələdçidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!