Mədəniyyət nədir, nə üçün var, necə şəkillənir?
Bu qavrayış, termin olaraq XIX yüzildən var.
Svilizasiya, kültür kimi terminlərin qarşılığı kimi icad edildi.
Bu termin bir tərcümədir, yoxsa var olan bir həyat tərzinin yeni şəkildə adlandırılmasıdır?
Bu sualı hələ də müəyyən etməmişik.
Daha çox tərcümə kimi tanıdılanları tanıtmaq istəyəndə bu ifadə köməyimizə gəlir.
Demək ki, bu ifadənin içini bilmirik.
Kənardan gələn müdaxiləni tanıtmaq üçün istifadə edirik.
Var olan nəzərlərin nəzəriyyəsi kimi yerini bilmirik, qoyduğumuz yerin isə bizim yaşadıqlarımızda yerini tapa bilmədiyini görmürük.
Mədəni ilə niyyətin birləşməsi nədir?
Mədəni Fərabinin icadıdır, şəhərin öz qaydalarına uyğun formalaşdırdığı insanın adıdır. Bu insan "mədəni" olaraq xoşbəxt, rahat olma düsturunu bilməlidir ki, bu adı daşıya bilsin.
"Mədəni" müsəlmanın qurduğu dünyanın şəhərini təmsil edir.
Bu, zahiri elementlərin nəticəsi ilə əldə olunur. Bu, bir İslam İdarə şəkli ilə var olur.
Niyyət isə iradə şəklidir, bu da müsəlmanın içində içi ilə bağladığı sülhün şəklidir. Daxili bir məsələdir. Niyyətin şəkli yoxdur, surətsizdir, zamanla var olur və özünü tanıdır.
İdarə və İradə mədəniyyəti icad edir, bu icadın ifadəliyi istifadə edilib, ortaq bir şəkil qazanır. İdarə dairədəndir, icad ediləni bir dairəyə yığıb nöqtələmək, birləşdirmək və hədlərini bildirib, bağlamaqdır. İradə isə bilinməyəndir, şəkli yoxdur, hərəkətin təməlidir, hərəkət yoxsa, iradə gizlidir, tanınmayandır.
Üzə çıxdığı an isə bildirdiyi ilk şey Niyyətdir.
Niyyət nədir bəs?
Məsələmiz burda fəzamızı tanıtmaq üçün dairə çəkər.
Niyyət bizi insan edən hərəkətlərdir və ya insan olmaqdan çıxaran hərəkətlərdir.
Bu hərəkətləri anlamamızdan ötəri niyyətin içinə girmək məcburiyyətindəyik.
İnsan adlanan bir canlı əslində, nəticədir, yaradılan ünsiyyətin nəticəsidir. Bu ünsiyyət isə niyyətə bağlıdır.
Canlı kimi biz parçalardan ibarətik, görüntü olaraq Şəklimiz birdir.
Ancaq bizi biz edən niyyətlərin sonluğu kimi əvvəlcə insan oluruq, sonra insanlar. İnsan olmaq hələ canlı olan parçalarımızla sülh bağlamaq anlamına gəlməz. İçimizdə olan qəzəb, ağrı, sevgi, nifrət, şöhrət, rəzalət, kin, küdurət, alqış, qarğış...
Ciyərimiz bir şey istər, ürəyimiz başqa bir şey, gözümüz ayrı, qulağımız ayrı, dilimiz ayrı. Ayaq əllə, əl dillə, ürək başla... Beləcə bütünlük olaraq insan içi ilə hərbdədir. Bu hərbin əmr edəni iradədir. Bu iradəni isə niyyətlə tanıyarıq. Xoş niyyət, pis niyyətdən aslı olaraq insan Xoşbəxt və Bədbəxt olur. Bu, fərdi bir haldır. İnsanlar isə necə xoşbəxt, necə bədbəxt olurlar, desək... Fərabinin "xoşbəxt Şəhəri"nin niyyətlərini tanımağımız gərəkir.
Bu da bizə mədəniyyət olaraq miras qalır.
Mədəniyyətin məqsədi insanları müsəlman görməkdir ki, bu suala cavablar axtarar. Mədəniyyət insan və insanlıq üçün deyil, müsəlman olmağa çağrıdır. Niyyəti sənət yaratmaq deyil, sənətin dili ilə yaradılanları kəşf etməkdir. Kəşf etdikcə heyrətə düşməkdir. Biz niyə son yüzillərdə mədəniyyətin içini tanıya bilmədik? Bizə təqlid olaraq təklif edilən teatr, roman, şeir, kinonun mərkəzində fərqli insan və fərqli insanlar var. Biz o insanların Kültür olaraq şəkilləndirdiklərinin hansı insanı seçdiklərini bilmirik.
Tanımırıq, yaşamamışıq. Onlar içi ilə hərb edən insanı kəşf etməyə çalışır.
Bizim isə belə bir niyyətimiz olmayıb. Bizlər islamla Allaha təslim olub, təmsil edənlər kimi mədəni niyyətin içini tanıdığımız zaman mədəniyyət inşa edəcəyik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!