"Mətbuat fədaisi" - Nəsir İmanquliyev - Yusif NƏĞMƏKAR

Tarix yalnız salnamələr, ədəbi-bədii, sənədli əsərlərlə yox, həm də tarixdə yaşayan, işıqlı əməlləri ilə bir ömür ardıcıl fəaliyyət göstərən insanların arzu və istəkləri, amalları ilə yazılır. Belə insanlar parlaq şəxsiyyətləri, xalqına, vətəninə bağlı nümunəvi əqidələri ilə tarixdə tarix yaradanlar və zaman-zaman tarix yazanlardır. Xalq, vətən də onları unutmur və əbədiyaşar edir. Belə unudulmazlardan biri də hələlik, sadəcə, məmnunluq və minnətdarlıqla adını andığımız Nəsir İmanquliyevdir. O Nəsir İmanquliyev ki, tarixin iyirminci yüzilliyi boyunca Azərbaycan milli mətbuatının inkişafı, daha böyük intişar tapması uğrunda yorulmadan, təmənnasız qələm çalmış, milli ənənələrə bağlı orijinal bir jurnalistlik məktəbi yaradaraq yeni ruhlu jurnalistlər, qəzetçilər ordusunun yetişməsinə birmənalı olaraq böyük təkan vermişdir.

"Şəxsiyyətlər az-az doğulur. Zamanın sınağına çəkilir. Ən çətin anlarda simasını, şəxsiyyətini qoruyur, sinəsini sərt küləklərə sipər edir. Bizim üçün "Bakı" kimi əzəmətli bir qəzetin təməlini qoyan Nəsir müəllimi - Nəsir İmanquliyevi ən gərgin zamanlarda belə sözü bütöv, şəxsiyyət, kişi gördüm. Müharibənin ağır illərində də, elə indi də. Heç kəs bu müdrik ziyalını, xarakter sahibini dəyişə bilməz". ...Vaxtilə Xalq şairi Rəsul Rzanın bu cür xarakterizə etdiyi, eləcə də digər böyük Azərbaycan ziyalılarının dəyər verdikləri Nəsir İmanquliyev haqqında "Mətbuat fədaisi" adlı nəfis tərtibatlı yeni bir kitabın işıq üzü görməsi də təsadüfi sayıla bilməz.

Kitab Azərbaycan mətbuatının 145-ci ildönümü münasibətilə 2020-ci ilin ilk günlərində İstanbulda nəfis tərtibatla çap olunmuşdur. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, redaktoru "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru Ağahüseyn Hüseynov, layihənin icraçısı filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlillidir.

Annotasiyasında qeyd olunduğu kimi, kitabda görkəmli jurnalist, ictimai xadim, Bakı Dövlət Universitetinin professoru, "Radio proqramı", "Vətənin səsi", "Bakı" və "Baku" qəzetlərinin qurucusu, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə ənənələrini və onların işıqlı ideyalarını tamamilə yeni rəngli, yeni real üslublu, yeni mütərəqqi istiqamətli jurnalistlik və publisistlik məktəbində birləşdirən, kitabları, monoqrafiyaları, çoxçeşidli məqalələri, dövrün tələblərindən irəli gələn bir sıra mühüm, dəyərli yazıları, təşkilatçılıq və redaktorluq məharəti ilə milli mətbuatımızın inkişafına töhfələr verən, baş şəhərimizin düz bir qərinə salnaməsini yaradan, Əməkdar mədəniyyət işçisi, Əməkdar jurnalist Nəsir İmanquliyevin ömür yolundan bəhs edilir".

Kitabın ümummilli lider Heydər Əliyevin jurnalistika sənəti haqqında örnək fikirləri ilə açılması bu sənətin dəyər ölçüsünü müəyyənləşdirmək baxımından xüsusilə maraq doğurur:

"Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir".

Sanki bu ali məntiqin davamı olaraq kitabın ön səhifəsində yer alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikri də mətbuatımıza obyektiv qiymət kimi səslənir:

"Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir".

Nəsir İmanquliyevin şəxsi məsuliyyət hissinin qeyri-adi varlığını təsəvvür etmək üçün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məsuliyyət hissinin vacibliyini, aliliyini əks etdirən mülahizələri kitabın mahiyyət dolğunluğuna aydınlıq gətirir: "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir".

Nəsir İmanquliyevin yaşayıb-yaratdığı XX əsrin ab-havası imkan verdi ki, o, ətrafındakı o dövrün böyük ziyalıları, mütəfəkkir yazıçıları ilə birlikdə çiyin-çiyinə dayanaraq işıqlı amallar uğrunda mübarizə aparsın. Bu isə zamanın tələbi idi.

Professor Aida İmanquliyeva həmin dövrü belə xarakterizə edir:

"Hər bir millətin inkişaf tarixində onun nailiyyətlərinin dünya sivilizasiyasının mühüm tərkib hissəsinə çevrildiyi çiçəklənmə dövrü olur. XX əsr Azərbaycan üçün belə bir dövr idi".

Bu dövr akademik Nərgiz Paşayevanın obyektiv mülahizələrində də parlaq əks olunur: "XX əsr Azərbaycanın öz milli varlığını, bir millət kimi azadlığını və müstəqilliyini təsdiq etmək, bu amallar uğrunda mübarizələr əsri olmuşdur. Bu mübarizədə qanlar tökülmüş, şəhidlər verilmişdir. Bütün Şərq aləmində ilk müstəqil demokratik respublika olaraq üçrəngli bayrağını ucaldan Azərbaycan az sonra sovet imperiyasının təcavüzünə məruz qalmış, bu minvalla 72 il milli müstəqillikdən, öz milli müqəddəratını həll etməkdən məhrum olmuşdur. Ancaq bu illər ərzində Azərbaycan xalqının müstəqillik duyğusu sönməmişdir. Siyasi və mənəvi repressiyalara məruz qalsa da, xalqımız öz milli mənliyini və milli mədəniyyətini, doğma dilini nəinki qoruyub saxlaya bilmiş, hətta onu sürətlə inkişaf etdirmişdir".

Nəsir İmanquliyev belə bir dövrün yetirməsi idi. O, özünün dediyi kimi, "beyinlərə mənəvi qida verən, fikirlərə və düşüncələrə işıq bəxş edən kəsərli vasitə" hesab olunan milli mətbuatımızın yorulmaz fədailərindən biri olmuşdur.

XIX əsrin ikinci yarısında "Əkinçi" qəzetinin nəşri ilə milli mətbuatımızın əsasını qoymuş Həsən bəy Zərdabi irsinin layiqli davamçısı kimi o, özü də yeniyön fikirləri, ideyaları ilə yenilikçi-novator qəzetçi kimi tarixdə iz qoymuşdur.

Onun bütün yaradıcılıq fəaliyyəti, bütün ömrü xalqına vicdanlı, namuslu, doğru və həqiqi xidmətdən keçirdi. Xalqı ziyalılandırmaq yolunda ömrünü şam kimi əridən, ruhunu məşəl edən jurnalist yazılarında məqsədli, aydın, rəvan bir tərzə üstünlük verərək yazırdı: "Mənə tovuz lələyi kimi bəzək-düzəkli sözlər lazım deyil, yazılar səlis və məqsədyönlü olmalıdır ki, oxucuya aydın formada çatdırılsın".

Bununla yanaşı, o, böyük bir vəcdlə həmişə qələm adamına yüksək mənada ziyalılığa, xüsusilə də istənilən mövzuda qələmə aldığı hadisəyə vicdanlı yanaşmağı tövsiyə edərək obrazlı şəkildə bildirirdi ki, vicdan yaradıcı insanın qələminin ucundadır.

O, jurnalist sənətini bütün dövrlər üçün gərəkli və müqəddəs hesab etdiyindən, bu sahənin adamlarının daim öyrənib axtarışda olmalarını önəmsədiyindən "jurnalistika elə nadir peşələrdən biridir ki, orada peşəkar mükəmməlliyin son xətti yoxdur" - deyirdi.

Bu fikirlər elə bu gün də əlinə qələm götürüb jurnalist peşəsinə yiyələnmək istəyən hər kəs üçün öyrənc-məxəz kimi çox aktualdır.

Xalq yazıçısı Anar Nəsir İmanquliyev haqqında xatirələrində yazır:

"Nəsir müəllimin redaktorluğu vaxtında bu qəzet ən populyar qəzetlərimizdən idi və başqa rəsmi qəzetlərdən daha sərbəst, daha maraqlı yazılar dərc etməsi ilə fərqlənirdi. Mən bu qəzetdə həvəslə çıxış edirdim, çünki həmişə Nəsir müəllimin qayğıkeş və xeyirxah münasibətini duyurdum. Ayrı-ayrı hekayə, esse, məqalələrimdən başqa, "Bakı"-"Baku" qəzetlərinin bir neçə nömrəsində ard-arda iri yazılarım da dərc edilmişdi. "Gecə yarısında hadisə" adlı sənədli məhkəmə povestim, "Şövkət xanımın qərənfilləri" adlı essem, "Polşanın yaddaşı" adlı yol qeydlərim bir neçə nömrədə çap olunmuşdu və bu, şübhəsiz, redaktorun gənc müəllifə etimadı və hörmətinin nişanəsiydi.

İnsan kimi mülayim xasiyyətə malik olan Nəsir İmanquliyev redaktor kimi tələbkarlığı ilə yanaşı, müəllif mətninə yersiz müdaxilə etməzdi. O illərdə bəzən həm Moskvada, həm Bakıda müəllif mətninə, niyyətinə, üslub xüsusiyyətlərinə sayğısız yanaşan redaktorla üzləşdiyim üçün Nəsir müəllimin bu ziyalı davranışını minnətdarlıqla xatırlayıram".

Xalq yazıçısı Elçin də Nəsir müəllimin humanizmindən, ədəbi-ictimai fəaliyyət dairəsinin genişliyindən, yüksək şəxsi keyfiyyətlərindən minnətdarlıq hissi ilə bəhs edir: "Nəsir müəllim Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Qulam Məmmədli kimi işıqlı simalardan idi. İşıq, nur onun fitrətində idi.

Bizim Nəsir müəllimə xüsusi hörmətimiz var idi. Mənim ilk yazılarımın bir çoxu həmin qəzetlərdə dərc edilmişdi. 1958-ci ildə yazdığım ilk hekayəmin - "Surxay dayı"nın "Bakı" qəzetində çap olunduğu günü isə heç cür unuda bilmirəm. Yadımdadır, haqqımda ilk məqaləni də "Bakı" qəzeti çap etmişdi. Onu Şəmsəddin Abbasov yazmışdı. Bu mənim üçün çox böyük sevinc, eyni zamanda şərəf idi".

Kitabda Xalq şairi Bəxtiyar Vahabzadənin "Cəsarət simvolu" adlı məqaləsi də şairin dəqiq, ədalətli baxışının və dərin səmimiyyətinin məhsulu kimi qiymətləndirilməlidir: "O zaman biz cavan nəsil, şair və ədiblər hörmətli Nəsir İmanquliyevin redaktor olduğu "Bakı" qəzetinin redaksiyasında tez-tez görüşərdik. Yaxşı yadımdadır, ilk şeirlərim məhz bu qəzetdə çap olunmuşdur.

Təkcə şeirlərim deyil, bir sıra publisistik, ictimai-siyasi məqalələrim də bu qəzetin səhifələrində işıq üzü görmüşdür. Xüsusilə də İçərişəhərlə bağlı. O, hələ qoruq elan olunmamışdı. Bakı küçələrinin adlarının dəyişdirilməsi barədə silsilə yazılar da, yəqin, oxucuların yadındadır. ...Ruhu şad olsun Nəsir müəllimin. Mənim bu yazılarımın hamısını qəzet səhifələrində çap edirdi. Bu adam o zamanlar çoxunda olmayan cəsarətin simvolu idi.

...Bizim universitet Şəfaət Mehdiyevin, Cəfər Xəndanın, Mir Cəlalın universiteti kimi ad çıxarmışdı. ...Universitetdə çalışmağım məni hörmətli alim, müəllim və söz adamları ilə çox yaxın etmişdi... Bir də eşitdik ki, Mir Cəlal müəllimlə Nəsir müəllim qohum olub. Mir Cəlal müəllim oğlu Arifə Nəsir müəllimin yeganə qızı Aidanı ad edib. Sözün həqiqi mənasında, çox sevindik. Bu qohumluq təsadüfi deyildi. Ona görə ki, bu adamlar xaraktercə bir-birinə çox yaxın idilər. Hər ikisində bir mədəniyyət var idi. Ziyalılıq var idi. Sözün geniş mənasında, ziyalılıq. Onu da qeyd etmək istəyirəm ki, bu böyük qələm sahiblərində həm də gözütoxluq, nəfsitəmizlik var idi. Onlar öz nəfslərinin hakimi idilər.

Tələbələrinə övladları kimi baxan böyük insanların xeyir işlərində də iştirak etdik. Övladlarına xeyir-dua verdik. Allaha şükür, bu iki nəslin, xeyirxah ailələrin qohumluğu, iki gəncin uğurlu nikahı öz bəhrəsini verdi. Bir cüt qızılgül dünyaya gəldi: Nərgizlə, Mehriban.

Bu mehriban, gülərüz qızlar gözümüzün qabağında böyüyüb kamala çatdılar.

Ana oldular. Elmə, mədəniyyətə, elm adamlarına qayğıları, ictimai fəaliyyətləri, insanlarla xoş rəftarı ilə Mir Cəlal kimi, Nəsir müəllim kimi müdriklərin, akademik Arif Paşayev, şərqşünas alim, professor Aida İmanquliyevanın genindən olduqlarını təsdiq etdilər. Bu xoş əməl, uğurlu yol nə yaxşı ki, bu gün də davam edir...

Nəsir İmanquliyevin həyat və fəaliyyətindən bəhs edən, zamanında çap olunmuş və hal-hazırda əlimizdə olan bu kitabın "Mətbuat fədaisi" adlandırılması da heç də təsadüfi deyildir. O, iradəli, mübarizəsində ardıcıl, əməli işində sistemli şəkildə mücadilə etmişdir. Realist ənənələrə sadiq olan müəllif kimi "Radio proqramı", "Vətənin səsi", "Bakı" və "Baku" qəzetlərinin ideya rəhbəri-qurucusu, Bakı Dövlət Universitetinin professoru, görkəmli jurnalist, ictimai xadim kimi çoxsahəli fəaliyyətində, xalqa, vətənə, millətə əsl sədaqət nümunəsi göstərmişdir.

Bir baxın, bu yerdə dahi bəstəkar Üzeyir Hacıbəyovun Nəsir müəllim haqqında söylədiyi fikirlər necə də qürurverici və möhtəşəm səslənir: "Koroğlu" operasının anşlaqla keçməsində "Yeni yol" qəzetinin çox böyük xidməti olmuşdur. Qulam Məmmədlinin, Nəsir İmanquliyevin zəhmətini isə heç nə ilə müqayisə etmək olmaz. "Yeni yol" qəzetinin xüsusi bülletenlərini hazırlayan Nəsir İmanquliyev o günlərdə çox böyük çətinliklərə qatlaşdı. Tamaşaçıları səfərbər etdi. "Koroğlu"ya qarşı olan hücumların, mənə olan təzyiqlərin qarşısını jurnalist məharəti ilə aldı".

Göründüyü kimi, tək Azərbaycanın yox, Şərq aləminin iftixarı kimi şərəf və ziyalılıq abidəsi olan dahi Üzeyir bəyin bu cümlələri əsl jurnalistə verilən tarixi bir dəyərdir və o dəyərin də ünvanı, birmənalı olaraq, haqqında bu gün sonsuz iftixar və qürur hissi ilə danışdığımız Nəsir İmanquliyevdir.

Kitabda toplanan xatirə yazılarda tanınmış dövlət xadimləri, ədəbiyyat və digər müxtəlif söz-sənət adamlarından İmam Mustafayev, Vəli Axundov, Şıxəli Qurbanov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Abdulla Şaiq, Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Ziya Bünyadov, Şirməmməd Hüseynov, Qara Qarayev, Fikrət Əmirov, Nəbi Xəzri, Tofiq Quliyev, Fuad Qasımzadə, Vasim Məmmədəliyev, Gülarə Əliyeva, Arif Məlikov, Nəriman Həsənzadə, Məmməd Araz, Vidadi Babanlı, Tofiq Hacıyev, Kamal Abdulla, Sabir Rüstəmxanlı, Ağahüseyn Hüseynov, Rafael Hüseynov, Polad Bülbüloğlu, Əflatun Amaşov, Elçin Şıxlı, Nurlana Əliyeva, Fazil Rəhmanzadə, Hidayət, Azərpaşa Nemətov, Qulu Məhərrəmli, Dağbəyi İsmayılov, Şərəf Cəlilli, Flora Xəlilzadə, Zemfira Məhərrəmli, Telli Pənahqızı, Aqil Dadaşov, Alxan Bayramoğlu və başqalarının ürək dolusu səmimi sözləri Nəsir İmanquliyevin sənətinə və şəxsiyyətinə aydın güzgü tutur.

"Mətbuat fədaisi" kitabında, demək olar ki, böyük ziyalılar ordusunun maraq doğuran, ciddi dövri əhəmiyyət kəsb edən seçmə yazıları dərc olunmuşdur. Bu yazıların təsvir pəncərəsindən boylanan görkəmli Nəsir İmanquliyev obrazı həyatda olduğu kimi xeyirxah, işgüzar və əzəmətli görünür. Bu cəhətdən Xalq yazıçısı İsmayıl Şıxlının onun haqqında xüsusi təqdimati maraq doğuran qeydlərini həyəcansız oxumaq mümkün deyildir:

"Söz adamlarının, ədəbiyyat anlayan insanların hər gün gözlədiyi bir qəzet var idi, bütün bakılıların sevə-sevə oxuduğu, saat 5-dən sonra köşklərin qabağında növbəyə dayandığı "Bakı" qəzeti idi. Ədəbi taleyimdə unudulmaz izləri qalan bu qəzeti təkcə öz yazılarıma görə oxumurdum. Onun səhifələrində çap olunan silsilə şeirlər, "ardı var" işarəsi ilə işıq üzü görən povest və romanlar isti-isti oxuculara çatdırılırdı. Bununla da nəşriyyat, "senzura qayçısı" görməyən qəzet-kitablar insana zövq verirdi...

Bu böyük amalın, nəcib işin arxasında hamımızın sevimlisi, söz sərrafı Nəsir İmanquliyev dayanırdı. Sapı özümüzdən olan baltalar ona daş atsalar da, bu əzəmətli kişi mövqeyindən tərpənməzdi. Mənim nəzərimdə Nəsir müəllim "Dəli Kür", Cahandar ağadır.

"Bakı" qəzeti mətbuat tarixinə "Əkinçi", "Molla Nəsrəddin", "Füyuzat" kimi daxil olmuşdur. Onların ən yaxşı cəhətlərini əxs etmişdir. Bu da onun redaktorunun təşkilatçılıq qabiliyyəti, redaktorluq istedadı ilə bağlıdır. Nəsir İmanquliyev çox böyük şəxsiyyət, ictimai xadim və publisistdir. O, xalqını sevir, ona təmənnasız xidmət edir. Bakının salnaməsini yaradır. "Bakı" qəzeti Nəsir müəllimin şah əsəridir. Nəsir İmanquliyev məktəbinin aynasıdır. Amma Nəsir müəllimin şah əsəri onun qızı, şərqşünas alim, Şərqşünaslıq İnstitutunun direktoru, mərhum professor Aida İmanquliyeva idi. Nəsir müəllimin tək bir övladı var idi. "Bakı" və "Baku" qəzetləri də onun övladları idi".

Böyük ziyalılar ordusu Nəsir İmanquliyevi XX əsrin jurnalistlik fenomeni kimi qəbul etmişdir. Onun yaratdığı məktəb bütün qələm adamları üçün həmişə örnək və nümunə olmuş və bu günün özündə də mühüm əhəmiyyət kəsb edən ideoloji bir məktəb kimi öz mühüm əhəmiyyətini qoruyub saxlamaqdadır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!