Şair əbədiyyətə getdi... - Hacı Firudin QURBANSOY

 

8 iyunda sübh namazından az sonra, səhər saat 4-də 73 yaşlı şair ürəyinin infarktına təslim olub 1947-ci ildə dünyaya gəldiyi ustalar şəhəri Lahıcda bu dünyanı tərk etdi. Kamil Muxtar oğlu Sərbəndi xaraktercə güclü və çılğın idi, tezliklə heç kəsə təslim olmazdı. Mən onu ötən əsrin 70-ci illərindən bəri tanıdığıma görə, belə əminliklə deyirəm...

O vaxtlar, əvvəlcə V.Q.Belinski adına uşaq kitabxanasında, sonra isə V.İ.Lenin adına mərkəzi şəhər kitabxanasında fəaliyyət göstərən sevimli yazıçı-dramaturqumuz, satirikimiz, "Kirpi" satira-yumor jurnalının baş redaktoru mərhum Seyfəddin Dağlının rəhbərlik etdiyi "Gənc satiriklər" ədəbi dərnəyinin məşğələlərinə Kamil Sərbəndi də gəlirdi. Gündüz tikinti idarələrində rəngsaz işləyir, axşamlar da Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində oxuyurdu. Ali təhsilini başa vurandan sonra, Əmircan (Əmiri-hacan) qəsəbəsindəki internatda tərbiyəçi və dil-ədəbiyyat müəllimi işlədi. Ailəli idi, maddi sıxıntı onu çox üzürdü, yenə də gündüzlər rəngsazlıq edir, axşamlar isə internata işə gedirdi. Səhərə qədər internatda tərbiyəçilik edib, yenə rəngsaz fırçasından yapışardı. Dırnaqlarının uclarında rəng qurusunu görmək olurdu. Əlifin, asetonun iyindən bezmişdi. Şair ruhu onu gülə, bülbülə sarı çəksə də, maddiyyatın sərt qanunları rəngsazlıqdan ayrılmamağı əmr edirdi. Kamil bu məşəqqətin içində hər gün yeni-yeni şirin şeirlər yazmağa fürsət tapırdı.

Gözəl təbi vardı. Klassik divan şairlərimizi və fars şairlərini lüğətsiz oxuyub başa düşürdü. Sevdiyi ən nəhəng ustad şairlər Mövlanə, Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabir idi.

Kitabxananın direktoru Abbas müəllim və Azərbaycan şöbəsinin müdiri Nadiyyə xanım nə qədər təklif edirdisə, Seyfəddin müəllim dərnək rəhbəri kimi məvacib almaq istəmirdi. "Gənc satiriklər" ədəbi dərnəyinin bir üstünlüyü həm də onda idi ki, bəyənilən yazılar Azərbaycan KP MK-nın orqanı olan "Kirpi" jurnalında yubanmadan dərc olunurdu. Bu jurnalda yazı çap etdirmək hər qələm əhlinin arzusu olsa da, dərnək üzvləri üçün reallıq idi. Kamil Sərbəndi özünəməxsus şirin ləhcə və avaz ilə, əruz vəzninin oynaq təfilələrində kədərli gülüş doğuran şeirlərini əzbərdən söylərdi. Oxunan əsərlərin məziyyətləri təhlil edilər, yaxşı-pis tərəfləri göstərilərdi.

"Möcüzədir, aş yeyirəm, doymuram,

Yağlı piti, xaş yeyirəm, doymuram".

və ya

"Pul xəstəsiyəm, zarə gəlib cümlə həkimlər,

Derlər tapılar dərdinə dərman, pul olanda".

və ya

"Şalvar, qadan alım, mənə bir il də aman ver,

 Yırtılma, a zalım, mənə bir il də aman ver"

- beytli şeirlər elə ilk oxunuşdan dərnək rəhbəri olan baş redaktoru tutdu, onları "Kirpi"nin növbəti sayında hamı oxudu və bəyəndi. Jurnalın çox sevildiyi o illərdə çap edilən gözəl şeirlər əzbərlənər, maraqlı gülməcələr məclislərə şuxluq qatardı. Kamilin dərnəkdə oxuduğu şeirlərin, demək olar ki, hamısı dərc olundu.

Bazar günləri Lenin adına kitabxananın qiraət zalında saat 12-dən 15-ə qədər məşğələ bizə kifayət etmirdi. Üç saatlıq məşğələdən sonra həftəlik ayrılığın acısını çıxmaq üçün, bir o qədər müddət də çayxanada oturar, söhbətimizi davam etdirərdik. Kamil qəzəl də yazırdı. Dini mövzuda yazdığı şeirlər barəsində heç kəsə heç nə demirdi. Bu görüşlərdən sonra Kamil növbə çəkdiyi internata gedirdi...

"Kirpi" jurnalının rəhbərliyinə mərhum Salam Qədirzadə gələndə də bir müddət dərnəyin məşğələləri oldu, sonra... hərə bir yana dağılıb getdi. Kamil şeirlərini çap etdirə bilmirdi. O, cəmiyyətdəki neqativ hadisələrin qurbanı obrazı ilə şeirlərini qələmə alırdı. Rüşvətxor məmurlar onun şeirlərini eşidəndə, sanki kürklərinə birə düşürdü. Şairlərlə görüşlər keçirilərkən onun sərrast nişanına tuş gələnlər yalandan gülümsəyir, sonra təşkilatçılarından xahiş edirdilər ki, o hündür, arıq, kürən kişini bir də belə görüşlərə gətirməsinlər...

"Bakının səsi" qəzetinin baş redaktoru olduğum vaxtlarda, cəmiyyətə daha yaxşı təsir etdiyi üçün satiraya xüsusi diqqət ayırmışdım. Kamil Sərbəndiyə bir sürpriz etmək istədim. O vaxtlar dünya jurnalistikasında qəzet içində kitabça çap etmək üsulu var idi. Qəzetin bir və ya qoşa vərəqini kitab səhifələri formatında dərc edərdilər, oxucu vərəqləri kəsərək iç-içə tikəndə kitabça meydana gəlirdi. Kamildən 20-yə yaxın şeir aldım, onları A-2 formatında çıxan qəzetin bir vərəqində yerləşdirdik. Texniki redaktorun səhvi ucbatından, 0,5 çap vərəqi həcmində keyfiyyətsiz bir kitab alındı. Hər halda, bir toplu kimi, bu nəşr Kamili çox sevindirdi. Həmyerlilərindən imkanlılar bu nəşri görüb, kişinin əsl kitabını çap etməyi qərara aldılar. Az sonra, yəni 1995-ci ildə, Kamil Sərbəndinin "Dərə xəlvət, tülkü bəy" kitabını "Yazıçı" nəşriyyatında cap edə bildilər. Kitabın ayağı sayalı oldu, şairi Yazıçılar Birliyinə üzv qəbul etdilər.

Onun mərdanə şeirlərini bütün xalq sevirdi. Həmyerlilərinin şairə hörməti isə misilsizdi. Lahıcda, dağın döşündə, meşəliyin arasında onun üçün ev tikdilər. Yay tətilində ailəsiylə bərabər buraya köçüb gələrdi. Sonralar tamamilə buranı özünə məskən etdi.

Şairin avtoqrafı ilə mənə bağışladığı, "Nafta-Press" nəşriyyatında 2007-ci ildə nəşr olunmuş "Yağı bizim, dağı sizin" adlı kitabı qarşımdadır. Kitabın üstündə Kamilin bir az utancaq, ancaq hücuma keçməyə həmişə hazır duran şir kimi daxili gərginliyini gizlədən bir fotoşəkli çap olunub... Mənə avtoqrafında yazıb: "Əziz dostum Firudin Qurbansoya! Dərin hörmət və ehtiramlarla! Müəllif: Kərbəlayi Kamil Sərbəndi. Bakı 06.12.2010".

Eşitdiyimə görə, on il qabaq verdiyi bu kitabdan başqa, Kamilin digər əsərləri də nəşr olunub. Ancaq arada rabitə itdiyi üçün onu görə bilməmişəm. Şair əbədiyyətə getdi... Üzünü görmək istəyəndə şəkillərinə, özünü görmək istəyəndə isə şeirlərinə baxıram...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!