Əgər evimə gəlsən, ey sevgili, bir fənər gətir mənə və balaca bir pəncərə ki, oradan, xoşbəxt küçənin adamlarını seyr edə bilim...
Füruğ Fərruxzad
Bu mühazirələr məni tamam yorub, o qədər yorulmuşam ki, dincəlmək üçün lap əvvələ - daş dövrünə qayıtmaq istəyirəm. Amma təəssüf ki, bu mümkünsüzdür. Telefonun zəng cədvəlinə baxıram. Nərmindən 7 cavabsız zəng gəlib. Yəqin ki, indi bərk əsəbiləşib. Geri yığıram. 3-cü çağırışda açır. Son zamanlar yaxşı olmadığımı bildiyindən əsəbiliyini və incikliyini mənə hiss etdirməməyə çalışır. Deyir ki, həmişə getdiyimiz bukkafedədir. Ayaqlarım birbaşa ora istiqamətlənir, ürəyim isə əks tərəfə. Hava xəfif küləklidir. Yəqin, bir azdan yağış başlayacaq.
Həvəssiz addımlarla içəri daxili oluram. Divarın küncündəki divanda əyləşib. Bir əlində fincan, o birində telefon var. Bilmirəm fincanın içində nə var. Özüm üçün kiçik oyun qururam: Əgər fincanın içində kofe olsa, Rəşid qayıdacaq, çay olsa, yox. Birdən gözüm Nərminin masasının qarşısındakı divar boyunca çəkilmiş Van Qoqun "Ulduzlu gecə" rəsminə sataşır. Rəsmə baxa-baxa onun yanına yaxınlaşıram, heç nə demir. Gözü telefondadır. Hələ də fincanı ağzından ayırmayıb. Mən isə yenidən gözlərimi divardakı rəsmə zilləyib Van Qoqdan danışmağa başlayıram.
- Bilirsən, bu necə bədbəxt adam olub. Rəsmlərinin əksərində sarı tonlar var. Sanki hər şeyi bir rəngdə görürmüş. Maraqlıdır, görəsən, biz də dünyanı bir rəngdə görsəydik, necə olardı? Ya da bir mənada anlasaydıq. Məsələn, sadəcə, bir ağac növü olsaydı, bir heyvan növü, bir fəsil olsaydı, ya da bir ayrılıq növü... Van Qoq qulağını kəsmişdi, dəhşətdi...
Nərmin sözümü ağzımda qoyub, telefonu əlimə tutuşdurur:
- Əsl dəhşət budur... Doğrudan da, dünyanın axırı gəlib, deyəsən.
Telefonu götürüb baxıram. Feysbukda dostu şəkil paylaşıb; bir it üzü üstə uzanıb. Bədəninin yarısına qədər kapron corab geyindiriblər. Şəklin üzərində "Çexiyada görülməmiş xidmət. 70 avroya itlərlə cinsi əlaqəyə girmək mümkündür" yazılıb. Nərmin dəhşətli reaksiya verəcəyimi düşünür, mən isə şəkli yaxınlaşdırıb baxıram. İtin başını necə fağır-fağır, yazıq-yazıq yerə qoymasını görürəm. Ürəyim bulanır... Dinməz-söyləməz telefonu Nərminə qaytarıram. Birdən gözüm stolun üstündəki fincana sataşır. Boşdur, içində nə olduğunu müəyyən etmək də çətindir.. Soruşmaq istəyirəm, amma fikrimdən daşınıram.
Araya dərin sükut çökür. Hiss edirəm ki, ürəyi doludur. Nəsə demək istəyir, amma cəsarəti çatmır. Ya da yanlış anlayacağımdan qorxur. Təkidlə yemək yeməyimi istəsə də, yox deyib sifariş etdiyim kofeni udumlayıram. Birdən danışmağa başlayır. Uzun müddət dinməzcə onu dinləyirəm. Fikrimsə tamam başqa yerdədir. Tanrını axtarmaqla bağlı nələrdənsə bəhs edir.
Kofeni yarılamışam. Nəsə demək istəyirəm, amma söz tapmıram. Üzümü küçəyə sarı çevirirəm. Pəncərələrə yarıya qədər tutqun şüşə vurublar. Yağış başlayıb, yolda şütüyən maşınları görməyə çalışıram, gözə dəymirlər. Yolu görmək üçün ayağa durmalıyam, ya da başımı qaldırmalıyam ki, boylanıb görüm... Fikirləşirəm, bəlkə, o da Tanrını belə tutqun şüşə arxasından axtarıb görməyə çalışır, bəlkə, başını bir az qaldırsa, ya da ağladığı, sızladığı yerdən ayağa qalxsa, daha şəffaf şüşə arxasından Tanrını görə bilər...
- Nəhayət, tapdım, bax deyirəm, həyat da bu pəncərə kimidir. Bəzi yerləri tutqun, bəzi yerləri şəffafdı. Bəlkə, Tanrı da dayandığın yeri dəyişməyini istəyir. Bəlkə, ayağa qalxıb, həyata pəncərənin şəffaf tərəfindən baxmaq istəsən, onu görəcəksən...
- Yox, mənim həyatımın pəncərəsi yoxdur, o, dörd divardan ibarətdir. Dörd qalın və keçilməz divardan...
- Amma bir Şərq şeirində deyilir ki, "oyuqlar açırsan otaqda, onlardır mənalı edən həmin otağı". Məncə, yaşadığın hadisələr də sənin ruhunda açılmış oyuqlardır, nə qədər incitsə də, ağrıtsa da onlarsız həyatın mənasız olardı. Onlara bağrında açılmış yara kimi də baxa bilərsən, ruhunu işıqlandıran oyuqlar kimi də. Nahaq yerə Tanrını günahlandırırsan, o, ədalətlidir. Biz ürəyimizə görə cəzalandırılır və mükafatlandırılırıq.
- Mən nə dərəcədə pis insanam ki, Tanrı atamı əlimdən aldı, ya da yeganə sevdiyim insanı. Mən onu elə sevirdim ki, atamı xəstə yatağında qoyub onunla qaçmağa hazır idim. O isə məni yalnız qoydu. Nəyə görə? Ona görə ki, mənim ürəyim başqalarınkından daha pisdir?
- Bilirsən, insanlar Tanrıdan soruşacağı sualları bir-birlərinə verdikləri üçün əzab çəkirlər. Çünki insanlar bu sualların qarşısında acizdirlər. Bu sualı səni tərk edən adamın özü belə cavablandıra bilməz. Sadəcə, deyə bilər ki, belə yaxşıdır və ya səni sevmirəm. Amma bu belə, dəqiq cavab deyil. Buna görə də yormamalısan özünü. İnsanın daxili rahatlığı bilirsən nə vaxt pozulur? Sual verəndə, amma yalnız Tanrının cavablandıra biləcəyi sual. Heç fikir verməmisən ki, sual verməyən, sorğulamayan insanlar necə rahat yaşayırlar. Onlar hər səhər bir dördbucaqdan çıxaraq bir dördbucağa əyləşib başqa bir dördbucağa tələsirlər. Bütün həyatları bu dördbucaqlar arasında dayanmadan təkrarlanan hərəkətlərdən ibarət olur. Axırda axirət dördbucağına gedirlər və hər şey tamamlanır. Ömürləri boyu başqa heç nə barədə düşünmürlər. Mən çox belə insan görmüşəm. Amma unudurlar ki, axı yaşadıqları yer dairəvidir. Bircə dəfə bunun səbəbiylə maraqlansalar, bəlkə də, hər şey başqa cür olardı.
Çaş-baş adamlar kimi üzümə baxır. Nə düşündüyünü anlaya bilmirəm. Qəfil nəsə xatırlamış kimi gözləri parlayır:
- Yox niyə ki, qoy, mən cavab verim. Özü də lap dəqiq cavab. Redaktorum adını xatırlamadığım bir şairdən danışıb qəmlənirdi həmişə. Uzaq diyarlarda çox istedadlı bir şair yaşayırmış. Lakin bütün istedadlılar kimi, özündən xəbərsiz, başqalarının fikirlərinə möhtac halda. Tez-tez yazdığı şeirləri dostlarına, tanışlarına göndərib fikirlərini soruşurmuş. Onlar da həmişə şeirləri pisləyir, anlamır, üzə çıxarmamağı məsləhət görür, bəziləri hətta fikir bildirməyə belə can çəkirmişlər. Günlərin bir günü həmin miskin şair bütün şeirlərini qonşusunun qapısı ağzına qoyub intihar edir. Uzun illər sonra necə olursa, şeirləri bir naşirin əlinə keçir və çap olunur. Tezliklə hər kəs onun nə qədər uğurlu və istedadlı olmasından yazır. Şeirləri bir çox dilə tərcümə olunub dildən-dilə dolaşır... O şairin taleyini özümkünə bənzədirəm. Eynilə mən də onun kimi sevgimi yanlış insanlara, yanlış ünvanlara göndərmişəm. Yanlış olan mənim sevgim deyildi, sevdiyim insanlar idi...
Təklif edirəm ki, bir az hava almağa çıxaq. Yağış güclənib, yollardan sel gedir. Yağışdan qaçmaq əvəzinə, düz altında dayanırıq. İldırım çaxır, biz isə tərpənmirik. Rəşidin indi harda olduğunu təxmin etməyə çalışıram. Başqa bir qızla əl-ələ yağışın altında gəzdiyini xəyal edirəm. O saat da xəyalımdan daşınıram, çünki o belə insan deyildi. Heç vaxt yağışın altında gəzməz, xəstələnməkdən qorxardı. Həm də çox eqoist idi. Çünki onu belə böyütmüşdülər. Məsələn, güllərin hamısını gül deyə tanıtdırmışdılar. Onun üçün nərgiz də, lalə də, qızılgül də, yasəmən də, çobanyastığı da eyni idi. Onların ayrı-ayrı gözəlliklərinin, qoxularının olduğunu bilmirdi. Bilsə də, önəmsəmirdi. Çobanyastığı almağa göndərsən, tapmasa, nərgiz alıb gələrdi. Açıqlaması da konkret idi: Nə fərqi var ki, gül güldür də... İndi Nərminin bayaq danışdığı şair əhvalatını xatırlayıram. Deyəsən, o haqlı idi...
Nərmin qəfil əlimdən tutub məni yola tərəf çəkir:
- Gəl, qaçaq marketdən siqaret alıb çəkək.
Bir anlıq təklifindən diksinirəm, bərk ildırım çaxır. Elə təsəvvür edirəm ki, bu ildırım bizim üstümüzə düşdü və öldük. O zaman bu dəhşətin də bir önəmi qalmır.. Razılaşıram. Dəli kimi qaçaraq marketə giririk, başdan ayağa suyun içindəyik. Cibindən qəpikləri çıxarıb kassirin önünə tökür.
- Bizə iki gilə siqaret verin.
Kassir qadın təəccübünü gizlədə bilmir, gözləri bərəlmiş halda iki siqaret uzadır. Siqaretlərin düzüldüyü sıradan bir alışqan götürüb əvvəl mənim əlimdəkini, sonra özününkünü yandırır. Çölə çıxırıq, qəhqəhə çəkib gülür, səsi qaranlıq küçəni başına götürür. Niyə belə elədiyini anlamağa çalışıram. Sanki özündən intiqam alır, amma kişilərin hərəkəti ilə. Əlimdən tutub məni yolun qırağındakı ən dalda yerə çəkir, su dizimizə qədər çatır, soyuqdan əsirik, siqaret əlimizdə titrəyir. Biz isə ürəkdən gülə-gülə qaranlıqda suyun içində oynayırıq. Sonra Rəşid də başda olmaqla dünyadakı bütün kişiləri söyməyə başlayır, lakin onların həyatlarındakı heç bir qadına toxunmadan, yamanlamadan. Burada bu qaranlığın, bu gölməçənin içində biz azadıq, xoşbəxtik. Bu qaranlıqda biz heç kimin heç kəsi deyilik. Burda bizi heç kim tanımır. Adımız, ünvanımız, həyatımız yoxdu... Bir anlıq içimdə qəribə arzu yaranır. Tanıdığım bütün qadınları bu küçəyə, bu oyuğa, bu qaranlığa çağırmaq istəyirəm. İstəyirəm ki, bir anlıq da olsa ünvanlarından, öhdəliklərindən qurtulub bu oyuqda özləri ilə üzləşsinlər. Və ümumi adları belə olsun: Xoşbəxt küçənin qadınları!
Yaxınlıqdan ötən maşınlar uzaqdan görünən bu iki qaraltının nə olduğunu dəqiqləşdirməyə çalışırlar. Birdən o maşınlardan birinin işığı üzümə düşür. Tez əlimdəki siqareti suya tullayıb, əllərimlə üzümü örtürəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!