Azər TURAN
"Küsmüş Mələk" tablosunun müəllifi, Xalq rəssamı Sakit Məmmədov uşaqlıq dostum, Faruk Nafız Çamlıbelin "Mələk" şeiri isə uşaqlığımdan bəri yaddaşımda özünə yurd salmış unudulmaz şeirlərdəndir. "Ədəbiyyat qəzeti"nin "Uşaq ədəbiyyatı" sayını çapa hazırlayarkən öncə Sakitin bu rəsmini və Çamlıbelin "Mələk" şeirini xatırladım. "Mələk" şeirini uşaq ədəbiyyatı nümunəsi kimi dəyərləndirmək olarmı? Olsa da, olmasa da, uşaq ədəbiyyatı kontekstində bu şeir ana sevgisinin bədii ifadəsi, mələk obrazının poetik mətnə bu şəkildə yansıması baxımından orijinal və önəmlidir:
Annesi dün Zeynebe
"Melek yavrum!" diyordu,
İşitince bu sözü
Kız merak etti, sordu:
- Melek yavrum ne demek?
Doğrusu, anlamadım.
Melek kanatlı olur;
Hani benim kanatım?
Cevap verdi annesi:
- Üç yavrum daha vardı,
Onlar kanatlanarak
Elimden uçmuşlardı.
Hepsi yalnız bıraktı,
Bu talihsiz kadını.
Bari sen uçma diye
kopardım kanatını.
Mələkdir, amma mistik mələk deyil, annesinin "Mələk yavrum" deyə əzizlədiyi balaca Zeynəbdir. Bu baxımdan o, Sakit Məmmədovun tablosundakı "Küsmüş Mələk" obrazına adekvatdır. Estetizm baxımdan isə şeir və tablo eyni ortamı bölüşür. Azərbaycan rəssamlığında yeni düşüncə üfüqləri açan "Küsmüş Mələk" öz estetik məhvərindədir və Aydan da, Yerdən də uzaqdadır. Realist tablo olsa da, burdakı realizm mavi və romantik ruhsallığa və rəmzlərə bürünüb. Amma sənət tarixinin ən parlaq mələklərindən birinin - Huqo Simberqin məşhur "Yaralı mələk" tablosundakı Mələyin yansıtdığı mübhəm simvolizmlə tərs mütənasibdir. Sakitin "Küsmüş Mələk" tablosundakı Mələk həm kimdənsə küsmüş ərköyün bir qızdır, həm də Yer üzündə törədilən vəhşətlərə görə dünyadan inciyib mağmın olmuş səmavi bir Mələkdir. "Küsmüş Mələk" tablosu "Mələk" şeirindəki motivlə birbaşa səsləşməsə də, onlar eyni estetik göy qurşağının ayrı-ayrı rənglərini oluşdurmaqdadırlar. Və bu göy qurşağında Küsmüş Mələyin arxa çevirdiyi Yer kürəsi də, Mələk qanadlarını əvəz edən Aypara da var. Sakit Məmmədov yaratdığı Küsmüş Mələk obrazını göylərin mavi örtüyünə bürüyüb. Rəssam dostum rənglərin dili ilə hədsiz şairanə bir tablo yaradıb. Təbii ki, bu, saf sənətdir. Saf sənətin estetikadan başqa hər şeydən imtina etməsinə rəğmən isə, bu tabloda estetika ilə yanaşı, dünyanın qlobal dərki də var. Bir günahsız uşağı, bir məsum mələyi küsdürəcək qədər şərə könül vermiş dünyanın dəyəri olarmı?
Təbiət elmləri ilə mifolojinin poetik sintezini verən "Bağçamın ağacları" şeirinin müəllifi, 1908-ci ildə "İkinci İl" dərsliyi ilə bağlı yazdığı tənqidi (və haqlı tənqidi) məqaləsi ilə ölkənin pedaqoji arsenalını silkələyən Əli bəy Hüseynzadə də ideoloji plarformasından kənarda, yəni sənətdə estetizmin tərəfindəydi: "Biçarə şairlər məktəbin, elm və sənətin xidmətçisi olmağa başlayıb, şeiri bütün-bütün tənəzzülə uğratdılar. ...Bilmirəm, nədən rəssamlara, heykəltəraşlara, bəstəkarlara belə bir tövsiyədə bulunmurlar! Görünür ki, aramızda sənətin bu sahələri ilə məşğul olan adamlara rast gəlmədilər, rast gəlsəydilər, bunların da sənətini zavala uğradacaqları şübhəsiz idi!.. Canım, nəqqaşa, ya rəssama demək olurmu ki, "nə üçün bir dağın zirvəsini, ya üfüqlərdə vaqe olan bir qürubun lövhəsini, mənzərəsini təsvir etməklə məşğul olursan? Bizə bol-bol məktəb rəsmləri ver, camaatımızı elm və maarifə təşviq et!..". Göründüyü kimi, ömrünü millətin maariflənməsinə həsr edən Əli bəy Hüseynzadə sənətdə quru, yalnız təbliğat xarakterli maarifçiliyi sevmir, sxematizmi qəbul etmir və "şairliyin, rəssamlığın hünər meydanı ayrıdır..." - deyirdi.
Şəxsi örnəyində şairliklə müəllimliyin ilk əfəndi tipini yaradan Hüseyn Cavidin "Qız məktəbində" şeiri ilə Tofiq Fikrətin "Şərmin" şeiri hər ikisi dialoq əsasında qurulsa da, hər ikisi uşaq dünyasından bəhs etsə də, hər iki şeir struktur baxımından eyni olsa da (və nəzərə alsaq ki, dünya uşaq poeziyasında dialoq əsasında qurulmuş bu biçimli poetik mətnlər - şeirlər əvvəllər də olmuşdu, onda da var idi, sonralar da oldu, amma), "kimi daha çox sevirsən?" sualına cavab əsasında yazılmış Tofiq Fikrətin "Şərmin"i şəkilcə, Cavidin Gülbaharı isə həm şəkilcə, həm də estetik məhvərinə görə Bodlerin "Yabançı"sı ilə həmahəngdir. Bodlerin Yabançısı belə danışırdı:
- Söylə, anlaşılmaz adam, kimi sevərsən ən çox,
ananımı, atanımı, bacınımı, yoxsa qardaşınımı?
- Nə anam, nə də atam var, nə bacım, nə də qardaşım.
- Dostlarınımı?
- Mənasını bu günə qədər anlamadığım bir söz işlətdiniz.
- Yurdunumu?
- Hansı enləmdədir bilməm.
- Gözəlliyimi?
- Tanrısal və ölümsüz olsaydı, sevərdim kuşkusuz.
- Qızlımı?
- Siz Tanrıya nasıl kin bəslərsəniz,
mən də ona öyləsinə kin bəslərəm.
- Pəki, nəyi sevərsən öyləysə sən, olağanüstü yabançı?
- Bulutları sevərəm... işte o...
o keçib gedən buludları... eşsiz buludları!
Türk uşaq ədəbiyyatı Lafontenin nağıl və təmsillərinin timsalında fransız ədəbiyyatına Tənzimat dönəmində açılmışdı. Azərbaycan ədəbiyyatında ötən əsrin əvvəllərində fransız təsiri ya heç yox idi, ya da çox zəif idi. Dünya ədəbiyyatı bəzi istisnalarla Azərbaycana Rusiyadan daxil olurdu. Rus uşaq ədəbiyyatının təsiri (bəzən, hətta təqlid səviyyəsində təsiri) isə Azərbaycan uşaq ədəbiyyatının bir sıra ən önəmli mətnlərində qabarıq müşahidə olunurdu. Amma Cavidin yaradıcılığı Rusiya deyil, Türkiyə xətti ilə gəlişdiyindən burda məsələ bir qədər fərqli şəkil alırdı...
Nənəm sordu:
- Şermin, kimi
Çox sevərsin?
- Oo, nənəmi!
- Başqa?
- Babamı, şübhəsiz,
- Daha?
İzin verirsəniz
Sayayım: Muhallebimi,
Sütlacımı, şəkərimi,
Həp şəkərləmələrimi;
Bir az da gevrək sevərim...
Fəqət, ən çox məktəbimi,
Məktəbimi pək sevərim.
Rəsm əsərinin müəllifi - Xalq rəssamı Sakit Məmmədovdur
Göründüyü kimi, "Şermin"dəki "Muhallebim və müəllimim" şeiri qismən "Qız məktəbində" şeirini xatırlatsa da, Tofiq Fikrətin "Şermin"i 1914-cü ildə İstanbulda, Hüseyn Cavidin "Keçmiş günlər"i isə ondan bir il əvvəl Bakıda nəşr olunmuşdu.
Keçən ilin yanvarında Türkiyə "Çocuk və Gənclik Ədəbiyyatı Yazarları Birliyi" başkanı Bican Yıldız Veysəl "Ədəbiyyat qəzeti"nin redaksiyasında qonaq olarkən mən ona Tofiq Fikrətin "Şərmin" kitabından əzbər örnəklər dedim, əvəzində Hüseyn Cavidin "Qız məktəbində" şeirinin Türkiyədə bilinib-bilinmədiyini soruşdum. Belə aydınlaşdı ki, "Qız məktəbində" şeirindən türkiyəli mütəxəssislər xəbərsizdir.
Bodlerin anlaşılmaz Yabançısı hara getsə, dünyanın sonuna qədər onunla olacaq buludları hər kəsdən daha çox sevir, Şərmin hamıdan çox muhallebini (şirniyyat) və məktəbi, Gülbahar isə hər kəsdən daha artıq Allahı və bütün insanları sevir. Bodlerin Albatrosu yerdə yaşaya bilmədiyi kimi, Cavidin də qəhrəmanları yaşamaq üçün bütün mənalarda səmanı, hüdudsuzluğu seçib. Cavidin "Qız məktəbində" şeiri ilə bağlı Kamal Abdullanın dəqiq bir müşahidəsini xatırlayıram: "Cavidin balaca Gülbaharı bütün insanları sevməyi ilə birbaşa, hamının başı üstündən, birbaşa gedib Füzulinin ideallarına qovuşur. Füzulunin yenicə doğulmuş Məcnunun dilindən dediyi: "Həm ver mənə qəm yemək kəmali / Həm aləmi qəmdən eylə xali!". Aləmi qəmdən xali eləmək ideyası Azərbaycan sənətkarının, yazıçısının, şairinin, elə bil ki, intəhasızlıq qarşısında bir missiyasıdır. Füzuli qarasına, ağına, sarısına baxmadan bütün aləmi xilas eləmək istəyirdi... Cavid bir qızcığazın dilindən hamını sevməyə hazır olan bir azərbaycanlı obrazını yaratdı".
XX yüzil ədəbiyyatımızda hamını, bütün insanlığı sevən azərbaycanlı obrazı məktəbli Gülbaharın timsalında təzahür etdi.
Ötənlərdə bizim bir uşaq şairinin quş rəsmindən bəhs edən şeirini oxuyub fransız sürrealisti Jak Prevertin "Bir quşun rəsmini çəkmək üçün" şeiri barədə esse yazmışdım. Prevertin həmin şeirinin Rusiyada da, Türkiyədə də orta məktəblərin 5-ci sinfində öyrənilməsi tövsiyə edilir... Uşaq xəyalının sənət üfüqlərinə pərvazlanması, estetik dünyagörüşünün formalaşdırılması baxımından Prevertin şeiri hədsiz intibalar doğururdu...
Öncə bir qəfəs rəsmi yaparsan
Qapısı açıq bir qəfəs
Sonra quş üçün
Bir şey çəkərsən içinə
Sevimli bir şey
Yalın bir şey
Gözəl bir şey
Yararlı bir şey
Sonra götürüb bir ağaca
Asarsan bu rəsmi
Bir bağçada
Bir qoruqda
Ya da bir ormanda
Gizlənib gözləyərsən ağacın arxasında
Səs çıxarmaz
Qımıldamazsan
Quş bəzən tez gələr
Amma uzun illər gözləyə də bilər.
Qərar verməzdən öncə
Usanmayacaqsan
Gözləyəcəksən
İllərlə gözləyəcəksən gərəkirsə
Rəsmin başarısıyla heç bağlılığı yoxdur çünki
Quşun tez ya da gec gəlməsinin
Gələcəyi olub da gəldimi quş
Səs çıxarmaq yox
Qəfəsə girməsini gözlərsən
Girdimi qəfəsə fırçanla
Üsulluca qapısını qapayarsan
Sonra quşun bir tükünə toxunmadan
Bütün qəfəs tellərini bir-bir silərsən
Yerinə bir ağaç rəsmi çəkərsən
Budaqlarının ən gözəlinə qondurarsan quşu.
Təbii, nə yapraqlarının yaşılını unudacaqsan
Nə yellərin sərinliyini
Nə də yay sıcağındakı böcək səslərini
Otlar arasında.
Sonra gözləyərsən ötsün deyə quş
Ötməzsə çox pis
Rəsm çox pisdir deməli
Ötərsə gözəl olduğunun rəsmidir
İmzanı ata bilərsən artıq
Bir tük qopararsan üsulca
Quşun qanadından
Və yazarsan adını rəsmin bir köşəsinə.
"Bir quşun rəsmini çəkmək üçün" sürrealist şeirdir. Rus pedaqoqlarının interpretasiyasında Prevertin şeirində təlqin olunan fikir ondan ibarətdir ki, həyat gözəldir, amma rəssam onu daha da gözəlləşdirə bilər. Türk interpretasiyasına görə, tablo dünyadır, quş fiquru insanın özüdür... və s.
Prevert şüurardından, fəhmdən, röyadan, instinktiv, sövq-təbii düşüncədən yola çıxaraq, bütün sürrealistlər kimi, yaradıcılıq və yaradılış prosesində "əqlin və məntiqin nəzarətini" rədd edib, ənənəvi məntiqin sədlərini dağıdıb, metafizik məntiq yaradıb. Həm bu, həm də bunun əksi. Prevert quşu azadlıqdan qəfəsə salır və qəfəsin içində estetik iqlim qurşağı yaradır. Bu şeirdə hüzurun melodiyası misradan misraya uçur, sözdən sözə qonur... Uşaqlar üçün ədəbiyyat həm də budur. Və yuxarıda da qeyd etdiyim kimi, Prevertin "Bir quşun rəsmini çəkmək üçün" şeirinin Rusiyanın da, Türkiyənin də orta məktəblərinin 5-ci sinfində öyrənilməsi tövsiyə edilib... Zövqü, təfəkkürü uşaq yaşlarından etibarən bu kimi ciddi estetik dalğaya kökləməyin faydasını kim etiraf etməz. Məncə, bizim dərslik müəlliflərimiz də belə şeirlərə biganə qalmamalıdırlar. Uşaqlar üçün bu səviyyədə intellektual poeziya örnəkləri, milli ədəbiyyatımızda yox dərəcəsindədir, elə dünyada da çox deyil... Belinskinin sadaladığı və uşaq yazıçısına gərək olan bütün xüsusiyyətlər, sanki bu şeirin yaradılışında iştirak etmişdir: "Nəcib, sevən, riqqətli, sakit, körpəcə, sadədil bir qəlb, yüksək məlumatlı bir ağıl, şeylərə aydın bir baxış, yalnız canlı təsəvvür deyil, həm də canlı, şairanə bir xəyal, hər şeyi canlı, rəngin surətlər halında təsəvvür etməyə qabil bir xəyal lazımdır".
Herluf Bidstup uşaqlar üçün çəkən rəssamlara uşaq dünyasına nüfuz edə bilmək üçün uşaqlaşmamağı tövsiyə edirdi. Yəni sən elə öz düşündüyün kimi təsvir elə. Balaca onu öz bildiyi və gördüyü kimi qavrayacaq. Və dünya Cakondanı kimə bənzətmək istəyirsə, qoy bənzətsin. Uşaq onun çöhrəsində anasına məxsus cizgiləri arayacaq. Bu mənada Abbas Səhhətin 111 yaşlı "Vətən" şeiri 111 ildir ki, Vətən düşüncəmizin ana sözünə çevrilib, 111 ildir ki, yeddidən yetmiş yeddiyə qədər hamıya Vətən sevgisini təlqin edir... Azərbaycanda hər kəsin təkcə ruhunda deyil, həm də qanında bir parça "Vətən" şeiri vardır. "Südüdür, kim dolanıb qanım olub...".
"Vətən" şeiri ilk dəfə Mahmudbəyovla Səhhətin bir yerdə hazırladıqları "Yeni məktəb" ("Üçünci il") dərsliyində çap olunub. Kitab üçüncü sinif şagirdlərinin dərs kitabı idi. Bir az əvvəl, "İkinci il" kitabında dərc olunmuş uşaq şeirlərinə görə Əli bəy Hüseynzadə Abbas Səhhətin dilini tənqid etmişdi. "Üçüncü il" kitabında isə artıq Səhhət təshih olunmuş, işlənmiş bir dillə "Vətən" şeirini yazırdı.
Azərbaycanı həm də Səhhətin "Vətən" şeiri yaratdı.
1 iyun 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!