"Ölümlərin ucuz vaxtı"nın qiymətli poeziyası - Rüstəm BEHRUDİ yazır

Əjdər Olun "Yaşa" şeirlər kitabı haqqında düşüncələr

 

Təyyarədə Naxçıvana uçuram. Uçuşun nə vaxt bitdiyini bilməmişəm. Elə bil ovsun içindəyəm. Əjdərin "ağır qranit sinə daşının altında qiyamət günü də ayağa qalxmağa gücü çatmayacaq" Namiq Abdullayevin həyatını anladan şedevri məni ovsunlayıb. İçim danışır mənnən: Bax böyük mənada ədəbiyyat budur, yazı budur, sənətkarlıq budur...

Və bir də adamlara adamdan danışmaq budur... 33 il bundan əvvəl tanıdığım Əjdəri elə bil təzədən kəşf elədim.

Adamlara adamdan danışmaq, adamlara aydan, ulduzdan, əbədiyyətdən, ölümdən, danışmaqdan qat-qat çətindi. Bu zor və çətin işin öhdəsindən Əjdər sənətkarcasına gəlib.

"Adamlar onu öləndən sonra da başa düşməmişdilər" - deyir Əjdər. Ancaq Əjdərin özü anladılması zor olan şeyləri anlatmaq gücündədi.

Mən Əjdərin son kitablarını oxuyandan sonra anladım ki, o hamının gördüyü və heç kimin tanımadığı böyük bir qələm sahibidi.

Əjdərin tanınmağından (1982-ci il gənc şairlərin ümumrespublika müşavirəsindən) düz 30 il - bir qərinə keçib.

Bir qərinəyə sığan bu müddətdə bir qərinəyə sığmayacaq işlər görüb Əjdər. O, bu gün şair, yazıçı, dramaturq olmaqdan çıxıb böyük düşüncə və fikir adamına çevrilib. Bütün bunlara baxmayaraq, o mənim üçün ilk dəfə tanıyıb sevdiyim şairdi. Əjdərin adı çəkiləndə ilk ağlıma onun 1982-ci ilin fevral ayının soyuğunda kiçik bir otaqda ayaq üstə şeir oxumağı, yəni şairliyi gəlir. Əjdər nə yazırsa yazsın o, mənim üçün ilkin olaraq şairdi. Və ona görə də stolumun üstündə onun son şeir kitabı - "Yaşa" durur.

Şeir - təkbaşına dua oxumaqdı. Əjdər dua eləmir.

Şeir - etirazdı. Əjdərdə etiraz yoxdu.

Şeir - insanın ölümlə, əbədiyyətlə, Allahla qarşılaşma anından doğan heyrətdi. Əjdər heç nəyə heyrət eləmir.

Əjdərdə dua da, etiraz da heyrət də bircə sözlə ifadə olunub - səmimiyyət. Əjdərin sözlərə hopdurduğu səmimiyyət və sadəlik duanı da, etirazı da, heyrəti də ifadə eləyir:

Ruhum şehli çəmənlikdir

Heyim, gücüm Vətənlikdir

Bələklikdir, Kəfənlikdir

"Vətən" dedim, Vətən, Vətən.

Burda nə təsbeh, nə mübaliğə, nə mücərrədlik, nə də hay-küy var. Vətən onun üçün bələkdə başlayıb kəfəndə bitən və ikisinin arasında yaşanan bir şeydi. Sadə, möhtəşəm və gözəldi.

Kim nə deyir qoy desin,

Səni sevib seçmişəm.

Aranına düşmüşəm,

Yaylağına köçmüşəm.

Əlimə dəryaz alıb

İki vər ot biçmişəm,

İyini alım Vətən,

Bir az yumşalım, Vətən!

Bu misralar keçmişdə yaşadığım günlərim kimi əzizdi mənə, bu misraların sözlərindən biçilmiş ot qoxusu, yovşan ətri gəlir.

Mən həmişə düşünmüşəm ki, nə azadlıq, nə Vətən, nə də istiqlal "yaşasın" sözündə yaşamır. Əjdər bunu hay-küy salmadan pıçıltıynan, sənətkarcasına deyir:

Vətəni hürr olanın fikri,

                        sözü hürr olacaq,

Özünü hürr edənin oğlu-qızı

                        hürr olacaq.

Ən azı şax gəzəcək,

                        lap ən azı hürr olacaq,

Söyləyim mənmi daha

                        neyləyəcək İstiqlal?!

Əjdər Oldum, bizi biz

                        eyləyəcək istiqlal!

Görüntü yaratmaq, özünü gözə soxmaq bu günki Azərbaycan cəmiyyətinin bəlasıdı. Əjdər bunu o qədər gözəl ifadə eləyir ki:

Lazım deyil

Gözə kül üfürüb, çirkli pula

Beş-on qaçqın

Yetim-yesir saxlamaq.

Nə "Şuşa", "Laçın" deyib zarıyırsan,

Keçmir ağlamaq.

Mənim fikrimcə, bütün bəşəri dəyərlər aralıq mahiyyət daşıyır. Çünki onların heç biri "özü-özündə" bir şey deyil. Haqq-ədalət, azadlıq, xeyirxahlıq, qəhrəmanlıq kimi bəşəri dəyərlər, özünün də aralıq mahıyyət daşıdığı sevgidən doğur. Əjdər bu böyük fəlsəfi fikri ikicə misra ilə ifadə eləmək gücündədi:

Yurda məhəbbətim də

Bu saf sevgidən gəlir,

Deyirlər insaflıyam,

İnsaf sevgidən gəlir.

Yuxarıda sadaladığım bəşəri dəyərləri tək bir sözlə - insafla ifadə eləmək, onun da sevgidən doğduğunu söyləmək hər şairin işi deyil.

Mən atam və anamla keçirdiyim ömrü nə vaxtsa nağıl adlandırmışam. Və mənə elə gəlir ki, onların biri olmayanda bu nağıl bitir.

Atasına, anasına həsr elədiyi şeirlərdə Əjdər bitən o nağılın baş qəhrəmanıdır. Bütün nağıl qəhrəmanlarından fərqli olaraq Əjdər bu nağılın sonunda Tanrı yazısına məğlub olur. Hüzn və kədər dolu bu şeirlərdə məğlub olan Əjdərin məğlubiyyəti sonradan sözbəsöz onun qələbəsinə çevrilir:

Səpmişdi barmaqları -

Getdi əlində xına.

"Ağrıyıram" deməzdi,

Qoymazdı qəlbim sına.

Vida vaxtı üzümü

Dayadım buz alnına

Anamı xatırladım...

Bu misraların hüznü, kədəri öldürür adamı. Bu misralar sözlərlə ölümün şəklini çəkməkdi, çəkib sonradan onu əzizləməkdi, əzizləyəndən sonra da o dərdi sevməkdi.

Sənə "qağa" deyirdim,

Hərdən qardaş olurduq.

Anam xəstə yatanda,

Yaşıd, sirdaş olurduq.

Od-alova dönürdük,

Alıcı quş olurduq,

Atam, ay atam...

Oxuduğum və tanıdığım şairlərdən heç birinin yazmadığı, yaza bilməyəcəyi səhnədi bu. Ölüm yatağındakı bir ananın başı üstündə ər və oğulun psixoloji vəziyyətini bu şəkildə adi sözlərlə, füsunkarcasına söyləmək hər şairin işi deyil.

Dərdi dərd kimi çəkməyin ustasıdı Əjdər:

Başdan eləyirəm, başdan əkirəm,

Kim, doğan səhərə şükür eləmir.

Əzabı mən elə gözəl çəkirəm,

Bir kimsə dərdimdən fikir eləmir.

Mən olmuş bir hadisəni şeir mövzusuna çevirməyin qəti əleyhinəyəm. Şeir, olmuşlardan daha çox, olacaqların, olacaqlardan da daha çox, yaşanan anların psixoloji və ruhi durumudu. Əjdər baş vermiş hadisəni belə şeirə çevirməyi bacaran şairdi.

Onun fantast yazıçı N.Abdullayevin xatirəsinə həsr elədiyi şeir baş vermiş hadisə olsa da, hadisədən daha çox psixoloji, ruhi yaşantıdı:

Yasına gəlmədim,

Ovsuna gəlmədim.

Bircə şərtlə gələrdim,

Bilsəydim oturmusan,

Məclisinin başında

Bir kimsəyə baxmadan

Ehsanından yeyirsən,

Arabir də lələsinə vurub

Özün də özünə rəhmət deyirsən.

Bu son iyirmi ildə "ölüm adiləşib, ucuzlaşıb" ifadəsi az qala qulaqlarımızı yağır eləyib. Ancaq bütün hallarda "niyə", "nə üçün" deyib bunun mahiyyətinə varmamışıq:

Ölüb getdi ata-anam

Ölümlərin ucuz vaxtı.

Yerin-göyün bizə yağı

Yağıların quduz vaxtı.

Onlar adi insan idi,

Nə şəhid, nə qurban idi.

Ağ kəfənlər al qan idi,

Yaşımızın otuz vaxtı.

Bu kiçik şeirdə analitik ağıl və poetik düşüncə bir-birini elə tamamlayır ki, şərhə ehtiyac qalmır.

Mən həmişə fikirləşmişəm ki, "şair kimdi" sualı varsa, onunla yanaşı "şairlik nədi" sualı da olmalıdı mütləqa. Uzun illərdən sonra düşünmüşəm ki, əslində, şairlik bütün həyatın boyu özünəbənzər bir adam axtarmaqdır. Və sonda onu tapmamaqdır. Əjdər bunu bilməmiş deyil. Bəlkə ona görə, Əjdər Allahın şairə baş qoşmamasının səbəbini belə gözəl açır və oxucusunu inandırır.

Cənab Əzraili kim tanımır, kim,

Onun nə birliyi, nə dirliyi var.

Baş qoşmur şairə Allah müəllim,

Çünki Allahın da şairliyi var.

Əjdər həyatın və zamanın kiçik və heç kimin fərginə varmadığı detallarını iti gözü və fəhmi ilə gözdən qaçırmayan, onları şeir mövzusuna çevirən şairdi:

Can bacı, qanlı yanvar,

Bizlərə gör neylədi?!

Bakı qərənfilini

Yas çiçəyi eylədi.

...Yasa gedir qərənfil,

Üçə, yeddiyə, qırxa.

Qız, gəlin qucağından

Boylanır qorxa-qorxa.

Qısa zaman ölçüsündə zamanın və hadisələrin təsiri ilə əşya və predmetin öz ilkin mahiyyətini dəyişməyin və başqa bir mahiyyət kəsb eləməyin poetik ifadəsidi bu. Əjdər bu şeirdə bir az da irəli gedib hadisənin çiçəyin başına gətirdiyi dəyişilməni, faciəni sənətkarcasına anladır:

Yas tuturam mən ona,

Neçə ildi Bakıda.

Ən çox şəhid verən də

Qərənfildir Bakıda.

Bütün zamanlar üçün yaşayacaq şeirdi bu.

Mən həmişə fikirləşmişəm ki, dua bağışlanmanın insan əlində olan tək və ümidsiz yoludur. Dua Əjdərin anlamında dualıqdan çıxıb həm də Tanrıdan insan adına nəsə istəməyin bir yoluna - vasitəyə çevrilir:

Çiçəyə verən tək təravətini

Yerdən aldığını yerinə göndər.

Qənim olduğunun səadətini,

Min-min bədbəxtin var,

Birinə göndər.

Axı tanıyırsan hamını üzdən,

Görürsən əlimə baxanları da.

Sən ki xəbərdarsan ürəyimizdən,

Unutma yadından çıxanları da.

Yenə də şərhə ehtiyac yoxdu.

Mənim üçün istənilən yazının fəlsəfi yükü adi sözləri söz olmaqdan çıxarıb onu sənət nümunəsinə çevirmənin ilk və bəlkə də başlıca əlamətidir. Heç nə almadan, əvəz istəmədən hər şey verən Tanrının da nəyisə nəyin əvəzində verdiyinin sirrini bilirmiş Əjdər:

Bu ay, il yığınına,

Heç ömür demərəm mən,

Qəlbimdən keçən arzu

Gözümdə qalacaqsa.

Verdiyinə min şükür

Heç nə istəmirəm mən,

Tanrı birini verib

Birini alacaqsa.

Bütün zamanlar üçün sirr kimi qalacaq ölümün mahiyyətini və sirr pərdəsini Əjdər bir neçə misrası ilə qaldırmağa çalışır:

Həm zorun var, həm də zərin,

Allah, ölsəm, nədi xeyrin,

Tutular bir qəbir yerin,

Bir adam yerin açılar.

Ölümün üstünə yazılmış, oxucuya təskinlik verəcək gözəl şeirdi. Bir adamın ölümü ilə başqa bir adam üçün yer açılması fikri orijinal və inandırıcıdır.

Mənim əziz dostum Əjdər artıq elə yaşındadır ki, özü də sözü kimi kamilləşməyə doğru gedir. Belə olmasaydı o, aşağıdakı misraları nə cür söyləyə bilərdi:

Nə fikir əlindən avara qaldım,

Nə saldım özümü boş əziyyətə.

Həmişə, həmişə mən hazır oldum,

Qələbə qədər də məğlubiyyətə.

Əjdəri oxudum və sevdim. Anladım ki, bütün söz və sənət adamları kimi Əjdər də əbədiyyət deyilən zaman ölçüsündə, gələcəkdə yaşamaq istəyir və yaşayacağına inanır:

İndi gələcəkdə yaşayıram mən,

Adəmin Həvvanın gələcəyində.

Körpələr doğulur, qönçələr açır,

Atamın, babamın gələcəyində.

Əzizim, qardaşım Əjdər! Sən də bilməmiş deyilsən ki, gələcək bizim içində olmadığımız indiki zamandı əslində:

Yatanlar yuxuya inanır indi,

Bircə mən bilirəm yalandır yuxu.

Uşaqlıq şəklim də baxır divardan,

Neçə il sonrakı özünə baxır.

Mən tam əminliklə deyə bilərəm: - Əzizim Əjdər! Sən doğrudan da nə vaxtsa bizim içində olmayacağımız gələcəkdə yaşayacaqsan! Sənə bir daha sevgimi və ehtiramımı bildirirəm!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!