Şairlə kəlmə kəsmək... - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Kədər arxaclayıb bəbəklərimdə…                                   

 Xaqani Qayıblı

Xaqani Qayıblı ömrünə şeir kimi və ya şeirinə ömrü kimi çox inandığım və sevdiyim şairdir. Mən kiməm ki, inanmayım? Onun şairliyinə anası cənnətlik Şərifə xanım inanıb. Ana ürəyi isə qətiyyən səhv eləmir. Müqəddəs Molla Vəli Vidadi ocağının qızı olan Şərifə anamızın vəsiyyəti də olub. Ana vəsiyyəti isə haqq sözüdür: "Bax haa, Xaqani, bilirəm, harda olsam, sən gəlib cinazama çatacaqsan. Qapımızdakı tut ağacının yanında camahatı  saxlayıb mənə şeir deməsən, qavrım od tutub yanar, mənşərə qədər də sənnən barışmaram! Axı mən şair anasıyam!".

Elə burdaca yaddaşımdakı bir detalı saygıdəyər oxucularla bölüşmək istərdim. Bir dəfə Qaraçöpdə analı günlərini xatırlayanda Xaqani mənə dedi ki, rəhmətlik anam çiçəkləri çox sevirdi. Bütün qapı-baca, ev-eşik gül dibçəkləri ilə dolu idi.

Estoniyadan, Botanika bağından dağ laləsinin soğanaqların gətirib məzarının üstünə əkdim. İndi hər bahar  anasının məzarı gülüstana dönür...

Üzüstə torpağa yıxıldım...

Xatırlamıram heç nə.

Bircə ətri qaldı əllərimdə Anamın!

Bir də, Anamın əkdiyi çiçəklərin.

Bu çiçək assosiasiyası Xaqaninin ruhuna elə hopubdur ki, Qaraçöpə yurd sevgisini də çiçək metaforası ilə şərəfləndirir.

Anam torpağına qarışan gündən                                                                                 

Çiçəyim – Qaraçöp, gülüm – Qaraçöp!

Düz otuz ildir ki, vətənə “təntiyə - təntiyə, ürəyi ağzında” uzaqlardan gəlir. "Uzaq" anlayışı mifoloji düşüncədə qeyri-müəyyənliyi, məchulluğu bildirir. Ruhunun görüşə, vüsala necə uçunduğunu dəfələrlə seyr etmişəm. Hər vüsal dəli bir həsrətin astarı, "ömrünün yorğun çağlarının" sirli bir yazısıdır. Ayrılığın miqyasını və mənasını da ruhunun uçunduğu görüşlərdə anlayır:

Özümü özümə ayıda bilsəm,

Bir də o yerlərə qayıda bilsəm.

Ata evimizin daşından öpüb,

Anamın gözünün yaşından öpüb,

Bir yaşın içində qardaşım oğlu

Dünyaminin qırxıq başından öpüb

Üzümü torpağa sürtüb qalacam.

Onun şeirlərinin sujeti sanki yetə bilmədiyi, çata bilmədiyi görüşlərin ilğımından yaranır və bu görüşlərin içindən sanki bir ümidsizlik havası keçir.Əslində Xaqani şeirlərində real görüşləri deyil, süuraltına sıxışdırılmış arzu-istəklərini və ümidlərini xatırlayır.

Bir axşam işdən dönəndə

Səni evimdə görəm!

Bu sirli gəlişindən

Kövrəlib evim də, görəm...

Məndə belə bir əminlik var ki, Xaqaninin dilə gətirdiyi görüşlərin hamısı yuxu və güzgü effektlidir. Güzgü gerçək nəsnə-predmet deyil, özgənin simvolik obrazıdır. Boylama güzgüdə qızla görüş xəyalında canlandırdığı obrazla görüşdür.

Xaqani Qayıblı taktillik (təmas-toxunma) aktını qəribə bir ehtirasla bizə ötürür. Taktil obrazlar doğmalığın, məhrəmliyin, qohumluğun və sevginin ifadəsidir. Bu gün də yaddaşında ana əllərinin sazağı keçir, atasının kürəyinə toxunan əllərinin istisi üşüdür. Anasının "ölöm" deyib sarılmasını xatırlayanda yaddaşı köhnə yara kimi ufuldayır, sızıldayır.

...anam məni həyətimizdəki tut ağacına                                                            

çatar – çatmaz                                                                                                       

sinəsiniyumruqlayaraq                                                                                        

ölöm, qavağında ölöm” desə                                                                             

dünya dağılarmı?

Psixologiya taktil toxunmanın bir sirli – sehrli mahiyyəti də ondadır ki, sən nəyə toxunursansa, o da səninlə qarşılıqlı təmasda olur. Ölüyə toxunmaqla ölümü öz içinə, "mən"inə daxil edirsən. Əski inanclarda belə təsəvvür var ki, ölü ilə öpüşən adam mütləq ölülər dünyasına simvolik qatılır. Xaqani bilirdimi ki, anasını gözlərindən öpməsi ilə özü də "ölümün qılığına" girmiş olur, "ölüm məkanı"na daxil olur:

Ölüm qılığıma girdi bu gecə,

Sarılıb boynuna üzündən öpdüm -

Anamın üzündən öpdüyüm kimi.

Qaşını sığayıb gözündən öpdüm,

Anamın gözündən öpdüyüm kimi.

Xaqani qürbət ellərdə monoloqdan bezəndə gəlir vətənə, kəlmə kəsməyə gəlir. "Kəlmə kəsmək" onun şeirlərində söhbətləşmək cəhdi deyil, mistik ünsiyyətin adıdır. Bu mənada X.Qayıblı təbiət varlıqları ilə, ilin fəsilləri ilə  kəlmə kəsmək arzusunda olan, kəlmə kəsməyi bacaran ən istiqanlı şairlərimizdən biridir. Tanrıya, anaya, Qaraçöpə... xitabları onlarla kəlmə kəsməsidir. Ona görə hayıfsılanır: "Payız kəlmə kəsəmmədi".Yurd yeri, çay, meşə ilə, ata evinin qaraca daşı ilə, həyətlərindəki tut ağacı ilə, nəhayət, anasının ruhu ilə kəlmə kəsmək arzusu da bu üzdəndir.

Dost yox – üstündə əsməyə,                                                                                         

Yar yox – naz edib küsməyə...

Mənimlə kəlmə kəsməyə

Çayı, meşəsi qalmadı.

Qəriblik şair Xaqani Qayıblı üçün susmaq və sükut yeridir. Susmağının və daxili nitqin enerjisini şeirlərində hiss edirsən. Nöqtələr, tirelər mötərizəyə alınmış sözlər şeirlərdə gözlənti və sükut məkanı yaradır. Aşağıdakı şeirin qrafik sırasına baxsanız, poetik sözlə sükutun sərhədi haqqında təsəvvürünüz yaranar və bu sərhəddə olumun, heçliyin, uçurumun, ömürdən keçən payızın nəfəsini duya bilərsiniz.

...bu da sinbahar -                                                                                                     

yenə                                                                                                                          

yenik düşəcək yaşılım yarpaqlar...                                                                            

(iyul Günəşinin hənirtisi                                                                                 

  barmaqlarımın ucunda)                                                                                         

içimdə duyğularım saralır...                                                                                       

canımı qoymağa yerim yox, babam!                                                                          

təlaşdayam -                                                                                                                

sanki köksüm altda payız var kimi!                                                                   

...ömrümdən bir fəsil keçir                                                                                    

səhradan rüzgar kimi... (Riqa, 16 noyabr 2003)

Bəlkə də qürbətin havasındandır: Xaqani Qayıblı qəriblik şeirlərini sanki tamamlamağa çalışmır. Burada sözün sükutla təması, susqunluğa keçməsi  başlayır - gəraylı var, iki bənddən sonra qırılıb. Şeir var - bayatı nəfəsi bir bəndin divarına dəyib qayıdır... Məsələn:

Yaşa bax, Tanrım, yaşa,

Əldə qırxın yaxası!

Üfüq görünür daha...

Bu da ömrün ortası!

Nədənsə mənə elə gəlib ki, Xaqani ömrünü və sözünü iki dünyanın sınırında yaşayır. Anasının cənazəsi başında ondan şeir oxumasını istəməsi də həmin mistik sərhəd – hüdud duyumundan, anlamından gəlir. Haqq – nahaq dünyası arasında şeir oxumaq hər şairin taleyinə düşmür.

Şeirlərinin əksəriyyətinin məna strukturu ömür – ölüm qütblərini ehtiva edir. "Ölüm" Xaqani Qayıblı ömrünün üfüqündə yaşayır. Necə ki, bu gözəl, sufiyanə türkünün son misraları “ölüm üfüqündə” tamamlanır.

Gəl biz dosta gedək, könül,

Gedək yüyürə-yüyürə...

Biz dosta varan günü

Dağları duman bürüyə.

...Ruhum uçuna göylərdə

Tənim torpaqda çürüyə.

Ən sevdiyi qutsal zaman gecə ilə səhərin sərhədidir- dan yeri, sabahın alatoranlığıdır... Sözlər bu zaman aralığında deyilir.                                                                       

Yazammadığım yuxudu                                                                                             

Dan üzünə dediklərim.

Yerlə Göyün arasında – o Kazbekin sıldırımlı, dumanlı-çənli aşırımında anasının xeyir-duasını eşidir: "Sən ki məni bu qoja vaxtımda Qafqazın başına çıxartdın, ooğul, sana çəkdiyim zəhmət, Ana südü kimi halalın olsun!"

Praqadan Tallinə uçarkən, təyyarədə ata alqışını eşitmək möcüzə deyilmi? "Birdən söhbət əsnasında atam sol əlini kürəyimə qoyub dedi: "Oğlum, biz bu saat bəlkə də göyün yeddinci qatındayıq, elə bil Allaha bir az da yaxınıq. Bax, göyün bu yeddinci qatında sənə ata alxışı edirəm. Bunu heç zaman unutma, ata alxışı hər şeydən üstündür. İnşallah, qarşıda səni çox gözəl həyat gözləyir, bütün işlərin uğurlu olacaq, bir az sıxıntı yaşasan da, sonunda hər şeyə nail olacaqsan. Səndən həmişə razı olmuşam, Allah da səndən razı olsun. Mən sənnən hər zaman fəxr etmişəm. Sağ ol ki, mənə qürurlu ata ömrü yaşadırsan".

Xaqaniyə çatmaq üçün gərək dünyaların sərhədini keçəsən. Bunu öz təcrübəmdən də bilirəm. Xaqani bizi (məni və Məti Osmanoğlunu) Qaracöpə, çoxdan gözlədiyimiz, arzuladığımız bir görüşə dəvət etmişdi. Bakıdan  Qaraçöpə uça-uça gedirdik. Qismətə bax, yalnız sərhəddə pasportun vaxtı keçdiyinin fərqinə vardım və kor-peşman geri qayıtdım... 

"Bir pasport xətasına" görə anasını Estoniyaya aparmaq cəhdi boşa çıxır. Anasının qımqımısı da hələ də yaddaşını göynədir: "Dağlardan aşdım, düzə qoymadılar, Bəzəndim gəldim, sizə qoymadılar".

Bəlkə də onun ölkələrin, şəhərlərin sərhədlərini keçmək ehtirası həmin hüdudu - nitqlə sükutun, həyat və ölümün, yoxluqla varlığın, gecə ilə gündüzün, köhnə il ilə təzə ilin, Yerlə Göyün sınırında yaşatması ilə bağlıdır! Keçən Sadaxlı sərhəd nəzarət məntəqəsində maşının güzgüsündən onun "başqa, fərqli bir dünya"ya necə keçməsini maraqla izlədiyimi yadıma salıram.

Dünyaların sərhədində yazılan şeirlər, söylənilən türkülər “ana dilin yuxuları”dır.

Mən sadəcə bu  yuxuları yozmaq istədim...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!