Xalq yazıçısı Anar: "Söhbət ciddi məsələdən getdiyi üçün qaldırılmış məsələləri cavabsız qoymaq istəmədim"

 

Mən internetə girmirəm. Mənə ünvanlanmış bir yazını kağıza çıxarıb gətirdilər. Mənə müraciətlə yazılmış mətndə adı və soyadı göstərilməyən, özünü “tanınmış jurnalist və QHT sədri” kimi təqdim edən şəxs dilimizlə bağlı problemləri qaldırır. Bir neçə dəfə “Hörmətli Anar!” yazır, “siz tanınmış insan, gözəl yazıçımızsınız” – deyir və əlavə edir: “Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün etdiyiniz xidmətlər böyükdür”. Amma bununla belə müraciətində etikadan uzaq olan ifadələr də var. BŞİH nəzarət edə bilmədiyi “linqvistik ekspansiyaya” görə məhz məni günahlandırır. “Heç maraqlanmısınızmı, o obyektlərin Azərbaycan xalqını, onun dilini,  qanunlarını saymayan sahibləri kimlərdir? Onlardan qorxursunuzmu? Əgər yetərincə qorxuncdurlarsa, deyin, biz də qorxaq, təkbaşına qorxmaq sizələrə çətin olar”.  

Bu tikanlı cümlələri oxuduqca düşündüm ki, ömrüm boyu qarşılaşdığım haqsız iradların daha birinə cavab verməyə dəyməz. Amma söhbət ciddi məsələdən getdiyi üçün qaldırılmış məsələləri cavabsız da qoymaq istəmədim.

Məndən başqa Xalq yazıçıları Kamal Abdullaya, Elmira Axundovaya, Elçin Əfəndiyevə, Xalq şairi Sabir Rüstəmxanlıya da ilişərək dilimizin “linqvistik ekspansiyaya” uğramasında məhz bizi – Azərbaycan ədəbi dilinin ən ardıcıl qoruyucuları olan yazıçıları təqsirkar bilirsiniz. Kimlərisə suçlamaqdan öncə qaldırdığınız məsələylə yetərincə tanış olsaydınız daha düzgün hərəkət edərdiniz... Xəbəriniz olardı ki, məhz mən Milli Məclisin deputatı və Mədəniyyət Komissiyasının sədri kimi Azərbaycan dilinin qorunması haqqında qanunun təşəbbüskarı olmuşam. Sizin təlaşlarınızdan on səkkiz il əvvəl - 2002-ci il sentaybrın 30-da Milli Məclis Bizim komissiyanın hazırlaıdığı qanunu üçüncü oxunuşda yekdilliklə - 102 səslə qəbul etdi. Prezidentin də imzaladığı bu qanun qüvvəyə mindi. Həmin gün Milli Məclisdə çıxışımdan bir parçanı da diqqətinizə çatdırmaq istəyirəm: “İndi dilimizin nə hala düşdüyünü bilmək üçün Bakı küçələrinə çıxıb baxın. Bir də kiosklarda satılan qəzetləri alın. Görün bu qəzetlərin adları necədir. Ondan sonra televiziya kanallarını açın və baxın görün ki, adları nədir: “Space”, “Lider”, “ANS”. Gedək görək Azərbaycanda “speys” sözünü hamı bilirmi? Eləcə də qəzetlərin adları: “İmpuls”, “Alternativ”, “Aktual”, “Palitra”, “Arena”, “Ekspress”, “Rezonans”. Reklamlara baxırsan, bilmirsən Hyustondasan, Dallasdasan, hansı Amerika şəhərindəsən? Özəl radioların da dilimizin pozulmasında böyük “xidmətləri” var. Qulaq asırsan başdan-başa “hello”, “bay-bay”, “qud bay”... Hansı dildi bu? İngilis dilidi? Yox. Azərbaycan dilidi? Yox. Qarışmış, dəyişmiş mənasız bir dildir”.

Bir parçasını burda gətirdiyim çıxışımın tam mətniylə mənim “Əsrin əsiri” kitabımda (2010) tanış ola bilərsiniz. Sizi 2020-də qayğılandıran məsələlər bizi 2002-ci ildə qayğılandırırdı və Dil haqqında qanun qəbul etməklə bu bəlanın qarşını almağa çalışırdıq. İnsafla deyin, ayrı-ayrı, hətta ən nüfuzlu yazıçılar da, bütövlükdə Yazıçılar Birliyi də şəhərin bütün inzibati rayonlarına, çox saylı şirkətlərə, firmalara, dükanlara (mən qəsdən market, mall, sözlərini işlətmirəm), müxtəlif qəzetlərə və TV kanallarına bu xüsusda necə təsir göstərə bilər?! Ancaq sözlə. Bunu da biz hər zaman demişik və deyirik.

Yazırısnız ki, Bakının mərkəzində AMEA Dilçilik İnstitutunun keçirdiyi monitorinq nəticələri Sizi qayğılandırır. Amma buna görə niyə bu işdə təqsiri olanlara deyil, yazıçılara irad tutursunuz? Qorxursunuz? Kimdən? Deyin, biz də qorxaq. Özünüzün dediyiniz kimi “təklikdə qorxmaq Sizə çətin olar”.

Ən çətin zamanlarda dilimizi qoruyan, yaşadan, inkişaf etdirən ilk növbədə yazıçılar olub. Aşağıda gətirdiyim sözlərinizi oxuyanda doğma dildə yazan yazıçılarla bu dildə danışan adamın dilin qayğısına qalmağına şübhəm oyandı. Yazıçılara üz tutub deyirsiniz:

“Müstəqillik dövründə Bakının ortasında Azərbaycan dilinə divan tutulmasına göz yummaqda davam etsəniz və günlərin birində hansısa biriniz Egey dənizində üzərkən akulalar xırçaxırçla yesə, digəri saunada gözlərini həyata yumsa, üçüncüsü təyyarədə keçinsə və s. Bir qırtım(!) üzülməməyə və bir dəqiqə belə süküt etməməyə də söz veririk”,

Çox təsirli etirafdır. Bu mərifətli sözlərə ancaq onu əlavə etmək istəyirəm ki, dəqiqləşdirdim: Egey dənizində akula yoxdur!

Hörmətlə, ANAR

09 iyun 2020

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!