Küsmək haqqım... - Fidan Nizaməddinqızı

Qızım Cəmiləyə

 

Göz yaşımın sayı qədərdi küsməklərim. Həyatdakı sonuncu əzizimin məni tək qoyması kimi küsürəm. Mən küsəndə özümü Yer kürəsinin sonuncu insanı kimi hiss edirəm. Məktəbdə, coğrafiya kabinetində müəllimin stolunun üzərindəki qlobusu firladan bir uşağın şəhadət barmağı kimi tək tənha qalıram. Sanki fırlatdıqca dünyanın harasındansa kimsə barmağımdan yapışaraq öz dünyasına aparacaq... Aparmayanda isə hec vaxt barışmayacaq uşaq kimi küsəcəm. Təəssüf ki, dünyanın heç yerindən mənim əlimdən tutan olmadığı üçün mən də küsmək məcburiyyətində qalıram. Çünki küsmək mənim xarakterimin bu həyatdan dönüş hissəsidir. Küsmək sönmüş vulkanın tüstüsüdür. Barışanda alışacaq.

Küsmək həyatında ondan əziz biri yoxdur deməkdir.

Küsmək sənsiz qalmaq deməkdir... atamı itirəndə səkkiz yaşım vardı. Atam bu həyatı tərk edəndən sonra küsməyi öyrənmişəm və yalnız anamdan küsürəm. Demək, bu dünyanın sonuncu insanı anamdır mənim üçün. Hamının atası nə vaxtsa rəhmətə gedir. Kiminin atası müharibədən qayıtmır, qəhrəmancasına həlak olur, kiminin atası xəstəlikdən sağalmır. Qəribədir. Hamıya deyil, yalnız uşaqlara atası, yaxud anası olmayanda yetim deyirlər. Niyə bizi ayıraraq müxtəlif adlar qoyurlar, kim ixtiyar verib bu insanlara belə adlarla müraciət etməyə? Valideynini itirmiş uşaqlara yeni titullar deyil, kömək etmək, yol göstərmək, ən əsası darıxmağa qoymamaq lazımdır. İnsanlar arasında qəlbimə dəyən bir ifadə də var - yetimdoyuran. Böyükhəcmli boşqaba, yeməyə deyilən bu ifadəni cox pis qarşıladım. Yetimlər aclar deyil... onlar bu dünyanı qarınları ilə deyil, həyatda rastlaşdıqları vaxtsız çətinlikləri ilə dərk edirlər.

Yetim sözü ərəb sözüdür, mənası kimsəsiz deməkdir, amma mən kimsəsiz deyiləm. Bu dünyanın övladıyam. Bizi öz uşaqlarından ayıran valideynlər anlamırmı, görəsən, bizim yerimizdə onların da uşaqları ola bilərdi. Tanrı insana bu dünyada hər şeyi görmək üçün iki göz bəxş etmişdi. Təəssüf ki, bu gözlər hər kəsi görə bilir, yalnız öz gözlərinin içinə baxa bilmir... ədalət isə insanın öz vicdanına qalmışdır.

Mən yolda atası ilə mehribancasına gəzən uşaq görəndə, uşağını qayğı ilə məktəbə ötürən ata görəndə, atasına öz şagirdini ağızdolusu tərifləyən müəllimi görəndə çox vaxt anamdan küsürəm. Onu günün bütün zaman kəsiklərinə qısqandığım üçün küsürəm. Küsmək hissi ilə ilk dəfə teatrda rastlaşmışam. Bir dəfə Gənc Tamaşaçılar Teatrında Xanımana Əlibəylinin "Dovşanın ölümü" tamaşasına getmişdik. Tamaşa çox maraqlı keçdi. Tamaşaçılar çox təsirləndiyindən gurultulu alqışlamadılar. Dovşanı ifa edən aktrisa küskün nəzərlərlə pərdənin arxasına keçdi. Tamaşaçılar dovşanı küsdürmüşdü. Küsmək - diqqətsizlikdən doğulan bir körpədir. Həyata sevgi ilə qarışanların şirin qəmzəsidir.

Biz yalnız atamızın və anamızın deyil, bütün Yer kürəsinin uşaqlarıyıq. Azərbaycan dili dərsində nitq hissələri arasında bölgü aparılarsa, uşaqlar felin gələcək zamanına aid edilər. Bizim dövrümüz hələ qarşıdadır. Bütün ailələr övladlarını məhz o dövr üçün böyüdürlər. O zaman hərə öz ayaqları üstündə dayanmalıdır. Kimimiz bu gün bütün dünyanı ağır xəstəliklərdən xilas edən həkim kimi, kimimiz isə bütün peşə sahiblərinə dərs öyrədən müəllim kimi öz xalqına, dövlətinə xidmət edəcəkdir. Gələcək - əlbəttə, bir gün gələcək!

Hər gecə anamın bu sözləri ilə yatıram: uşaqların çox kiçik ürəyinin olmasına baxmayaraq, bütün Yer kürəsinin insanları qədər müqəddəs və sərhədsiz dünyası vardır, Allah kimsəsizlərin, sınıq qəlblərin dualarındadır.

Beləcə, hər gecə bu kainatla barışaraq, xoşbəxtcəsinə insanların mərhəmətinə və anamın qucağına sığınıb yatıram.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!