EvdəQal kampaniyası çərçivəsində Todur Zanet öz şeirini oxudu - VİDEO

 

EvdəQal kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və  “Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə təqdim etdiyi  “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!”  layihəsi davam edir. Bu gün Qaqauz Elindən-Moldovadan şair Todur Zanet öz şeirini oxudu. Todur Zanet  təkcə Qaqauz ədəbiyyatının deyil, bütün türk dünyasının tanınmış ədiblərindəndir.

Təqdim olunan şeiri Səlim Babullaoğlu tərcümə edib.

Todur Zanetin  şeiri və müraciəti

Hər vaxtın xeyir, evim!

Hər vaxtın xeyir, evim!
Gəzib axırda gəldim
Yorğun sənin qapına
Mənə küsülü olma!

 

Bəsbəlli illər keçmiş,
Yük olub çiynin basmış,
Uca talvarın enmiş,
Arxa olsun kim sənə?!

Torpaq təndir çatlamış
Ağacları qurd yemiş,
Tut ağacı yamyaşıl
Bar verərmi o bir də?

Hamımız pərən-pərən,

Yanında anam, dədəm,

İnc-cins yoxdu kəndimdə,
Xatirələr beynimdə.

 

Diz çökərəm qapında,
Darıxdığın oğlunam!

Bildim, buradır yerim,

Qaytarma məni geri!

Əziz Azərbaycanım! Əziz qardaşlarım! Əziz Bakı! Sizi Qaqauz Elindən salamlayıram.

Bu ağır, çətin günlərdə bir-birinizi qoruyun, bir-biriniz naminə fədakarlıq edin.  Bütün bu şeylərin hamısı, hər şey keçib gedəcək və gözəl günlər mütləq gələcək. Yenə bir-birimizə qovuşacağıq. “Hər vaxtınız xeyir olsun!” deyəcəyik yenə. Sağlıqla qalın.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!