EvdəQal kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və “Ədəbiyat qəzeti”nin Real TV-nin dəstəyi ilə birgə təqdim etdikləri “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” eksklüziv layihəsində Polşadan şairə Culiya Fedorçuk öz şeirini oxudu.
Qeyd edək ki, Culiya müasir polyak ədəbiyyatının tanımış simalarındandır, şair, nasir, tərcüməçi və ədəbi tənqidçidir. Varşava Universitetində dərs deyir. “Oksigen”, “Bio” və başqa kitabların müəllifidir. Polşa Kitabçıları İttifaqının mükafatına layiq görülüb.
Şeiri İlahə Kərimova çevirib.
CULİYA FEDORÇUKUN ŞEİRİ VƏ MÜRACƏTİNİN MƏTNİ.
Culia Fedorçuk
Fotosintez
Günəşlə doğuluram, ağrısız.
Ayağımda sanki istilik plastırı,
gözümdə bənzərsiz eynək-
qırmızı sarğı.
Üzərinə sərsəm, sürətli meduza kimi
xəyal oturur və mənə rəngarəng
dənizlərdən danışır.
Sonra amfibiya,
sonsuz mavi üçün ağrı
sarır məni.
Nə baş verdi, necə oldu bu?
Çalışıram unutmayım.
O gizli anlar üzərək
daha da yaxınlaşırlar mənə.
Hər şey bir anlıq mənimdir.
Ani nəfəssizlik.
Bir azdan qorxu
parlaq bir çalarla,
ləzzətlə yayılacaq canıma.
Dünya, sənə sahib olmaq.
Səni sevmək də olar, səni itirmək də.
Amma sahilə çıxmaq gərəkdir.
Böyümək və düz günəşə baxmaq.
Göz bülluru dəniz kimi yaşıldır.
Oksigen...
Salam Bakı! Sizə Varşavadan səmimi qəlbdən salamlarımı çatdırıram. Biz hamımız indi eyni vəziyyətdəyik, hər birimizə hazırda olduqca çətindir. Amma inanıram ki, bu ağır dönəm geridə qalacaq və bundan sonra bəlkə də daha güclü, daha məsuliyyətli olacağıq, ümumi evimiz hesab edilən planetimizin daha çox qayğısına qalacağıq. Hər birinizi möhkəm qucaqlayıram və Bakida görüşməyimizə çox ümid edirəm. Hələlik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!