Fərqanə Mehdiyeva haqqında
Əlimə telefonu aldığım andan günlərdir içimi didib tökən sözlər yoxa çıxır...
Bəlkə lap başdan başlayım?
Səni tanıdığım gündən...
Hələ o gündən iki il öncə idi...
Televizorda "Aşıq Pəri Məclisi" gedirdi. O verilişi sənə görə sevmişdim daha çox...
Bir şeir oxudun:
Saçlarını bürüyüncə gözəl dən,
Hərdən sına qələmini ara bir.
İllərdir yazdığım yazıları cırıb atırdım... Elə bil bir qiymətli şey tapdım...
Hə də, vacib deyil ki, mən Nizami olum, Bəxtiyar olum...
"Deyilən söz yadigardır...". Bu sözdən güc alıb yola çıxdım...
Yuxularımda həmişə bir qatar görürdüm... O qatarda kimlər yox idi? Çox sevdiklərim... Müşfiqim... Cavidim... Nigarım... Bəxtiyarım...
Bu yolun adı söz idi...
Hardasa bir toy çalınırdı... mənimsə arzularım... Bir mənsur şeir yazdım... "Bu gün toyundur sənin..." "Azərbaycan qadını" jurnalına göndərdim... İlk sevinc... ilk ugur... ilk həyəcan...
Sonra yolum Bakıya, Mədəni-Maarif Texnikumuna gəlib çıxdı...
Nağıl dili yüyrək olar...
Tələbəlik illərinin ən gözəl xatirəsi pambıqda və dərslərində fərqlənən uşaqları Moskvaya tətilə göndərirdilər. Mən də o xoşbəxt qatarda idim...
Bilmirəm neçənci gün idi...
Bizim vaqona gülə-gülə iki qız girdi...
Sən və Arzu...
Utana-utana izah etməyə başladın...
Bizim qrupda iki oğlan var... Nazim və Vəkil... Biz həmişə onlardan soruşurduq ki, Müsfiqin seiri var;
Qara qış üstümə tökər qarını,
Nərgiz gözlərini məndən ayırsan,
Mənim ümidimin qapılarını,
Neyçün gah açırsan,
gah qapayırsan?
Dedilər ki, əgər nərgiz göz görmək istəyirsinizsə, gedin o qıza baxın...".
Mənə də sürpriz oldu bu bənzətmə...
Sən ilk dəfə televizordan çıxıb mənə canlı-canlı şeir oxuyurdun... Və birdən o misra...
Saçlarını bürüyüncə gözəl dən,
Hərdən sına qələmini ara bir...
İlahi! necə xoşbəxt idim!!!
Bu səndin!!! Məni yazmağa həvəsləndirən qız...
Rəfiqəm Həcər söhbətə qarışdı... Mənim də yazdığımı söylədi... Sən biləndə ki, mənim "Bu gün toyundur sənin" adlı mənsur şeirim dərc olunub, heç nə demədən öz vaqonunuza qaçdın...
Əlində kiçik dəftərçə gətirdin... Ora yazmışdın mənim yazımı... Dedin ki, çox yerdə oxuyursan bunu... Hətta bir dəfə zavodda oxumusan bu yazını... bir qız varmış başına daş vursan ağlamayan... ağlayıb amma... İkimiz də xoşbəxt idik... O gündən bizim nağılımız başladı...
Günlərimiz oldu... dastanlara sığmayan...
Bir gün bir ayrılıq nəğməsi çalındı...
Yollarımız ayrılsa da ürəklərimiz ayrılmadı...
İllər-illəri, günlər-günləri qovdu...
Hardasa on ilim sənsiz səninlə keçdi...
Və bir gün bir xoşbəxt ayrılıq məni Bakıya gətirdi... İkicə gün çəkdi səni tapmağım...
Telefonda səsini eşidəndə az qala ağlayacaqdım... Birtəhər özümü saxladım... Səsimi tanıyanda ilk sözün bu oldu; Ülkər, gəl məni çimdiklə... İnanmaq istəyirdin yuxu olmadığına... Heç 20 dəqiqə keçmədi məni gəlib tapmağın... Bilmirdik ağlayaq, bilmirdik gülək...
İstəyirdik on ilin həsrətini, sözünü-söhbətini bircə gündə bölüşək...
Amma o vaxtdan 20 il ötsə də heç bitmədi o on ilin söz-söhbəti... Günlərlə bir evdə qaldıq... səhəri diri gözlü açdıq... Amma bitirə bilmədik dərdlərimizin nağılını...
Yadındadı, bir dəfə Sumqayıta seir gününə gedirdik... İkimiz də körpə uşaqlarımızı qoymuşduq evdə... özümüzü qınayırdıq...
Dedin: Aləm biz özümüzü nə vaxt tapacağıq?
Mən də "bizi elə azdırmayıblar ki, özümüzu tapaq" - dedim...
Həmişəki kimi uğunub getdin... elə hey deyirdin bu sözü...
Fəqişim...
Mən axı sənə tutunub yaşadım bu qərib şəhərdə...
Yollarda darıxmayım deyə, yol yoldaşım oldun...
Mənə səs oldun... mənə Günəş oldun... mənə Ay oldun...
Bacısızlıqdan gileylənsən də bilirdin bir-birimizə bacıdan artıq olduğumuzu...
Bir gün bir qorxu döydü qapımızı...
Bu əclaf xəstəlik səni gəlib hardan tapdı?..
Düz 7 ildi aramızda Əli Kərim demiş, bir kaftar ölüm yaşayır... Düz 7 ildir səninlə tək qalmağa qorxurdum... Mənə verdiyin suala cavab verməkdən qorxurdum...
"Aləm, səncə, mən bir-iki il yaşayaram?".
Ömrümün ən qorxulu anı idi bu an...
Səni avtobuslarda... metrolarda... yatağımda o qədər ağlamışam ki...
Az qalır 40 gün olsun ki, çıxıb getmisən... Amma 40 gündən də çoxdur ki, səni, səni sevənlərlə, müştərək dostlarımızla bölüşür onlarla kədərlənir, onlarla ağlayıram...
Mən sənsizlikdən elə yıxılmışam ki, parça-parça olmuşam...
Hər yerim göynəyir...
On yaşında 31 yaşlı atamı itirdim... 44 yaşlı qardaşımı itirdim... Həm də hər ikisini Novruz bayramında... 4 uşağını mənə vəsiyyət edib gözü açıq gedən gəlinimizi itirdim... on yaşlı Könül balamı... Bacımın ilk övladını... 35 yaşlı anamdan çox sevdiyim Səkinə xalamı, dayımı, əmimi, balam kimi sevdiyim 14 yaşlı Calalımı...
Və Anamı...
Hərəsi bir cür göynətdi məni...
Heç kimə izah edə bilmirəm... Bu da bir başqa göynərtidi... Ata kimi... Ana kimi... bala kimi...
Nərgiz gözlərdən başlayan nağılı o gözləri ağladaraq bitirdin Fəqişim...
Hər gün düşünürəm... Görəsən, Arzu, Vəkil, Nazim bilirmi ki, neçə gündü o nərgiz gözləri ağlar qoymusan?
Fəqişim...
Sənsiz elə darıxıram ki...
Əli Kərim demiş:
Çaşıb başqa yolla gedirəm elə...
Qayıt sahmana sal bu kainatı...
Qayıt yerinə qoy Ayı, Günəşi...
Heç vaxt ürəkdən gülməyən nərgiz gözlərin yaşı ilə nöqtə qoyuram...
21.05.2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!