Koronavirus bizi ayırır, yoxsa birləşdirir? - Ülvi BABASOY yazır

 

Orxan Pamukun "Bəyaz qala"sına səyahət etmisizmi? "Bəyaz qala"nın sakinləri osmanlılı xoca ilə venesiyalı tacirdir. Bir də 7 yaşında hakimiyyətə gəlmiş və vaxtının çox hissəsini ovçuluq və əyləncəyə həsr edən Osmanlı padşahı IV Mehmed... Uşaq hökmdarın rəngli, əyləncəli həyatı adamı özünə sarı çəkir. Digər tərəfdən də, Osmanlı əsgərlərinə əsir düşən venesiyalı tacirlə osmanlılı xocanın iç-içə keçən taleləri və hekayətləri.

Orxan Pamuk "Bəyaz qala" romanında alternativ tarix yaradır. Maraqlı bir əhvalatla həyatı daha mənalı bir vəziyyətə gətirməyin yolları axtarılır. Osmanlı tarixi bədii dekorasiyadır sadəcə. "Bəyaz qala"da əkizlik, dostluq, mən və digəri arzu üçbucağına çevrilir. Övliya Çələbi və Katib Çələbinin səyahətnamələri əsərə əlavə tarixi enerji verir. Hoffman və Dostoyevskiyə ədəbi  istinadlar isə yeni bir ədəbiyyat çağının başlanğıcıdır. Ən azından Türkiyədə.

Amerikalı tənqidçi Cey Parini yazırdı: "Orxan Pamukun "Bəyaz qala"sının səmasında Xorxe Luis Borxes və İtalo Kalvino xeyirxahlıq mələyi kimi dayanmışdır". Doğrudan da, Borxes və Kalvino olmasa, XX əsrin dünya ədəbiyyatı çağı başlamayacaqdı. Böyük bir boşluq yaranacaqdı. Borxes və Kalvinonun xeyirxahlıq mələkləri Orxan Pamuku fərqli bir estetikada yazmağa səsləyir. "Bəyaz qala" tarix, şəxsiyyət və mən bucağından mədəniyyətlər arasındakı fərqlərə baxışdır. Osmanlılı xoca və venesiyalı tacir. Hekayəni kim danışır? Bunu heç Pamuk özü də bilmir. Şərq, yoxsa Qərb? Karantin günlərində fərqlər silinməkdədir.

Pamukun tarixi mədəni və sosial məzmundadır. Siyasi hiylə və manevrləri üstələyir. "Bəyaz qala" romanında metatəhkiyə polifonikdir. Romanın giriş sözünün müəllifi Faruk Darvınoğlu (həm də romanın obrazlarından biridir) XVII əsr Osmanlı həyatına aid bir əlyazma tapır. Əlyazma "Bəyaz qala" romanının tam mətnidir. Faruk yazılan hekayəni tarixi sənəd və qaynaqlar ilə tutuşduranda çox qəribə bir mənzərə ilə qarşılaşır. Hekayədə yazılanların çoxu tarixi həqiqətlə səsləşmir. "Dövrün əsas qaynaqlarına baxanda hekayədə danışılan hadisələrin həqiqəti o qədər də ifadə etmədiyini gördüm". Girişdə romanın tarixi gerçəkləri və real hadisələri əks etdirmədiyini, daha çox bir sənət əsəri, estetik situasiya olduğu qeyd edilir. Lakin bu o demək deyil ki, "Bəyaz qala" romanı tarixi birmənalı, hər hansı  ekzotik hadisə kimi göstərir. Real tarixlə alternativ tarix polifonik bir mətn yaradır. Oxucu Osmanlı İmperiyasının XVII əsrə aid həqiqətləri ilə müəllifin ifadə etdiyi doğrular arasında qalır. Seçim və yozum haqqı oxucunundur.

"Bəyaz qala"nı ilk dəfə oxuyanda orda baş verən vəba diqqətimi çəkmişdi. Tarixə olan marağım məni uzun bir səyahətə çıxardı. Tarixçilər Pamuku "tarixçilikdə", qeyri-dəqiq məlumatlara toxunmaqda ittiham edirdilər. Onlarca məqalə, kitab və ensiklopediyaya baxdım. XVII əsrdə İstanbulda vəba olmamışdı. Nəhayətdə, əfsanəvi tarixçi Xəlil İnalcık müşkülümü həll etdi. "1654-cü ildə İstanbulda vəba xəstəliyi yayılır. Həmin il Hollandiyanın İstanbuldakı səfiri Nikbolas Qiysbrexti vəba xəstəliyindən dünyasını dəyişir". İnalcık rəsmi sənədlərlə çıxış edirdi. Tam qane etdi məni. Qiysbrextinin vəba xəstəliyindən ölümü IV Mehmed dövrünə (1648-1687) düşür. Uşaq hökmdarın əyləncəli və işıqlı gecələr təşkil etdiyi günlərə. Min bir gecə diyarını xatırladır uşaq hömdarın məclisləri.

Vəba tarixə və mənəvi xəstəliklərə ironiyadır. "Bir çox yazıçıda pisliyin simvolu və dövrün göstəricisi olan "vəba" bizi düşündürürmü? Vəba bizləri ayırır, yoxsa ortaq təhlükəyə qarşı birləşdirir?".

Koronavirus çağı göstərir ki, birləşdirir. Bütün dünyanı. Pisi və yaxşını. Şərqi və Qərbi. Pamuk Şeyx Qalibin "Hüsn və Eşq" əsərinə istinadən yazdığı "Qara kitab"da gözəllik və eşqin insanın özündə - mənində olduğu qənaətinə gəlir. Koronavirus çağında nə qədər insan və dövlət birləşdi. Hüsnü də, eşqi də tapmağa çalışdılar. Kim bilir, bəlkə də tapdılar.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!