Fərid Hüseynin şeirləri üzərinə qeydlər
İnsan ona gündəlik gərək olan və yaxud çox sevdiyi əşyaları, kitabları həmişə göz qabağında, əl çatan yerdə qoyur ki, yadına düşdükdə, ona lazım olanda anındaca əlini uzadıb götürə bilsin. Mən dönə-dönə qayıtdığım, tez-tez üz tutduğum kitabları həmişə yazı masamın üstündə saxlayıram, həyatın yeknəsəkliyindən, gündəlik qayğılardan qaçıb gizlənmək istəyəndə məhz ora - yazı masamın arxasına sığınıram. O məqamlarda masanın üstündəki kitablar mənə qəribə bir enerji verir, sözlər sanki damla-damla qanıma hopur və mən yaxşılaşıram, toxtaqlıq tapıram. Bu ayin, ritual mənim ədəbi terapiyamdır.
Biz Rəsul Rzanın, Əli Kərimin şeirlərinin kölgəsində böyümüş bir nəsilik. Bizim ədəbi nəslin poeziya anlayışı ölçüsüzlük, hüdudsuzluq içində harmoniyanı yaxalamaq, metrləri müəyyənləşdirmək, mənalar dənizinin dibindəki sözləri axtarıb tapmaq içində formalaşdı. Müstəqillik dövrünün çox parlaq şairləri yetişdi ki, onlar poeziyaya yeni paradiqma qazandırdılar.
Mətləbi uzatmadan gənc ədəbi nəslin sayılıb-seçilən imzalarından olan Fərid Hüseyn şeirləri üzərinə düşüncələrimi sizinlə də bölüşmək istəyirəm. Fəridin şeirlərini oxuyanda adilik gözümüzün önündə ilan kimi qabığını dəyişir və bu qabıqdəyişmələr adiliyin zatındakı sərt, insanın heç vaxt üzləşmək istəmədiyi həqiqətləri üzə çıxarır, bu həqiqətlər şillə kimi üzə çırpılır. Həqiqətin mühasirəsində qalan insan bir anda öz mahiyyəti ilə toqquşur və parçalara bölünür. Rəsul Rzadan, Nazim Hikmətdən, Əli Kərimdən üzübəri bu günümüzə uzanan yol fikir meridianlarını dolaşdıqca, poetik burulğanlardan adladıqca XXI əsrin insanını da öz ağuşuna alır, onu da alıb üzü gələcəyə götürür.
Zaman keçdikcə şəhərlər də, insanlar da, insanların düşüncə tərzi də dəyişir, şeir də libasını dəyişir, təzələnir. Yeni ifadə formaları, yeni düşüncə tərzi şeirin damarlarına yeni qan ötürür. Poeziyaya təzə rənglər spektri qazandıran bu proses özüylə yeni bir axın gətirdi. Fərid Hüseyn ikimininci illərin başlanğıcından bəri həyatımızı, yaşam tərzimi dəyişməyə məcbur edən yeni dünyanın yetişdirdiyi şairlərdəndir. Onun son iki ildə "Əlvida ağacları" və "Təkrarın tənhalığı" şeir kitabları bir-birinin ardınca nəşr olundu və ədəbi tənqidin diqqətini çəkdi. Poetik təfəkkürün bu yeni performansı Azərbaycan şeirinə forma və məzmun yenilikləri baxımından təkan verdi.
Fəridin şeirləri oxucuda qəribə bir atmosfer, əyləncəli assosiasiyalar yaradır. Təbii ki, söhbət dünya poeziyasından xəbərdar olan oxucudan gedir. Yəni şairi ayaqda saxlayan, onu var edən ucsuz-bucaqsız azlıqdan...
O, klassika ilə modernizm arasında qəribə bir bağlantı yaradır və Tomas Eliotun təbirincə desək, ənənəni mütəmadiən yeniləməyi bacarır. Gənc şair klassika ilə modern çarpışmalardan öz poetik formulunu sağlam çıxara bilib. Modern dalğa ilə postmodern xaosda çox şairlər itib-batdı, ədəbi dəbin küyünə gedib labirintlərdə azıb qalan istedadlar oldu. Fərid yaşından xeyli böyük görünən təmkini ilə öz istedadını bu burulğanlardan qorudu, ona fitrətən bəxş olunmuş ədəbi fəhmi ilə hiss etdi ki, bədii mətn, poeziya bütün izmlərin inkar halıdır. Ruhundakı genetik informasiyalar zaman-zaman misralara dönüşdü. Şeirlərindəki müdriklik də xarakterindəki təmkindən mayalanır. Dünyanın bu xaotik durumunda içindəki səliqə-sahmanı qoruya bilmək və emosiyalarını, hiss və duyğularını saf, təmiz, duru saxlamaq müşkül məsələdir. Fərid bunu ona görə bacarıb ki, artıq axtarışlar mərhələsini adlayaraq bəlli bir həqiqətə yetişib, bundan sonra onun öz bədii həqiqətinə arxa çevirməsi mümkünsüzdür. O, zamanın nəbzini tutmaqla yeni əsri yeni poetoxnoloji vasitələrlə ifadə edə bilir. Onun şair kimi diqqəti çəkməsinin, uğurunun sirri də bundadır.
Onun şeirlərində söz belə demək mümkünsə, boğulmur, asudə nəfəs alır, çünki yerindədir, lazım olduğu yerdədir. Bu şeirlərdə sözlər tilişkə kimi narahatlıq yaratmır, suya salınmış şəkil kimi tədricən aydınlanır və sənin gözünün qarşısındaca mətləblərin mahiyyəti neqativdən pozitivə çevrilir; görüntü aşkarlanır. Mənaya yetişmək üçün gərək suya girməkdən qorxmayasan, irəlilədikcə səni itələyən soyuqluq azalır və sən artıq soyuğu hiss etmirsən, ləpələnən misraların sehri, cazibəsiylə doğmalaşırsan. Fəridin şeirlərini oxuyanda psixoloji situasiyaların bənzərsiz lövhələrə çevrildiyini görürsən və heyrətlənirsən.
"Son nəfəsimə qucaq daşlar" şeiri sonsuz yozumlara yol açır.
Peşman deyiləm:
uçduğuma görə qanadımdan vurulmuşam
və əbədi daşlar qucaq açıb son nəfəsimə.
Daş metaforası poeziyamızda Əli Kərimdən, Məmməd Arazdan üzübəri çox işlənib, amma konkret bu şeirdə daş insanın son nəfəsinin ünvanına çevrilir. Memarlar, daşyonanlar daşa nəfəs verməyi bacarırlar, amma daş bir nadanın, səfehin əlinə düşəndə o nəfəs kəsir. Və bu əbədi daşlar insanın son nəfəsinə qucaq açsa da nə quşlar uçmağından qalan deyil, nə də bəşər övladı azad ruhunu daş atanlara təslim etməyəcək, peşman olmayacaq. Ramiz Rövşən demiş, "daş atan bilirmi nə günah eylər?"
Şeirin son bəndinə diqqət edək:
Peşmanam, gərək deyim düzünü:
taleyimi güzgütək gözümə salıb
kor elədim özümü...
Bu məqamda artıq taledən qaçmaq, ona boyun əymək cəhdindən söhbət getmir, özünü taleyin ətalətinə məhkum edərək gələcəyə açılan qapıları öz əlinlə qapatmağa işarə edilir. İnsanların həyat ipini əyirən moyralar (tale ilahələri) bəsirət gözünü kor edir, zəka işığını söndürür. İnsan taleyini qarşısında güzgü kimi görür və o çərçivədən çıxa bilmir. İnsan taleyin köləsi halına gəlir. Ya da güzgü qırıldığı üçün özünü başqalarında görməyə adət edir. Bu da korluğun bir növüdür. Yəqin ki, hansısa impressionist rəssam bu şeir əsasında bənzərsiz bir lövhə çəkə bilər. Bu tipli məntiq oyunları Fəridin yaradıcılığında yetərincədir. Müəllif bizə gördüklərimizdən əlavə həm də hiss etməyi öyrədir. İngilis semiotiki David Kristal "Dilin qısa tarixi" əsərində yazır ki, dil özünüifadəetmədə sonsuz ehtimallara qapı açır. Və Robert Fişerə istinad edir: "Şeirin dilini anlamaq üçün qəribə və nadir sözlər pıçıldayan küləyi dinlə, bir daşı qaldırıb altına bax, axtardığınız şeir orda gizlənib".
Fərid küləyin də, quşun da, daşın da, göy üzünün də dilini yaxşı bilir. İllah da insan ruhunun çırpıntıları onun poetik təfəkküründən keçib şeir formasını alır. "Demə" şeirinə diqqət edək:
Bir azdan baxışları solacaq,
mənim əllərim örtəcək
onun göz qapaqlarını,
amma onun üzündə
həyat gülümsədikcə
bunu ona demək olmaz.
İnsanın içindəki ümidi öldürmək olmaz, ruh bədəni tərk etdiyi ana qədər insan yaşama inanmalıdır. Bu şeir əvvəldən sonadək ölümə protestdir. Sözsüz, ölüm insan həyatının labüd sonluğudur, İlahi qanundur. Ölüm Allah əmridir, əmrdən çıxmaq yaradana asi çıxmaqdır. Amma Fəridin şeirində asilik yoxdur, inamı qorumaq çabası var. İnam insan həyatının episentridir.
Qadın qaranlıqda Aya baxır,
sabahı, günəşi düşünür,
fəqət sabah eyni vaxtda
yenə qaranlıq düşəcək.
O, Günəşə inandıqca
bunu ona demək olmaz.
İnam Tanrının insana ən gözəl hədiyyəsidir. Qadın o günəşə inandığı qədər gözəldir, bu inam onun daxilindən çölə fışqıran enerjinin mənbəyidir. Şair özünü də şeirin qəhrəmanıyla yanaşı qoyur:
Mən də bir gün öləcəm,
gömüb geri qayıdacaqsınız,
ilk fürsətdə yaddan çıxacam?
nəyi sırr kimi saxlamışdımsa,
onlar daha tez unudulacaq,
ancaq yaşadığım müddətcə
bunu mənə demək olmaz.
İnsan bəlli həqiqətlərdən agahdır, özüylə həsb-hal edərkən dodaqlatı bu həqiqətləri vird edir, amma kimsə kənardan ona bu həqiqəti deyəndə ona daş kimi dəyir, içi çiliklənir. Bu incə nüansı Fərid şeirin diliylə anladır.
İndiyədək "Əlvida ağacları"ndan bəhs edirdik. Keçək "Təkrarın tənhalığı"na. Bu kitabdakı şeirlərin də bəzilərinin ilk dinləyicisi mən olmuşam. Söhbətlərimiz həmişə iki hissəyə bölünüb; kef-əhval, dərdləşmə hissəsi və şeir hissəsi. İkinci hissəni həmişə Fərid yeni şeiri ilə tamamlayıb və mənim ilkin təəssüratlarım söhbətimizin vaxtını bir az da uzadıb. Düşündüm ki, bu təəssüratları bir yazıda cəmləşdirim. "Təkrarın tənhalığı"nda konseptuallıq qabarıq şəkildə hiss olunur. Şeirlər bir neçə bölümdə təqdim olunsa da insanın zaman içrə faniliyi və faniliyin poetik təfsiri vahid estetik və ictimai platformada təqdim olunur. Fəridin atasına yazdığı "Bitməz gün" şeirində müstəqillik dövrü uşaqlarının ümumiləşdirilmiş obrazı var. Müharibə, güzəranın ağırlığı, qeyri-müəyyən gələcək və hamısından ağırı atasızlıq...
Sübhdü - sənin yoxluğunun uşaq çağıdı:
imperiya günəşi təzəcə sönüb ölkəmdə,
azadlıq lampasının başına yığışmışıq,
üz-gözümüz kasıblıq hisindən qapqara,
əlimiz nöyütlü,
yaş odundu xəyallarımız, -
könül sobamızda asta-asta yanır,
amma sümüyümüz qızmır ki qızmır.
Sübhdü - sənin yoxluğunun uşaq çağıdı:
Hələ ehtiyacdan bir hovur gizlənmək üçün
əl damındakı dəmir-dümürünü,
ov alətlərini satmamışıq,
hələ torpağın üzü soyumayıb,
hələ göz yaşımız sinəmizi yandırır,
nə vaxt ağlasam, anam məni qucağına alır -
Allaha sarı qaldırır...
Uşaqlığı və yeniyetməliyi 90-ci illərə təsadüf edən bir nəslin taleyidir bu şeir. Manifest xarakterli şeirdir.
Fəridin bütün şeirləri təhlil üçün bolluca material verən poetik mətnlərdir. Bir məqamı da qeyd edim, Fərid çox azsaylı şairlərdəndir ki, şeirlərini izahlarla təqdim edir, yəni ətək qeydləri yazmaqla bir növ oxucunun işini asanlaşdırır. Oxucuya nə qalır? Oxumaq və düşünmək.
Sözü bilən bilir ki, şeir təhlil olunduqca sehrini itirir. Şeiri oxuyub uzun bir sükuta dalmaq və o sükutda itməkdir ən gözəli...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!