Ana! Getdim, salamat qal!.. - Nizami Cəfərov yazır

 

Sovet ədəbiyyatının, xüsusilə poeziyasının ən görkəmli yaradıcılarından olan Azərbaycan xalq şairi Səməd Vurğunun 1941- ci il iyun ayının 23- də, yəni Hitler Almaniyasının SSRİ-yə qəfləti hücumundan bir gün sonra qələmə alınıb, ertəsi gün "Kommunist" qəzetində dərc etdirdiyi "Ananın öyüdü" şeiri, heç şübhəsiz, həm ideya- məzmununa, həm də poetika- formasına görə dəyərli sənət hadisəsidir. Şairin müharibə illərində (və müharibə mövzusunda) yazdığı "Şəfqət bacısı", "Həyat eşqi", "Həyat fəlsəfəsi", "Göz aydınlığı", "Mənə belə söylədilər...", "İstiqbal təranəsi", "Qəhrəmanın ölümü", "Zəfər bayramı" şeirlər silsiləsinin başlanğıcı olmaqla "Ananın öyüdü" azərbaycanlı bir gəncin ata- babalarından miras aldlğı tükənməz eşqlə Vətənin müdafiəsinə can atmasını tərənnüm edir:

Geyib əsgər paltarını, silahlandı qəhrəman,

Onun polad sinəsinə sığışmadı ürəyi.

Dayan! - deyib yaxın gəldi, öpdü onun alnından

Yay gününün xoş səhəri, bir də dağlar küləyi.

Oğlunun şücaətini ürəkdən alqışlayan və qələbə ilə qayıdacağına heç bir şübhə etməyən Ana onu daha da ruhlandırır:

İgid balam, hərçənd ki öz ananam mən sənin,

Çörəyilə böyümüsən bizim ana Vətənin.

Bizim ellər Koroğlular, Xətailər yurdudur,

Hər nəfəri güllə batmaz, top dağıtmaz ordudur.

İgid övladına ondan nəinki nigaran qalmamasını deyir, həmçinin "payız vaxtı bağçamızın heyvaları dəyəndə, şaftalılar şirələnib budağını əyəndə" ona sovqat göndərəcəyini də vəd edir.

Və şeir həm qürur verici, həm də riqqətli misrlarla bitir:

Ana baxdı öz oğluna, su da səpdi dalınca...

Şair qəlbi bu səhnədən ilhamını alınca:

- Yaşa, - dedi, - ey qəhrəman!

- Yaşa, - dedi, - ey Vətən!

Sonra şair dodaqları öpdü ana əlindən.

Göründüyü kimi, burada söhbət "Ana"dan, yaxud "Vətən"dən çox, "Ana Vətən"dən gedir ki, şeirin baş qəhrəmanı da cəsur oğlunu düşmənlə döyüşlərə (və düşmən üzərindəki qələbələrə!) göndərən məhz həmin Ana Vətəndir.

Əlbəttə, dahi şairin istər bu, istərsə də bir sıra digər şeirlərini "sovet vətənpərvərliyi"nin nümunəsi kimi Azərbaycan ədəbiyyatının tarixindən "çıxarmaq" cəhdləri mövcuddur. O da tamamilə anlşılandır ki, poststalin dövrünün sovet mətnşünaslığı "Ananın öyüdü"nün avtoqrafındakı aşağıdakı misralardan "imtina etmişdir":

Sən gedirsən, uğur olsun... Stalinlə görüşsən,

Mənim ana ürəyimdən salam yetir ona sən!

Lakin istər Səməd Vurğunun, istər Nazim Hikmətin, istərsə də Pablo Nerudanın kommunist məfkurəsi onların yaradıcılığının mahiyyətindəki milli təfəkkürü (və son dərəcədə mükəmməl etnopsixoloji strukturu) inkar etmək gücündə deyil. Heç də təsadüfi saymaq olmaz ki, "Ananın öyüdü"ndə "Vətən" deyəndə "Koroğlular, Xətailər yurdu" nəzərdə tutulur. Və belə bir faktı xatırlatmaq yerinə düşərdi ki, şeir 1943- cü ildə - II Dünya müharibəsinin ən qızğın dövründə BMT- nın Müharibə Əleyhinə Yazılmış Ən Dəyərli Əsərlər müsabiqəsinin qalibi olmuş, çap edilərək hərbçilər arasında yayılmışdır.

Səməd Vurğun əsərlərinin ən yaxşı mətnşünası Aslan Salmansoyun araşdırmaları aydın nümayiş etdirir ki, Zaman Şairin yaradıcılığını ideya- estetik məzmunca həmişə yüksək qiymətləndirmiş, yalnız müəyyən ideoloji redaktələrlə kifayətlənmişdir...

Erməni faşistlərinin Azərbaycan torpaqlarına təcavüz etdikləri bir dövrdə "Ananın öyüdü"nün olduqca müasir səsləndiyi şübhəsizdir. Və o da heç bir şübhə doğurmur ki, faşizm nə qədər güclü virus olsa da, nə zaman, harada, hansı şəraitdə baş qaldırsa başı gec- tez əziləcəkdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!