Allah sənə rəhmət eləsin, hamımızın Dədə Qorqud deyə çağırdığımız Həmzəli İlyaslı!
Biz səni itirməklə köhnə kişilərin ədəb-ərkanını, folklorumuz və ədəbiyyatımızın kamil bilicisini, gözəl tərcüməçini, hərbçi jurnalisti itirdik!
Biz səni itirməklə Qaraçöpün adət-ənənələrini, Türk dünyasnın incilərini sinəsində gəzdirən böyük türkü itirdik!
Biz səni itirməklə kişilərin məclisdə özünü necə aparması, necə sağlıq deməsi, məclisdə əyləşən hər kəsə xoş ovqat bəxş etməsini itirdik!
Biz səni itirməklə Şota Rustavelidən tərcümə etdiyin şeirin bir bəndini hər məclisi başlayanda şirin-şirin deməyini itirdik:
Bu dünyada kef qalacaq,
Var toplama yığın-yığın.
Nə xərcləsən səninkidir,
Bir itgidir saxladığın.
Sən Tanrının bəxş etdiyi bilik və baçarığı xalqımıza və millətimizə xərclədin. Bir təsəllimiz var - biz səni cismən itirdik, xoş xatirələrdə, gözləri hər zaman, hər yerdə səni axtaran döğmaların, əzizlərin, dostların qəlbində daim yaşayacaqsan!
Bir təsəllim var - "İtirdik" rədifli bu qoşma ilə mərhumun dostlarının kədərini ifadə edirəm.
Yaxan qurtarmadı dünya bacından,
Zəkası qızıldan zərgər itirdik.
Səni itirməklə dünya tacından,
Ay Dədə Həmzəli, biz zər itirdik.
Məhvəri dar olsa, sellər ağlayar,
İl quraq keçəndə çöllər ağlayar.
Aqil köç edəndə ellər ağlayar,
Deyərlər qeyrətli bir ər itirdik.
Bu fani dünyada iz qoyub getdin,
Sönən ocaqlara köz qoyub getdin.
Qızıldan qiymətli söz qoyub getdin,
Vəli, söz mülkündən bir nər, itirdik.
Ustadımız Vaqif Nəsib, Əsəd Cahangir, Səlim Cəfərov, Ayaz Arabaçı, Mübariz Dözümlü, Əlisəmid Kür, Ramiz Hümbətov, Əli Qurbanlı, Süleyman Mustafaoğlu,Dayandur Sevgin, Qəşəm Nəcəfzadə, Şahin Yüksəl, Hacı Soltan, Ədalət bəy, Fəxri Müslüm, İnqilab bəy, Rasim Tovuzlu, Vaqif Haxıyev, Tahir Şirvanlı və neçə-neçə dostlar mərhumun ailəsinə dərin hüzünlə baş sağlığı verir, onlara Tanrıdan səbr diləyirlər.
06. 06. 2020
Vəli Qaraçaylı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!