Onun çətin, üzücü uşaqlığı havası ağır və ürəkbulandıran yorucu, alaqaranlıq fabrikdə keçib. Bu, az qala Dikkensin hər hansısa bir romanının müqəddiməsini xatırlatdı, elə deyilmi? Amma bu sətirləri elə yazıçının özünün də həyat tarixçəsinin başlanğıcı kimi qəbul etmək olar. Müəyyən dövrə qədər gənc Dikkensin öz həyatı da onun məşhur qəhrəmanı Oliver Tvistin həyatı kimi "dikkenssayağı" keçib. Bəs sonra? Sonra o şöhrət qazandı və bir daha heç bir miskin fabrikdə işləmək məcburiyyətində qalmadı.
Dikkensin uşaqlığı keçən həmin miskin fabrik Uorrenin ayaqqabı yağı istehsal edən müəssisəsi idi və 1824-cü ildə, atası müflis olub borclular həbsxanasına düşəndən sonra balaca Çarlzı ora işləməyə göndərmişdilər. Çarlzın fabrikdəki işi ayaqqabı yağı ilə dolu hazır bankalara yarlıq yapışdırmaq idi. Bu, ilk baxışdan bir o qədər də ağır görünmür, amma on iki yaşlı uşağın sutka ərzində 10-12 saat ayaq üstə durub iş gördüyünü nəzərə alsaq, bunun nə qədər ağır olduğunu da təsəvvür edə bilərik. Çarlzın həftəlik qazancı cəmi altı şillinq idi. Belə olduqda, həyat cəhənnəmi xatırladır və yəqin elə bu səbəbdəndir ki, yazıçı bütün qalan ömrünü bir vaxtlar Dikkensin özü kimi ağır məşəqqətlər içində yaşayan, sürgün həyatı kimi ağır və dözülməz həyat keçirən uşaqların taleyindən bəhs edən əsərlər yazmağa həsr etdi.
O, məşhurluq pilləsinə asanlıqla qalxdı. "Pikvik klubunun ölümündən sonrakı qeydləri" çap olunanda Dikkensin cəmi iyirmi dörd yaşı vardı, adı çəkilən kitab isə dünya ədəbiyyatı üzrə kitab satışında ən çox satılan kitab kimi tarixə düşərək, gənc müəllifini dünya yazarlarının Olimpinə yüksəltdi. Ayaqqabı yağı bankalarına yarlıq yapışdırmaq və borclular həbsxanası geridə qaldı. Artıq Dikkens növbəyə durub onun yeni çapdan çıxan romanını əldə etmək arzusu ilə yaşayan insanların dünyasında ömür sürürdü. 1841-ci ildə Nyu-York limanına altı min adam toplaşmışdı və hamısı da "Köhnə günlərin köşkü" romanının final hissələrini əldə etmək istəyirdi. Ora toplaşanlar yaxınlaşmaqda olan teploxod heyətini səsləyərək, romanın gənc və xeyirxah qəhrəmanının taleyi ilə maraqlanır, "Görəsən, balaca Nell öldümü?" - deyib, soruşurdular.
Özünəməxsus sarkazmla "Ah, bəli, o, öləcək" - deyən, Oskar Uayld, roman haqqında: "Balaca Nellinin ölümünü... gülüşsüz oxumaq üçün adam daşürəkli olmalıdır", - deyirdi.
Dikkens dövrünün Stiven Kinqi idi - tənqidçilər (elə Uayld kimi ağıllı ədəbaz da) onu sevmirdi, amma çılğın fanatlar sevimli yazıçılarını əlləri üstə gəzdirirdilər. "Biz onun şöhrətinin uzunmüddətli olacağına inanmırıq, - 1858-ci ildə "Saterdey revyü" qəzeti yazırdı. - Bir gün övladlarımız böyüklərin bir vaxtlar Dikkensi hansı səbəbdən müasir romançılar arasında birinci hesab etdikləri ilə bağlı suala cavab tapmalı olacaqlar". Siz bu sualı Şekspirdən sonra Dikkensi ən böyük ingilis yazıçısı hesab edən Tolstoya, Dostoyevskiyə, Henri Ceymsə və bir çox böyük yazıçılara verin. Ya da Dikkensin kimliyini onun hesabına səmərəli marketinq siyasəti qurub yaxşı pullar qazanan iş ortaqlarından xəbər alın. Çünki romanları hissə-hissə çap etdirmək ideyasını Dikkens özü ortalığa atmışdı və beləcə, onun əsərləri hissə-hissə böyük tirajlarla, özü də təkrar-təkrar çap olunur, əldən-ələ gəzir, müəllifinə var-dövlət və şan-şöhrət gətirirdi. Hətta romanlarının qeyri-adi uzunluğu da yazıçıya sərf edirdi. Onları kiçik hissələrə bölüb çap etdirir, hər dəfə yaxşı qazanc əldə edirdi. Təkrar nəşrlər çoxaldıqca yazıçının cibinə axışan qızıl sikkələr də artırdı.
Dikkensin otuz il ərzində yazdığı romanlar həmişə öz bədii keyfiyyəti ilə fərqlənsə də, yazıçının şəxsi həyatı müəyyən qalxmalar və enmələrsiz ötüşməmişdi. 1836-cı ildə o, etibarlı qəzet naşirlərindən biri - Ketrin Hoqartın qızı ilə evləndi. Çarlzla onun iki balaca qızı arasında qeyri-adi yaxın münasibət yaranmışdı. 1837-ci ildə, on səkkiz yaşlı Meri Hoqart dünyasını dəyişəndə, Çarlz elə danışırmış ki, sanki ölən onun öz arvadıdır. O Merinin tellərindən bir qədər kəsərək, xüsusi qutuda saxladı, barmağından çıxardığı üzüyü isə ömrünün sonunadək qorudu. Çarlz mərhumun bütün paltarlarını götürdü və iki il ərzində vaxtaşırı onları açıb baxdı. Bundan başqa o, baldızının məzarında dəfn olunmağını vəsiyyət etdi və qızın kabusu uzun illər onu rahat buraxmadı. Dikkenslə Merinin arasında olanları, heç kəs bilmir; ümumiyyətlə, onların arasında doğrudanmı nəsə olmuşdu? Amma bir həqiqət var: Ketrin və onun on övladı bundan qətiyyən xoşlanmırdı.
Hər əvvəlin bir sonu olur. 1858-ci ildə Dikkens arvadından boşandı. Boşandıqdan sonra onu aralarında 27 yaş fərq olan on səkkiz yaşlı aktirsa Ellen Ternan ovladı. Çarlz bu münasibəti və hər şeydən çox da ondan olan övladını gizli saxlamağa çalışır, qalmaqaldan uzaq durmaq üçün müxtəlif uydurma adlar fikirləşərək, sevgilisi ilə səyahətlərə çıxırdı.
1865-ci ildə Fransa səfərindən qayıdarkən Londona getmək üçün Dudrda qatara mindilər. Yolda körpülərin birini keçən qatar relslərdən çıxdı. Məşuqəsi ilə bir yerdə yaxalanacağı təqdirdə onu gözləyə biləcək hadisələrdın qaçmaq üçün "Dombi və oğlu" romanının əlyazmasını qoltuğuna vuran Dikkens qaçıb aradan çıxdı və ömrünün sonunadək həmin qəzada aldığı travmalardan müalicə olunmadı; ara-sıra əsərlərini kütlə qarşısında oxumaq da yazıçının sağlamlığına zərbə vurdu. O, insult keçirdi və 1870-ci ilin 9 iyun tarixində - dəmiryol qəzasından beş il sonra - vəfat etdi. Yazıçını - vəsiyyətinə zidd olsa da - Vestminster abbatlığındakı şairlər guşəsində dəfn etdilər.
DİKKENS VƏ ƏTRAFI
Bəlkə də "Nəsrin Milad nəğməsi"ndəki Bob Kretçit səliqəsizlik və darısqal şəraitdə işləyə bilərdi, amma onun ədəbi atası - yox. Dikkens romanlarını yazdığı guşəyə bağlı adam idi. Masa və stullar ürəyincə olmasaydı, işləməkdən imtina edirdi. Yazıçının şəxsi əşyalarının yerləşməsi ilə bağlı fövqəladə yaddaşı vardı və saatlarla onları ora-bura çəkib yenidən yaddaşına həkk edərdi. Bir yerə qonaq gedəndə, ya da hər hansısa bir otelə yerləşəndə, hər şeydən əvvəl otağın görünüşünə, səliqə-sahmanına fikir verərdi.
Vaxtaşırı Dikkensdə yaranan təmizkarlıq maniyası da qətiyyən təəccüblü deyildi. Gün ərzində azı yüz dəfə seyrək saçlarını darayırdı, tellərindən hansınınsa yerində olmadığını duysaydı, hətta dəvət olunduğu qonaqlığın şirin yerində belə, darana bilərdi. Qonaqları evi tərk edən kimi, yır-yığış edər, əgər kiminsə cüzi bir pintiliyini görsəydi, özündən çıxardı. 1842-ci ildə Amerika Konqresinə dəvət alanda, Dikkens oradakı məmurların çeynənən tütünü zibil qabına deyil, yerə tüpürdüklərini görəndə çox qəzəblənmişdi. "Mən təkidlə Konqres üzvlərinə döşəməyə baxmamağı məsləhət görürəm, - Dikkens donquldanmışdı. - Əgər əlinizdən bir şey salsanız, əlcək taxmadan onu qaldırmağa cəhd etməyin".
MAQNİT SAHƏSİ
Dikkens təmizliyə həssas olduğu qədər də mövhumatçı idi. Hər şeyə üç dəfə toxunardı, uğurlu gün kimi cümə gününü seçmişdi və hər dəfə romanının son hissəsinin çap olunacağı ərəfədə Londonu tərk edirdi. Amma ən qəribəsi, onun yuxulara münasibəti idi. Həmişə başı Şimal qütbü tərəfə yatardı. "O, başqa cür yata bilmirdi", - dostlarından biri demişdi. Dikkensdən mülahizələrinin mahiyyətini xəbər alanda o, "yerdəki cərəyanların hərəkəti, onların mənfi və müsbət quruluşda olmaları barədə" mülahizələr danışırdı. Yerin maqnit sahəsini düzgün təyin etməklə, yüksək yaradıcı enerji almağın mümkünlüyünə inanırdı.
HİPNOZ HALI
Yazıçı oxucularını səkkiz yüz səhifəlik romanının transı altına sala bilməyəndə, əsl hipnozdan, ya da o vaxtlar deyildiyi kimi - mesmerizmdən yararlanırdı. Bu psevdoelmi avstriyalı başdanxarab həkim Frans Anton Mesmer kəşf etmişdi. Onun fikrincə, xəstələri müalicə etmək üçün "canlı maqnit sahəsi"nin şəfaverici şüalarını düzgün istiqamətləndirmək lazımdır. XIX əsrin birinci yarısında mesmerizm bütün kontinental Avropasını bürümüşdü, Dikkensin vaxtında isə İngiltərəyə ayaq açdı. Dumanlı Albionda mesmerizmin ilk təbliğatçısı britaniyalı terapevt Con Elliotson idi, onun da həkimlik məsləki mesmerizm düşüncələrinə görə bir müddət sonra əlindən alındı. Dikkens bu psevdoelmə o qədər bağlandı ki, sonunda özü də onu praktikadan keçirməyə başladı. Qonaqlıqlarda adamları - elə-belə, əyləncə xətrinə - hipnoz edirdi, eləcə də hipnoz yolu ilə dostlarını yüngül naxoşluqlardan müalicə etməyə çalışırdı. Hətta ağlagəlməz sağalma halları da məlumdur. 1844-cü ildə Dikkens güclü həyəcandan əziyyət çəkən, belə hallarda sifəti gərilib tanınmaz hala düşən madam de la Ryü adlı bir xanımı müalicə etməyə girişdi. İki həftəlik müalicədən sonra qadın seanslarda özünü rahat hiss etməyə başladı; o, rahatca yatır, xoruldayır və özünü çox yaxşı hiss edirdi. Dikkens madam de la Ryünun müalicəsini davam etdirmək, qadını həyəcanlandıran səbəblərin kökünə varmaq (daha bir dikkenssayağı hobbi) istəyirdi. Və günlərin birində yaxın dostu Con Liç beyin silkələnməsinə məruz qalanda, Dikkens mesmerizm vasitəsilə onu bir neçə günə ayağa qaldırdı.
Mesmerizmin aciz qaldığı yeganə xəstəlik astma idi ki, yazıçı özü həmin mərəzdən əziyyət çəkirdi. Bu səbəbdən də Dikkens onu dədə-baba yolu ilə müalicə edir, tiryək atırdı.
YAZIQ HANS
1857-ci ildə Hans Xristian Anderson Dikkensə baş çəkməyə gələndə böyük romançının axmaq tərəflərinin şahidi oldu. Yazıçılar təxminən on il əvvəl görüşmüşdülər. O zaman Dikkens londonlularla görüşə gələn danimarkalı nağılçı ilə qarşılaşmağa həyəcanla can atmış və demişdi: "Mən Andersonu görməliyəm!" Dostluqları tez alınmışdı. Anderson Danimarkaya qayıdarkən Dikkens ona öz imzası ilə (lap yerindəcə) tam külliyyatını bağışlamışdı. Kənardan baxanda elə düşünmək olardı ki, bu, yazıçı səmimiyyətinin təzahürüdür.
Növbəti on il ərzində Anderson yenidən İngiltərəyə gedib yazıçı dostuna qonaq olmaq istəmişdi. Amma gələrkən qarşısında tamam başqa bir adam görmüşdü. Dikkens xırdaçı, soyuq adam təsiri bağışlayırdı və o ərəfədə arvadını atıb məşuqəsi Ellen Ternan ilə yaşamağa hazırlaşırdı. Belə bir şəraitdə ingilis dilində zorla bir-iki söz düzüb-qoşa bilən qeyri-adi danimarkalının ona qonaq gəlməyi Dikkensin ürəyincə deyildi, amma Anderson Dikkensə bir neçə həftəlik ona qonaq gəlmək istəyi barədə xəbər göndərəndə, o, yazıçı dostunun xahişini yerə sala bilməmişdi. Və bu öhdəliyin altına girməyin xiffəti Dikkensi əməlli-başlı sarsıtmışdı. "Bəlkə Hans Xristian Anderson da bir müddət bizimlə bir yerdə qaldı, - ona baş çəkməyə hazırlaşan dostuna yazmışdı, - amma narahat olma, o bizə mane olmayacaq. Öz doğma dilindən başqa heç bir dili bilmir, bəzən mənə elə gəlir ki, heç onu da düz-əməlli bilmir".
Anderson İngiltərəyə ayaq basan kimi qarşıda onu xoşagəlməz hadisələr gözlədiyini anladı. Dikkens özü iş-güc adı ilə şəhərdə gəzib-dolaşır, qonaqla məşğul olmağı isə tərbiyəsiz və dikbaş uşaqlarına həvalə edirdi. Onlar danimarkalı haqqında xəlvətcə pıçıldaşır, onun xahişlərini yerinə yetirməkdən imtina edir, yazdığı nağıllar haqqında ağız büzərək danışırdılar. Hətta qardaşlarından geri qalmayan beş yaşlı Edvard belə milyonlarla uşağın sevimli yazıçısını pəncərədən atacağı ilə hədələmişdi. Əsəb sarsıntısı həddinə çatan bədbəxt Anderson evdən bayıra atılmış, üzü üstə otluğa sərilərək, hönkürüb ağlamışdı.
Onu üstüörtülü şəkildə nə qədər getməyə təhrik etsələr də, nağılçı təslim olmadı. Üstündən beş həftə keçməyinə baxmayaraq, Anderson hələ də Dikkensin evində qonaq idi. "Biz hamımız bu Andersonun əlindən boğaza yığılmışıq", - Dikkens bu barədə özü yazırdı. Dikkens evinə qayıdan kimi köhnə "dostu"ndan canını qurtarmaq istəyirdi. Nəhayət, arzuedilməz qonaq evi tərk edəndə, bütün ailə bayram etmişdi. "Bu sür-sümük qalığı yaxamızdan əl çəkmək istəmirdi", - Dikkensin qızı Keyt demişdi. Çarlz özü isə Andersonun qaldığı otaqda belə bir qeyd yazıb qoymuşdu: "Hans Anderson bu otaqda beş həftə qaldı və onun qaldığı günlər bizə illər qədər uzun göründü". Yəqin Andersonu bir daha o evə çağıran olmayıb.
HAVAYI LƏZZƏT
"Hansısa gözəgörünməz qüvvə məni morqa sürükləyir", - bir dəfə Dikkens yazmışdı. Söhbət XIX əsr boyunca saysız-hesabsız kimsəsiz meyitləri ilə ad çıxaran Paris morqundan gedirdi. Dikkensi bu qəribə yerə qeyri-adi marağı çəkirdi. Orada saatlarla vaxt keçirir, meyitlərə, suda batan biçarələr və insanlardan qalan son nişanələrə baxmaqdan zövq alırdı. Yazıçı həmin anlarda keçirdiyi hissləri "iyrəncin cazibəsi" adlandırmışdı. Güman ki, elə bu hisslər onu müasiri Edqar Po kimi səsli-küylü ölüm hadisələrinin, sensasiyalı cinayətlərin baş verdiyi məkanlara çəkib aparırdı.
YALANÇI DOLAB
Əgər Dikkensin Kent qraflığında olan Geds-Hill Plesydəki evini ziyarət etmək fikrinə düşsəz, sürprizlərə hazır olun. Hiyləgər yazıçı evində gizli qapı düzəltdirib. Qapı kitab dolabının altında qalır, rəflərdə isə Dikkensin özünün uydurduğu yalançı kitablar yığılıb. Dolabdakı üçcildliyə diqqət yetirin: "Çində beş dəqiqə", doqquzcildliyə baxın: "Pişik həyatı". Eləcə də digər söz oyunlarına fikri verin: "Huh memarlığı", "Barıt dərgisi" və s. Bir də Dikkensin özünəməxsus yumoru - "Ulularımızın aqilliyi". Müxtəlif xəstəliklərə və onların müalicəsinə həsr olunmuş kitablar və bayaqkı kitabın əkiz qardaşı - "Ulularımızın ləyaqəti". Bu kitab o qədər balacadır ki, adını üz qabığına sığışdırmaq olmayıb...
O... HARADAYAM?
Sizcə, Dikkensin yer üzündəki yeganə heykəli haradadır? Qəribə də olsa - Filadelfiyada. Sağlığında heykəllərdən zəhləsi getdiyi üçün vəsiyyətində ona heykəl qoyulmağı ilə bağlı qadağa da qeyd olunmuşdu. Buna baxmayaraq, onun yaradıcılığına rəğbət bəsləyənlərdən kimsə, heykəl sifariş etdirib. Dikkensin ailəsi heykəli rədd edib və başıbəlalı daş Filadelfiyadakı Klark-parkda "məskunlaşıb". Yazıçının bürünc heykəlində o, kresloda oturduğu yerdə təsvir olunub, yanında isə "Köhnə günlərin köşkü" romanının qəhrəmanı - balaca Nell dayanıb.
SERİALLAR ULDUZU
Dikkensin kötücəsi olan aktyor Brayan Foster 1971-1974-cü illərdə "Partric ailəsi" teleserialında Partric rolunu canlandırıb.
Tərcümə etdi:
Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!