Yağışı yağır, küləyi əsir, Günəşi qızdırır... çiçəyi açır, meyvəsi yetişir, quşları uçur... şəhərləri təmizlənir, havası nəfəs alır. Mərmiləri partlamır, güllələri açılmır. Yaraları sağalır, Dünya dincəlir insanların əlindən. Bir – birinə sərt mesajlar göndərən ölkələr , indi bir-birilərinə yardım göndərirlər. Pulla hər şeyi ala bilən adamlar pullarının nə qədər dəyərsiz olduğuna inana bilmirlər.
Gözəl şəhərimizə kim qonaq gəlirdi, gözəlliyinə aşiq olurdu . Parkları , meydanları, konsert salonları dolub daşırdı. Maşın siqnalları , tıxaclar, bir -birini söyən sürücülər həyat eşqi imiş . Bahalı restoranları, istirahət mərkəzləri bomboş qalıb. Ən çox da heç bircə dəfə də o restoranlarda otura bilməyən və gələcəkdə də otura bilməyəcəyini bilən sakinləri kədərlənirlər bu duruma. Deyirlər kaş hər şey əvvəlki kimi olsun, eybi yox, parklardan sökülmüş skamyaları yerinə qoysunlar, biz orda da oturarıq. Bəs görəsən o skamyalara adlarını yazıb , sırasını bilən sevgililər , oturmaq üçün öz skamyalarını necə tapacaqlar? Eybi yox taparlar, onsuz da təcrid günlərindən sonra bütün günü gəzəcəklər , heç oturmasalar da olar.
Günəş çıxan kimi adamlar da evlərindən çıxmaq istəyirlər. Hətta başqa vaxtlarda heç hara getməyən adamlar da harasa getmək istəyirlər. Sosial təcrid günlərində polislər ciddi tapşırıqla karantin qaydalarına uyğun göstərişlər verirlər, qaydaları pozan şəxslərə qarşı cərimələr tətbiq edirlər. Başqa cür mümkün deyil, insanları ancaq qorxu evdə saxlaya bilər. Amma onlar virusdan yox, polisdən qorxurlar.
Uşaqlar eyvandan baxışları ilə baxçadakı yelləncəkdə yellənirlər. Yaşlılar təqaüdlərini almaq üçün kartlarını heç kimə vermək istəmirlər. Televiziyada xəbərlər ancaq “ taclı ölüm” haqqındadır. Evdə hər gün bir nəfər xəstəliyin simptonlarını imitasiya edir. Əvvəllər asqıran adama “ sağlam ol “ deyirdilər, indi asqıran adama hamı tərs- tərs baxır. Uşaqları məktəbə gedə bilməyən valideynlər xəstəliyin vaksinini “tapmaq” üçün onların kimya kitablarını oxuyurlar. Ailəsində polis və ya həkim olanlar daha çox əziyyət çəkir, günlərlə bir-birində uzaq qalırlar. Amma bu tək bizim başımıza gəlməyib, virus bütün dünyanı başına alıb. Bütün dünya “evdə qal” deyir, bu mübarizənin yeganə yoludur. Gigiyena və məsuliyyət də vacibdir.
Müasir dünyamızda hər il bir xəstəliyin yayıldığı xəbərini eşidirik. “Quş qripi”, “Donuz qripi”, “ Ebola” və s. “Taclı ölüm” isə bəşər tarixində ən geniş yayılmış ölümcül xəstəliklərdən biridir. Əlbəttə bu kimi xəstəliklər tarixdə çox insanların ölümünə səbəb olub. Elələri var ki, peyvəndi tapılıb deyə həmin xəstəliklər daha təklükəli sayılmır . Məsələn, 18 ci əsrdə minlərlə insanların həyatına son qoymuş “ su çiçəyi “ xəstəliyi. İndi bu xəstəliyə yoluxan tanışımız olanda ona dediyimiz ən “ dəhşətli” xəbərdarlıq “ Qaşıma ha, izi qalar “ demək olur. Əsrlərdən bəri milyonlarla adamın həyatına son qoyan xəstəliklərə, epidemiyalara alimlərin, həkimlərin sayəsində son qoyulub. Ümüd edirik ki, bu bəla da tezliklə zərərsizləşdiriləcək. Bu gün bütün dünyada ən fədakar peşə sahibləri həkimlər hesab olunur. İnsanlar öz evlərinin eyvanlarından onları alqışlayırlar.
Təxminən 100 ildən bir yaşanan ağır xəstəliklər həm də böhran yaradır. Böhrandan sonra hər şey əvvəlkindən fərqli olur, daha yaxşı və ya pis mənada. Yaxşı mənada insanların bir-birilərinə rəftarı, davranışı mərhəmətə doğru dəyişirsə, pis mənada isə dünya iqtisadiyyatı dirçəlmək naminə insanları xərcləyə bilər. Pandemiyanın miqyası artdıqca, gələcəkdə bu kimi hallar qaçılmazdır.
100 il əvvəl yaşanmış son pandemiya dövrünün insanlarına görə biz çox şanslıyıq. Kütləvi informasiya vasitələri sayəsində xəstəliyin simptonları, yayılma mexanizmləri , qorunma üsulları bizə bəllidir. Bu yoluxmanın qarşısını almağa kömək edir. Və tarix sübut etmişdir ki, bu kimi xəstəliklərdə sərt tədbirlər qaçılmazdır .
Evdə qalmaq elə də böyük çətinlik deyil. Onsuz da hara getsək, ən rahat yerimiz evimizdir. Çoxdandır görmək istədiyimiz işləri görməyə, oxuya bilmədiyimiz kitabları oxumağa, filmlərə baxmağa vaxtımız var. Əslində bu gözəldir, əslində isə başqa çarəmiz yoxdur. Əgər vəziyyəti dəyişə bilmirsənsə, gərək özünü vəziyyətə uyğun dəyişəsən. Biz indi evdə qalmalıyıq ki, tezliklə çölə çıxa bilək . Lakin, gündəlik məvaciblə , yalnız çörək puluna görə işləyən , hətta kirayə qalan adamları düşünəndə evdə qalmağın onlar üçün nə olduğunu təsəvvür etmək çətin deyil. Dövlətimiz mümkün tədbirləri, sosial yardımları edir. Amma , təbii ki, bu yardımlar hamıya yetməyə və bütün xərcləri ödəməyə bilər. İqtisadiyyatın çöküşü baş verməsin deyə, belə zamanlarda insanlar bir-birilərinə qarşı daha diqqətli olmalıdırlar. Qohumda, qonşuluqda tənha yaşayan və ya çətin durumda olan ailələrə imkanlı adamlar kömək edərsə bu həm dövlətə, həm vicdana, həm insanlığa kömək olar. Vicdan insanın ən rahat balışıdır, başını vicdanına qoyub yuxuya gedən insan xoşbəxt insandır. Xoşbəxtlik yalnız zənginlikdə deyil ki...
Bir də məni küçə heyvanları düşündürür. Onlar bizi axtarırlar. Küçələrdə insanları tapmayan heyvanlar bir-birilərindən bizi soruşurlar. Restoranlar, kafelər işləmir deyə onların həyətində yaşayan itlər, pişiklər yemək axtarır. İmkanımız qədər onlara da kömək etməliyik. Unutmayaq ki, onlar yer üzündə bizim ən sadiq dostlarımızdır və bütün canlılar ağrını eyni cür hiss edirlər.
Hamının arzusunun eyni olduğu günləri yaşayırıq. Hərdən ayaqqabılarımı silib təmizləyirəm, hiss edirəm çox kədərlidirlər. Deyəsən, öldüyümü düşünürlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!