Uşaqlığımın, gəncliyimin, indimin Zahid Xəlili - Səhər ƏHMƏD yazır

 

Mənim uşaqlıq xatirələrim Zahid Xəlilin səsinin həzinliyi ilə limhəlim doludur. Sevimli yazıçımı televiziyadan - uşaq verilişlərindən dinləyə-dinləyə böyüyüb Bakıya - ali məktəbə gələndə gözümü açıb onu auditoriyamızda görməyim də, yəqin, şans işiydi.

...Gəncliyimin Zahid Xəlili mənə uşaqlığımdakı - televiziyadakı, kitablardakı Zahid Xəlildən bir köynək daha yaxındı, onun auditoriyamızı dolduran səsi daha doğmadı.

Tənəffüslərin birində rəfiqəm mənim hamıdan gizli saxladığım şeir dəftərimi Zahid müəllimə verir. Dəftəri özüylə evinə aparır Zahid müəllim, şeirlərimi oxuyub kövrəlir, bunu görən kiçik qızı Aysel təsirlənir. Və bu mənzərənin nəticəsi mənimçün sürpriz olur. Zahid müəllim mənə o şeir dəftərini kitab halında "qaytarır". Beləcə, "Gözlərimin içinə bax" adlı ilk kitab mənim ədəbiyyata giriş kartım olur, bu karta ilk imzanı atan isə sevimli müəllimim. Sonra mənim bütün yaradıcılıq uğurlarımda hər dəfə bir az da fərəhlənir Zahid müəllim, bir az da qanadlanır.

Sonra tələbəlik bitir, qayğılar başımı qatır, onu az-az görməyə başlayıram, amma unutmuram, bilirəm ki, orda bir şair var uzaqda, getməsəm də, görməsəm də, o şair mənim sözün bütün mənalarında müəllimimdi.

Amma o müddətdə gah xatirələrdən qarşıma çıxır Zahid müəllim, gah əsərlərindən.

Onuncu sinifdə dərsdəykən şagirdlərə ifadə yazdırmaq üçün ifadə kitabını vərəqləyib kənara qoyuram və şagirdlərin birini kitabxanaya dərslik dalınca göndərirəm. Yeni nəşr olan ədəbiyyat kitabını vərəqləyib bir mətn seçirəm və diktə etməyə başlayıram. Yavaş-yavaş səsim əsməyə başlayır, sonra tədricən kontrolu itirib hekayənin hüznünə qapılıram və sinif otağında şagirdlərin içindəcə gözlərimdən yaş süzülməyə başlayır. Sinfə qüssəli bir sükut çökür. Kimdi müəllif, kimdi məni - neçə ilin müəllimini, oxucusunu və nəhayət, yazarını belə asanlıqla ağladan?! Vərəqi çevirib imzaya baxıram: Zahid Xəlil. Bir az da kövrəlirəm.

Dərs qurtaran kimi Zahid müəllimə zəng edib minnətdarlıq edirəm. Müəllimimlə danışıb qurtarandan sonra şagirdlərimdən bir qız boynumu qucaqlayır: "Mən sizi çox sevirəm, müəllimə!" "Mən də sizi" deyə bilirəm, sadəcə. Bu "siz"in içində mənim bütün şagirdlərim, bütün müəllimlərim var, şairin də dediyi kimi, "atam, anam, müəllimim, bir də bütün insanlar" var.

...İndinin Zahid Xəlili yaşlaşıb artıq, bir az da dərd əyib belini, saçları lap dümağ olub. Amma səsindəki saflıqdan, üzündəki nurdan, yerişindəki əzəmətdən bir qırıq da əskilməyib. Hələ də onu görəndə Sabirin misraları yadıma düşür: "Bənzərəm bir qocaman dağa ki, dəryada durar". Və üçüncü qızı doğulanda zarafatla yazdığı şeirini xatırlayıram: "Əgər doğrudan da qız qızıldırsa, onda milyonçudur Məmməd İsmayıl".

Zahid müəllim, siz indi həqiqətən çox varlısınız, neçə nəslin sevimli yazıçısı, müəllimlər müəllimi, gözəl verilişlər aparıcısı. Bəlkə, biz sizə layiq olmadıq, bəlkə sizin qədər mənəvi övlad yetişdirə bilmədik, bəlkə sizin qədər böyük insan olmağa gücümüz çatmadı, amma bu estafeti bacardığımız kimi ötürə bildik. Və bu yolda sizin işığınız həmişə yanacaq.

...Biz bir də uşaq olmayacağıq, Zahid Xəlil, siz bir də gənc olmayacaqsınız, amma həyat fani olsa da, anlar ölümsüz...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!