Cavad xanın qardaşı Fəthəli bəy Hali Gəncəvi və onun poetik yaradıcılığı - Paşa Əlioğlu yazır

 

Gəncəli Cavad xanın qardaşı Fəthəli bəy Ziyadoğlu Hali Gəncəvi haqqında əlimizdə çox az məlumat vardır. Bəzi müasirləri, həmin dövrün görkəmli şəxsiyyətləri əsərlərində Fəthəli bəyin adını hörmətlə yad etmişlər. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində Şirvan və ətraf bölgələrdən çıxmış ədib və şairlər sırasında Nişat Şirvani, Ağa Məsih Şirvani, Molla Pənah Vaqiflə yanaşı, Fəthəli bəy Hali Gəncəvinin də adını çəkmişdik.

Hüseyn Əfəndi Qayıbov "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" adlı toplusuna Fəthəli bəyin bir beytini və ona İbrahim xan, Məhəmmədqasım bəy, Axund Molla Əli Həkim, Axund Molla Əli bin Vaqifin (Molla Pənah Vaqifin oğlu - P.Ə.) cavablarını daxil etmişdir. H.Qayıbov Fəthəli bəyin beytinə "Qəzəl min kəlami - Fəthəli bəy Gəncəvi" başlığını vermişdir. Görünür, bu beyt şairin qəzəlindən götürülmüş örnəkdir:

Həbbi-tiryak yeyən kimsə kəşamiş yeyər,

Gəh fənadiqü qozü gah məşamiş yeyər.

Adlarını çəkdiyimiz müəlliflərin bu şeirə yazdıqları cavablar belədir:

İbrahim xan:

Bulunur keçi, həməl, ah, neçün ölkə müdam,

Kəlleyi-sivrisinin ləhmi-cəvamiş yeyər.

 

Nuşi-rahət əsəri-zəhmət ilə hasil olur,

Arizuyi-əsəli-tab edən niş yeyər.

 

Məhəmmədqasım bəy:

Kimsədən minnəti-ruzi dəxi çəkməz ol kim,

Qutteyi-kuhə uyub meyi-səri-riş yeyər.

 

Axund Molla Əli həkim:

Təməi-xami-məzəllət gətirir Molla Əli

Oturub məhkəmədə, çirki bunu diş yeyər.

 

Eybi-ibram degil, hiç filan kimsəyə eyb,

Ki neçün zəhmət ilə yay yığar, qış yeyər.

 

Axund Molla Əli bin Vaqif:

İştəha kamil olan yerdə nədir diqqəti-əql,

Şişə axund çəkər ət, çiyü bişmiş yeyər.

Buradan görünür ki, Şimali Azərbaycan, Qarabağda Fəthəli bəyin şairliyindən xəbərdar olmuş, hətta onun şeirlərinə cavablar da yazmışlar.

XIX əsr müəllifi Əbdürrəzzaq Dünbülinin "Nigaristani-Dara" təzkirəsində Halinin həyat və fəaliyyəti barədə maraqlı məlumatlar vardır. Qeyd edək ki, bu məlumat "Nigaristani-Dara"nın Tehran nəşrində deyil, həmin təzkirəni Tehran Universiteti Kitabxanasında saxlanan əlyazma nüsxəsində (nömrəsi: 6151) mövcuddur. Buradan bildirilir ki, Qacarların Ziyadoğlu sülaləsindən olan Şahverdi xanın oğlu, XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Gəncə xanı olmuş Cavad xanın qardaşı Fəthəli bəy Gəncəvi həmin dövrün bir sıra siyasi, hərbi hadisələrində iştirak etmiş, Gəncə 1804-cü ilin 3 yanvarında çar Rusiyası ordusu tərəfindən işğal edildikdən sonra Cavad xanın ailəsi ilə birlikdə İrana köçmüş, "Hali" təxəllüsü ilə Azərbaycan türkcəsində və farsca şeirlər yazmışdır. Təzkirədə oxuyuruq: "Fəthəli bəy Şahverdi xan oğlu Gəncə hakimi Cavad xanın qardaşıdır. Əcdadları Səfəvilər hökmdarıları dövründən rus işğalına qədər Gəncədə hakimiyyəti əldə saxlamışlar. Onların gözəl tarixçələri vardır... O sərhədlərdə ki, bir səmti gürcülərə, digəri isə osmanlılara bağlıdır, həmişə şiələrin hörmətini qorumuş, ölkənin mənafeyini hifz etmişlər. Ali dayaqlı dövlət də (Qacarlar dövləti nəzərdə tutulur - P.Ə.) öz növbəsində bu qövmə böyük minnətlər əta etmişdir.

Məğfur xaqan Gəncənin hakimiyyətini Cavad xana tapşırmışdı. Şəhid xaqanın başına Şuşa qalasında o gözlənilməz hadisə gəldikdən [Ağa Məhəmməd şah Qacarın (hakimiyyəti illəri: 1794-1797) öldürülməsi nəzərdə tutulur - P.Ə.] sonra taxt və bəxt xosrovların xacəsinin, zamanın sultanlarının sərvərinin (Allah onun mülkünü və səltənətini əbədi etsin!) əlinə keçdi. [Fəthəli şah Qacar (hakimiyyəti illəri: 1797-1837) nəzərdə tutulur - P.Ə.]. Onun düzlüyü və haqq tanımağı hər kəsə məlumdur. Hali qardaşı tərəfindən humayun cülus münasibətilə (Fəthəli şahın hakimiyyətə gəlməsi münasibətilə - P.Ə.) təbrik məktubu və peşkəşlərlə darül-xilafətə göndərilmişdi. O, şahın hüzurunda iştirak etmək şərəfinə nail olmuşdur. Bundan sonra Farsda və Xorasanda, eləcə də İraqla Azərbaycanın bəzi vilayətlərinin hüdudunda iğtişaşlar baş verdi, qələbə çalan Qaan (Fəthəli şah - P.Ə.) diqqətini bu nizamsızlıqların aradan götürülməsinə yönəltməyə məcbur oldu. Bu vaxt Gürcüstan valisi fürsətdən istifadə edib Rusiyanın ayağını o yerlərə gətirdi. Hali yenidən şahənşahın dərgahına göndərildi. Hələ mənzilə çatmamış rusların Gəncə qalasını istila etmələri və Cavad xanın şəhid olması xəbəri gəlib çatdı. Dünyanın pənah gətirdiyi şahənşah (Fəthəli şah - P.Ə.) Cavad xanın qəhrəmanlığını davam etdirmək və müsəlmanların mövqeyini möhkəmləndirmək məqsədi ilə Nəvvab Naibüssəltənəni [Fəthəli şahın oğlu, Azərbaycan vilayətinin valisi, ordu komandanı Abbas Mirzə (1789-1833) nəzərdə tutulur - P.Ə.], onun igidlər ordusunu və dağ kimi güclü əmirləri o hüdudlara göndərdi. Nəvvab Naibüssəltənə dəfələrlə Qarabağ və Gəncəyə qoşun yeritmiş, işpektora [işğalçı rus ordusunun komandanı P.D.Sisyanov (1754-1806) nəzərdə tutulur-P.Ə.] və Rusiyanın digər sərdarlarına qarşı nümunəvi döyüşlərə başçılıq etmişdi ki, onların hamısı müəllifin "Cahanara" və "Məasiri-sultaniyyə" kitablarında zikr olunub. Nəhayət, Nəvvab Naibüssəltənə Gəncəyə gəlib Cavad xanın ailəsini, övladlarını, qadınlarını, həmçinin bir sıra digər gəncəliləri rusların zərbələrindən və zülmündən çıxartdı... Hali də əvvəldən axıra kimi dünya şahənşahının rikabında və onun hakimiyyəti altında döyüşmüş, vəliəhdin sarayına gəlmişdi. Həzrət vəliəhd də onu layiqincə dəyərləndirib ona maaş təyin etmişdi. O, həmişə kəramətli əmirlərin sırasında yer almışdı. Bütün böyüklər və sədrlər, xüsusilə məğfur sədr (şah - P.Ə.) və Möhrüddövlə Hacı Məhəmməd Həsən xan Mərvəzi Qacar, qaimməqam və seyyidül-vüzəra həmişə ona ehtiramla yanaşırdılar. Əmiri-kəbir Əbülfəth xanla, əmiri-nizamlarla, əmiri-cuyuşlarla lütf və dostluq şəraitində olmuşdur. Şeirləri türk dilindədir. Heç bir yeni məzmundan xali deyil. Az danışan yoldaş, xoşxasiyyət və mehriban olmuşdur. Darüssəltənə Təbrizdə h.1241-ci ildə (m.1825) xəstələnib vəfat etdi" [3, v.158b-159b]. Əbdürrəzzaq Dünbülinin bu qeydlərindən görünür ki, 1804-cü ilin 3 yanvarında baş vermiş Gəncə hadisələrindən sonra Qacarlar ordusunun komandanı Abbas Mirzə şəhid Cavad xanın ailəsini, qohumlarını İrana aparmışdır. Fəthəli bəy çar Rusiyası qoşunları ilə döyüşlərdə Qacarlar dövləti tərəfində iştirak etmiş, Təbrizdə, İranda hörmətlə qarşılanmış, ana dilində yazdığı şeirləri ilə tanınmış, 1825-ci ilə qədər Təbrizdə yaşamışdır.

Fəthəli bəy Hali Gəncəvinin şeirləri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan cünglərdən birində Ağa bəy Dərbəndi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Divanə, Məhəmməd bəy Qarabaği, Mustafa ibn Əsəd, Cəfərqulu xan Nəva, Süleyman xan Şəki, Fəzləli bəy Qaracadaği, Firdovsi, Hafiz, Hacı xan ibn Səlim xan Şəki və Şeyx Bəhaəddinin şeirləri bərabər köçürülüb.

Həsən Əlqədari özünün "Asari-Dağıstan" adlı kitabına Halinin 6 beytdən ibarət qəzəlini daxil etmiş, lakin son beytdəki "müştəri" sözünü yanlış olaraq Quba hakimi Fəthəli xanın təxəllüsü hesab edərək şeirin müəllifini səhv göstərmişdir. Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı" əsərində həmin səhvi təkrar etmiş, həmin kitabı 1978-ci ildə nəşrə hazırlayan Ruqiyyə Qənbər qızı izah və qeydlər hissəsində səhvi göstərərək şeirin əsl müəllifinin Hali olduğunu bildirmişdir. Həmin qəzəl budur:

Oldu gözəl ömr sərf heyf ki nadanlığa,

Hər nə qalıb sərf olur indi də peşmanlığa.

 

Zülfi-siyəh zövqünə uyma, xətadır, könül,

Fariğ ikən sən səni salma pərişanlığa.

 

Feyzi-əzəl kafili-tərbiyəti-hal ola,

Muri-mühəqqər urar laf süleymanlığa.

 

Mane?i-ərzi-qəmim heyrəti-didar olur,

Mən nə deyim bilməzəm, ah, bu heyranlığa.

 

Nəfxeyi-badi-səba ruhə təravət verir,

Çün güzər etmiş səhər sünbülü reyhanlığa.

 

Müştəriyi-dürri-nəzm kimsə deyil, Haliya,

Dürci-dəhən açma sən kim, gühərəfşanlığa.

 

Qeyd edək ki, bu qəzəl böyük özbək şairi Əlişir Nəvainin

 

Keçti ömrüm nəqdi qəflət birlə nadanlığda, heyf,

Qalğani sərf oldi əhduhu peşmanliğda, heyf

- mətləli doqquz beytlik qəzəlinə nəzirədir

Halinin Əlyazma İnstitutunda saxlanan toplusuna onun əsasən İranda, Təbrizdə yazdığı şeirləri daxil edilmişdir. Buradakı şeirlər yalnız lirik-aşiqanə mövzuda yazılmamışdır. Şairin nəzərdən keçirə bildiyimiz az sayda şeirlərinin mövzu dairəsi kifayət qədər genişdir. O, şeirlərində dövründə baş vermiş bəzi hadisələri xatırlamış, ömrün payızından, qocalıqdan danışmış, bir sıra müasirlərinə şeirlər, mənzum məktublar, həcvlər yazmış, didaktik-nəsihətamiz fikirlərini ifadə etmiş, nəhayət, öz həyatından, məişət ehtiyaclarından bəhs etmişdir. Fəthəli bəyin əsərlərində rast gəldiyimiz yer adları (Gəncə, Şirvan, Şəki, Şuşa, Kür, Araz, Dərbənd, İrəvan, Samux, Bərdə, Beyləqan, Təbriz, Urmiya, Mərənd, Xoy, İsfahan və b.) və adam adları (Abbas Mirzə Naibüssəltənə, Seyid Həsən, Fərrux bəy, Axund Molla Yəhya, Səlim xan, Əlimərdan bəy, Ağalar bəy, Hüseyn xan, Kazım, Dövlətabadi, Muradoğlu və s.) onun həyatı, dövrü barədə müəyyən məlumat almağa yardım edir. Təəssüf ki, şairin daha çox Təbriz həyatı ilə bağlı olan bu şəxsiyyətlərin əksəriyyəti haqqında bilgi əldə etmək mümkün olmadı. Məlum olduğu kimi, XIX əsrin əvvəllərində çar Rusiyası bir sıra Şimali Azərbaycan xanlıqlarını işğal etdi, sonra Rus-İran müharibələri nəticəsində Azərbaycan ikiyə bölündü. Fəthəli bəy Gəncənin işğalından, qardaşı Cavad xanın qəhrəmanlıqla həlakından sonra Abbas Mirzənin başçılıq etdiyi Qacar qoşununun tərkibində döyüşmüş, sonra Təbrizə köçmüşdür. Burada hörmətlə qarşılanmışdır. Abbas Mirzə Naibüssəltənəyə ünvanladığı şeirlərdə onun İran dövlətinin Fəthəli şahdan sonra ikinci şəxsi ilə yaxın münasibətləri olduğu hiss edilir.

Davamı gələn sayımızda

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!