Nəriman QASIMOĞLU
O qədər xoş xatirələri qalıb ki bizdə... Bu xatirələrin içində ötən əsrin tarixinə işıq tutan xeyli maraqlı epizodlarla yanaşı, Arəstə xanıma aid elə əhvalatlar var ki, o zamanlar bizə məzəli gəlirdi...
Yevlağın Kövər kəndində mülkü vardı. Vaxtilə Sovet hökumətinin təqiblərindən yaxa qurtarıb orada, onların nəslini tanıyanlardan iraq guşədə babam Xansuvar bəylə yurd salmışdı. Hər tətildə, bayramlarda onu ziyarət edər, orada içindən enli su arxı keçən gözəl bağ-bağatlı həyətində kef çəkərdik.
Arəstə xanımın bu məhləsi - həyəti Qasım Qasımzadənin yazıçı dostlarının da ziyarətlərini gözəl ziyafətlərlə zinətləndirən bir yer idi. Arəstə xanım bu ocağı hələ ötən əsrin 40-cı illərinin sonlarından 90-cı illərinin əvvəllərinədək ziyarət etmiş Əli Vəliyev, Mehdi Hüseyn, Böyükağa Qasımzadə, Bayram Bayramov, Novruz Gəncəli, Qulu Xəlilov, Yaşar Qarayev, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Ayaz Vəfalı, Qəzənfər Paşayev və daha kimləri… öz ovladı kimi bağrına basıb qonaqlamışdı.
Kövərlərdə müxtəlif illərdə ferma müdiri, kolxoz sədri, partiya komitəsinin katibi kimi vəzifələrdə çalışdığına görə camaatın öz dərdlərinə çarə üçün müraciət etdiyi şəxsə çevrilmişdi. Ağsaqqallıq düşmüşdü, necə deyərlər, bu ağbirçək xanımın boynuna. Sözü yerli hökumət qurumlarında keçirdi. Adamların sevə-sevə Arəstə xala dedikləri nənəmin yanına gəlib-gedənləri çox olurdu: işdən çıxarılan kim, cinayət məsuliyyətinə cəlb olunan kim, əri ilə, arvadı ilə problemi olan kim... Elə müşkül olmazdı ki, o müdaxilə edəydi də, məsələ həll olunmamış qalaydı.
Camaatın ona sevgisinin qarşılığında isə bizə bir şey qəribə gəlirdi. Fikir vermişdik ki, işi düşüb yanına gələn kənd əhlindən eləsi vardı onu darvazanın ağzındaca garşılayıb dinləyir, oradaca nəyisə onunla müzakirə edib yola salırdı. Eləsi vardı onu həyətin ortalarınadək gətirir, söhbətini evinin qarşısındaca axıra çatdırır, gələnlə oradaca sağollaşıb pillələrlə qalxırdı evinə. Eləsi də vardı, evə - stol arxasına dəvət edir, qulluqçusuna, yaxud da gəlininə deyirdi çay dəstgahı-filan düzəltsin və söhbəti də evin içində başa vurub gələni daha üstün protokol qaydası ilə yola salırdı. Gəlini, anam Tamara xanım irad tutanda ki, "yaxşı deyil axı, filankəsi qapıdan yola saldın, içəri də dəvət etmədin, filankəsi bir xeyli həyətin içində saxlatdın, onu da evə gətirmədin...", deyərdi "sən bilməzsən, hərənin öz yeri var..." və bu "yerin" nədən ibarət olduğunu da bildirməzdi. Ancaq burası da vardı ki, ondan narazı gedən olmurdu: yanına kim gəlirdisə, arxayın idi ki, Arəstə xala onun məsələsinə mütləq əncam çəkəcək, onu qapıdan peşman qaytarmayacaq.
Adamların dərdlərinə həssas ola-ola məişət davranışında onlara qarşı sərgilədiyi bu ayrı-seçkiliyin səbəbi getdikcə bizə aydınlaşırdı. Bir dəfə qohumlarımızdan biri Qasım Qasımzadənin iltifatlarına baxmayaraq ona xəyanət etmiş, məsələnin üstü açılanda Arəstə xanım demişdi "heyif, qızımızı verdik rəiyyət ("rəiyyət" sözünü "raiyyat" kimi tələffüz edirdi) balasına, rəiyyət toxumundan belə nanəcib böyüyəcəkmiş də, daha nəyə təəccüb qalırsınız ki?" Hərdən kiminsə ləyaqətsiz bir hərəkətindən şikayətlənəndə bizə deyirdi "əşi, rəiyyətdir, fikir verməyin", "rəiyyətdən nə gözləyirsən axı?!" Və yaxud biz orada istirahət edəndə elə olurdu həyətə gələni bizlərdən biri, yaxud Qasım müəllim özü qarşılayır və şəksiz ki, evə dəvət edirdik. Qasım müəllimin sadə camaatla şirin-şirin söhbətləşməyi də vardı. Belədə Arəstə xanım müdaxilə etməzdi. Amma gələn şəxs getdimi, düşərdi Qasım müəllimin üstünə ki, "Qasım, sənin rəiyyətlə nə işin var, tay-tuşun deyil, filankəslə nə oturub bayaqdan söhbət edirsən?" Qasım müəllim gülümsəyirdi... Sovetlərin gur vaxtlarında ciddi-ciddi dediyi bu sözlər, insanları dəyərləndirərkən bəy qızının münasibətini sinfi mövqedən ifadə etməsi bizi, həqiqətən, əyləndirirdi, gülüşürdük. Biz deyəndə də özümüzü, onun nəvələrini nəzərdə tuturam. Böyüklərimiz öyrəncəli idilər. Və artıq dəqiq bilirdik ki, məsələsini həll etdiyi, bu üzdən də ona duaçı olduğu şəxsi darvaza ağzından yola salırsa, deməli, onunla sanki təbəəsi imiş kimi davranır.
Qan düşmənçiliyi səviyyəsində münasibətləri korlanan insanları necə barışdırırdısa, adam heyran qalırdı. O qədər də ciddi olmayan səbəblər üzündən həbsə düşənlər üçün rayon rəhbərliyinə təkidli müraciətləri heç zaman cavabsız qalmazdı. Camaat içində hörmətini nəzərə alan rayon rəhbərliyi də ona ehtiram bəsləyirdi.
...Əldən düşdüyü vaxtlar idi, çox qocalmışdı, gözləri də xeyli zəifləmişdi, demək olar görmürdü, gözünün müalicəsi üçün bir dəfə Qasım müəllimlə onu Moskvaya da aparmışdıq. Amma işində qalmaqda idi, deyən yox idi ki, "daha bəsdir, get otur evində". Biz buna işarə edəndə deyirdi "bir az səbr edin, camaatın dərdini bilib əlac eləyən birisini tapıb öz yerimə qoyum, sonra işdən gedərəm".
Bir gün elə olur rayon rəhbərliyi dəyişir. Bir müddət keçəndən sonra rəhbərlik qərara gəlir Arəstə xanımı yaşlandığına görə işdən çıxarsın. Ümumi partiya iclası təyin edirlər. Belə iclaslarda adətən qərarı kollektiv çıxarsa da, rəhbərliyin mövqeyi mütləq nəzərə alınırdı. Arəstə xanıma çatdırırlar ki, rayon rəhbərliyi ümumi partiya yığıncağında sənin əleyhinə belə bir qərar çıxartdıracaq. Nənən sarsılır, deyir "məni bu qoca vaxtımda niyə axı belə urvatsız yola salmaq istəyirlər, işdən çıxmaqdı - çıxmaqdı da, nə problem var axı? Səni rayona rəhbər gətiriblərsə, lap yaxşı da, olsun, ancaq gərək məni çağıraydın, söhbət edəydin mənimlə, ən azından xidmətlərimi qeyd edəydin, yoxsa bu rəiyyətcəsinə hərəkət etmək nəyə lazımdır?" Xülasə, iclasa qatılmır. Yığıncaqda camaat rayon rəhbərliyinin üzünə durur, Arəstə xanımsız işləməyəcəklərini deyir. Rayonun 1-ci katibi məcbur qalıb maşınını sürdürür Arəstə xanımın ünvanına. Onunla görüşür, azacıq üzrxahlıq-filan da edir, sonra çıxıb gedir. Və təsadüfən bir neçə gün sonra Aztv-nin "Günün səsi" proqramında həmin 1-ci katibin işdən çıxarıldığı elan olunur. Camaatda ruh yüksəkliyi yaranır, sadəlövhcəsinə düşünürlər, əvvəlkini Arəstə xanıma görə çıxardıb yerinə onun öz adamını qoyublar. Arəstə xanım da yeni katib gələn kimi ərizəsini yazıb işdən çıxır. Rayon səviyyəsində isə ömrünün sonunadək hakimiyyətini (bu, əlbəttə, şərti ifadədir!) sürdürməkdə, yerli camaatın işinə yarımaqda davam edir.
...Yevlağın Kövər kəndində yurd salmaq üçün Arəstə xanım babam Xansuvar bəylə ötən əsrin 30-cu illərinin ortalarında Kəlbəcərdən gecənin bir qaranlığında yola çıxmışdılar. Qiymətdə ağır, vəzndə yüngül nələri vardısa, atlarını qoşduqları arabaya yükləyib onları gözləyən acı sonluqdan yaxa qurtararaq qaçmışdılar. Bu, onların ikinci qaçqınlığı idi.
Onlar Kəlbəcər tərəflərə də sovet hökumətinin təqiblərindən yaxa qurtarmaq üçün Zəngəzurdan, Qubadlıdan qaçqın kimi gəlmişdilər. Xansuvar bəy Kəlbəcər ərazisində meşəbəyi vəzifəsinə düzəlib çalışırmış. Kəlbəcərin o zamankı xalq daxili işlər komissarı bu cütlüyün əsil-nəsəbindən məlumatlı imiş. Arabir də bunu eyhamla xatırladırmış Xansuvar bəyə. Sinfi mənşəyinə görə gedər-gəlməzin bircə addımlığında olan babamla nənəm mənən iztirablı güzəran keçirirmişlər.
Xansuvar bəyin hündür, yaraşıqlı səmənd atı varmış. Bir gün həmin ata komissarın gözü düşür. İstəyir atı yiyəsindən peşkəş kimi alsın. Təsəvvür etmək çətin deyil ki, atın da qeyrət rəmzi sayıldığı bir zamanda bəy hansı sarsıntı keçirərək məcbur qalır buna "razılıq" versin. Qaş qaralanda komissarın adamları Xansuvar bəyin həyətinə gəlib atını aparırlar. Xansuvar bəy isə dərhal qaçış tədarükünə başlayır. At isə elə həmin gecə komissarın həyətində çərləyib ölür. Səbəbini qohumlarımız belə izah edirlər ki, at yiyəsindən ayrı düşdüyünə dözməyib çərləyibmiş. Kim bilir... Daha ağla batan versiya odur ki, Xansuvar bəy sevimli atına yəqin zəhər veribmiş və qısa zamanda çərləyəcəyini bilirmiş. Çox güman, bu üzdən də qaçışa hazırlaşıbmış. Bilirmiş ki, daxili işlər komissarı hökumət adından onu nə yolla olur-olsun şərləyərək tutduracaqdı...
Yeri gəlmişkən, görünür, taleyin hökmü imiş ki, sevimli atı düşmən əlinə keçməsin, namusu tapdanmasın deyə ona qıymağa məcbur olmuş Xansuvar bəy bir dəfə də gələcək qayınatası Şahsuvar bəyin şərəfini qorumaq üçün at öldürmüşdü. Əhvalat belə olmuşdu: Şura hökuməti Şahsuvar bəyi həbs edir. "Rəiyyət" komissarları onu bir atın quyruğuna bağlayırlar. Kənd-kənd gəzdirmək istəyirlər ki, camaatın gözləri önündə bu məşhur bəyi hörmətdən salıb alçaltsınlar. Məsələdən xəbər tutan Xansuvar bəy əlində tüfəng özünü dərhal hadisə yerinə çatdırır, Şahsuvar bəyin əl-qolunun bağlandığı atı tüfənglə vurub gəbərdir. Şura hökumətinin o tərbiyəsizlərinə də səslənərək deyir: "Şahsuvar bəydən əl çəkməsəniz, sizi də belə gəbərdərəm". Əl çəkirlər. Bu əhvalatdan sonra Şahsuvar bəy qızı Arəstəni qohumluğu çatan Xansuvara verir. Babamla nənəmin izdivacı belə baş tutur…
Arəstə xanım Kövərdə ötən illərinin, atasının xiffətini-filanı çəkə-çəkə ara-sıra ağlayırmış. Babam ona deyir - "daha bəsdir, şura hökuməti möhkəmlənir, şəraitə uyğunlaşmaq lazımdır, get işlə, başın qarışsın". Və yerli kolxozda bəy qızına təklif olunan iş də olur sağıcılıq. Babamın məsləhətilə sağıcılığa başlayır. Bununla Arəstə xanım ilk əmək fəaliyyətinə qədəm qoyur.
Fərasətli gənc xanım olduqca qısa zamanda özünü necə göstərirsə, onu ferma müdiri təyin edirlər. Və bir-iki ildən sonra olur kolxoz sədri, bunun da ardınca hakim partiya sıralarına daxil olur. Bir gün də Azərbaycan Kommunist Partiyasının növbəti qurultayına nümayəndə seçilir. Qurultayda öz təşəbbüsü ilə çıxış üçün söz istəyir, təsərrüfat məsələlərindən nitq edir. Nəhayət, Mərkəzi Komitə üzvlüyünə seçilmiş şəxslərin əvvəlcədən hazırlanmış siyahısı oxunanda Mir Cəfər Bağırov deyir: "Mənim də öz namizədim var, Arəstə xanımı da salın o siyahıya": nitqi xoşuna gəlibmiş. Beləliklə, Arəstə xanım Azərbaycan KP MK-nın üzvü seçilir. Ertəsi gün Bağırova onun kimliyi haqqında geniş bir arayış təqdim edən Xalq Daxili İşlər Komissarlığının sədri bildirir ki, Bağırovun namizədi çar dövründə pristav olmuş, Cumhuriyyət illərində isə Zəngəzur qəza rəisinin müavini işləmiş məşhur Şahsuvar bəyin qızıdır. Bağırov da qəzəblə göstəriş verir yoxlasınlar Arəstə xanım bu qurultaya necə gəlib düşüb. Araşdırırlar və öyrənirlər ki, xanımı qurultaya nümayəndə kimi o zaman məsul vəzifədə çalışan yazıçı Əli Vəliyevin tövsiyəsilə göndəriblərmiş. Əli Vəliyevi sorğuya çəkirlər, o da izahatında bildirir Şahsuvar bəy sovet hökumətinə müqavimət göstərməyib, öz əcəli ilə rəhmətə gedib, qızı da sovet hökuməti üçün təsərrüfat işlərində fəallıq göstərir və s. Əli Vəliyevdən əl çəkirlər. Arəstə xanım isə MK-nın rəsmən üzvü qalsa da, onu MK-nın qurultayarası dövrlərdə keçirilən plenum yığıncaqlarının heç birinə dəvət etmirlər. Sinfi mənşəyinə görə bir müddət bu etimadsızlıq mühitində çalışmalı olur.
...Müharibə vaxtı imiş. Xansuvar bəyin şəraitə uyğunlaşmaq tövsiyəsinə əməl edən Arəstə xanım növbəti manevrini edir: atasından qalan cehizli varidatını pula çevirir, bir tank qiymətində məbləği ölkənin müdafiə fonduna göndərir. Buna görə Stalindən rəsmi təşəkkür teleqramını alır. Belə teleqramlar o zaman qəzetlərdə də tirajlanırmış. Şura hökumətinin gözündə əsl bəraətini məhz həmin teleqramdan sonra qazanan Arəstə xanımın nüfuz və fəaliyyət dairəsi xeyli genişlənir.
Uşaqlıq çağımdan kiçicik bir epizod kimi xatirimdədir. Bir dəfə Arəstə xanım qərara gəlir sovet hökumətinin təqibləri üzündən, "rəiyyət" çuğulçularının əlindən uzun illər ayrı düşdüyü ata yurduna səfər etsin. Artıq təqib xofu-filan da arxada qalmışdı. Atası Şahsuvar bəy 30-cu illərin əvvəllərində, babam isə müharibədən sonra dünyasını dəyişmişdi. Arzusu vardı ki, özü ilə bərabər bizi də o yerlərə aparsın, atasının əziz tutduğu xatirəsini biz də nə zamansa yaşada bilək. Arəstə xanımla biz - Qasım Qasımzadənin ailəsi getdik Qubadlının Xocamsaxlı kəndinə, Şahsuvar bəyin malikanəsinin uçuqlarını ziyarət etdik. Oradan da yollandıq Xansuvar bəyin Dəstəyurdda qalan qardaş-bacı uşaqlarına baş çəkməyə. Bizim oraları ziyarətimiz yerli camaat üçün hadisəyə dönür, söhbət mövzusuna çevrilir. Söhbətlərin bəzisi, demə, heç də xoşagələn deyilmiş. Arəstə xanımın oradakı yaxınlarından biri danışır ki, ərazidəki partiya qabaqcılları, qocaman inqilabçı kommunistlər deyirmişlər "siz bir işə baxın, bunlar o zaman da hakimiyyətdə idilər, indi də..."
Arəstə xanım uzun illər yerli Partiya Komitəsinin katibi vəzifəsində çalışdı. İctimai fəaliyyəti onu zaman-zaman təkcə Yevlax-Bərdə deyil, Kəlbəcər, Laçın, Qubadlı, hətta Göyçə mahalı camaatı arasında sözün həqiqi mənasında insanların qayğısına qalıb problemlərini həll etməyə çalışan xarizmatik bir ağbirçəyə çevirdi. Hamının sevimlisi oldu.
...80-ci illərin əvvəlləri idi. Bir gün qohumlarımızdan biri Qasım müəllimə zəng edib həyəcanla bildirir Arəstə xanımın evinə oğrular girib, evi yağmalayıb qaçıblar. Özü ilə əlaqə-filan saxlamadan Qasım müəllim anam Tamara xanımla maşına minib dərhal yola düşürlər. Bakıdan Kövərə yol maşınla təxminən dörd saat çəkir. Ora çathaçatda hər ikisi qorxuya düşür: baxırlar Arəstə xanımın darvazası önündə uzun bir maşın karvanı dayanıb, adamların da sayı-hesabı yox. Sarsıntı içində düşünürlər yəqin Arəstə xanımın başında iş var ki, onları da uydurma oğurluq hadisəsi adı ilə sövq ediblər gəlsinlər. Həyətə daxil olub Arəstə xanımı adamların dövrəsində görüncə özlərinə gəlirlər. Və məlum edirlər, həqiqətən, o yağmalama hadisəsi baş verib, oğrular da əllərinə nə keçibsə, hər şeyi - qab-qaşıq, xalçalar və s.-ni aparıblar. Nəhəng izdihamı yaradanlar isə təkcə yerli camaat deyilmiş, aralarında bir xeylisi uzaq rayonlardan, kəndlərdən gələnlər imiş. Gəlibmişlər Arəstə xanıma dəstəklərini ifadə etsinlər, ona toxtaqlıq versinlər. Gələnlərin bəzilərini Arəstə xanım şəxsən heç tanımırmış da.
Heydər Əliyevin də ona xüsusi rəğbəti vardı. Bölgələrə səfərləri zamanı bir neçə dəfə görüşüblər. Belə görüşlərin birində Azərbaycan rəhbəri Arəstə xanımdan Zəngəzurla, oradakı qohumları ilə əlaqə saxlayıb-saxlamadığını soruşur, ermənilərin Sisian ərazisindəki tarixi Azərbaycan qəbirlərinin izini itirməyə çalışdıqlarından narahatlığını onunla bölüşür. Söhbətdə təsərrüfat işlərinin gedişini də ikilikdə müzakirə edirlər. H.Əliyev rayonu tərk etməyə hazırlaşanda Arəstə xanım ərklə ona deyir: "Salamatlıqla gedin. Amma əvvəlcə Siz bizim çörəyimizi də yeməlisiniz, çayımızı da içməlisiniz!" H.Əliyev gülümsəyərək: "Doğru deyirsiniz, mən sizin yeməyinizi də yeməliyəm, çayınızı da içməliyəm" deyib səfər cədvəlini pozur, təsərrüfat sahəsində açılan stol arxasındaca Arəstə xanımla, bir neçə başqa təsərrüfat fəalı ilə nahar edir. Ayrılanda Arəstə xanımdan hansısa bir xahişinin olub-olmadığını soruşur. Xanım "yalnız Sizin sağlığınız" desə də, H.Əliyev yenə soruşur və yenə eyni cavabı alandan sonra israr edir. Arəstə xanım da "madam təkid edirsiniz..., yeganə xahişim budur, Qasımdan muğayat olun", deyir. H.Əliyev gülərək "Qasıma nə olub axı, ölkədə tanınmış şairdir" - deyib Arəstə xanımı bağrına basır.
Qasım Qasımzadə ilə bağlı narahatlığı Arəstə xanımın ürəyində lap əvvəllərdən kök salmışdı. 1951-ci ildə Q.Qasımzadəni sinfi mənşəyinə görə aspiranturadan çıxarmış, sonradan Ali Sovetin Rəyasət Heyətinin sədri Nəzər Heydərovun müdaxiləsi ilə aspiranturaya bərpa etmişdilər. Arəstə xanım bir müddət narahatlıq yaşayıb ki, öz atası Şahsuvar bəyə görə övladı Qasım da əziyyət çəkər. Qohumlarımız danışır ki, fəaliyyətinin gur çağında bəzi insanların yanında Qasım Qasımzadənin onun oğlu olmasını hətta danıbmış da...
Taleyi elə gətirir ki, Arəstə xanım oğlunun 1993-cü ildə vəfatından sonra həmin il dünyasını dəyişir. Hakimiyyətə yeni gəlişində H.Əliyev Yevlağa icra başçısı təyin edərkən Arəstə xanımı soraqlayır. Rəhmətə getdiyini bilincə, yeni icra başçısına tapşırır xanımın qohumları üstündə gözü olsun.
Arəstə xanımın H.Əliyevlə görüşünün şəxsən məndən ötrü izsiz ötüşməyən bir ayrıntısı da var. 1995-ci ildə Milli Məclisə seçkilərdə iştirak edirdim. Bölgələrin birindən seçkiyə iki namizəd buraxılmışdı: biri məndim, digəri tanınmış yazıçılarımızdan biri. Sonradan seçkinin nəticələrindən narazı qaldığımı ifadə etdiyim bir mətbuat konfransında o hörmətli yazıçının ünvanına iradlarımı bildirmişdim. Bundan sonra "Azərbaycan" qəzetində əleyhimə məqalə dərc edildi. Qəzetin həmin sayında H.Əliyevlə Arəstə xanımın görüşündə çəkilmiş bir foto da yerləşdirilmişdi. Və mənə o zaman çox xoş idi, indinin özündə də xoş əhvalda xatırlayıram ki, eyni binada yaşadığımız qonşum, əleyhimə kəskin yazını verməyə məcbur qalmış baş redaktor, yazıçı Əmir Mustafayev könlümü Arəstə xanımın xatirəsindən keçən bir yolla almağa çalışmışdı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!