Əzizim Azər!
Bu koronavirus və karantin başımızı elə qatdı ki, "ev dustağı" olduğum vaxt, martın 21-də sənin 80 yaşından xəbər tutmadım. Bu tarixi yalnız bu gün "Bakı Xəbər" qəzetində oxuduğum müsahibəndən və orda dərc olunmuş "Şair, nasir, publisist, filologiya elmləri namizədi Azər Abdullanın 80 yaşı tamam olur" cümləsindən bildim. "Tamam oldu" yox, "tamam olur". Deməli, hələ bütün il boyu sənin yubileyin qeyd edə bilərik. Edəcəyik də, inşallah!
Sənin də 80 yaşın olarmış, Azər! Buna heç inanmağım gəlmir, həmişə gözümün qabağında əlli il bundan qabaq "Qobustan" toplusunda birlikdə işlədiyimiz günlərdə tanış olduğum cavan, istedadlı, savadlı, bir az da höcətçi oğlan durur. Amma axı mənim özüm də artıq gəlib 82 yaşa çatmışam. Yaşın özü kədərli olsa da, bu vurhavurda belə yaşa gəlib çatmağımız - hünərdir.
Həmin müsahibədə deyirsən ki, ömrünün ən gözəl illəri "Qobustan"la bağlıdır. Mənimki də oylə, "Qobustan"ın ilk nömrələrindən rəhmətliklər Vidadi Paşayev, Tofiq Məhərrəmoğlu, Yusif Əliyevlə birlikdə sən də, mən də çalışırdıq ki, toplumuz xalqımızın zəngin mədəni irsini təbliğ etsin, oxucuları klassik və çağdaş dünya sənətinin ən parlaq örnəkləriylə tanış edək, Arazın o tayı - Güney Azərbaycan heç vaxt diqqətimizdən yayınmasın, türk xalqlarının yaratdıqları sənət incilərindən yazaq. Həm də bu mövzulara yeni baxışla yanaşaq, onları yeni formalarda, yeni üslubda işıqlandıraq, doğma dilimizdən qaynaqlanan yeni sözlərlə ifadə edək, bir sözlə mədəni, savadlı, milli dəyərlərə bağlı, geniş dünyagörüşlü vətənsevər nəsillər yetişdirək.
O vaxt ağlımıza gəlməzdi ki, savadlı olmaq hələ mədəni adam olmaq deyil, Keçmişi inkar etməklə Gələcəyi qurmaq qeyri-mümkündır, yeri gəldi-gəlmədi dəbdə olan dünya məşhurlarının adlarını çəkmək, qəliz terminlər işlətmək - ziyalılıq sayıla bilməz.
"Qobustan"dan sonra yollarımız müəyyən qədər ayrılsa da, sənin mətbuatda çıxan şeirlərini, hekayələrini, publisist yazılarını maraqla izləyirdim. Özəlliklə, "Qəmərlidən ötən qatar" hekayəndən çox təsirlənmişdim.
Yazıçılar Birliyində təsis etdiyimiz "Oğuz eli" qəzetində Mövlud Süleymanlı və rəhmətlik Vaqif Səmədoğluyla çiyin-çiyinə türk düşüncəsinin gəlişməsi üçün faydalı işlər görürdünüz. Bu qəzetin nəzdində çap olunan "Yazıçı" adlı xüsusi buraxılışlar isə bütünlüklə sənin xidmətindir. Klassik yaşıçılarımızdan üzü bəri çağdaşlarımıza qədər bir çox şair və nasirlərə həsr olunmuş xüsusi saylar orijinal təqdimat formasıyla, fikir və baxış zənginliyiylə oxucunu cəlb edir və bu nömrələrin nəşrində mənim də az-çox köməyim dəyibsə, məmnunam. Bunu ədəbiyyatımız qarşısında hələ də tamam ödənilməmiş borcum və vəzifəm sayıram. İmkan düşəndə bütün bu xüsusi buraxılışları bir, ya iki cildlik kitab şəklində nəşr etmək böyük arzumdur.
Əzizim Azər! "Qobustan"da səni işə götürməyi mənə rəhmətlik Tofiq Abdin təklif etmişdi. Bilirdim ki, Tofiq Abdin, Mövlud və bir neçə başqa gənclər sovet vaxtında "Qaranquş" adlı gizli millətçi təşkilat yaradıblarmış, amma çox tez aşkarlanıb həbs ediliblər. O vaxt DTK-nın rəhbərlərindən olan Heydər Əliyev onları böyük bəlalardan xilas edib. Ancaq sənin də bu təşkilatın üzvü olduğunu bilmirdim. Bu barədə nə rəhmətlik Tofiq mənə bir söz demişdi, nə də sən özün. Bu yaxınlarda tarixçi Nəsiman Yaqublunun kitabından öyrəndim bunu. Və bu məlumatla tanış olanda başımda iki fikir oyandı. Birinci mənə aydın oldu ki, o vaxt müəyyən təşkilatlar "Qobustan"la niyə belə ciddi maraqlanırmışlar. Tək topluda gedən və "türkçülük", "Türkiyə təsiri" kimi qələmə verilən materiallara görə yox, həm də işçilərimiz arasında iki əski "inqilabçının" olmasına görə. Başıma gələn ikinci fikir isə bu oldu ki, indi sənin yerində bir başqası olsaydı, hələ o dövrdə "antisovetliyiylə" möhtəkirlik edərdi, quruluşa asiliyini, rejimə qarşı mübarizəsini bayraq edib özünü qəhrəman kimi qələmə verərdi. Sən bunu etmirsən, çünki iş-işdən keçəndən sonra, arxayın vaxtlarda "qəhrəman olmaq" çətin deyil. O dövrlərdə yalana, riyakarlığa, şüarçılığa uymamaq, öz ləyaqətini saxlamaq, ürəyindəkiləri ürəyincə yazmaq özü elə igidlik idi.
Ömrümün çətin məqamlarında səninlə geniş müsahibəmdə sözümü demək imkanı yaratdığınçün də sənə minnətdaram.
Müsahibə demiş, "Bakı Xəbər"dəki müsahibən əvvəlcə başlığına görə diqqətimi çəkdi: "Məni gənclər həmişə Anarın müdafiəçisi kimi qınayırlar". Mətnlə tanış olanda gördüm ki, bu barədə ötəri bir söz demisən, belə başlıq isə ancaq sensasiya xətrinə verilib. Olsun. Amma bir sualım var: Səni mənə görə qınayanlar kimdir, həmin o otuz il bundan əvvəlki beş-altı gənc ki, hələ də gənc sayılırlar? Ya təzə-təzə yetişən yeni nəslin sütül "anarşünasları?". Əgər onlardısa sənin, 80 yaşlı ağsaqqalın onlarla nə işi? Yaxud onların səninlə nə işi? Hər halda, heç kəsdən müdafiə olunmağa ehtiyac hiss etmirəm və sənin buna görə qınanmağını da istəməzdim.
Azər! Səni, dəyərli ədəbiyyat, sənət adamını 80 yaşın münasibətilə ürəkdən təbrik edirəm. Ona görə tək "ədəbiyyat adamı" yox, "sənət adamı" da yazdım ki, nasirliyindən, şairliyindən başqa, rəssamlığından da xəbərim var.
Bütün sahələrdə uğurlar, dostum! Neçə-neçə belə illərə!
12 iyun 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!