"Sabah - aprelin 9-da böyük iman və inam sahibi İmamverdi Əbilovun şəxsiyyət və sənət heyranları ilə birgə ziyarətinə - onun il mərasiminə gedəcək, pak ruhuna dualar oxuyacağıq" sözlərilə bitirmişdi professor Qəzənfər Paşayev "Ədəbiyyat qəzeti"nin 8 aprel sayında dərc etdirdiyi "Sadə və ləyaqətli…" adlı məqaləsini.
Qəzənfər müəllimin yazdığı kimi də oldu. Ustadın adını əziz tutan yüzlərlə elm, sənət xadimi, tanınmış ziyalılar və millət vəkilləri Neftçaladakı anım mərasimində bir araya gəldilər. Millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun, akademik Vasim Məmmədəliyevin, xalq şairi Nəriman Həsənzadənin, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun, millət vəkili Hüseynbala Mirələmovun, professorlar Cahangir Məmmədli, Nizaməddin Şəmsizadə, Qəzənfər Paşayev, Əjdər Ağayev, Şirindil Alışanlı, yazıçılardan Seyran Səxavət, Səyyad Aran, Dilsuz, Sadıq Elcanlı, Ramiz Məmmədzadə, Oqtay Rza, Ənvər Əhməd, Qəşəm İsabəyli və başqalarının dərin qədirbilənliklə ustadı yad etmələri "insanlarla daima ünsiyyətdə olan, böyük qələm sahiblərimizdən tutmuş adi müəlliflərəcən - yazıçılarla, alimlərlə ünsiyyət yaratmağı bacaran, yəni ən çətin dövrlər boyu onların etibarını qazanan, vəfadar olan İmamverdi müəllimin" (xalq yazıçısı Elçin) ruhunu bir daha şad etdi. Bu xatırlamalar böyük fransız yazıçısı Gi De Mopassanın "Bizim hər birimizdən yalnız əxlaqı və haqqı olan həyatda əbədi yaşayacaq" fikrinin yenidən təsdiqi kimi qəbul edilirdi. Və sözügedən il mərasimi bir daha təsdiq edirdi ki, həqiqətən də "bənövşənin xətrinə kol dibinə iz düşür", həqiqətən də dünyanın çox dəyərləri gəldi-gedərdi, ancaq qaları, əbədi olanı söz, vəfa, ilqardı. Və elə sözə, əhdə-ilqara olan bağlığığından irəli gəlirdi ki, illər öncəsi unudulmaz Bəxtiyar Vahabzadə İ.Əbilova "müəllim, əbədi gəncliyinik biz, qürubda qızaran günəşimizsən" - deyə müraciət edirdi. Xalq şairi onun evini bülbül yuvasına, özünü təvazö heykəlinə bənzədirdi, ustad Rəsul Rza "Vəfalı dost" - deyə qiyaslandırırdı. "Yaşadığı bölgənin mötəbər kişisi" (Qulu Xəlilov), "Neftçalanın ən işıqlı, ən parlaq mayakı" (Fərman Kərimzadə), hər kəs üçün "Əziz İmamverdi müəllim" (Anar) olan bu dəyərli alim bütün ömrü boyu "el üçün, millət üçün, ana dili üçün yanan insan" (Xəlil Rza Ulutürk) olmuşdur. Mərasim boyu hər qədəmdə unudulmaz Vaqif Səmədoğlunun nostalji duyğuları yada düşməkdəydi: "Əziz İmamverdi qağa, sizin evinizə gəldim, evinizin divarlarında atamın kölgəsini gördüm, səsinizdən üzümə onun nəfəsi dəydi…" O anlar yada düşürdü ki, illər öncəsi görkəmli alim Xudu Məmmədov İ.Əbilovun indi qələm adamlarının dərin sayğıyla ziyarət etdikləri evinin divarları arasında yazırdı ki: "Əzizim İmamverdi, biz özümüzü aldatmaq üçün sənin yanına qaçırıq. Bəs sən?!".
İndi o sualın cavabı əbədiyyətdən gəlir. İndi o ədəbiyyət aləmindən İmamverdi müəllimin gələcək sarıdan heç də nigaran olmayan ruhu ömrünün-gününün bütün olmuşlarını, yaşanmışlarını birər-birər yansıtmaqdadı. İndi bu olmuşlarla, yaşanmışlarla araya bir əbədiyyət pərdəsi düşüb. Və İmamverdi müəllimin pak ruhu hər məqamda israr etməkdədi ki, "açma sən pərdəni, hər pərdədə var min əsrar…"
Ustadın anım günündə onu dərin sayğılarla yad edən akademik Vasim Məmmədəliyev də bu məqamlar üzərində dayandı. Vurğuladı ki, İmamverdi müəllimlə ünsiyyətdə olmaq ilk növbədə Allahı, axirəti xatırlamaq, elmini artırmaq məqamıydı. Xalq şairi Nəriman Həsənzadənin təbirincə etiraf etməkdi ki, "Əziz İmamverdi müəllim!.. Doğulduğun kənddən çıxmadın. Biz bunu bacarmadıq. Biz dedik, sən əməl etdin!".
Bütün ömrünü anlamaq və anlatmaq cəfakeşliyinə həsr etmiş İmamverdi müəllimin uyuduğu əbədiyyət evini, son mənzilini ziyarət edən zaman yazıçı Seyran Səxavətin dilə gətirdiklərini dərin bir vəfadarlıq duyğusu ifadə etdirməkdəydi. İmamverdi Əbilov öz şəxsiyyəti, təmənnasızlığı və fitri istedadı ilə bölgələrimizi mədəniyyət ocağına çevirə bilən nadir insanlardandı… O, birtərəfli və mücərrəd ömür yaşamayıb. Həmişə ətrafına münasibətində xeyirxah, amalı yolunda isə iradəli, inadkar, mərd və sarsılmaz olub.
Ustadın məzarı başında ürək sözlərini dilə gətirən Səyyad Aran da, Ənvər Əhməd də, Dilsuz da, Cahangir Məmmədli də, Azər Turan da bu haqqı dönə-dönə vurğuladılar. Bildirdilər ki, tez-tez dünyamıza məhz İmamverdi Əbilov nəzərləri, düşüncəsi ilə baxmaq zərurəti yaranır. Süfrə, duz-çörək halallığı, dostluğa və elmə aşinalıqdan söhbət düşəndə ustadı xatırlayırıq…
Bütün bu deyilənlər bir il öncə ustadın yas yerində Ramiz Rövşənin söylədiyi “Ruhum uçar göyə sarı - sevgi məktubu kimi” misralarını xatırladır.
…İllər öncəsi "İmamverdi Əbilov tənhalığı" kitabımı yazıb çap etdirmişdim. Xalq yazıçısı Elçinin kitaba yazdığı ön sözdə də vurğulandığı kimi, bu, bir fərdin, hansısa şəxsin sırf öz durumu ilə bağlı olan tənhalıq deyildi. Daha çox bəşəri, dünyəvi bir yalqızlığın, təkliyin bəlirtisiydi. İmamverdi Əbilov bəşəri yaşamın, dünyagörüşün tənhasıydı.
Türk dünyasının böyük şairi Nazim Hikmət haqqında haçansa bir xatirə oxumuşam. O xatirədə deyilir ki, bir gün Nazimin rəssam anası Cəlilə xanım öz portretini yağlı boya ilə çəkirmiş. Dönüb arxadan ona tamaşa edən Nazimdən soruşur:
- Oxşayıram?
- Ana, kimə? - deyə Nazim sualı aydınlaşdırmaq istəyir.
- Mənə…
Nazim cavab verir:
- Tablo sənin gözlərinin alovunu əks etdirmir…
…İmamverdi müəllimin anım günündə, onun məzarı başında deyilən ən səmimi, kövrək sözləri, xatirələri dinləyə-dinləyə fərqinə varırdım ki, nə söyləsək, dilə gətirsək də ustadın qəlbinin, ruhunun və gözlərinin alovunu, anlamaq və anlatmaq ehtirasını bütöv, boyaboy ifadə edə bilməyəcəyik.
Xeyirxah niyəti ərzi dolaşır,
Bu qəbir evidə ona yaraşır.
Belə tarixləşir və ululaşır
Həmişə Tanrıya sarı gedənlər.
…Tez-tez yadıma düşür artıq illərin o üzündə qalmış görüşümüz… Zəngin kitabxanasında söhbət edirdik. Görkəmli sənətkarların ona avtoqrafla bağışladığı kitabları götürüb varaqlayırdım; tale, baxt və vaxt kimi… Həmin anda İmamverdi müəllimin zəngin kitabxanası pozulmaz bir ilqarın, halallığın, munisliyin şəkillənməsi kimi gəlirdi mənə. Ustadın özü də bərk mütəəssir olmuş, kövrəlmişdi. Ayrılarkən lap son macalda göz yaşlarını tuta bilmədi:
- Azəri haçan görəcəksən?
- Həftənin birinci günü - dedim.
- Hər həftə gəlib baş çəksə də, darıxıram onsuz, dözə bilmirəm - dedi…
Cəld də əlavə etdi ki, özünə bildirmə sən Allah! Heç elə bil deməmişəm…
…Eşitməmiş kimiyəm… Deməmişəm. Deyə bilməmişəm. Əmanət kimi saxlamışam! Saxlayacağam!
Sərvaz HÜSEYNOĞLU
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!