Həmişə film izləyərkən ekranda görünən kitabı bir təsadüf deyil, rejissorun izləyiciyə çatdırmaq istədiyi mesaj kimi qəbul edirəm. Baxdığım filmdə belə bir kitab olursa, filmdən sonra kitabı tapıb oxumaq kimi adətim var. Bu səbəblə oxuduğum kitablardan biri də Con Dannın "Zamanla bir təcrübə" kitabı olmuşdu. Qaspar Noenin "Dönülməzlik" filmində Monika Belluççinin canlandırdığı qəhrəmanın əlindəki " An experiment with time" kitabı diqqətimi çox çəkmişdi. Şiddət, zorakılığın çox naturalistcə canlandırıldığı bu film baxmağı tövsiyə edəcəyim filmlərdən olmasa da, kitabı film bitər-bitməz internetdə araşdırıb oxumuşdum. "Zaman hər şeyi məhv edir" frazası ilə başlayan filmdən sonra aviasiya mühəndisi, filosof, yazıçı Con Dannın zamanla apardığı təcrübələri oxumaq cəlbedici idi. "Dönülməzlik" filmi 2002-ci ildə Kann kinofestivalı çərçivəsində göstərilərkən şiddət, zorakılıq səhnələrinə baxa bilməyən yüzlərlə izləyici zalı tərk etmiş, tibbi yardıma müraciət etmişdi. Filmdə hadisələrin sondan əvvələ doğru baş verən xronoji ardıcılığı, qırmızı işıqlardan çox istifadə olunması rejissorun Con Dannın kitabından təsirlənərək zaman üzərində apardığı təcrübədir. Qaspar Noeyə qədərə Con Dannın zaman modeli Fellini, Qodar kimi kinematoqrafiya ustadlarının filmlərindən də yan keçməmişdir. Əslində, hər bir sənət əsəri özlüyündə zamanla aparılan təcrübə deyilmi?! Əsərində zaman axınında səyahət etmək, lazım gələrsə, zamanın özünü də dayandırmaq üsullarını ən çox axtaran yaradıcı insanlar deyilmi?!
İnternetdə "Zamanla bir təcrübə" kitabını axtararkən qarşıma çıxan maraqlı ilk yazılardan biri yazıçı Luis Borxesin "Zaman və Con Dann" essesi olmuşdu. Deməli, Conn Dannın zamanla təcrübəsi bu haqda yazacaq qədər Borxesin də diqqətini çəkmişdi. Zamanla səyahətin çoxölçülü modelini yaradan Con Dannın nəzəriyyəsi XX əsr incəsənətinə, ədəbiyyatına təsirsiz ötməyib. 1927-ci ildə çap olunan "An experiment with time" kitabı çap olunduğu zaman satış rəqəmlərinə görə bestsellər kitablar siyahasına başçılıq etmişdi. Con Dann zaman maşınını uzaqlarda deyil, insanın öz şüurunda, yuxularında axtarmağın yolunu göstərmişdi.
Con Dannın " Zamanla bir təcrübə"əsərini oxuyanda Luis Borxesin "Özgə" hekayəsini xatırlamışdım. Kembricdə bir səhər skamyada əyləşən Borxes və onunla yanaşı oturan öz gəncliyi... O, iyirmi yaşına hələ çatmamış gəncliyini səsindən tanıyır. Amma bu gənc oğlana yanında oturan qocanın onun özü, Luis Borxes olduğuna inandırmaq çətin olur. Oğlan Kembricdə deyil, hazırda Cenevrədə skamyada əyləşdiyini söyləyir. Yetmiş yaşı haqlamış Borxes həmin yaşda Cenevrədə olduğunu xatırlayır. Hələ həyatda yolunu seçməmiş gəncə gələcəkdən, yəni özünün yaşadığı keçmişdən xəbər verir. Oğlana Borxesin şair, yazıçı olacağını deyir. Bu hekayədə baş verənlər Con Dannın 2 nömrəli müşahidəçinin 1 müşahidəçini izləməsi və ona əsasən keçmişə, gələcəyə getmək konsepsiyasını tamlıqla özündə əks edir.
"Zamanla bir təcrübə" kitabında Con Dann öz yuxularından yola çıxaraq keçmiş, bu gün, gələcək və bu xronologiyanı qarışdıraraq fizika qanunlarına əsaslanan müşahidələr aparmağın üsullarını kəşf etmişdir. Onun fikrinə görə insan yuxudaykən bir şüurda iki nəfər, həm gələcəkdəki özünü müşahidə edər, həm də gələcəyin özünü yaşaya bilər. Bütün proses boyu bu iki müşahidəçi bir şüur sərhədində hər şeyi yaşayır. Con Dann öz zaman modelini yaradaraq XX əsr filosoflarını düşündürən əsas suallardan birinə cavab tapmağa çalışmışdı. Kitabın əvvəlində Con Dann kor bir adama görmənin necə bir hiss olduğunu izah etməyə cəhd edir. Kor bir insan bu deyilənləri öz təcrübəsi ilə əldə edə bilmir. Və başa salanın əslində nə demək istədiyini də anlamır. Qırmızı rəngi heç vaxt görməyən adam bu rəngi təsvir etmək üçün bütün fizika qanunlarına əl atsa da, nəticəsiz olur. Bu insan kor deyil, kar olsa, eyni çətinliklər ona səsi izah edərkən yaranardı. Heç bir fizika qanunu bunu o adama isbat etməyə kömək olmur. Çünki rəngi, səsi, dadı qəbul edən müvafiq duyğu orqanı təsirə qarşı qıcıqlanmırsa əhəmiyyətsizləşir. Zamana müşahidəçi gözü ilə baxan Con Dann animizmə nəzərən ona müşahidəçi ruh kimi yanaşır. Başqa bir fəsildə müəllif müşahidəçi üçün diqqətin düzgün paylanmasının önəmini izah edir. Müşahidəçi qar yağmasını izləyəndə bircə qar dənəciyinə baxırsa, bu onun başqa qar dənəciklərini qəbul eləməməsi demək deyildir. Əgər digər qar dənəciklərinin hamısı yox olarsa və onun müşahidə etdiyi qar dənəciyi havada tək uçarsa, bu müşahidəçinin diqqətini dağıdar. Müəllif diqqətin cəmləndiyi sahəni "diqqətin fokusu" adlandırır. Kitabda obraz, xarici reallığın izini, təəssüratı, ideya zəncirini, yuxugörməni təsvir edərək oxucunu qarşıdakı zaman modelinə hazırlayır. Daha sonra öz yuxularının xronologiyasını oxucuya nümunə gətirərək zaman içində səyahətini başlayır. O, öz gerçək çıxan yuxularını oxucuya çatdıraraq, əslində bunu medium, öncəgörənlik deyil, hər bir normal insanın qarşılaşacağı hal kimi qiymətləndirir. Onun iddiasına görə hər bir insanın yuxusu keçmiş və gələcək hadisələrin surətinin bərabər proposiyasıdır. Öz hipotezinin doğruluğunu təsdiq etmək üçün Con Dann təcürbələrini oxucu ilə bölüşür. Zamanla aparılan təcrübələrinin nəticəsində insanın zamana olan münasibətinin təbiətini müəyyən edir
XX əsr dünya ədəbiyyatında, mədəniyyətində böyük iz qoymuş Con Dannın "Zamanla bir təcrübə" kitabı haqqında yazımı, müəllifin kitabında qeyd etdiyi bir pritça ilə bitirmək istəyirəm. Bir rəssam öz dünyasının rəsmini çəkmək üçün dəlixanadan qaçır. Gözünün gördüyü hər şeyin rəsmini çəkir və tablonu bitirdikdə nəyinsə çatışmadığını hiss edir. Daha sonra rəsmin içində bu rəsmi çəkən özünün olmadığını görür. Bir oğlanı ona rəsm çəkirmiş kimi poza vermək üçün razı salaraq çəkdiyi rəsmi tamamlayır. Amma yenə də öz işindən razı qala bilmir. Bu dəfə də rəsmin içində rəsmi çəkən rəssam əks olunsa da, özünün rəsmdə olmadığını görür. Bu sonsuzluğadək davam edir. Məhdudlaşan isə mütləq zaman üzrə hərəkət edən mütləq müşahidəçidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!