Həmişəki kimi, yenə saat 6-da yuxudan oyandı. Tələsik çarpayıdan atıldı. Beynində fikirlər ildırım sürətilə axışırdı. “Namazı qılım, sonra gedib diplomu alaram, gərək bu gün mütləq Qətsbini bir də nəzərdən keçirim. Qəza səhnəsini necə gözəl təsvir edib, elə bil Fizcerald özü qəzaya uğrayıb. Niyə axı, bu kitabı oxuyandan sonra bir neçə gün onun təsiri altında olsam da, amma yenidən ona qayıtmaq istəmirəm. Artıq dərk olunan olundu, axtarsan da qida üçün bir şey tapmayacaqsan. Ancaq Tolstoy illərlə öz təsiri altında saxlayır. Dönə-dönə ona qayıtmaq istəyirsən, hər dəfəsində də təzə, nəsə yeni bir dalğa səni ağuşuna alır, beynini məşğul edir. Bəlkə bu yalnız mənə belə gəlir. Gərək vaxt tapanda bu haqda Çəpişlə də danışım. Bu gün gərək mütləq “Restoration”i tərcümə edim qurtarım. Axı niyə mən bu tərcüməyə başladım? Nabokovu o qədər də xoşlamıram. “To think that every brain is on the brink of nameless bliss no brain can bear”. Mən “bliss”-i necə verim - səadət, fərəh yoxsa xöşbəxtlik. “Adsız, yoxsa naməlum səadət, həm də o səadətin kənarında, lap qırağında, bəlkə yanında, hələ bunu dəqiqləşdirməmişəm. Hə, məncə də “no brain can bear” bu qədər qarışıq, dolaşıq fikirlər kələfinə. Ax, İlahi, çatdıra bilməyəcəm. Hələ Frostla Pasternak arasındakı yaxınlığın nə olduğunu da çözələməliyəm. Maraqlıdır, bu yaxınlıq nədir, görəsən? Görürəm, lakin bu yaxınlığın nə olduğunu müəyyənləşdirə bilməmişəm. Hələ ki. Oh, yeah, ”no brain can bear”.
Blood-flood, flame-tame, name, spilt-guilt, stern-learn, yield-field, again-in vain, still-will, idle-bridle.
But “tis done-all words are idle-
Words from me are vainer still;
But the thoughts we cannot bridle
Force their way without the will.
Hardan yadıma düşdü?! Bayron, hə ozüdü.
Arada qafiyə sözlər axtarmaq vərdişi fikir axarına qarışırdı.
“Çatdıra biləcəyəmmi? Düz deyirlər ömür çox qısadır.” Beynində parlayan, cilvəli, çağıran ideyalar bir-birinin ardınca düzülür, dövr edir, biri özündən sonra başqa birisini çəkib gətirir, birindən o birisi doğurdu, ona şövq verirdi. Fikirlərini reallaşdırmağa vaxtının çatmayacağından qorxurdu.
O, illərin necə gəlib-getdiyinin fərqində deyildi. Daimi fikir gərginliyi içində yaşamaq ona görə norma idi. Özü üçün tutduğu gündəlik planı ciddi-cəhdlə yerinə yetirməyi vicdan məsələsi hesab edirdi. Əgər özünə söz verirdisə ki, bu gün mütləq Uolt Uitmenin transsendentalizm və realizm arasında qaldığını söyləyənlərin fikirlərinin doğru olub-olmadığını araşdıracaq, gələn gecədən borc almaqla öz sullarına cavab tapana qədər, qane olana qədər araşdırır, öyrənirdi.
Axı, niyə Walter Scott- deyirik, ancaq Walt Whitman-i isə gərək Uolt Uitmen (Uitmən daha dəqiq olardı, belə ki, Whitman sözündəki “man” mən kimi oxunur, men kimi yox) deyək. Əgər mən desəm ki,Volt Vitmən o saat deyəcəklər ki, düz demirəm. Artıq tərcümə ədəbiyyatı öz işini görüb, oxucuya rus tərcümə ədəbiyyatından götürülmüş sözü qəbul elətdirib. Walter Scott sözünün transkripsiyası əsas götürülüb. Ona görə ki, rus tərcüməçiləri Volter Skot kimi tərcümə ediblər və həmin dövrün ideologiyası da deyirdi ki, biz yalnız rus dili vasitəsi ilə xarici dili öyrənə bilərik. Bizim ideologiya qurbanı olan tərcüməçilərimizin də rus tərcümə variantını əxz etməkdən o yana cəsarəti yetməzdi.
Kitablar onun həyatı idi. Hava, su kimi ona vacib idilər. Məsələ burasında idi ki, o, hava, su haqqında o qədər düşünmürdü. Onlar onsuz da mövcud idilər. Kitablarla isə məsələ başqa idi. O olmasaydı, kitabları kim danışdırardı? Bir başqası! Kitablar olmasaydı o, kiminlə danışardı? Bu, cavabı çətin bir sualdı.
Yox, heç kəs onun qədər kitablara vurğun ola bilməzdi. Kitablar daim bütün düşüncəsini məşğul edirdi. Kitablar onun bütün varlığına hakim kəsilmişdi. Həyatda könül bağladığı ən yaxın dostları idi. Füzulinin qəzəlinin bir beytini də tez-tez dostları kitablara müraciət edərək sevgi ilə deyirdı:
Sənə verdim könül,
göz çəkdim həm canandan, həm candan,
Yaxıb bir şəmi,
qovdum dostları mən ol şəbistandan.
Doktorluq diplomunu alıb bacısıgilə getdi. Bacısı xoş təbəssümlə onu təbrik etdi, ancaq bu dəfə də həmişəki gileyli sözlərini deməkdən özünü saxlamadı. Dedi ki, kaş toy günündə hamı onu təbrik edəydi. Sonra da köksünü ötürüb əlavə elədi:-Bir başını qaldırıb ətrafına bax! Yaz da gəldi. Gör, nə gözəl havadır!.. Bir göyə bax! Nə göyə baxırsan, nə insanlara, nə təbiətin, nə də bu həyatın gözəlliyini görürsən. Ömründən bir il də ötdü, yaşının üstünə yaş gəldi. Sənin tayların artıq övladlarına toy edir. Sənsə başlamısan ki, Tolstoy təsiri, Fizcerald üslubu haqda mən nə fikirləşirəm. Mən səni fikirləşirəm.
Bu dəfə bacısı “bir göyə bax” deyəndə” o anidən başını qaldırıb səmaya baxdı və yaz səmasının füsunkarlığı onu silkələdi. Gözləri geniş açıldı, vücudunu heyranlıq bürüdü. Yeni, ona tanış olmayan fərqli fikir dalğaları hücum edib bütün varlığını sardı. Evinə çox fikirli qayıtdı. Hələ də nə üçün indiyədək səmanın bu qədər gözəlliyinin fərqində olmadığının səbəbini düşünürdü. Heç vaxt yaz havasının bu qədər saf, hətta gözəl rayihəsi olduğunu duymamışdı. İlk dəfə idi ki, tələsmirdi, bugünkü planını vaxtında yerinə yetirə bilməyəcəyi fikri onu itələmir, tələsməyə məcbur etmirdi. Ozünə acıyırdı, yazığı gəlirdi.
Otağı heç vaxt bu qədər bomboş, kimsəsiz, soyuq olmamışdı. Dostları kitablar otağı isitmirdi. Ona isə indiyə kimi elə gəlirdi ki, otağını canlandıran, isidən kitablarıdır. Səma belə gözəlmiş! Ağacların yarpağı mehdən necə də gözəl yırğalanarmış, insanlar küçədə yeriyən güllər kimi dolaşırlarmış! “Bəs niyə mən bu gözəlliyi görməmiş, ona ehtiyac hiss etməmişəm?”
...İnsanların pisliklərini görməmək üçün kitablara sığınmışdı. Onlar sadiqdirlər, anlayışlıdılar, xəyanət etməzlər. Nəzərlərini kitabların üstündə dolandırdı. Sonra gözləri boşluğa zilləndi. Boşluq haqda fikirlər sürətlə beyninə dolurdu. Birdən yadına Füzulinin bu beyti düşdü:
Bu aləm kim,
könül qeydin çəkərsən möhnətü qəmdir,
Fəna sərmənzilin seyr eylə kim,
bir xoşca aləmdir.
Niyə hər şey birdən əyan olur, gorəsən?! Hər şey birdən. Birdən! Qəfildən! Xüsusilə, də həqiqətlər.
Gəncə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!