Yəhudi hökmdarı Herod… Böyük Herod!..
Xaç atası Yəhyanı gətirmələrini əmr eləyən vaxtı gözlərindəki yorğunluq gün kimi aşkar idi. Qaşları çatılmış, çənəsi sallanmış, üzü qaralmışdı. Zehni bir məsələylə məşğul olanda çöhrəsi eynən belə qaralardı… Gözətçilər xaç atası Yəhyanı zindandan çıxarıb hüzura gətirdikləri saatlarda gecə yarısı çoxdan ötmüşdü.
Herod:
- Uzun zamandır zehnimi qarışdıran, yuxumu qaçıran bir məsələ var. Aqil adamlarla da danışdım, kahinlərlə də danışdım, məni razı salacaq cavab ala bilmədim heç birindən… - dedi. - Bilirəm, sən peyğəmbər nəslindən gələn müqəddəs bir adamsan.
Herod burda anidən dayandı, bir qədər həmsöhbətini süzdü. Yaltaqlanmağın qarşılığını gözləyirmiş kimi… Xaç atası isə heykəl sərtliyindəki duruşunu heç pozmadı. Herod danışmağına davam elədi:
- Fironla Musanın hekayəsini bilirsən. Həmin Firon ki, İsrail oğullarının başına gəlmiş bir bəlaydı. Allah Musaya öz camaatını götürüb Misiri tərk eləməsini söyləmiş və Musa da camaatı götürüb Qırmızı dənizin kənarına getmişdi. Ardlarınca Firon və ordusu. Musa çarəsizlik içərisində gözlərini göylərə çevirəndə Rəbbi ona əsasını Qırmızı dənizə vurmağı buyurmuşdu. Musa əsanı Qırmızı dənizə vurmuş və Qırmızı dəniz iki yerə yarılmış, Musa da camaatıyla birlikdə sağ-salamat o biri tərəfə keçmişdi. Arxalarınca gələn Fironla ordusu isə Qırmızı dənizin bulanıq sularında boğulmuşdu. Məsələ belədir; hər şeyə qadir olan Allah nə üçün İsrail oğullarına suyun üzəriylə yürüməyə imkan vermədi də Qırmızı dənizi ikiyə ayırıb, dəniz yatağını onlara yol elədi?
Bu sualın üstündən xaç atası Yəhya:
- Hikmət elə bir loğmadır ki, sənin kimi aldanmışların qursağından əsla keçməz, - dedi və sözünə belə davam etdi: - Amma mənim vəzifəm soruşulan hər suala doğru cavab verməkdir, soruşan kim olursa-olsun. Sənin sualının hikmətinə gəlincə… Bu, Rəbbin bir hiyləsidir. Firon aldansın deyə qurulmuş bir tələ… Çünki İsrail oğulları suyun üzərindən keçib Qırmızı dənizi adlasaydı, o zaman Firon və ordusu onların ardınca getməzdilər. Hamı bilir, suyun üstüylə yerimək olmaz. Bir möcüzədir bu. Halbuki dəniz yarılıb dəniz yatağı, yəni torpaq ortaya çıxanda Firon və ordusu: “Biz torpağın üstüylə gedərik” - dedilər. Axı hər adam torpağın üstüylə yeriyə bilir. Dənizin ikiyə yarılmağı isə bir möcüzəydi. Amma Firon və ordusu torpağı görəndə möcüzəni unutdular. Aldandılar. Və hər kəs bilir ki, aldanmaq öldürür!..
Tənzimatdan bu yana türk ziyalısının alın yazısı ikicə kəlmədə düyünlənirdi: aldanmaq və aldatmaq… Gənc nəsillər Tənzimatdan bəri qarşılaşdıqları xəyanəti görəndə bir sığınacaq aradılar. İslamiyyəti bilmirdilər və tarixlərindən utandırılmışdılar. Halbuki dünyanın ən böyük mədəniyyətini qurmuş bir ölkənin övladlarıydıq. Gənc nəsilləri nağıllarla uyutmaq olmazdı artıq. Bu saxta qərbçilikdən diksinmişdilər. İkiyə ayrıldılar; ölkənin müqəddəsliklərinə sarılanlarla sosializmə könül verənlər… Qərbin sözləriylə; sağçılar və solçular... Nəsillər bu aldanışı qanlarıyla ödədilər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!