Uşaq ədəbiyyatı oxucusuna daim bir həqiqəti xatırladır: Sən insansan, təbiətin ayrılmaz hissəsisən. Ağac kimi, çiçək kimi, quş kimi, böcək kimi! Təbiəti sevməklə özünə hörmət edirsən. Buna görə uşaq poeziyası təbiəti tərənnüm etməkdən doymur.
"Evdəqal"ın ilk günlərində elə əvvəlki ruhla bir şeir yazdım.
Tütək çalan quş
Qaraca bir quşcuğaz
Oyandırdı dünyanı.
Balaca bir tütəklə
O yandırdı dünyanı
Şaqqıldadı havada
Leyləklərin qanadı.
Sevincindən lalənin
Yanaqları qanadı
Sonra birdən elə bil
Çilikləndi şüşələr.
Çik-çirik, çik-çik çirik
Dilə gəldi meşələr.
Bu dünyanı sarsıtdı
Əzilmiş şüşə səsi
Deyəsən, göy üzünün
Qırıldı pəncərəsi.
Kimsə söylədi: - Kəsin
Şüşə zənguləsini!
Bu yandan ağacdələn
Taqqıldatdı meşəni.
Ayırmaq olmur qəti,
Bülbülü oxumaqdan.
Qaratoyuq meydanda
Tüğyan edir bayaqdan.
Hamı ilhama gəlib
Bütün meşə oxuyur.
Xoruzların pipiyi.
Şişə-şişə oxuyur.
Bu səsdən, bu həvəsdən
Meşə nura boyandı.
Tək bir tütək səsindən
Bütün cütlər oyandı.
- Ey balaca quşcuğaz,
Oyandırdın dünyanı,
Niyə tək oxuyursan,
Bəs sənin dostun hanı?
- Tütəyə üfürdüyüm
Nəfəs deyil, şeirdi.
Oxuduğum nəğmələr.
Möcüzədi, sehrdi.
Eh, mənim tütəyimdən
Bütün meşə durursa,
Hamını silkələyən
Bir toy-büsat qurursa,
Deməli, bu dünyada
Tək deyiləm hələ mən.
Hamının ürəyini
birləşdirən teləm mən.
"Evdəqal" tərslikdən elə məqamda yarandı ki, təbiət gözəl nəğmələrini oxumağa başlamışdı. Belə anlarda insanın ürəyi təbiətə can atır. Mənim ən yaralı yerim Goradildəki bağım idi. Mən oradakı ağacları əziz adamlarım qədər sevirəm. Hər ağacın ilk tumurcuğundan tutmuş, bütün inkişaf prosesini həvəslə izləyirəm. Bu yandan da "Evdəqal" həyəcanı başladı. Aşağıdakı şeiri yazmaqla rahatlıq tapdım.
Sözdən çiçək yağdıraram
Nə zamandır gizlənmişəm,
Balaca bir otaqda!
Hamı mənim ürəyimdə,
Mən hamıdan uzaqda!
İndi, yəqin, Goradildə
Hava qızıb, bağ yanır.
Yol gözləyən ağaclarım
Hasarlardan boylanır.
Həsrətimdən çiçəkləyib
Şaftalılar, alçalar.
Onlar məni qəfil görsə,
Qıyya çəkər, əl çalar.
İndi, yəqin, əriklərin
Ləçəkləri allanıb.
Zoğal çoxdan oyanmışdı,
Qaşqabağı sallanıb.
Yarpağından yaşıl işıq
Sönməz qəti, zeytunun.
Heç qışda da azalmayır,
Məhəbbəti zeytunun.
Gözləməkdən xan çinarın
Çatılıbdı qaşları.
Ağlamaqdan saralıbdı,
Limonun göz yaşları.
Ağ paltarda görəmmədim,
Gözəl Badam bacını.
Yəqin, nar da çiçəkləyər,
Qoyar qızıl tacını.
Hər il yazın şərəfinə,
Toy eləyir ağaclar.
Çiçəkli tül parçalardan,
Paltar geyir ağaclar.
Nə zamandır gizlənmişəm,
Balaca bir otaqda!
Hamı mənim ürəyimdə,
Mən hamıdan uzaqda!
Ana günəş qoy geyinsin,
O qızılı tacını!
Yoluşdursun bu yaramaz
Tacvirusun saçını!
Yəqin, bir gün dözə bilməz,
Yeri, göyü yandırar!
Cəhənnəmə vasil edər
Bu Tacvirus andırı!
İçimdə bir alov yanır,
Dözəmmirəm tüstümə.
Muştuluğa yüyürərəm
Dost tanışın üstünə.
Sonra qaçıb dırmaşaram,
Babadağın qaşına!
Sözdən çiçək yağdıraram,
Bu dünyanın başına!
Yəqin ki, illər keçəcək, bu şeiri oxuyub qurtarandan sonra oxucu düşünəcək:
- Müəllif balaca bir otaqda kimdən gizlənirdi? Hamını qəlbində əzizləyən şairi insanlardan ayrı salan nə idi? Bunun əsl səbəbi dünyanı lərzəyə salan, əslində isə nə xarici görünüşü, nə də həqiqi siması kimsəyə bəlli olmayan koronavirus idi. Xüsusi adların böyük hərflərlə yazıldığını bilirəm. Amma onun adını qəsdən kiçik hərflə yazıram. Heç olmasa ürəyimdən tikan çıxsın. Bu yaramaz təkcə canlıların səhhətinə hücum çəkmir, o, hətta ədəbiyyata da soxulur, az qala ədəbiyyatın mövzusunu müəyyənləşdirir. Bir dəfə kiçik nəvəm əl çəkmədi, iki ayağını bir başmağa dirədi ki, ona virus haqqında danışım. Mən də nə qədər çalışdım ki, bu yaramazın adını çəkməyim, nəvəm əl çəkmədi. Axırda nəvəmlə belə bir dialoqumuz yarandı:
Baba ilə nəvənin söhbəti
- Baba, bir söhbət elə,
Nə altdan-üstdən danış
Daşı tök ətəyindən,
Bizə virusdan danış.
- Qoyun sizə danışım
Baharın gəlməyindən.
Böcəyin ucmağından,
Çiçəyin gülməyindən.
Görmürsənmi zəmidə
Sünbül necə nazlanır?!
Çəmənzarın içində
Bülbüllər pərvazlanır!
"Virus"
İblis deməkdi.
İblislərin işidi
Yaxşılıq bacarmayan
O pislərin işidi.
O, baharı tanımır
Virus qışın işidi.
Gəlib qışın qəlbinə
Tuşlanan ox -
Qaranquş.
Sinəsi bir ağ süfrə
Qanadı şux -
Qaranquş.
Qoy mən sənə danışım,
Bal daşıyan arıdan.
Ərköyünlük eləyib
Sözü kəsmə yarıda.
- Yox, sən
Virusdan danış!
Mənə iblisdən danış!
- Çəmənin ortasında
Qızıl lalə alışır.
Bulaqlar, ilk bahara
Sevgisindən danışır.
Çiyələyin yanağı
Gör nə gözəl allanıb.
Lobyanın ayaqları
Budağından sallanıb.
- Virusu kim yaradıb?
- İblisin qohumları!
- İblisi kim yaradıb?
- Virusun qohumları!
Axı mən sənə dedim.
Gəl əl çəkək bu işdən
Dünya çoxdan yorulub
Belə gəliş-gedişdən
İblisi məhv edəcək
Virusun öz xisləti.
İnsanı da məhv edir
Varlanmaq xasiyyəti.
O quşa bax, taqqataq
Camaatı bezdirir.
Var-yoxu bir daraqdı
Təpəsində gəzdirir.
Bənövşələr hələ də
Kol dibində gizlənir.
Durnalar göy üzündə
Qatarlanır, düzlənir.
Dənizin ortasında
Rəqs edir ağ ayılar
Bizə qanadlarıyla
- Gəl deyir qağayılar.
- Bu iblisi biz necə
Tora salaq, ay baba.
Bəlkə onu aldadıb
Dara salaq, ay baba.
- İblisi tora salmaq
İblislərin işidi
Ağılla yola salan
Əlbət ki, mərd kişidi
Burunluq tax üzünə
Yayılmasın nəfəsin.
Sən özünü qoru ki,
Dostun xəstələnməsin.
Allahın kəpənəyi
Göstərir inadını
Çiçəklərin üstünə
Sərir öz qanadını.
Dünyanı qurtaracaq
Dünyanın öz birliyi.
Həm əqidə birliyi
Həm də ki, söz birliyi.
Şeir yazılandan sonra onu bir neçə dəfə oxudum. Son bənddəki fikri, deyəsən, elə hamı deyir. Bəs mənim kəşfim hanı?! Yox, bu məni təmin etmədi. Dünyanı insanların adi birliyi yox, bu virusları məhv etməyə qadir olan elmi birliyi xilas edər. Uşaqlar isə bu birliyi məktəbin timsalında başa düşə bilər. Buna görə də, hətta məktəblərin açılmayacağını bildiyim halda "Deyirlər, məktəblər açılacaqdır" şeirini yazdım.
Bu gecə yatmayıb güllər,çiçəklər,
Uyuyub bir gözəl qoxu içində.
Sabah açılacaq bütün məktəblər,
Dünyamız bir şirin yuxu içində.
Yenə günəş doğur, dağlar dikəlir.
Saxta sevgi kimi duman çəkilir
İnsanın üzündən işıq tökülür
Təmiz bir duyğu var, axı içində
Görüb yer üzünün bu hallarını,
İnsanlıq qorudu halallarını.
"Virus öləcəkmi?" suallarını
Gizli saxlamışdı çoxu içində.
Nöqtədən kiçikdi, bu virus andır.
Dünya hüzurunda hazır dayandı.
İnsan öz boyuna baxıb utandı,
Hesabı içində, nırxı içində.
Çoxu bu tufana gərmədi sinə,
Fələyin gərdişi döndü tərsinə
Bəşər hazır deyil bu gün dərsinə
Dağıldı dünyanın çərxi, içində
O, yalquzaq kimi uladı bərkdən
Bəxti gətirənlər çıxdı kəmənddən
Çox imiş dünyanın mərdi namərddən
Qorxaqlar məhv oldu qorxu içində.
Səsini eşidib şəkləndi dünya,
Bir nöqtə önündə təkləndi dünya.
Nə hücum elədi, nə dindi dünya
Soldu, xəzan oldu şaxı içində.
Çaxdı şimşək kimi, burulğan kimi,
Dünya çalxalandı okean kimi
Hayqırdı, fırlandı dəyirman kimi
Acı, yalavacı, toxu içində.
Ey məktəb, həyətin açıq sinədi,
İndi ümidimiz bir tilsimədi
Göydə Allahadı, yerdə sənədi
Dünyanın həm varı, yoxu içində.
Doğrusu, bir qədər böyüklər üçün yazılan poeziyaya daha yaxın olsa da bu şeir əsas məqsədimə yaxın idi. Dünyanı ən ağır bəlalardan millətlərin əqidə və elmi birliyi - ümumi şəkildə desək, məktəb xilas edə bilər. Məktəb isə dildi, sözdü, kitabdı. Bu fikri şeir şəklində belə ifadə etdim:
Mənim dilim
Günəş öz xonçasını
Saçır mənim dilimdə.
Çiçəklər qönçəsini
Açır mənim dilimdə.
Qoy bunlar görünməsin
Sənə bir şübhə kimi.
Bu dildə nəğmə deyir
Bulaqlar sübhə kimi.
Diqqət elə, rəqs edir,
Meh zəminin telində.
Sünbül nağıl danışır
Çölə, mənim dilimdə.
Bu dildə cəh-cəh vurur
Göyərçinlər, sərçələr.
Bu dildə haraylayır
Anasını ətcələr.
Ceyran, cüyür mələşir
Geniş Muğan çölündə
Balasını səsləyir
Onlar mənim dilimdə.
Bu dildə şəlalələr
Nəğmə deyir şırhaşır?
Baharın gəldiyini
Qayalara danışır.
Mənim dilim sevginin,
Sədaqətin dilidi.
Sözü baldan da şirin
Bir millətin dilidi.
Kimsə yaxşı deyib: İnsan döyüşə-döyüşə daha yaxşı döyüşmək öyrənir. Mən də bu virusla mübarizə apara-apara, daha doğrusu, ondan qoruna-qoruna məktəbi, elmi təbliğ etməyin yeni mövzularını araşdırdım. Amma gördüm ki, klassiklərimiz onların hamısını qələmə alıb. Burda bircə qalır "Sən nə deyəcəksən?"sualının cavabı. Düşündüm ki, Ana dilini öyrədən şəxsiyyət müəllimdir. Ənənəvi mövzuya yeni bir deyimlə müraciət etmək heç də pis olmaz.
Qoy sənə Günəş deyim...
Ey müəllim, bilmirəm
Səni nəyə bənzədim.
Bir sinədə döyünən
Min ürəyə bənzədim.
Qoy sənə ümman deyim,
Qumlu, sahilli ümman!
Vətənin qucağında
Xoşbəxt-xoşbəxt dalğalan.
Ləpələr sahilini
Sığallasın, düzləsin.
O büsatı yerdə biz
Göydə ulduz izləsin.
Qoy sənə çiçək deyim.
Yazı gətirən çiçək!
Bir meh pıçıltısından
Tir-tir titrəyən çiçək!
Axşamacan qız-gəlin
Əlvan çələng toxusun!
Quşlar versin səs-səsə,
Dünya cənnət qoxusun!
Qoy sənə mələk deyim, -
Cənnətdən gələn mələk!
Ay kimi şölə salan,
Gün kimi gülən mələk.
Qoy mən səni bənzədim
Şölə saçan Günəşə
Ətrafında işıqlar
Dövrə vursun həmişə.
Qoy sənə çıraq deyim,
Gur şöləli bir çıraq.
Bu işığın şöləsi
Min evə daşınacaq.
Hər tələbən dünyaya
Şölə saçan böcəkdi.
Demək sənin işığın
Heç vaxt sönməyəcəkdi.
Qoy sənə Günəş deyim!
Qoy sənə çiçək deyim!
Qoy sənə dəniz deyim!
Qoy sənə mələk deyim!
Doğrusu, bu şeirləri yazan prosesdə mən bir necə məktəbdə virtual görüşlər keçirdim. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin "mənoxudumsəndəoxu" layihəsində, Yevlaxdakı 2 saylı məktəblə, Bakıdakı, Sumqayıtdakı, Cocuq- Mərcanlıdakı məktəblərdə keçirdiyim görüşlərdə müəllimlərin necə sevindiyinin şahidi oldum. Görüşdə iştirak edən şagirdlərin əksəriyyəti 4-cü siniflər idi. İbtidai məktəbin son sinfi. Uşaqlarla müəllimlərin ayrılıq çağı. Bu anın poeziyasını duymamaq olmur.
İbtidai sinif müəlliminin düşüncələri
Siz məktəbə gələndə
Hərəniz bir çiçəkdiniz
Sinfə girdim elə bildim
Otaq boyda çələngsiniz.
O zamandan dörd il ötüb
Beşinciyə kecirsiniz
İndi bütün kitabları
Lap su kimi içirsiniz.
Amma daha yollar gedir,
Elmin əsl dəryasına
Bu yollarda bir sənət seç
Öz gücünü yaxşı sına.
Uçun körpə qaranquşlar,
Möhkəm olsun qanadınız!
Sizi böyük arzulara
Çatdıracaq inadınız.
Elm yolu dərin səma,
Bu yolları yarın, keçin,
Hər biriniz körpə tərlan
Hərəniz bir ağ göyərçin
Yollar sizi qorxutmasın
Uçun, uçun sona kimi
Biz də baxıb sevinərik
Ata kimi, ana kimi.
İnsan ən çətin anlarında sevinmək üçün bir bəhanə tapırsa bu onun dözümünü artırır. Amma bunun üçün gözəl bir əsas varsa, onda sən gecə-gündüz " virus" deyib ah-nalə eləsən, onda gərək əzraildən inciməyəsən. Gərgin günlərdə Avropada doğulub bir yaşına çatan nəvəmlə gündə bir neçə dəfə görüşürdüm. Bu uşağın həyatında baş verən hər bir kiçik hadisə mənə bayram olurdu. Bu gün dişi çıxdı. Bir addım atdı. Yeridi. Onun ən kiçik hərəkəti bir şeirin süjeti idi.
Tomris
Uzaq eldə yaşayır
Nəvəm - Tomris adında
İgid Tomris yaşayır
Gözlərinin odunda
Çatıbdı bir yaşına
Yumru, qəşəng qızdı o.
Gündüz Günəşə bənzər
Gecələr ulduzdu o.
Hamı deyir ki, bu qız
Gözəl-göyçək baladı
Yanaqları çiyələk
Saçı çiçək baladı.
Çox şeylə barışmayır
Nəyi görsə dağıdır.
Bütün ev əşyaları
Onun oyuncağıdır.
Tomris deyir: - Bu evdə
Hər şey durub tərsinə.
O hər səhər başlayır
Evi qurmaq dərsinə.
Deyir: - Harda görünüb
Ev-eşik bu biçimdə?
Oyuncaq qalmalıdır
Tozsoranın içində.
Velosiped üşüyər
Otağa köçməlidi.
Ayaqqabı qəşəngdi
Yatağa köçməlidi.
Onun gördüyü işlər
Bir-birindən gözəldi.
Anasının səhvini
O dəqiqə düzəldir.
- Kim düzübdü şkafa
Yenə qabı, qaşığı?
Kitabı qoyub rəfə
Hirsləndirib uşağı?!
Yazıq qız səhər tezdən
Tökür yerə qabları.
Sonra da döşəməyə
Dağıdır kitabları.
Səliqəylə yığılır,
Bu qab o qabın üstə.
Qaldı pişik yeməyi
Qoyaq kitabın üstə.
Kukla divanın altda
Yatıbdı, gəlmir səsi.
Məncə, daha düzəldi
Otağın səliqəsi.
Hamı sevir Tomrisi,
Ağıllıdı, zirəngdi.
Onsuz bu qədər işi,
Axı kim görəcəkdi?!
Virus pandemiyası insandan güclü ola bilməz. İnsan özünün daxilindəki tükənməz duyğuları lazımi məqamlarda hərəkətə gətirsə, qarşısıalınmaz bir gücə çevrilə bilər. Həmin hisslərimi hərəkətə gətirdim. Ev-eşik qurmağa gecikən, bağ qonşularım olan cavan oğlanlara zarafatla bir şeir həsr etdim.
Ay bizim elli qızlar
Ay zərif telli qızlar,
Ay şirin dilli qızlar!
Paltarı güllü qızlar,
Ay bizim elli qızlar!
Üç-dörd ayın içində
Şimşək olub çaxdınız.
Mən gözümü açınca
Hara yoxa çıxdınız?!
Bir də gördüm evlərdə
Yandınız çıraq kimi.
Körpələrin paltarı
Yelləndi bayraq kimi.
Elə bil özünüzlə
Apardınız taxtımı.
Mənə məsləhət verin
Harda gəzim baxtımı?!
Elə bil qocalmışam
Daha qızlar yan durur!
Heç salam da almırlar
Bu dərd məni yandırır!
Bəlkə hələ hardasa
Yolda gözü qalan var.
Bəlkə də ürəyində
Mənə sözü olan var!
Bəlkə bir daşın üstə.
Qoyulası daş qalıb?!
Yox, deyəsən, eləcə
Döyüləsi baş qalıb.
Ay bizim elli qızlar,
Şimşək olub çaxdınız!
Mən gözümü açınca,
Hara yoxa çıxdınız?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!